Tarın sarı simi
Özünəməxsus zəngin yaradıcılıq yolu keçən ustad tarzən Əhsən Dadaşovun ifaçılıq fəaliyyəti gur çeşməni xatırladır. Bu çeşmədən çoxları su içib, qol-budaq atıb pərvəriş taparaq, bu gün Azərbaycan musiqisinə, onun inkişafına, xüsusilə muğam sənətimizin yaşamasına, təbliğinə sədaqətlə xidmət edir. Hələ bundan sonra da neçə-neçə tarzənlər nəsli onun tükənməz yaradıcılıq çeşməsindən bəhrələnəcək, Əhsən Dadaşov sənətini nəsillərə çatdıracaqdır. Əhsən Dadaşovun ifaçılığında Şərq fəlsəfəsi, Dədə Qorqud müdrikliyi, ulularımızın ürək yanğısı ilə süslənmiş büllur bir sevgi vardı və bu sevgi idi onu xalqına, musiqi ictimaiyyətinə sevdirən. Onun sənətinin ən qiymətli cəhəti muğamların təbiətində olan dərin, möhtəşəm fikri, mənanı, fəlsəfi tutumu, estetik dəyərləri aça bilmək qüdrətində idi. O, tar, ud çalanda bütün varlığını, ruhunu musiqinin mayasına qatır, özü də muğamın təmin etdiyi hisslə müdrikləşir, muğamlaşırdı.
Əhsən Dadaşov özündən əvvəlki klassiklərin və müasiri olan ustadların ifaçılıq üslubuna, ənənəsinə hörmətlə yanaşan, bununla belə öz yolu, dəst-xətti olan tarzən idi. O, özünəməxsus fərdi ifaçılıq xüsusiyyətləri, üslub ilə seçilirdi. Bu orijinal üslub 1961-ci ildə onun yaratdığı xalq çalğı alətləri ansamblına da xas idi. Onun musiqisi bütöv, möhtəşəm, nizamlı olmaqla yanaşı, ən kiçik nüansları ilə birlikdə yadda qalırdı. Bəziləri düşünürlər ki, muğam toxunulmazdır, yəni klassik yaranışı necədirsə, eləcə də ifa edilməlidir. Bəziləri isə haqlı olaraq onun yaşarlığını milli zəmin üzərində islahatlar aparılmasında görür. Əhsən Dadaşov ikinci yolu tutmuşdu. Onda xalq musiqisinə bəstəkar təfəkkürü, duyumu ilə yanaşmaq qabiliyyəti vardı. O, muğam və digər xalq musiqisi nümunələrində elə improvizasiyalar edirdi ki, bu əsl tapıntı, kəşf idi.
Ansamblın bədii rəhbəri kimi Əhsən Dadaşovun böyük xidmətlərindən biri Azərbaycan xalq çalğı alətlərinin hər birinin bədii texniki imkanlarını zərgər dəqiqliyi ilə düzgün müəyyənləşdirməsində idi. O, ansambla orijinnalıq, yeni vüsət gətirmək, onun repertuarını daima təzələmək, qədim ifaçılıq ənənələrini yeni çalarlarla zənginləşdirmək üçün axtarışlar aparmaqdan yorulmamış, ifaçılıqda eksperimentlər aparmaqdan çəkinməmişdir. Bildiyimiz kimi, hər bir musiqi əsərinin bədii təsir gücü intonasiyaların aydınlığı, asan qavranılması, musiqi dilinin şəffaflığı ilə ölçülür. Bu baxımdan onun ansamblı digərlərindən seçilirdi. O, ilk dəfə qədim çalğı alətlərimizdən biri olan udu ansambla daxil etməklə onun ümumi tembr, ahəng palitrasını daha da gözəlləşdirməyə nail olmuşdu. Dünya şöhrətli bəstəkarımız Fikrət Əmirov Əhsən Dadaşovun ansamblının məziyyətləri haqqında yazırdı: «Əhsən Dadaşovun yaratdığı xalq çalğı alətləri ansamblının repertuarı öz rəngarəngliyinə, yüksək temperament və ifaçılıq texnikasına görə başqa ansambllardan fərqlənir. Sevinirəm ki, ansambl təkcə respublikamızda deyil, onun hüdudlarından uzaqlarda da məşhurdur».
Şübhəsiz ki, hər bir böyük sənətkar üslubundan tanınır, yəni öz üslubu olmaq onun sənətini dəyərləndirən ən mühüm cəhətdir. Bu isə hər bir sənətçinin istedadı, təfəkkürü, intuisiyası ilə bağlı olan spesifik amildir. Bu baxımdan Əhsən Dadaşov olduqca orijinal tarzən idi. Onun çox incə hissi — emosional duyumu və qeyri-adi barmaqları, ifa tərzi vardı. Ustadın ifaçılıq üslubunu səciyyələndirən cəhətlərdən biri də ən sadə musiqi cümlələrindən tutmuş mürəkkəb, virtuoz gəzişmələrədək bütün musiqi komponentlərinin fərdiliyini, çalarlarını bənzərsiz mizrablarla dinləyiciyə çatdırmaq qüdrətində idi. O, klassik və professional çağdaş musiqimizi, muğam hissələrini, guşələrini bir-birinə elə qucaqlaşdırır, peyvənd edirdi ki, ən yüksək erudisiyalı musiqiçilər belə onun bu ustalığına heyran qalırdılar. Xüsusilə «Şur» muğamı onun ifasında mübahisəsiz şedevr idi.
Tarzənin ifaçılığında diqqəti çəkən xüsusiyyətlərdən biri də klassik poeziyamızda olduğu kimi, muğam çalğısında da epik vüsətə, forma və məzmunun biri-birini tamamlamasına ciddi fikir verməsində idi. O, muğamı qəlibə salmır, vərdişə çevrilmiş yad ənənələrdən xilas edir, onun ümumbəşəri mahiyyətini açır, dinləyicidə muğam haqqında gerçək fəlsəfi təsəvvür yaradırdı.
Əhsən Dadaşov yaradıcı sənətkar idi. O, çaldığı hər bir musiqi əsərinə yenilik gətirir, melodiyanın müxtəlif variantlarını tapırdı. Muğamlar, təsniflər, dəramədlər, rənglər, oyun havaları və s. tarzənin ifasında təzə ştrixlər, boyalar, cizgilərlə bəzənir, yeni biçimdə dinləyiciyə çatdırılırdı. Təəssüf ki, bu böyük sənətkar, virtuoz tarzən, gözəl ansambl rəhbəri və nəcib insan dünyasını tez dəyişdi. Amma qədirbilən musiqi ictimaiyyəti onun adını özünün yaratdığı ansamblın adı ilə əbədiləşdirdi. Hazırda «Xatirə» xalq çalğı alətləri ansamblı Əhsən Dadaşovun adını daşıyır.
Böyük sənətçi dünyasını dəyişənədək öz yaradıcılıq ənənələrinə sadiq qaldı. O, heç zaman yaradıcılıq axtarışlarından usanmadı, doymadı. Onun bu cəfakeşliyi bu günümüzün və sabahımızın ifaçıları üçün nümunə olmalıdır.
Öz sənəti ilə mənsub olduğu xalqın məhəbbətini, sevgisini qazanan sənətkar ölmür. Əhsən Dadaşov məhz belə ölməz sənətkarlarımızdandır.
Oktay
Xalq Cəbhəsi.- 2012. - 22 sentyabr.- S.14