İrəvan qalasının işğalından 185 il ötür

 

1827-ci il oktyabrın 1-də İrəvan qalası rus artilleriyası və erməni xəyanəti qarşısında duruş gətirməyərək süqut etdi

 

İrəvan Azərbaycanın ən qədim və tarixi şəhərlərindən biridir. Ağrı vadisinin şimal kənarında, Araz çayının sol qolu olan Zəngi çayının sahilində, dəniz səviyyəsindən 850-1300 metr yüksəklikdə yerləşən şəhər tarix boyu Azərbaycan-Türk yurdu olub. Müxtəlif dövrlərdə Çuxur-Sakat//Çuxur Səd bəylərbəyliyinin, İrəvan xanlığının, İrəvan quberniyasının, nəhayət, «Ermənistan SSR»in mərkəzi olub. 1936-cı ilə qədər «Erivan» (müxtəlif mənbələrdə İrəvan, Erevan, Ervan, Rəvan və s.), həmin tarixdən isə «Yerevan» adlandırılıb.

İrəvan şəhərini XVI yüzildə Rəvan xanın tikdirdiyi Rəvan qalası ilə eyniləşdirənlər əslində böyük tarixi səhvə yol verir. Belə ki, burada ilk qala Urartu çarı I Arquztu (Asur mənbələrində — Argişti) tərəfindən miladdan əvvəl 782-ci ildə tikilmişİrpuni//Erbuni//Erbiuni (Erebuni) qalası adlanıb ki, bu da qədim türk-qarqar dilində «Ərlər boyunun ölkəsi» anlamını verir.

Doğrudur, 1504-cü ildə Səfəvi hökmdarı Şah İsmayıl sərkərdəsi Rəvanqulu xanı Çuxur Səd torpaqlarına hakim təyin edərkən ona Zəngi çayı sahilində, indiki İrəvan şəhərinin yerində qüdrətli bir qala tikmək göstərişi vermiş və Rəvanqulu xan da 7 ilin tamamında burada alınmaz bir qala ucaltmışdı. Ancaq bu, o demək deyil ki, Rəvanqulu xan bu qalanı boş bir sahədə, təsadüfi seçilmiş bir ərazidə tikmişdi. Əvvəla, hələ 1407-1408-ci ildə Əmir Teymurun sevimli adamlarından olan Xoca xan Lahicanibu yerdə böyük bir yaşayış məntəqəsi saldırmışdı. İkincisi, unutmaq lazım deyil ki, Çuxur Sakat vilayətinin Saatlı (Sakatlı) boyundan olan qaraqoyunlu Əmir Sədin oğlu Pir Hüseynin əmri ilə bu gün Cəfərabad türbəsi kimi tanıdığımız Pir Hüseyn türbəsi də 1413-cü ildə məhz bu yerin yaxınlığında ucaldılmışdı. Əmir Sədin məzarı üstündə tikilən bu türbədə sonra Pir Hüseynin özünün də dəfn olunması sübut edir ki, bu yer elə o vaxt da vilayətin mərkəzi olmuşdu. Beləliklə, Erbuni//Erebuni//Ereban şəhər adı ilə Rəvan//İrəvan qala adlarındakı oxşarlıq böyük bir tarixi yanlışlığa səbəb olmamalıdır.

İrəvan qalası onu görən xarici səyyahların hamısını heyrətə gətirmişdi. Eni 790 m, uzunluğu 850 m olan qalanın divarları daşdançiy kərpicdən hörülmüşdü. Onlar elə qalın idilər ki, hətta top mərmisinə davam gətirirdilər. Qalanın bayır divarının hündürlüyü 10 m-dən çox idibu divarda 17 bürc vardı. Qala ikiqat divarla dövrələnmişdi. Daxili divar birincidən də hündür idi və onların arasında təxminən 50-60 metr məsafə vardı. İçqaladan təxminən 1 km məsafədə Keçiqala adlı ikinci — köməkçi qala yerləşirdi. Ümumiyyətlə, İrəvan qalasının üst-üstə 50-60 bürcü, 3 möhkəm qapısı olub: cənubda Təbriz qapısı, şimalda Meydan qapısı və Körpü qapısı.

İrəvan qalasının möhtəşəm tikililəri sırasında 1510-cu ildə Şah İsmayılın əmri ilə tikilmiş Qala məscidi, elə həmin vaxt inşa edilmiş, sonralar dönə-dönə təkmilləşdirilmiş Sərdar sarayı mühüm yer tuturdu. Təəssüf ki, İrəvan qalası 1864-cü ildə, Qala məscidi və Sərdar sarayı isə 1918-ci ildə ermənilər tərəfindən tamamilə məhv edilmişdi. İrəvan xanlığı mövcud olduğu tarixi zaman kəsimində həmişə Osmanlı, İran və Kartli-Kaxetiyanın müharibə meydanı olduğundan İrəvan şəhəri də tez-tez hücumlara sinə gərməli olmuşdu. XVIII yüzilin sonu — XIX yüzilin əvvəllərindən etibarən isə İrəvan şəhəri xüsusilə rus qoşunlarının hücum hədəfinə çevrilmişdi.

1804-cü ildə general Sisianovun, 1808-ci ildə general Qudoviçin İrəvan qalasının divarları önündə burunları ovularaq geri oturduldular. Xüsusilə İrəvanı «Gəncənin halına salacağını» vəd edən Sisianov İrəvan məğlubiyyətini ölüncə unuda bilmədi. Əksinə İrəvan Sisianovdan Gəncənin qisasını artıqlaması ilə aldı.

Nəhayət, 1813-cü il «Gülüstan» müqaviləsi ilə Rusiya, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, bütün Cənubi Qafqazı işğal etdi. Qafqazın işğalını başa çatdırmaq üçün isə ona mütləq İrəvan qalasını tutmaq lazım idi. Buna isə yalnız 14 ildən sonra nail ola bildi. 1826-cı ildə general Yermolovun uğursuzluqlarını görən çar onu general Paskeviçlə əvəz etmək qərarına gəldi və bütün hərbi gücünü İrəvan üzərinə yönəltdi. İrəvan sərdarı Hüseyn xan Qacarın qardaşı, «Sarı Aslan» ləqəbi ilə tanınan Həsən xanın komandanlığı ilə İrəvan oğulları yadellilərə qarşı layiqli müqavimət göstərdilər. Nəhayət, 1827-ci il oktyabrın 1-də İrəvan qalası rus artilleriyası və erməni xəyanəti qarşısında duruş gətirməyərək süqut etdi. Qafqaz xalqlarının sonrakı bütün tarixi faciələrinin bünövrəsi də elə o vaxtdan başladı.

1828-ci ildə İranla Rusiya arasında bağlanmış «Türkmənçay» müqaviləsi nəinki İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalını rəsmiləşdirdi, həm də İrandan minlər və on minlərlə erməni əhalinin gətirilib Azərbaycan torpaqlarında məskunlaşdırılmasını təmin etdi.

Erevan//İrəvan qala-şəhərinin əhalisini həmişə əsasən Azrbaycan türkləri təşkil ediblər. Hələ XVIII yüzil Avropa səyyahlarının şahidliyinə görə, bu qalada yaşayanlar ancaq müsəlmanlar (türklər-red.) olublar. Statistik məlumatlara görə, 1827-ci ildə İrəvanda 2400 ailədə 12 min nəfər əhali yaşayıb. Ancaq qalanın ruslar tərəfindən işğalından sonra yerli bəy-xan ailələrinin, ruslara qarşı döyüşən dinc əhalinin böyük bir hissəsi İrana və Türkiyəyə köçməyə məcbur olmuş, onların evləri, mülkləri isə həmin ölkələrdən gələn ermənilər tərəfindən zəbt edilmişdi. Nəticədə 1828-ci ildə artıq İrəvanda azərbaycanlıların (türklərin) sayı 1807 ailədə 7331 nəfərə qədər azalmış, ermənilərin sayı isə 567 ailədə 2379 nəfərə qədər çoxalmışdı. Bununla belə, burada hələ də 4 xan, 41 bəy və sultan ailəsinə qarşı cəmi 8 erməni məlik və ağa ailəsi yaşayırdı. 50 nəfər axundmollaya qarşı cəmi 19 nəfər keşiş vardı. İrəvan şəhərinin tarix boyu Azərbaycan türk şəhəri olduğunu onun kimlər tərəfindən idarə edildiyini göstərən aşağıdakı siyahı da təsdiq edir:

1. Əmir Səd — XIV yüzilin axırı — 1410-cu ilə qədər

2. Pir Hüseyn (Əmir Sədin oğlu) — 1410-cu ildən

3. Pir Yaqub (Pir Hüseynin oğlu) — 1420-ci il

4. Əbdül (Pir Hüseynin oğlu) — 1430-cu illərdə

5. Yaqub bəyCahan şahın əmri ilə 1440-cı ildən

6. Həsən Əli Qaraqoyunlu — 1460-cı illərdən

7. Həsən bəy Bayandurun nəvəsi — 1475-ci ildən

8. Rəvanqulu xan — 1501-ci ildən

9. Div Sultan Rumlu — 1515-ci ildən

10. Bədir xan Ustaclı — 1538-ci ildən

11. Hüseyn xan Sultan — 1550-ci ilədək

12. Şahqulu Sultan Ustaclı — 1550-1575

13. Lələ paşa (Sultan Murad dövrü) — 1577

14. Məhəmməd xan Toxmaq Ustaclı (Xudavənd şah dövrü) — 1576-1583

15. Fərhad paşa (Sultan Murad dövrü) — 1583

16. Məhəmməd Şərif paşa — 1604-cü ilədək

17. Əmirquna xan qacar (Şah Abbas dövrü) — 1605-1625

18. Təhməzqulu (Əmirqunanın oğlu) — 1635

19. Murtuza paşa — 1635

20. Kəlbəli xan — 1636-1639

21. Məhəmməd xan «Çağata Götük» — 1639-1648

22. Xosrov xan — 1648-1652

23. Məhəmmədqulu xan (Lələ bəyin oğlu) — 1652-1656

24. Nəcəfqulu xan — 1656-1663

25. Abbasqulu xan (Əmirqunanın oğlu) — 1663-1666

26. Səfiqulu xan — 1666-1674

27. Sarıxan bəy (2 il əvəz edir) — 1674-1675

28. Səfiqulu xan (Təbrizli Rüstəm xanın oğlu) — 1675-1679

29. Zal xan — 1679-1688

30. Murtuzaqulu (Naxçıvanlı Məmmədrza xanın oğlu) — 1688-1691

31. Məmmədqulu xan — 1691-1694

32. Zöhrab xan — 1691

33. Fərzəli xan (Əmirquna xanın nəvəsi, Sultan Əhməd dövrü) — 1694-1700

34. Zöhrab xan — 1700-1705

35. Əbdül Məhəmməd xan — 1705-1709

36. Mehrəli xan — 1709-1719

37. Allahqulu xan — 1719-1725

38. Rəcəb paşa — 1725-1728

39. İbrahim Mustafa paşalar — 1728-1734

40. Əli paşa — 1734

41. Hacı Hüseyn paşa (Əli paşanın müavini) -1734

42. Məmmədqulu xan — 1735-1736

43. Pirməhəmməd xan — 1736-cı ildən

44. Xəlil xan — 1752-1755

45. Həsənəli xan Qacar — 1755-1762

46. Hüseynəli xan (Həsən xanın qardaşı) — 1762-1783

47. Qulaməli xan (Hüseynəli xanın oğlu) — 1783-1784

48. Məhəmməd xan (Qulaməli xanın qardaşı) — 1784-1805

49. Mehdiqulu xan — 1805-1806

50. Məhəmməd xan Marağalı — 1806-1807

51. Hüseyn xan Qacar qardaşı Həsən xanla — 1807-1827

İrəvan qala-şəhərinin Azərbaycan türk-müsəlman şəhəri olduğunu sübut etmək üçün təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, 1832-ci ildə İ.Şopen burada 12 məscid qeydə alıb: 1) Qala məscidi, 2) Şah Abbas məscidi 3) Zal xan məscidi 4) Novruzəli bəy məscidi 5) Sərtib xan məscidi 6) Hüseynəli xan məscidi 7) Hacı İmamverdi məscidi, 8) Hacı Cəfər məscidi şəhər ruslar tərəfindən top atəşinə tutularkən darmadağın olmuş daha 4 məscidin xarabalıqları.

İrəvan şəhərinin zaman-zaman erməniləşdirilməsi çox keçmədən öz acı nəticələrini verdi. İrəvan azərbaycanlılarının ermənilər tərəfindən ilk soyqırımı 1905-ci ildə baş verdi. 1918-ci ildə bu soyqırımı dəhşətli şəkildə təkrar olundu. Daha sonra 1948-1953-cü illər deportasiyası 1988-ci il soyqırımıİndi İrəvanda bir nəfər Azərbaycan türkü yaşamır. Bununla ürəyi soyumayan ermənilər İrəvan azərbaycanlılarına (türklərinə) məxsus Toxmaq şəhər qəbiristanlığını da yerlə-yeksan etdilər.

 

 

Əziz Ələkbərli,

araşdırmaçı

 

Xalq Cəbhəsi.- 2012.- 29 sentyabr.- S.14.