«Azad» operasının
musiqi dili
Azərbaycanın görkəmli bəstəkarı Cahangir Cahangirov «Azad» operasının, dövlət mükafatına layiq görülmüş «Arazın o tayında» vokal-simfonik poemanın, iki kantatanın, oratoriyanın, skripka üçün konsert və sonatinanın, xor və solo mahnıların, xor işləmələrinin müəllifidir. Cahangir Cahangirovun musiqisi çox populyardır və çox asan tanınır. Bəstəkarın musiqisində melodik ifadəlilik, fərdi intonasiya xüsusiyyətləri daim dinləyicinin diqqətini cəlb edir. Dinləyici üçün, adətən, Cahangirov musiqisinin üslub xüsusiyyətlərindən iki cəhəti — lirik nəqledicilik və xor səslənməsinin fərdililiyi daha maraqlıdır. Qeyd etmək lazımdır ki, bəstəkar, ümumiyyətlə, xora çox üstünlük verir.
C.Cahangirov musiqisinin səciyyəvi cəhətlərindən biri lirik nəqledicilikdir. Bəstəkar özünün sevinc, kədər, məhəbbət və dostluq haqqında olan hekayətini, sanki səmimi şəkildə, asta-asta, tədricən təqdim edir. Bu nəqledicilik obyektivdir.
Bəstəkarın yaradıcılığında sakit lirik ifadə ilə yanaşı, lapidar epik hadisələrə də rast gəlmək olar (məsələn, «Azad» operasındakı xor kimi). Bu və digər hallarda Cahangirov nəqlediciliyinin mənbəyi muğamlara gedib çıxır, muğamlardan yaradıcı surətdə istifadə isə musiqi fikrinin tədricən inkişafı prinsipinin yaranmasına səbəb olur. Cahangir Cahangirovun xor və xor musiqisinə xüsusi diqqəti və yanaşması da bəstəkarın bədii-yaradıcılıq düşüncələri ilə bağlıdır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Cahangir Cahangirovun xor ifadəsi müxtəlifdir. Xor mahnısı janrından geniş istifadə edərək, bəstəkar hətta opera və simfonik musiqi janrında belə xor ifadəsinə can atır.
1957-ci ildə tamaşaya qoyulan «Azad» operasında da xor mühüm rol oynayır. «Azad» operası Cənubi Azərbaycan xalqının kütlələrinin mübarizəsi mövzusuna həsr olunmuşdur. Cahangir Cahangirov xalq kütlələrinin müstəqillik uğrunda mübarizəsinin musiqili təcəssümünə Azərbaycan opera sənətinin artıq 1930-50-ci illərdə qazandığı yaradıcılıq təcrübəsindən bəhrələnərək yanaşmışdı. Opera yaradıcılığına müraciət edən bəstəkarlar, təbii ki, «Koroğlu» operasının, ardınca isə «Sevil» operasının ənənələrini artıq mənimsəmişdilər. Azərbaycan bəstəkarlarının yaradıcılığında ayrı-ayrı iştirakçıların obraz-xarakterlərinin fərdiləşdirilməsi və onların psixologiyasını nümayiş etdirmək təcrübəsi Cahangir Cahangirova, xalq obrazının psixoloci dərinliyini təcəssüm etdirməyə, bu obrazın fərdi-təkrarolunmaz xarakterinin bir çox tərəflərini, mənəvi həyatını və müxtəlif şəraitdə davranışını göstərməyə imkan verdi.
Operada polifoniya, xalq obrazının təcəssüm etdirilməsi sahəsində mühüm vasitədir. Burada polifoniya çoxsəsli klassik musiqi təcrübəsinə əsaslanır, eyni zamanda Azərbaycan xalq musiqisinin milli-özünəməxsus tərzdə həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Cahangir Cahangirov çoxsəsli quruluşları məşhur xalq havaları və yaxud onlara səciyyəvi olan fraqmentlər üzərində qurmur. O, xalq musiqisinin əsas ifadəli-kompozisiya prinsiplərindən və üsullarından sərbəst yaradıcı şəkildə istifadə edir. Bu ruhda yerinə yetirilən polifonik quruluşlar Azərbaycan opera sənətində keyfiyyətcə yeni bir hadisə olaraq, əvvəlki operaların və ümumiyyətlə, bütün musiqinin inkişafı sayəsində hazırlanmışdı. Cahangir Cahangirov aktual bir mövzuya müraciət edərək, ona bəstəkarın bütün yaradıcılığına xas olan epik nəqledicilik əlamətləri daxil etmişdir.
«Azad» operasının əsas ideyasını mülkədarların hakimiyyəti altında olan xalqın mübarizəsi təşkil edir. Operada mübarizə mövzusu ilə kəndli Xəlil dayının ailəsindəki faciəli hadisələr bir-birinə qarışır, qızı Səriyyənin kədərli taleyi təsvir olunur. Səriyyə və onun nişanlısı Ayazın lirik tale yolu operada mühüm yer tutur. Bu tale yollarının əlaqəsi, onların yanaşı mövcudluğu iki janrın, iki başlanğıcın — epik-qəhrəmanlıq və dramatik-lirik janrların uyğunluğundan, yəni son illərin bir çox operalarına səciyyəvi olan janr sintetizmindən xəbər verir.
Operanın librettosu hadisələrin məkan və zamanını ümumiləşmiş şəkildə təqdim edir. Bütövlükdə isə operada hadisələrin məkanı və zamanı üçün səciyyəvi olan bir çox amillər nəzərəçarpacaq dərəcədə ümumiləşdirilmişdir. Buna müvafiq olaraq, musiqidə də milli-xalq xüsusiyyətləri o qədər aydın görünmür, baxmayaraq ki, bir sıra nömrələrdə, sözsüz ki, Cənubi Azərbaycan musiqisinin əlamətləri vardır.
Operada dramaturci münaqişənin əsasını iki müxtəlif sosial qüvvənin — xalq və onun qəhrəmanları ilə feodal-mülkədar əyanların ziddiyyətli qarşıdurması təşkil edir. Feodal əyanlarını operada jandarm zabiti Yavər, onun ətrafı, xan və başqaları təmsil edirlər. Sosial cəhətdən müxtəlif olan bu qrupların xarakteristikası bir-birindən ayrıdır. Özünün ayrı-ayrı nümayəndələri ilə birlikdə xalq obrazı ardıcıl şəkildə açılır, daha sonra isə əvvəlki xarakteristikalar dərinləşir.
Operanın dramaturci quruluşuna klassik opera dramaturgiyasının təsiri aydın görünür. Belə operalardan — Qlinkanın «İvan Susanin», Musorqskinin «Boris Qodunov» və təbii ki, Ü.Hacıbəylinin «Koroğlu» və M.Maqomayevin «Nərgiz» operalarını göstərmək olar. Bir çox operalarda olduğu kimi, inkişafın əsas prinsiplərini ziddiyyət təşkil edir. Bu ziddiyyət pərdələrin, səhnələrin ardıcıllığında, epizod və fraqmentlərin quruluşunda özünü göstərir.
Operanın baş qəhrəmanı, onun əsas ideyasının daşıyıcısı xalqdır. Buna görə də özünün emosional-obraz məzmununa görə müxtəlif olan xor və kütləvi səhnələr operada mühüm yer tutur. Operada xalq çoxcəhətli xarakterizə olunmuşdur. Onun musiqili xarakteristikası müxtəlif və kifayət qədər müstəqil fraqmentlərdən yaranmışdır. Bütün epizodlarda qüssədən fəallığa doğru artan təcəssümetdirici obraz-xətt vardır.
Bütün bu ardıcıl-ümumi xarakteristikada, hadisələrin tələsmədən açılmasında Cahangir Cahangirovun bir çox əsərlərində müşahidə olunan və ona xas olan fərdi yaradıcılıq əlamətlərində nəqledicilik özünü göstərir.
«Dövlət teatrlara şərait yaradır»
Əbülfəs
Qarayev: «Heç kim düşünməməlidir ki, teatrın bütün
problemləri birbaşa dövlətin
üzərindədir»
Azərbaycan teatrlarında ötən mövsüm ərzində 150 faiz artım olub. Bunu APA-ya açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir eləcə də, teatr sahəsində çalışanların əmək haqlarının artım prosesindən və tamaşaların anşlaqla keçirilməsindən də xəbər verib. Ə.Qarayev qeyd edib ki, son beş il müddətində teatrlarda tətbiq olunan maaş cədvəlinə bir neçə dəfə baxılıb: «Bu gün iki teatr yeni qanunvericiliyə uyğun olaraq milli status alıb və o teatrlarda iki dəfə 100 faiz maaşlar artıb. Dörd teatrda isə yaradıcı heyət 25 faiz artımla çalışır. Lakin qeyd etdiyim islahatlar çərçivəsində bu gün teatrların sərbəst, yəni öz maliyyə imkanları daxilində fəaliyyət göstərməyə biz şərait yaradırıq. Bu gün bizim rejissorlar tamaşaları müqavilələr əsasında qoyurlar və bu heç də maaşla bağlı deyil. Müqavilə əsasında əlavələr, yeni qüvvələrin cəlb olunması, maaşlara əlavələr nəzərdə tutula bilər. Artıq müasir metodikadan istifadə etməliyik. Heç kim düşünməməlidir ki, teatrın bütün problemlərini birbaşa dövlətin üzərindədir. Dövlət maksimum imkanları daxilində hər baxımdan teatrlara şərait yaradır. Bir il müddətində dövlət sifarişi ilə 50-dən çox yeni tamaşa təqdim edilib. Bundan gələn vəsaitlə, eyni zamanda biletlərdən və qastrollardan gələn pul ilə teatr qazanmalı və səmərəli istifadə etməlidir». Nazir onu da deyib ki, yaradıcı işlə məşğul olan teatrlar maaş söhbətini belə etmirlər.
«Azərbaycan teatrlarında nə zaman tamaşaların nümayişinin anşlaqla baş tutacağı» sualına cavab olaraq isə nazir bildirib ki, bu gün kifayət qədər anşlaqla keçən tamaşalar var: «Mən bu tamaşaların bir neçəsində şəxsən özüm olmuşam. Çox sevinirəm ki, teatrlarımızın artıq öz tamaşaçı auditoriyası formalaşır. Bu həm Akademik Milli Dram, Gənc Tamaşaçılar, Rus Dram, Şuşa, İrəvan teatrı, eləcə də region teatrlarında öz tamaşaçı auditoriyası var. Sözsüz ki, hər hansı bir yeni tamaşa böyük əks-səda doğurur».
Nazir onu da vurğulayıb ki, keçən mövsümdə teatrlarımıza gələn tamaşaçıların sayı 150 faiz artıb. Ə.Qarayev eləcə də region teatrlarında bütün məhsul şəxslərin dəyişdirildiyini və bu halın məhsuldarlığa xidmət edəcəyini deyib.
Teatr mövsümü
açıldı
Dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni teatr mövsümünün açılışı münasibətilə təntənəli mərasim keçirilib. APA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə açılmış sərgi ilə tanış olublar. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yolundan söz açıb. Azərbaycan teatr sənətinin çox qədim və zəngin tarixi olduğunu diqqətə çatdıran nazir bildirib ki, XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan verib. Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundovun «Lənkəran xanının vəziri» və «Hacı Qara» komediyalarının tamaşaları ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulub. Nazir deyib ki, «Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı» çərçivəsində bu sahədə ölkəmizdə mühüm işlər görülüb. Proqram çərçivəsində bu ili ikinci dəfə Azərbaycanda beynəlxalq teatr festivalının keçirilməsi nəzərdə tutulur. Artıq dünyanın 30-dan çox ölkəsindən teatr xadimləri bu festivala qatılmaq üçün müraciət ediblər.
Ötən il Azərbaycan teatrlarında 100-dən çox yeni tamaşa hazırlandığını diqqətə çatdıran nazir deyib ki, bu səhnə əsərlərindən 50-si dövlət hesabına səhnələşdirilib.
Son illər Azərbaycan teatrlarının əsaslı təmirindən, müasir avadanlıqla təchiz olunmasından söz açan Ə.Qarayev vurğulayıb ki, bu istiqamətdə işlər davam etdirilir. Cari ilin sonunadək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının əsaslı təmirdən sonra istifadəyə veriləcək.
Nazir ötən illərdə respublika teatrlarının dünyanın müxtəlif ölkələrində Azərbaycanı ləyaqətlə təmsil etməsindən, xarici dövlətlərin tanınmış sənətkarlarının tamaşa hazırlamaq üçün teatrlarımıza dəvət olunmasından da söz açıb.
Ölkə başçısının müvafiq sərəncamı ilə Azərbaycanda Mirzə Fətəli Axundzadənin 200 yubileyi geniş şəkildə qeyd olunduğunu vurğulayan Əbülfəs Qarayev 140-cı mövsümün də böyük ədibin «Lənkəran xanının vəziri» tamaşası ilə açılmasının təsadüf olmadığını diqqətə çatdırıb.
Sonra Mövsümün açılışı münasibətilə M.F.Axundzadənin 200 illiyinə həsr olunmuş «Deyilən söz yadigardır» respublika bədii-qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mövsüm açılışında «Lənkəran xanının vəziri» tamaşası təqdim olunub.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 18 sentyabr.- S.15.