Milli Musiqi
Günü
Musiqinin elə bir janrı
olmayıb ki, Üzeyir Hacıbəyli həmin janrda əsər
yazmasın
Sentyabrın 18-i Milli Musiqi Günü kimi qeyd olunur. Bu, həmin
gündür ki, Üzeyir Hacıbəylinin anadan olub. Azərbaycan professional musiqisinin yaradıcısı
Üzeyir Hacıbəylinin gördüyü işlər son dərəcə
heyrətamizdir. XX yüzil bir çox
xalqların «ölüm-dirim» dövrü oldu. Təbiidir ki, xalq — gerçəkliyi ötmək
hadisəsidir, o, yalnız insaniliyin, xəlqiliyin mahiyyətinə
uyğun yaşayanda əbədi var olur.
Keçən yüzilin başlanğıcında Azərbaycan
aydınlarının millətin qayğılarına yönəlik
fədakarlıq, özündənkeçmə səviyyəsində
çabaları daha da artdı. Özülü Həsən
bəy Zərdabidən başlayan milli mətbuatımızın
artıq XX yüzülin başlanğıcında Mirzə Cəlil,
Sabir, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə
və başqa fədailəri vardı. Bu dönəmdə
yaradıcılığa jurnalistika ilə başlayan
Üzeyir Hacıbəyli həm də peşəkar bəstəkarlıqla
da məşğul oldu: 22 yaşında «Leyli və Məcnun»
kimi operanı ortaya qoydu. Düzdür, bu əsər
onun sonrakı əsərləri ilə qarşılaşdırmada
möhtəşəm deyil, ancaq bütün hallarda milli
operamızın başlanğıcıdır.
Üzeyir Hacıbəylinin bütün həyatı faciəviliklərlə
doludur. Düşünmək olar ki, sovet imperiyasının
qılıncının kəshakəs çağında
yaşamaq və yaratmaq onun üçün necə
dözülməz olub.
XX
yüzilin başlanğıcından hərtərəfli gərgin
yaradıcılığının Azərbaycan Xalq
Cümhuriyyətinin qurulması dövründə daha da
artması, Cümhuriyyət zamanı ictimai-siyasi fəaliyyətin
zənginliyi, Azərbaycan Sovet imperiyasına qatılandan sonra
ömrünün büsbütün musiqiyə və sovet
quruluşunun tələbi yönündə ictimai-pedaqoji fəaliyyətə
həsr olunması Üzeyir bəyin nələr çəkdiyini
aydınca göstərir. Üzeyir bəy 1920-ci
ildən sonra siyasi fəaliyyətdən ayrıldı, demək
olar, ömrünü büsbütün musiqiyə həsr
etdi. O, anlayırdı ki, Azərbaycanda imperiyanın
ömrü uzun çəkəcək. Düzdür,
onunla birlikdə yeni dönəmə Hüseyn Cavid, Əhməd
Cavad, Cəfər Cabbarlı, Mikayıl Müşfiq də
ayaq basdılar. Ancaq Sovetlər
üçün hətta möhtəşəm milli musiqinin
varlığı belə ədəbiyyat qədər təhlükəli
deyildi. Bu üzdən də 1930-cu illərin
repressiyası daha çox ədəbiyyat adamlarını
apardı. 1937-ci ilə kimi artıq
Üzeyir bəy özünü «Sovet bəstəkarı» kimi
təsdiq edə bildi. Bu, onun sağ
qalıb professional milli musiqimizin yeni-yeni örnəklərini
yaratması üçün çox gərəkli idi.
Görünür, quruluş da Üzeyir bəyin sağ
qalmasında maraqlı idi: şeirdə Səməd
Vurğunu, musiqidə də Üzeyir bəyi saxladı,
çoxlarını isə yox etdi.
Azərbaycan professional musiqisinin yaradıcısı
Üzeyir Hacıbəylinin gördüyü işlər son dərəcə
heyrətamizdir. Onun Azərbaycan Xalq Cümhuriyyətinin
möhtəşəm himnini yazması, o dövrdə
Cümhuriyyətin varlığı üçün olduqca gərəkli
işlər görməsi ardıcıl millətimiz
üçün fədakar yaşamasından soraq verir.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət himni son dərəcə
möhtəşəmdir: bu gün o, Azərbaycan
Respublikasının dövlət himnidir. Bu himnin sözlərində
müəyyən uyarsızlıqlar olsa da, musiqisinin dahiyanə
olması danılmazdır: «Himnin əvvəlinin fəlsəfi
mənası haray, ortası ümid, sonu isə inamdır»
(Asif Ata). Habelə onun
yaradıcılığında «Sənsiz», «Sevgili canan»
romansları ayrıca hadisədir, «Koroğlu» operası isə
zirvə təşkil edir. «Koroğlu»
operasındakı «Üvertüra» mahiyyətcə qədimdən
gələn səsdir. Gərək insan xəlqi
mahiyyəti görsün ki, möhtəşəm əsər
yaratsın.
Jurnalist,
publisist, dramaturq, pedaqoq, sənətşünas, ən
başlıcası isə bəstəkar, fədakar insan… Həyat
hadisələrini, insan münasibətlərini dərindən
öyrənən, bilən, milli duyğudan bir an da olsun
ayrılmayan, neçə-neçə yaradıcı gəncə
təsəvvürəgəlməz dərəcədə
insani qayğı göstərmək, ömrün bu sayaq
qayğılarla dolması Üzeyir bəyin fədakarlığının
danılmaz örnəkləridir. O, gerçəkdən fədai
idi. Xoşbəxtlikdən Üzeyir bəyin
yaratdığı milli özül güclü oldu.
Çünki özü həmin özülə bağlı
idi, bir an da ondan ayrılmadı.
Üzeyir Hacıbəylinin gördüyü işlərin
qətiyyən inkar edilməməsi şərtilə indi də
yeni şəxslərin meydana çıxmasına, sənət
zirvələrinin yaranmasına böyük gərək
duyulur. Acınacaqlı haldır ki, bu gün belə zirvələrin
yox, olanların, yaradılanların kor-koruna təkrarçılığının,
daha çox isə yamsılandığının şahidi
oluruq. Məsələn, məşhur «O olmasın, bu
olsun», «Arşın mal alan» kimi əsərlər
çağdaşlaşdırılır, obrazlar
bugünkü tamaşaçının, gənc nəslin
gözündə cılızlaşdırılır. Belə şoular xalqın sabahkı
yaradıcılıq üfüqlərini daraldır. Böyük mənada yeni yaradıcılar meydana
çıxmalıdır. Deməli,
Üzeyir bəyin özülünü qoyduğu Azərbaycan
peşəkar musiqisinin bundan sonra da həmin milli ruh üstə
yüksəlişi gərəkdir. Böyük
sənətkarlar yenə də özünəməxsus şəkildə
fərdiliklərini yaratmalı və yaddaşlarda dərin iz
qoymalıdırlar. Üzeyir bəyin
başlıca böyüklüyü, özəlliyi
ondadır ki, onun şəxsiyyəti haqqında hamı uca, ləyaqətli
düşüncədədir. Bunu isə
o, öz fədakar ömrü ilə yarada bilib. Onun zamandan üstünlüyü bununla
bağlıdır. Dahilərin hamısı isə belə
olmur…
Ədəbiyyat
və İncəsənət Arxivinin direktoru,
tanınmış araşdırmaçı, ədəbiyyatşünas
Maarif Teymur deyir: «70 illik Sovet imperiyasının ideoloji
mübarizəsinin nəticəsində Ceyhun Hacıbəyli
kimi şəxsiyyətlərin əməlləri barədə
bilgilər almaq yasaq olunmuşdu. Çünki
bu şəxslər sovet ideologiyasını qətiyyən qəbul
etmir, gec-tez onun süqut edəcəyinə inanırdılar».
1908-ci ildə Bakıda «Leyli və Məcnun» operası səhnələşdirildi. Üzeyir bəy
yazırdı ki, o dövrdə Azərbaycanda mədəniyyət
axtarmaq minlərlə buğdanın içində
darını axtarıb tapmaq kimi çətin bir məsələ
idi. Məhz xalqı düşdüyü
durumdan qurtarmaq üçün fədakar insanlar meydana
çıxdı. Məhz bu çabalar
Üzeyir bəyin «Leyli və Məcnun» operası ilə
müəyyən bir mərhələnin yaranmasına və
inkişaf etməsinə səbəb oldu. Hələ
XIX yüzilin axırlarında Şuşada Ə.Haqverdiyev «Məcnun
Leylinin qəbri üstündə» adlı bir məqamı səhnələşdirib.
O zaman bu partiyanı məşhur xanəndə Cabbar
Qaryağdıoğlu oxuyub. Üzeyir bəy bu
hadisədən sonra «Leyli və Məcnun» operasını səhnələşdirmək
fikrinə düşür.
Əslində böyük çətinliklər
operanın səhnələşdirilməsi zamanı meydana
çıxır. O zaman camaatın opera haqqında təsəvvürü
belə yox idi. Muğam oxuyan hər hansı bir
kəsin birbaşa səhnəyə
çıxarılması mümkün deyildi. Üzeyir bəy əsərin məşqlərinə
əvvəldən tanıdığı Hüseynqulu Sarabskini
Məcnun roluna dəvət edir. Bu, o
çağlar idi ki, qadınları nəinki səhnəyə,
ümumiyyətlə, teatra qoymazdılar. Belə
şəraitdə qadın rollarını oynamağa bir kəs
tapılmırdı. İmkanlı,
intelligent adamların xanımları teatra gələndə
onların lojada xüsusi yeri olurdu, qabaqlarına da pərdə
çəkilirdi ki, kimsə onların sifətini görə
bilməsin. Çox axtardıqdan sonra Leyli
roluna bir çayxana şagirdini tapırlar. «Leyli və Məcnun» operasında ilk dəfə
Leyli rolunu yaradan Əbdürrəhim Fərəcov olub. Ə.Fərəcov rolun öhdəsindən gəlsə
də, bundan sonra hədələr başlayır.
Lağ obyekti olmaqdan usanan Ə.Fərəcov ikinci tamaşaya
gəlmir, səhnədən uzaqlaşır. İkinci
tamaşanın aprelin 21-də qoyulması
planlaşdırılır. Üzeyir bəyin
yadına düşür ki, «Realni» məktəbdə oxuyan
xalası oğlu Əhməd Bədəlbəyov məlahəti
səsi ilə onları vəziyyətdən çıxara,
Leyli rolunu ifa edə bilər.
Professor
Gülnaz Abdullazadə Üzeyir Hacıbəyli fenomeninin
ölkəmizin tarixində, ictimai fikrində
oynadığı əhəmiyyətli, son dərəcə əvəzsiz
rolundan danışaraq bildirir ki, Üzeyir Hacıbəyli Azərbaycan
tarixində baş verən qalmaqallı, köklü dəyişiklər
şəraitində dünyaya gəlib və sanki millətinin
taleyi onun taleyinə çevrilib: «O zamankı Azərbaycanın
ictimai həyatında təzadlar üzərində qurulmuş
qeyri-sabit cəmiyyət yaranmışdı ki, bu da yeni həyat
tərzi ənənələrinin yaradılmasına imkan
vermirdi. Bir tərəfdən yerli əhalinin Şərq
dünyasına, islam dininə
bağlılığı, digər tərəfdən neft sənayesi
ilə bağlı Avropadan böyük axının olması
Bakıda fəhlə sinfinin yaranması nəticəsində,
Azərbaycanda yeni ictimai münasibətlərin əmələ
gəlməsi ilə əlaqədar idi. Xalqımızın
yüz il ərzində başına gətirilən fəlakətlər,
sovet dövrünün 30-cu illərdə, eləcə də
başqa dövrlərdə verdiyi əzablar millətimizin
yaddaşına, genlərinə qara səhifələr kimi
daxil olub». Gülnaz xanım ardıcıl olaraq fəlakətlər
yaşayan xalqın tarixində Üzeyir Hacıbəylinin
oynadığı müstəsna roldan danışaraq bildirir
ki, o, insanların yüzillər boyu çəkdiyi
acınacaqlı həyat və
çaşqınlığın yaddaşlardan silinməsinə,
soydaşlarını bir insan, vətəndaş kimi dirçəltməyə
və yaşatmağa çalışırdı, siyasi,
ictimai yolla bacarmadığı addımlarını sənət
əsərləri vasitəsilə həyata keçirirdi. Onun dahiliyi də bunda idi. Yaratdığı
obrazlar, musiqi parçaları hər bir insanın ürəyinə
yol tapır və doğmalaşırdı.
Tanınmış
bəstəkar, professor Vasif Adıgözəlovla
dəfələrlə Azərbaycan professional musiqisi ilə
bağlı söhbətləşmişdik. Üzeyir
bəy barədə hər söhbətimizdə qənaətlərimizi
bölüşürdük. Onunla son
söhbətimizin Üzeyir bəylə bağlı məqamlarını
bu yerdə xatırlamaq zənnimcə, hər iki sənətkarın
xatirəsini anmağımız demək olacaq. O,
Üzeyir bəyin vurğunu idi: «Musiqinin elə bir janrı
olmayıb ki, Üzeyir bəy o janrda əsər yazmasın. Təməli elə qoyub ki, ondan sonra həmin
janrların hamısı böyük inkişaf yolu keçib.
O, keçmiş SSRİ-nin hər yerindən istedadlı
musiqiçiləri, alimləri Bakıya dəvət etdi. Bununla da Azərbaycan musiqisinə yeni bir təkan
vermiş oldu. Bu, artıq Azərbaycan
musiqisinin yüksəlişi dövrü idi. Bu gün ən xoşbəxt, eləcə də ən
kədərli günümüzdə Üzeyir bəy həmişə
yanımızdadır. O, 1937-ci ildə «Koroğlu»
operasını yazdı. Əslində o, bu
möhtəşəm əsəri yaratmaqla həm də nəinki
özünü, bir çoxlarını çətin zəmanədən
qurtardı, faciələrdən uzaqlaşdırdı. Məlumdur ki, həmin dövrdə xeyli
yazıçılarımız repressiyalara düçar
oldular. Təbii ki, bəstəkarları həbs
etmək üçün kifayət qədər əsas tapa
bilərdilər. Üzeyir bəy Azərbaycan
bəstəkarlıq məktəbinin özülünü
qoydu, banisi oldu».
Avropanın bu və ya digər məşhur bəstəkarının
ömür yoluna nəzər salanda görmək olur ki, onlar
ömürlərini daha çox musiqiyə həsr ediblər. Üzeyir bəy
isə məsələn, Şəfiqə Axundovaya himayədarlıq
edib, başqalarının yaradıcılığını
qanadlandırıb. Xoşbəxtlikdən
Üzeyir bəyin yaratdığı təməl güclü
oldu. Vasif Adıgözəlov bu əsnada deyirdi: «Məhz
onun bəhrəsidir ki, Qara Qarayev, Fikrət Əmirov, Hiyazi,
Cövdət Hacıyev, Süleyman Ələsgərov, Cahangir
Cahangirov, Səid Rüstəmov kimi bəstəkarlar
yarandı. Ümumən böyük millətləri
götürsək, Ukraynada Üzeyir bəy səviyyəsində
bəstəkar yoxdur. Türkiyədə,
gürcülərdə, Orta Asiyada da beləsi olmayıb.
Bütün radio-televiziyalarda gecə-gündüz
Üzeyir bəyin musiqisi səslənməlidir. Çünki bu musiqi xalqı həmişə
saflığa, mətanətə, igidliyə
çağırır, onda daxilən döyüşkənlik
hissi yaradır».
Uğur
Xalq Cəbhəsi.-
2012.- 18 sentyabr.- S.14.