Şəkinin
yaranmasının 2700 illiyi qeyd olunub
Şəkinin yaranmasının 2700 illiyi və «Şəhər günü» ilə əlaqədar Şəki şəhərində bayram tədbirləri keçirilib. Şəki şəhər İcra Hakimiyyəti aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, Türkiyənin Konya şəhərinin Meram bələdiyyəsinin nümayəndələri, Qazaxıstan, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının və Türkiyənin tanınmış teatr, musiqi və rəqs kollektivləri, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin şəhər icra hakimiyyətinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhərin Azadlıq Meydanında bayram tədbirinin təntənəli açılış mərasimi olub. Mərəsimdə çıxış edən Şəki ŞİH-niin başçısı Elxan Usubov zəngin tarixə, qədim mədəniyyətə malik olan Şəki şəhərində ilk dəfə «Şəhər günü» bayramının keçirtilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.
Tədbirdə qeyd olunub ki, həqiqətən də bütün tarixi dövrlərdə Şəki Azərbaycan tarixində mühüm yerə malik olub. Bu gün Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan unikal bir şəhərdi. Şəki həm də, Azərbaycanın mühüm turizm mərkəzinə çevrilib. AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxışında bildirib ki, Şəki tarixən Azərbaycanın şimalı-qərbində mühüm siyasi, sosial-iqtisadi və mədəni mərkəz hesab olunub. Bu gün Şəki şəhəri orta əsr Şərq şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan bir məkandır. Şəhərdəki nadir tarixi-memarlıq abidələri- karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir. Bu gün Şəki şəhərinin milli memarlıq üslubunun qorunub saxlanması şərti ilə müasirləşdirilməsi qarşıda duran ən vacib vəzifələrdən biridir. Milli Məclisin deputatı Hadı Rəcəbli və digər qonaqlar çıxış edərək Şəkidə ilk dəfə keçirilən «Şəhər günü»nün şəhərin bütün sakinlərinin, qonaqların yaddaşında xoş xatirə kimi qalacağını bildiriblər. Bayram tədbiri daha sonra şəhərin tarixi məkanlarından birində — Şərq memarlığının nadir incisi, XVIII əsrə aid tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayının həyətində davam etdirilib.
Qzaxıstan Respublikasından gəlmiş «Alkisa» xalq çalğı alətləri orkestrinin, Başqırdıstan Respublikasının «Sterlitamak» Dövlət Dram Teatrının, Türkiyənin Konya şəhəri Meram bələdiyyəsinin xalq oyunları rəqs qrupunun çıxışları bayram iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Xalq Cəbhəsi.- 2012.- 25 sentyabr.- S.15.