18 yaşlı «Əsrin müqaviləsi»

  

18 il bundan öncə — 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı «Azəri», «Çıraq», «Günəşli» yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında «məhsulun pay bölgüsü» tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə «Əsrin müqaviləsi» adını aldı. Təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmış «Əsrin müqaviləsi»ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaroniya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etdi. Bununla da «Yeni neft strategiyası»nın həyata keçirilməsinə başlanıldı. «Əsrin müqaviləsi» üzrə ilk dəfə hesablanmış çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdı. Bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları təşkil etmişdi. «Əsrin müqaviləsi»nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açdı.

Birmənalı deyə bilərik ki, «Əsrin müqaviləsi» Azərbaycan xalqının tarixində ən mühüm hadisələrdən biri kimi yaşayacaq. Həmin müqavilənin imzalanması ilə müasir nəslin çox böyük arzu və istəyi reallaşdı. Yəni Azərbaycan beynəlxalq iqtisadi sistemə inteqrasiya olundu. Eyni zamanda, «Əsrin müqaviləsi» Azərbaycanın dövlət müstəqilliyinin çox böyük dayağı idi. Bu 18 ildə Azərbaycanın istər siyasi, istər iqtisadi baxımdan əldə etdiyi nailiyyətlərin ən böyük payı 20 sentyabr 1994-cü il tarixinə bağlıdır. Bu elə bir dövrə təsadüf edirdi ki, Sovet İttifaqının köhnə iqtisadi sistemi çökmüşdü, yeni iqtisadi sistemi yaratmaq qarşıda vəzifə kimi dayanırdı. O problemlərin həlli istiqamətində ən böyük uğurlu addım «Əsrin müqaviləsi» idi.

«Əsrin müqaviləsi» yeni geosiyasi proseslər doğurdu və Azərbaycanı dünya birliyinin diqqət mərkəzinə gətirdi. Ondan sonra Azərbaycana maraq artdı, Bakı-Tiflis-Ceyhan neft kəməri tikildi. Bakı-Supsa, Bakı-Hovorossiysk kəmərləri işə düşdü. Əgər həmin vaxt Azərbaycanın neft istehsalı ildə 8-9 milyon tona düşmüşdüsə, «Əsrin müqaviləsi»nin nəticəsi olaraq, hazırda 50 milyon ton neft istehsal edən bir dövlətə çevrilmişik. Bu iqtisadi dirçəliş toqquşan geosiyasi maraqları da artırdı. Hər kəs Azərbaycanla dost olmaq istədi. Gürcüstanı Azərbaycanın xaricə açılan qapısı kimi yerləşən bir dövlətə çevirdi. Bir neçə il Gürcüstandan Azərbaycana konfederativ dövlət təkliflərinin gəlməsi də bu yaxınlaşmanın nəticəsidir və «Əsrin müqaviləsi»nin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. 1994-cü ildə biz bəlkə də bu müqavilənin əhəmiyyətini indiki qədər dərk edə bilmirdik. Amma sonradan baxanda bunun çox uzaqgörənliklə həyata keçirilən bir iş olduğunu anlayırıq. Onun nəticəsidir ki, ölkəmiz Xəzər üzərindən Avropaya gedən layihələr həyata keçirir. 18 il ərzində Azərbaycan iqtisadiyyatına 50 milyard dollardan artıq investisiya qoyulub. Bu çox böyük uğurdur. Artıq Azərbaycan özü sərmayəçi ölkəyə çevrilib. «Əsrin müqaviləsi»ndən sonra Azərbaycanın 1 milyon dollarlıq büdcəsi 20 miyard dolları ötüb, Heft Fonduna isə 33 milyard dollara yaxın vəsait toplanıb. Azərbaycan Avropaya, HATO-ya inteqrasiya etdi. Bu gün Azərbaycan nə əldə edibsə, həmin gün bağlanan müqavilələrdən bəhrələnib.

Doğrudan da «Əsrin müqaviləsi» Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyətə malik idi. Sözügedən müqavilə həmin dövrdə Azərbaycanın maraqlarının qorunmasını təmin edirdi. Həzərə alsaq ki, «Əsrin müqaviləsi»ndə söhbət 20 milyard dollar investisiya yatırımının qoyuluşunu və 6,5 milyard barrel neftin hasil edilməsindən gedir, o baxımdan bu çox böyük saziş idi və Azərbaycanın bu xərcləri təkbaşına öz üzərinə götürmək imkanı yox idi. «Əsrin müqaviləsi»nin Azərbaycana verdiyi ən böyük mənfəət dövlət gəlirlərinin artmasıdır. «Əsrin müqaviləsi» çərçivəsində neftin satışına başlanılması Azərbaycanın dövlət gəlirlərinin artmasına səbəb oldu. Yəni ölkəyə daxil olan vəsaitlərin həcmi artdı. İkinci mühüm əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan və eyni zamanda, Azərbaycan Dövlət Heft Şirkəti üçün digər müqavilələrdə iştirak imkanları yaratdı. Əgər «Əsrin müqaviləsi»ndə Dövlət Heft Şirkətinin payı 10 faiz idisə, 1998-ci ildə «Kürdaşı-Araz-Kurqan», eləcə də sonrakı illərdə bağlanan «Araz-Alov-Şərq» yataqlarında hər birində ARDHŞ-in payı 50 faizə bərabər oldu. «Ümid» yatağını ARDHŞ tək olaraq istismar edir. Yeni layihələrin başlanması və «Əsrin müqaviləsi»nin bağlanılması Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin qorunmasında rolunun artmasına gətirib çıxartdı. «Əsrin müqaviləsi» Azərbaycanın manevr imkanlarını artırdı.

«Əsrin müqaviləsi»nə uyğun olaraq gəlirlərin bölgüsü ondan ibarətdir ki, 70 faizi Azərbaycan dövlətinə, 30 faizi xarici şirkətlərə çatır. 2010-2011-ci il Azərbaycan dövlət büdcəsinin 65 faizi neft sektorunun payına düşür, eyni zamanda, Dövlət Heft Fondundan daxilomalar təşkil edir. Ona görə də Azərbaycanın gəlirlərinin formalaşmasında neft satışından əldə olunan gəlirlər mühüm əhəmiyyət kəsb edir.

«Əsrin müqaviləsi» Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkiliş, «Şahdəniz» yatağından çıxan qazın xarici bazarlara nəqli baxımından böyük baza rolunu oynayır. Bu isə Azərbaycana özünü regionda təsdiq etməsi üçün əsas yaradır.

Bu «əsas ixrac neft kəməri»nin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verir, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb olur.

Sözügedən enerji layihələrinin Azərbaycan üçün həm siyasi, həm də iqtisadi əhəmiyyəti bəllidir. Ancaq gəlin görək, Azərbaycan hökuməti əhəmiyyətli bildiyimiz məsələlərdən yetərincə yararlana bilirmi? Azərbaycan hələ də Dağlıq Qarabağ probleminin həllinə nail olmayıb. Halbuki Azərbaycan həm neft, həm də təbii qaz hasil edən ölkə kimi regionda söz sahibi olmağı bacarmalı və Dağlıq Qarabağ probleminin ədalətli həllinə çoxdan nail olmalıydı. Lakin bir-birinin ardınca işə düşən layihələrin olmasına baxmayaraq, dünya dövlətləri hələ də Dağlıq Qarabağ probleminin həllinə barmaqarası yanaşırlar.

 

 

Arzu Şirinova

 

Xalq Cəbhəsi.- 2012.- 21 sentyabr.- S.11.