Qırmızı körpü Azərbaycan memarları tərəfindən salınıb

 

O orta yüzil nadir memarlıq incilərindən biridir

 

«Sınıq körpü» faktiki olaraq Borçalı bəyləri Yadigarovlara məxsus idi

 

Azərbaycan və Gürcüstan sərhədində Xram çayı üzərində salınmış Qırmızı körpü, ya da Sınıq körpü adıyla tanınan körpünün tarixinə varanda maraqlı faktlarla rastlaşırıq. Araşdırmaçı Mirzə Məmmədoğlu bildirir ki, orta yüzillərdə bu körpü nəinki təkcə bu iki ölkəni, eləcə də Avropa və Asiyanı, bütün Yaxın Şərq ölkələrini birləşdirirdi. Çin səddindən başlayaraq «İpək yolu» adlanan yol həmin bu körpüdən keçirmiş. «İngilis tarixçisi Poup və sənətşünaslıq doktoru L.Bretanitski körpünün salınması tarixini XII yüzilə aid edir.

Qırmızı körpü Azərbaycanın orta yüzilə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. «Sınıq körpü» adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir. Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınıb. Körpünün uzunluğu 175 metrdir və 4 aşırımdan ibarətdir: işlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 metrdir. Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpüdür. Sahil bölümlərinin içərisində iri karvansaraların olması körpünün karvan marşrutunda böyük əhəmiyyət daşıdığını, həm də ətrafında mühüm ticarət qovşaqlarından birini təşkil etdiyini göstərir. Bütün göstəricilərinə — məkan quruluşu, tikinti texnikası, bədii memarlıq üslubus. görə Qırmızı körpü Azərbaycan memarlığının ən qiymətli abidələrindəndir.

Mütəxəssislərin fikrincə, Qırmızı körpü aşırımlarının azlığının bir səbəbi körpünün sahil bölümlərinin içərisində geniş yerləşgələrin (sol sahildə 166 kv.m., sağ sahildə 116 kv.m.) qurulması, o biri səbəbi isə tağ aşırımlarından ikisinin xeyli böyüklüyüdür. İkinci səbəb görünür, çay yatağının geoloji quruluşu ilə bağlıdır. Belə ki, Azərbaycanın körpütikmə təcrübəsində aşırımların dayağı üçün bir qayda olaraq çay yatağında olan möhkəm qayalıqlar özül kimi seçilirdi. Qırmızı körpünün böyük aşırımı (26,1 m) Azərbaycan inşaat texnikası içərisində ən iri tağ aşırımlarından biridir. Bu da Qazaxdakı tarixi memarlıq abidəsini nadir mühəndis qurğuları sırasına salmağa imkan verib. Başdan-başa bişmiş kərpiclə üzənmiş və buna görə də «Qırmızı körpü» adlandırılan abidə irisaya biçimlərlə işlənib. Qazax körpüsü şəhər memarlığına xas incə üslubu olan Gəncə körpülərindən miqyas iriliyitutum monumentallığı ilə seçilir. Qırmızı körpünün yüksək mühəndis həlli özünü sivri tağbənd aşırımlarının bişmiş kərpicdən tağparasız qurulmasında, içərisində üç uzununa dəhlizlər sisteminin hesabına onun tağlarüstü kütləsinin yüngülləşdirilməsində, bütövlükdə su səthi üzərində hörgü işlərinin texniki baxımdan çox səmərəli təşkilində və s. göstərir. Sahildə körpünün eni 12,4 m olduğu halda, keçid hissəsində 4,3 m-dir.

VII-VIII yüzil alban tarixçisi Movses Kalankatlı özünün «Alban tarixi» əsərində yazır: «Knyaz Feodil Uti vilayətinə gələrək (Uti vilayəti o vaxtlar Qafqaz Albaniyasının Gürcüstanla sərhəd olan vilayətlərindən biri olub) Sınıq körpü yaxınlığında Kür çayı sahillərində yerləşdi: «Buradan belə aydın olur ki, Movses Kalankatlı tərəfindən «Alban tarixi» yazılan vaxtlar körpü dağılmışdı və «Sınıq körpü» adlanırdı. Körpünün tikintisi ilə əlaqədar yazılı daşların birində onun memarının Qəzvinli Məhəmməd ibn Osmanın olduğu, XI yüzildə salındığı göstərilir».

Rus akademik İ.A.Qildenştedt 1772-ci ildə bu yerə baş çəkərək yazırdı: «Həmin bu körpüdən az-maz nəsə qalıb. Onu Sınıq körpü adlandırırdılar. Çar Rostom (Xosrov Mirzə-M.M.) onu (Qırmızı körpünü-M.M.) uçub dağılmış daş körpünün bir az aşağısında inşa etmişdir… Həmin körpünü Sınıq körpü» (belə ki, sınmış körpü) adlandırmışlar». 1633-cü ildə İran şahının Gürcüstan taxtına çıxartdığı çar Rostom (Xosrov Mirzə-M.M.) Xram çayına baş çəkib. Bu barədə tarixçi Beri Eqnateşvili yazır: «Sınıq körpünün olduğu Xunana gəldi». Beri Eqnateşvili «Çar Rostom (Xosrov Mirzə-M.M.) tərəfindən yenidən tikildiyini xatırlayır. M.Məmmədoğlu: «Həmin Sınıq körpünün xarabalıqları yaxınlığında qırmızı kərpiclə yeni körpü tikilir ki, bu da qırmızı kərpiclərə görə Qırmızı körpü adını daşıyıb. Həmin vaxtdan körpünün adı paralel olaraq «Sınıq körpü» və «Qırmızı körpü» adlanıb. Belə ki, Mirzə Camal Cavanşir Qarabaği qırmızı kərpiclə tikilmiş bu körpünü rusların Qırmızı körpü adlandırdığını qeyd edir. Onun «Qarabağnamə» əsərində oxuyuruq: «Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər — Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmşəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar.»

Tarixçi Platon İoseliani 1850-ci ildə yazırdı: «Qədim şəhər (Xunan — M.M.) yaxınlığında çar Rostom (Xosrov Mirzə — M.M.) memarlığı indiyədək səyyahları təəccübləndirən daş körpü inşa etmişdir. O «Qırmızı körpü» adı ilə tanınır». «Qırmızı körpünün inşasının başa çatdırılmasından sonra çar Rostom körpü həndəvərlərində yolüstü yaşayış məntəqəsi salmaq qərarına gəlir. Onun sakinləri körpünü qorumaq, eləcə də səyyahlara və ticarət karvanlarına xidmət üçün nəzərdə tutulmuşdu. Bu məqsədlə bura Güney Qafqazın müxtəlif rayonlarından kəndlilər köçürülür. Onların məskunlaşdığı yer Körpükənd adlanır. 1860-cı ildə bu yerə gələn professor B.Dorn məlumat verir: «Xram çayı üzərində salınmış körpünü ruslar Qırmızı körpü adlandırır; gürcülər isə Qatexili xidi (yəni sınıq körpü), — orada mövcud olan Körpü kənd tamamilə yox olub».

Körpüdə durum ağır olduğuna görə burda yeni məskunlaşan əhali başqa-başqa yerlərə pənah aparır. D.E.Zubarov yazır ki, körpünün inşası üçün fəhlələr pulla tutulmuşdu: ordakı sakinlərdən heç nə tələb olunmurdu, təkcə Qazax və Borçalı distansiyasının hər bir erməni kəndindən bir ailə gətirilərək bu körpünün önündə yerləşdirilmişdi. Onlar həmin fəhlələri yedirib yatırırdılar. Həmin ailələr kəndi təşkil etmişdi ki, onun da adı Körpülü adlanırdı. Körpünün inşası başa çatandan sonra çar tərəfindən fəhlələrə baxan Q.Yadigarova bağışlanmışdır — onun indiki sakinləri kəndin əvvəlki adını saxlayaraq Borçalı dağlarında məskunlaşmışdır».

Azərbaycan Respublikasının əməkdar memarı, memarlıq namizədi, Ömər Qoçulu «Ulu körpü» qəzetinin 20 iyul 2004-cü il tarixli nömrəsində dərc olunmuş «Sınıq körpü» yazısında qeyd edir: «Tarixi mənbələrdə isə göstərilir ki, körpünün böyük tağı XVIII yüzilliyin axırlarında Tiflisdən geri dönən Ağa Məhəmməd şah Qacarın əmri ilə sındırılıb. Təqibdən arxayın olmaq üçün. Çox güman ki, körpünün «sınıq» adı o vaxtdan qalmadır». Müəllif mənbələrdən birini göstərməsə də A.Muravyovun «Gürcüstan və Ermənistan» əsərinə işarə etdiyi məlum olur: «Ağa Məhəmməd şah Qacar İrakliyə Tiflis xarabalıqlarında sülh təklif etdi. Çar isə intiqam almaq üçün Kaxetdən bütün qoşunu ilə onun üzərinə yeridi. Öz növbəsində xan qaçdı və təqibdən xilas olmaq üçün özündən sonra Qırmızı körpünün bir tağını uçurdu». Son gürcü çarı XII Georginin böyük oğlu — şahzadə David Gürcüstan tarixi barəsindəki əsərində yazır: «… O (şahzadə David — M.M.) Sınıq körpünün Tiflisə hücum edən Ağa Məhəmməd şah Qacarın dağıtdığı körpünün orta tağını bərpa edibEyni zamanda şahzadə David qeyd edir: «Xacə (Ağa Məhəmməd şah Qacar — M.M.) Sınıq körpü adlandırılan körpünü uçurmaq istəsə də, Keyxosrovun (Keyxosrov Avalişvili o vaxtlar II İraklinin Borçalıda səlahiyyətli nümayəndəsi idi — M.M.) xahişi ilə onu uçurmayıb. Keyxosrov çarın yanına gələrək bütün bunlar barəsində ona məlumat verir.

M.Məmmədoğlu: «Göründüyü kimi, Sınıq körpünün Ağa Məhəmməd şah Qacar tərəfindən uçurulub-uçurulmaması barəsində ziddiyyətli fikirlər mövcuddur. Qacara gəldikdə, demək istəyirəm ki, rus imperializmi, sovetlər birliyi müstəvisindən baxılaraq yalnız onun mənfi xüsusiyyətləri şişirdilib, vahid Azərbaycan dövlətini yaratmaq ideyası qəsdən kölgədə saxlanılıb, Güney Qafqaz, xüsusən Gürcüstan məsələsində mənafelərin Rusiya ilə İran arasında olan ziddiyyətlərin kəsginləşməsinə səbəb olması arxa plana çəkilib».

Qeronti Kikodze yazır: «Ağa Məhəmməd şah Qacar çar İraklinin yanına Qurgen Yenikolopaşvilinin oğlu Qəhrəmanı göndərdi və sülh təklif etdi. Ondan tabeliyə keçməyi, girov olaraq bir oğlunuya nəvəsini göndərməyi, Azad xanın olmuş almazı, knyaz Potyomkinin bağışladığı böyük saatı verməyi, sığınacaq tapmış qarabağlıları ona təhvil verməyi tələb edirdi, əvəzində o da əsirləri qaytarmağa söz verirdi. Çar İrakli öz müqabilində Soğanlıqda danışıqlar aparmaq üçün Keyxosrov Avalişvilini göndərdi. Sülh danışıqları bir nəticə vermədən başa çatdırıldı. Əks tərəflər bir-birinə inanmırdılar. Bundan başqa Ağa Məhəmməd şah Qacara başa salırdılar ki, çar İrakli vaxtı udmaq məqsədi ilə Duşetidə yeni qoşun yığmaq üçün qəsdən danışıqlar aparır. Eyni zamanda İrandan pis xəbər gəldi. Axalsixedən alınan tədarükə baxmayaraq ərzaq azaldı, qarşıda Şuşa qalasının alınması məsələsi dururdu. O, sentyabrın 20-22-də geri qayıtdı. Ağa Məhəmməd şah üsyanı yatırtmaq üçün Xorasana getdi, şahlıq tacını başına qoydu

Çar II İrakli tərəfindən Borçalı bəyi Sadıq Yadigaraşviliyə və onun oğullarına 1797-ci ildə verilmiş fərmanda deyilirdi:

«… Ağa Məhəmməd şah Qacar Tiflisi yandırıb darmadağın edəndə sən bizim yanımızda olubsanimkan daxilində bizə köməkliklər göstəribsən. Sənin oğulların AğacanAllahverdi isə Araqviyə gedəndə bizi müşayiət ediblər, can-başla bizə xidmət göstəriblər. Tiflisin darmadağın edilməsi zamanı sən çox şey itirdin, elə həmin vaxtlar sözügedən fərmanları da itirdin. Bizə sədaqətliliyinə və səmimi qəlbdən xidmət etdiyinə görə onların qüvvəsini yenidən bərpa edirik və Sınıq körpü sakinlərini sənin öhdənə veririk

Bu fərman ilə aydın olur ki, «Sınıq körpü» faktiki olaraq Borçalı bəyləri Yadigarovlara məxsus idi. Zənn etmək olar ki, körpü vergiləri həmin bəylərin əsas gəlir mənbələrindən biri olub.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012. - 22 sentyabr.- S.11.