Vamiq Məmmədəliyev sənətinin
sehri
Hazırkı milli ifaçılıq sənətimizin tanınmış nümayəndələri arasında tarzən Vamiq Məmmədəliyevin öz xüsusi yeri vardır. O, ifaçı və musiqi ictimai fəaliyyətilə xalq tərəfindən sevilən, sözün həqiqi mənasında dəyərli musiqiçilərimizdəndir. Şöhrətli ziyalılar nəslinə mənsub olan Vamiq Məmmədəli oğlu Məmmədəliyev 1946-cı il iyun ayının 9-da Bakı şəhərinin Kürdəxanı qəsəbəsində həyata göz açmışdır. Ziyalılar əhatəsində böyüyüb başa çatan V.Məmmədəliyev hələ kiçik yaşlarından ailələrində musiqiyə qarşı — xüsusilə tar alətinə məhəbbətin şahidi olur. Burada onun müsahibələrindən birini xatırlatmaq yerinə düşərdi. Vamiq müəllim deyir: «Biz evdə beş qardaşdıq, beşimiz də tar çalmışıq. Atam Məmmədəli bəyin sənəti həkimlik olsa da könlü, istəyi muğamatda idi, tarın səsində idi. İlkin öyrəndiyim havalardan biri «Heyratı» (zərb muğam nəzərdə tutulur — A.N.) olub».
Musiqiyə xüsusi meylli olan Vamiq Məmmədəliyev tar ixtisası üzrə ilk musiqi təhsilini Kürdəxanı qəsəbəsindəki musiqi məktəbində alır. Burada onun tar ixtisası üzrə müəllimi Dərdayıl Aydəmirov olur. Sonralar o, 1967-1970-ci illər Bakı Mədəni Maarif Texnikumunda (müəllimi Ramiz Aşurbəyli), 1972-1976-cı illərdə isə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda (hazırda Azərbaycan Milli Konservatoriyası nəzdində Bakı Musiqi Kolleci) musiqi təhsilini davam etdirir. Onun not ixtisası üzrə müəllimi görkəmli pedaqoq-tarzən, bəstəkarlıq fəaliyyətində Üzeyir Hacıbəyov ənənələrinə sadiq olan Adil Gəray Məmmədbəyli, muğam üzrə isə bu sənətin korifeyləri Əhməd Bakıxanov və Bəhram Mənsurov olur.
1976-cı illərdə gənc Vamiq Məmmədəliyev peşəkar tarzən kimi formalaşsa da ali musiqi təhsili almağı unutmur. Belə ki, o, 1980-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (hazırda Bakı Musiqi Akademiyası) daxil olur. Tarzənin sənət müəllimləri — tar ixtisası üzrə görkəmli pedaqoq-tarzən, sənətşünaslıq namizədi, professor Oqtay Quliyev, dirijorluq ixtisası üzrə isə pedaqoq-dirijor, dosent Namiq Nəbiyev olur. 1985-ci ildə Konservatoriyanı bitirən Vamiq Məmmədəliyevi gərgin əməyi syəsində burada o, tarda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinə məxsus ifaçılıq vərdişlərinə dərindən yiyələnir. Lakin Vamiq Məmmədəliyevin klassik musiqimiz olan muğam sənətinə vurğunluğu onun ifaçılıq fəaliyyətini bu sənətə bağlayır.
Bunun nəticəsidir ki, V.Məmmədəliyev yaradıcılığı boyu muğam sənəti sahəsində — solo ifaçılığı, müşayiətçi-tarzən, pedaqoq-tarzən kimi səmərəli fəaliyyət göstərərək bu sənətin təbliğinə böyük əmək sərf edir. Vamiq müəllim bir ustad muğam ifaçısı olaraq muğamların praktiki ifaçılığın müxtəlif məziyyətlərinə, həm də muğam janrının əsaslarına dərindən bələd olan sənətkarlarımızdandır. Heç də təsadüfi deyil ki, V.Məmmədəliyev tar sənətini öyrəndiyi qısa müddət ərzində hələ 70-ci illərdə muğam ustaları ilə musiqi məclislərində iştirak edərək nüfuz qazanmışdır.
Sənətkarın professional ifaçı kimi səhnə fəaliyyətinin başlanğıcı 1976-cı ilə təsadüf edir. Belə ki, tar ifaçılıq sənətimizin korifeyi olan, xalq artisti Hacı Məmmədov həmin ildə gənc tarzəni rəhbərlik etdiyi ansambla dəvət edir. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii kollektivlərindən biri olan bu ansamblın tərkibində o, 1976-cı ildən, mütəmadi olaraq çıxışlar edir və musiqi ictimaiyyətinin rəğbətini qazanır. Yeri gəlmişkən onu da xatırladım ki, Hacı Məmmədov istedadlı gəncləri irəli çəkməyə xüsusi diqqət yetirərdi. Bu mənada Hacı Məmmədov, V.Məmmədəliyevin ifaçılığını bəyənərək görkəmli xanəndələri və gəncləri sazəndə ansamblı şəklində (üçlük) müşayiət etməsini ona etibar edirdi.
Vamiq Məmmədəliyev bir ifaçı kimi, klassik muğam ustadlarımızdan Mirzə Sadıq Əsəd oğlu, Mirzə Fərəc Rzayev, Mirzə Mənsur Mənsurov, Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mənsurov, Hacı Məmmədov, Əhsən Dadaşov, Əliağa Quliyev, Həbib Bayramov, Kamil Əhmədov, Sərvər İbrahimov, Firudin Yarməmmədov, Əlikram Hüseynov və digər sənətkarlarımızın yaradıcılığından bəhrələnmişdir. V.Məmmədəliyev indiyə qədər bir sıra muğamları solo şəklində lentə yazdırmış və həmin lent yazıları fonetekamızın qızıl fonduna daxil edilmişdir. Bunlar, «Rahab», «Xaric-segah», «Bayatı-şiraz», «Şur», «Hümayun», «Bayatı-Qacar», «Nəva» muğamlarıdır.
Yuxarıda sadalanan lent yazılarında Vamiq Məmmədəliyevin təfsir xüsusiyyətlərində biz klassik muğam ifaçılığına məxsus aydınlıq, mizrab üsulları (ştrixlər) musiqi cümlələrində ənənəvi improvizələr, Azərbaycan musiqisi üçün səciyyəvi olan məqam intonasiyaları — tar alətində muğam ifaçılığında işlənən yarım pərdələrdən (1/3; 1/4 tonlar) düzgün istifadə etmək məhz onun ifasında qabarıq şəkildə özünü büruzə verir. Beləliklə də, tarzən muğam ifaçılığında milli musiqimizin saflığına çalışaraq onu yad təsirlərdən qoruyur. Yəni biz V.Məmmədəliyevin interpretasiyasında əsli Azərbaycan regionuna məxsus muğam dinləyirik. Vamiq Məmmədəliyev ifa etdiyi hər muğamda zahiri effektdən uzaqdır. O, muğamın daxili aləminə dərindən nüfuz edir, onu müdrik-düşüncə tərzi və emosional cəhətlərlə ustalıqla uzlaşdıraraq dinləyicini muğamın sirli aləminə cəlb edir. Habelə tarzənin muğam ifaçılığında barmaq və mizrablar muğamın bədii emosionallığı, obrazla məzmunun dinamikcəsinə açılmasına yönəlmişdir.
Vamiq müəllimin ifaçılıq xüsusiyyətlərində ən ümdə cəhətlərdən biri də mizrabı işlətmə ustalığıdır. Tarzənin alətdə səsləndirdiyi mizrablar estetik baxımdan dinləyicidə zərif hisslər oyadır. O, istər güclü, istərsə də yumşaq çalğı nümayiş etdirərkən səsləndirdiyi mizrabların gözəllik, incəlik tərzini qoruyub saxlayır. Vamiq Məmmədəliyev müəyyən çərçivədə müasir tələblərə cavab verən texniki üsullardan hər bir muğamın özünəməxsusluğunu nəzərə alaraq ondan faydalanır. Onun muğam ifaçılığında dinamik inkişaf, məzmun, melizmlər, nüanslar və s. komponentlər klassik tar ifaçılıq ənənələri ilə sıx surətdə bağlıdır. Eyni zamanda o, tar ifaçılığı üsullarında alətdə vacib komponentlərdən biri olan «xun»dan effektli şəkildə istifadə etməklə klassik muğam ustalarımızın ənənələrinə bağlılığını nümayiş etdirir.
Vamiq Məmmədəliyevin yaradıcılığının bir qolu da müşayiətçilik fəaliyyətidir. O, indiyə qədər Azərbaycanın bir çox məşhur xanəndələrini müşayiət etmişdir. Bunlardan Əbülfət Əliyev, Yaqub Məmmədov. Hacıbaba Hüseynov, Ramiz Hacıyev, Vahid Abdullayev, Səxavət Məmmədov, Elçin Cəlilov, hazırda yaşayan xanəndələrdən Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov, Tələt Qasımov, Qəndab Quliyeva, Gülyaz və Gülyanaq Məmmədova bacıları və başqa xanəndələrin adını çəkə bilərik.
Vamiq Məmmədəliyevin çalğı xüsusiyyətlərindən biri müşayiət zamanı incə zövqlə, aydın, təmiz xallarla xanəndə ilə ansambl arasında keyfiyyətli ünsiyyət yaratmaq bacarığıdır. Qeyd etdiyimiz xüsusiyyətin nümunəsi olaraq onun 1989-cu ildə xalq artisti Canəli Əkbərovla birlikdə vala yazdırdığı «Orta Mahur», «Dügah», «Kürd-Şahnaz» muğam dəstgahlarında rast gələ bilərik. Həmin val yazılarında cəmləşən muğam dəstgahlarını dinləyərkən biz Vamiq Məmmədəliyevin bir ustad müşayiətçi kimi yüksək cəhətlərini müşahidə edirik.
Oktay
Xalq Cəbhəsi.-
2012.- 29 sentyabr.- S.13.