Beynəlxalq Sülh Günü
Dünya hələ də qanla
qaynayan bir qazandır…
21
sentyabr — Beynəlxalq Sülh Günüdür. Sülh,
insanlıq, azadlıq, bərabərlik, qardaşlıq…
Xüsusən 20-ci yüzilin əvvəllərindən bu
anlayışlar şüar səviyyəsində
dünyanı başına götürdü. Mirzə Cəlil
demişkən, «aləmlər mayallaq aşdı, yer-göy
titrədi», dünyada əhəmiyyətli güc sayılacaq
SSRİ kimi sosialist təməlli imperiya quruldu, habelə
sosializm ideyasından güc alan xeyli dövlət bərqərar
oldu. Ancaq azadlıq, bərabərlik, qardaşlıq olmadı
ki, olmadı. Oldusa da, yarımçıq oldu, özünəqədərkilərdən
demək olar, fərqlənmədi.
Sülh
əslində olmadı. Çünki insanlıq dünyada bərqəqar
olmadı.
Dünya
qana bələnir, çıxış yolu
görünmür, zorakılıq meydan sulayır. Bununla
sülh yaranmaz. Bir çağlar sosializmin azdan-çoxdan
etdiyini, indi demokratiya var gücüylə etmək istəyir:
xalqları, ölkələri kökündən ayırmaq,
eyniliyə salmaq insaniliyə qarşıdır. Düzünə
qalanda, bəşər tarixində indiyə kimi
doğruçu sülh olmayıb. Əgər insanlıq Yer
üzündə var olmayıbsa, barış haradan olsun?!
Bununla belə haçansa bəşərin insaniliyə,
barış imkanına ümidi kəsilməyib. Yetər ki,
insanlar, xalqlar, dövlətlər insanilik tələbilə
yaşasınlar. Bəs necə olur ki, minillərdir elm, ədəbiyyat,
incəsənətin bütün sahələri insanlıq,
dinclik, barış çağırır, ancaq dünya hər
gün daha da qana bulanır? Necə olur ki,
başqasının balasının başını kəsən
qatil öz balasından ötrü ölür? Bu, həm də
o deməkdir ki, bəşər insanlıq acıdır,
insanlıqdan tamam ayrılsa, ölər. Mütləq,
qırılmaz, ardıcıl sülhü insanilik əsasında
yaşamaqla yaratmaq olar.
İnsana,
ulusa, dövlətçiliyə, bəşərin mahiyyətinə
layiq insanlar yaranmalıdır ki, dünya eyniyyətdən
çıxsın. Dünyanın barışla
yaşamasını istəyiriksə, onun insani əlvanlığını
yaratmalı və qorumalıyıq.
Tarix
boyu insanlıq ədəbiyyatda, incəsənətdə
öyüldü, di gəl, ictimai gedişlərdə,
gerçəklikdə döyüldü, söyüldü.
Bir sözlə, hələ ki, dünyada sülh bərqərar
olmayıb. Sülh adına nə varsa, hamısı
antisülhdür, antiinsanidir. Ayrı-ayrı ölkələrin
dinc şəraitdə yaşamasında da bir şərtilik
var. Sülh ilk olaraq insanların əhvalında bərqərar
olmalı, insanlıqdan güc almalıdır. Tarix boyunca
sülh mövzusu siyasətin əlində vasitə olub, bu
üzdən də dünyada sülh yaranmayıb. Sülh əslində
insanlıq hadisəsidir.
İndi
sülh dünyada gərəkli bir hal kimi yalnız arzulanır
— yaradılmır, gerçəkləşdirilmir.
Çağdaş anlamda sülh ən yaxşı halda
hansısa savaşın bitməsi, ya da savaşa ara verilməsidir.
Buna isə yalnız təskinliyə yarayan sülh demək
olar. Həqiqi, doğruçu sülh onda olacaq ki, bəşər
özünün savaş imkanını bütünlüklə
içindən siləcək, öldürəcək.
«Sülh» sözünün başlıca sinonimi,
ölçüsü insanlıqdır. Harada insanlıq var,
orada sülh var. Əslində dünyada barışı
yaratmadan «Sülh günü»nü qeyd etmək də qəribə
görünür.
Bir də
nədənsə «sülh» anlayışı həmişə
savaşla qarşılaşdırmada üzə
çıxır, yada düşür. Di gəl, o,
özü bütün varlığıyla yaşamda
görünmür, bilinmir. Adamlararası antiinsani ilişkilər
dövlətlərarası ilişkilərə gedib
çıxır. Çox zaman müharibələrin nədəni
insanlardan qıraqda axtarılır, zamanın təbii,
qaçılmaz hadisəsi kimi anlaşılır. Ancaq
unudulur ki, əslində savaşın özülü
insansızlıqdır.
Ölkələrarası
ilişkilərin sülh şəraitində olmasının
istəyiriksə, insanlarası münasibətlərin aliliyinə
çalışmalıyıq. Ancaq siyasət o dərəcədə
insanların, ölkələrin həyatının
qaçılmaz, vazkeçilməz ünsürü
sayılır ki, onsuz bəşər həyatını
ümumiyyətlə, düşünmürlər.
Dünyada daim bir terror dalğası yaşanır. Terrorun yaratdığı psixologiya
son dərəcə qəlizdir:
nəticədə insanlar
daim qorxu, narahatlıq, həyəcan
içərisində yaşayırlar.
Özəlliklə də XX yüzildə
türk xalqları qədər terrora məruz qalan xalq tapmaq çətindir.
Eləcə də Azərbaycanın
ikiyə parçalanmasından
bəri başımıza
nə qədər bəlalar gətirilib.
Bunlar
terror deyil, bəs nədir? Özünə ardıcıl sülh,
dinclik arzulayan ölkələrin başqasına
qarşı terror cəhdi
insansızlıqdan başqa
bir şey deyil.
Qarabağda və ətraf bölgələrdə öldürülən
soydaşlarımız barəsində
dünya sanki heç nə eşitməyib. İndi «Ermənistan» adlandırılan
ərazilərdə 24 il qabaq min bir zülmə məruz qalan soydaşlarımızın başına
gətirilənlər xalis
terrordur. Bu gün
dünyaya insanlıqdan,
barışdan danışmağa
daha çox bizim haqqımız var. Çünki millət və dövlət olaraq heç bir xalqın torpağında gözümüz
yoxdur, qəsbkarlıq
duyğusuyla yaşamırıq.
Belə bir çağda dünyaya sülh, barış düzənini
yalnız türk xalqı gətirə bilər. Türk xalqları arasında
türk mənəviyyatı
əsasında birlik, yəni sülh örnəyi yaratmalıyıq.
Bu, Türk ulusu
olaraq bəşəri
borcumuzdur.
Birləşmiş Millətlər Təşkilatı
(BMT) «Beynəlxalq Sülh
Günü» münasibəti
ilə yaydığı
müraciətdə bu
günü «silahların
susmasına və qeyri-zorakılığa həsr
olunan bir tarix kimi qeyd
olunduğunu, sülhün
qayğısına qalmaq,
onu qorumaq və müdafiə etmək lazım gəldiyini» bildirib. Hər il
Beynəlxalq Sülh günündə BMT qərargahında
«Sülh zəngi» çalınır».
Beynəlxalq Sülh günü
BMT-nin Baş Məclisi tərəfindən
«qlobal atəşkəs
və qeyri-zorakılıq,
habelə bütün
xalqları və insanları gün ərzində hərbi əməliyyatları dayandırmağa
çağıran gün»
kimi təyin edilib: «Bu, silahların çox konkret səbəblər üzündən
susdurulması deməkdir:
bu, ona görə
lazımdır ki, humanitar yardım daha asan yolla
çatdırılsın, mülki vətəndaşlar
mühasirəyə alınmış
ərazilərdən təhlükəsiz
keçid əldə
edə bilsinlər, məhsullar becərilsin, dərhal məhv olmaq təhlükəsi olmadan sığınacaqlar
tikilsin, qaçqınlar
və məcburi köçkünlər onları
öz evlərindən
didərgin salan hərbi əməliyyatlardan
fasilə əldə etsinlər. Sülh Günü ona görə lazımdır
ki, beynəlxalq aləm üzləşdiyimiz
təhlükə və
problemlər barədə
düşünmək üçün
fasilə versin. Dünyanın bəzi hissələrində
sülh və təhlükəsizlik üçün
qorxu yaradan amillər yeni və daha qəddar
terror aktları növləri,
ağır silahların
yayılması, transmilli
cinayətkar şəbəkələrinin
yayılması və
bütün bu amillərin birləşmə
və bir-birini gücləndirməsi kimi
hallarda özünü
biruzə verir».
Sülh
günü BMT tərəfindən
29 il əvvəl
(1981-ci ildən) təsis
edilib. Dünyanın 192 ölkəsi yekdil
olaraq bu qərarın lehinə səs verib. Dünya isə hələ də qanla qaynayan bir qazandır…
Uğur
Xalq Cəbhəsi.-2012.- 20 sentyabr.- S.14.