Gənclərin bəstəkarı
Rəşid
Şəfəq yaradıcılığının böyük hissəsini onlara
həsr edib
Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Şəfəq yaradıcılığının böyük hissəsini gənclərə həsr edib. O, gənc yaşlarından uşaq musiqisinə və pedaqoji fəaliyyətə olan marağı sayəsində 1956-cı ildə (16 yaşında ikən) Bakı şəhərinin Xətai rayonundakı pioner və məktəblilər evində uşaq xor studiyası yaradır. Həmin studiya bəstəkarın yaradıcılıq laboratoriyasına çevrilir. Sonrakı illərdə o, Bakının bir sıra ümumtəhsil məktəblərində, o cümlədən 190 saylı məktəbin nəzdində Azərbaycanda ilk uşaq filarmoniyasını (1970-ci il) formalaşdırır. Həmin məktəbin nəzdində respublikamızda ilk uşaq opera studiyası da R.Şəfəqin təşəbbüsü ilə təşkil olunmuşdu.
Bəstəkarın uşaqlar üçün yaratdığı bir sıra səhnə əsərləri Azərbaycan Dövlət Musiqili Komediya Teatrında səhnələşdirilmişdir. Balaca aktyorlar üçün nəzərdə tutulmuş A.Şaiqin eyni adlı poeması əsasında «Tülkü həccə gedir» alleqorik operettasını bəstəkar 1970-ci ildə yazmışdır. İlk milli uşaq operettası nümunəsi olan bu əsər, həmçinin 1982-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində uğurla tamaşaya qoyulmuşdur. Daha sonrakı illərdə R.Şəfəq həmin teatr üçün uşaq mövzusunda bir sıra operettalar yaradır.
Bəstəkarın S.Marşakın əsəri əsasında «Səfeh siçan balası» uşaq nağıl-operası 1985-ci ildə Moskvada Bəstəkarların Yaradıcılıq Evində, məktəblilərin yaz tətili günlərində uşaqların ifasında, 1986-cı ildə isə Estoniyanın paytaxtı Tallinn şəhərində bu gün də fəaliyyət göstərən uşaq vokal-xor studiyasının üzvləri tərəfindən uğurla nümayiş etdirilmişdir. Məşhur rus bəstəkarı, SSRİ xalq artisti, Moskva Dövlət Konservatoriyasının professoru D.Kabalevski bu əsəri seyr etdikdən sonra ona yüksək qiymət vermişdir. Bakıda isə opera ilk dəfə Azərbaycan bəstəkarlarının Uşaq Musiqisi Plenumunda göstərilmişdir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki məktəb studiyanın Uşaq Musiqi Teatrının balaca aktyorları operanı BMA-nın nəzdindəki Ş.Məmmədova adına Opera-studiyasının səhnəsində 1990-cı ildə uğurla ifa etmişlər. Opera 1990-cı ildə, Moskvanın «Muzıka» nəşriyyatında çap edilmiş «Muzıkalnıy teatr» (IV buraxılış) məcmuəsinə daxil edilmişdir.
Daha sonralar bəstəkar R.Şəfəq S.Marşakın digər uşaq poeması əsasında «Ağıllı siçan balası» operasını yazır. Rus mətni üzərində qurulmuş bu iki əsər dirijor-xormeyster, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Fazil Əliyevin yaratdığı Sumqayıt şəhərindəki xor studiyasının ifasında hazırlanmış və nümayiş etdirilmişdir.
1990-cı ildə «Baş tutmayan hiylə» (libretto Ə.Səmədlinindir) operettası Musiqili Komediya Teatrının səhnəsində böyük uğurla tamaşaya qoyuldu. Quruluşçu-rejissor Yusif Əkbərli bu əsəri böyük uğurla qurmuş və əsər Azərbaycanın bir çox şəhər və rayonlarında, o cümlədən Naxçıvan, Gəncə, Şəki, Lənkəran Dövlət teatrlarının səhnəsində nümayiş etdirilmişdir. 1992-ci ildə bəstəkar «Tülku, Tülkü, Tünbəki…» uşaq folklor komik operasını (A.Şaiqin nağılları, poema və təmsilləri əsasında) yazmış və əsər Y.Əkbərlinin quruluşunda Musiqili Komediya Teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur.
Rəşid Şəfəqin təşəbbüsü ilə Mingəçevir şəhərində «Şən çocuqlar» uşaq musiqi teatrı keçən əsrin 90-cı illərində fəaliyyət göstərirdi. Teatrın bədii rəhbəri — musiqi müəllimi Nailə İsmayılova «Baş tutmayan hiylə» operettasını hazırlamış, Bakıda Respublika Müəllimlər Evində göstərmişdir. Operettaya bədii tərtibat və dekorasiyaları rəssam Rauf Əbdülhüseyn oğlu vermişdi. Azərbaycan Televiziyasının uşaq baş redaksiyası balaca aktyorların ifasında bu operettanı çəkmiş və vaxtaşırı efirə verir. «Şən çocuqlar» teatrının balaca istedadları bəstəkarın digər bir əsərini də — Hikmət Ziyanın librettosu əsasında yazılmış «Qiymətlərin sərgüzəşti» müziklını 1991-ci ildə Bakıya gələrək hazırlamış, tamaşa AzTV və radionun uşaq redaksiyalarının təşəbbüsü ilə lentə alınmışdır. Hazırda həmin müzikl radionun musiqi fonotekasında saxlanılır və vaxtaşırı radio dalğalarında səsləndirilir. Həmçinin televiziya üçün çəkilmiş bu tamaşa mavi ekranlarda da tez-tez göstərilir. «Qiymətlərin sərgüzəşti» ilk uşaq tele-müzikl əsəridir.
1992-ci ildə bəstəkar, Nizami Gəncəvinin anadan olmasının 850 illiyinə həsr edərək, «Sirlər xəzinəsi» poemasından «Bayquşların söhbəti» hekayəsinin əsasında (libretto Hikmət Ziyanındır), eyniadlı uşaq operasını yaradır. Həmin əsər Bakının 190 saylı məktəbində vaxtilə R.Şəfəqin təşəbbüsü ilə yaradılmış uşaq opera studiyasının məktəbli aktyorlarının ifasında qurulmuş və Xəzər Dənizçilərinin Mədəniyyət Evində tamaşaya qoyulmuşdur.
Bəstəkar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı üçün də uşaq mövzusunda səhnə əsəri yaratmışdır. 1995-ci ildə həmin teatrın səhnəsində «Cırtdan» xalq nağılı əsasında yazılmış «Ağ Div, Qara Div…» müzikl tamaşası səhnəyə qoyulmuşdur. Bu əsərdə bəstəkar xalq melosundan qidalanaraq, maraqlı və ecaskar ariya, duetlər və ansambl nömrələri yazmışdır.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının balaca tamaşaçılarını da diqqətdən kənarda qoymayan bəstəkar onlar üçün «Sehirli güzgü» nağıl-müziklını yaradır. Əsər 1999-cu ildə gənc rejissor Ü.Hacıbəyovun quruluşunda tamaşa qoyulmuş və müvəffəqiyyət qazanmışdır.
2000-ci ildə bəstəkar A.Şaiqin yaradıcılığına növbəti dəfə müraciət edərək, onun «Min bir gecə» nağılının motivləri əsasında «Bir saatlıq xəlifə» müziklini yazmışdır. Musiqili Komediya Teatrında səhnəyə qoyulmuş bu əsər, həmçinin A.Şaiqin anadan olmasının 120 illik yubileyi münasibəti ilə 2001-ci ilin mart ayında Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində də göstərilir. Bəstəkar bu əsərdə xalq musiqisindən, eləcə də qədim ərəb folklor nümunələrindən qidalanaraq orijinal səhnə əsəri yaratmışdır. R.Şəfəqin Musiqili Komediya Teatrı üçün 2003-cü ildə yazdığı beşinci əsəri — rus nağılları əsasında «Yağmurcuğun macəraları» fantastik müziklidir. Bu uşaq müziklində bəstəkar rus və Qərbi Avropa musiqisindən yoğrulmuş maraqlı beynəlmiləl əsər yazmağa müvəffəq olmuşdur. Əsər 2008-ci ildə səhnəyə qoyulmuş və bu günədək teatrın repertuarındadır.
Bəstəkar Rəşid Şəfəq uşaq mövzusunda on beş musiqili səhnə əsərinin və 500-dən artıq uşaq mahnısının müəllifidir. Musiqi məktəblərinin şagirdləri üçün Moskvanın «Muzıka» və «Sovetskiy kompozitor» nəşriyyatlarında vokal və instrumental əsərləri çap edilmişdir. 1988-ci ildə Moskvada nəşr olunmuş «Naş lyubimıy kray» müəllif məcmuəsinə bəstəkarın «a capella» xoru və solistlər üçün yazılmış əsərləri daxil edilmişdir.
Bakıda isə R.Şəfəqin «Göyərçinik biz!» (1979), «Pioner və məktəbli mahnıları» (1988) nəşr edilmişdir. 1986-cı ildə isə bəstəkar «Məktəblinin musiqi aləmi» adlı ensiklopedik xarakterli kitabı tərtib etmiş və nəşr etdirmişdir. Həmin kitab Qara Qarayevim «Əziz balalar!» müraciət-tövsiyyəsi ilə açılır. Ön sözü isə Fikrət Əmirov yazmış və bu nəşrə yüksək qiymət vermişdir. 2005-ci ildə R.Şəfəq üç cildlik «Uşaq mahnıları» antalogiyası hazırlamış və nəşr etdirmişdir. Bəstəkarın 1996-2010-cu illərdə uşaqlar üçün bir neçə vokal-xor silsilələri və fortepiano məcmuələri çap edilmişdir.
R.Şəfəq 50 ildən çoxdur ki, bəstəkarlıq və pedaqoji fəaliyyətində uşaqlarımızın bədii-estetik tərbiyəsi sahəsində əhəmiyyətli işlər görür və gənc nəsil üçün yeni-yeni maraqlı musiqi əsərləri yaradır.
Oktay
Xalq Cəbhəsi.-
2012.- 19 sentyabr.- S.13