Bir sehrli aləmin yolçusuyam dünyada…

 

Seyfəddin Mənsimoğlunun «Metaforası»

 

Bu yaxınlarda ağac üzərində xəttoyma ustası Seyffədin Mənsimoğlunun həyatından, yaradıcılığından bəhs edən «Metafora» kitabı işıq üzü görüb. Kitabın bir başqa adı «Çoban bulağından başlanan yol» adlanır. Dostları, tanınmış sənət adamları bu qeyri-adi peşə ustasının sənətinin incəliklərindən, onun bir insan kimi şəxsi keyfiyyətlərindən söz açırlar. Kitabda Seyfəddin Mənsimoğluya həsr olunmuş şeirlər, onunla söhbətlər, özünün məqalə və yazıları yer alıb.

S.Mənsimoğlu 1936-cı ildə Cəbrayılın Böyük Mərcanlı kəndində anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, İncəsənət İnstitutunu bitirib. 1964-cü ildən AMEA-nın Əlyazmalar İnstitutunda çalışır. Ağac üzərində xəttoyma sənəti ilə məşğul olur. Əsərləri dünyanın müxtəlif ölkələrinin muzeylərində saxlanılır. Onun imzası artıq Azərbaycanın hüdudlarından kənarda da tanınır. Hətta Şərq ölkələrindən gəlmiş tanınmış mütəxəssislər də etiraf ediblər ki, Seyfəddin Mənsimoğlu ağac üzərində xəttoyma üzrə yeganə sənətkardır. Onun yaradıcılığında Şərq ruhunun qədim ənənələri duyulmaqdadır. Seyfəddin Mənsimoğlunun üslubu bundan sonra populyarlaşma mərhələsini yaşayacaq. Bu gün keçmişə, qədimliyə, sabaha münasibət məsələsilə bağlı xalqlar daha da ciddi şəkildə düşünməkdədirlər. Onun yaradıcılığı artıq məktəbə çevrilib. Seyfəddin Mənsimoğlu haqqında sənədli film çəkilib, dəfələrlə Azərbaycan televiziyasında nümayiş etdirilib. O, həm də istedadlı fotoqrafdır, uzun illərdir Əlyazmalar İnstitutunda fotoqraf kimi çalışır.

Onun əsərlərinə və xarakterinizə bələdlikdən belə təsəvvür yaranır ki, ağac üzərində xəttoyma sənətilə məşğul olması heç də təsadüfi deyil. S.Mənsimoğlu deyir ki, bu gün ağac üzərində xəttoyma ustası kimi tanınmağında doğulduğu mühitin xüsusi təsiri olub: «Ağlım kəsəndən bu qənaətdə olmuşam ki, canında, qanında yaradıcılıq ab-havası olan insan üçün zamanın, mühitin rolu danılmazdır. Yadımdadır, uşaq vaxtı hər il Ermənistan tərəfdə yerləşən yaylağa gedərdik. Gorus tərəfdə təpənin sinəsində iri bir daş parçasının təbii formasını təbiətin möcüzəsi kimi anlayırdım. Bu məqam indi də yadımdan qətiyyən çıxmır. Həmin hadisədən 20-25 il sonra ora yolum düşdü. Mənə elə gəldi ki, daş xatirimdə olan formadan kiçilib. Ancaq bununla belə həmin daş əvvəlki kimi yenə də ruhumdadır. Ardıcıl olaraq dünya mədəniyyəti, incəsənətinin soraqlarını öyrənmişəm, Şərqdə bu sənətin izlərini axtarmışam. Bunu mən demirəm; Türkiyədən, İrandan, ərəb ölkələrindən gəlmiş çoxlu mütəxəssislər işlərimə baxıblar, heyranlıqlarını gizlətməyiblər. Onlar etiraf ediblər ki, bu vaxtacan ağac üzərində bu həcmdə, dərinlikdə, geniş əhatəli, özünəməxsus işlər olmayıb. Mütəxəssislər xüsusən əsərlərimin dəqiqliklə ekiz olduğunu da qeyd ediblər. Hətta bir dəfə Türkiyədən müfti gəlmişdi, institutda nümayiş etdirilən işlərimə baxandan sonra mənimlə çox böyük heyranlıqla görüşdü, dedi ki, «əsil sənətkar əlini sıxdığıma görə özümü xoşbəxt hesab edirəm». Fikirləşdim ki, yəqin Türkiyədə belə bir sənət yoxdur ki, bu, belə danışır.

Fotoqraflıq işi ilə məşğulluğum qədim əlyazmaları, Şərq ruhunu öyrənməyimə çox kömək etdi. Ərəb əlifbası yaradıcı adam üçün geniş imkanlara malikdir. Fikirləşdim ki, bu əlifba ilə nəsə orijinal bir iş görmək olar. Bir kitab diqqətimi cəlb etdi. Orada yazılmışdı: «Ərəb əlifbası türk sənətkarlarının əlində». Bu söz mənim sonralar görəcəyim işlər üçün bir açara çevrildi. İlk işim uğurlu oldu, baxanlar tərəfindən yüksək qiymətləndirildi. İnstitutun direktoru mərhum Cahangir müəllim o zaman məmnunluqla işlərimə baxdı, dedi ki, «Seyfəddin, yaxşı olardı Azərbaycan klassiklərinin adlarını yazaydın».

Bu yöndə onun xeyli işləri var. Yaradıcılığı geniş əhatəliliyi ilə diqqəti cəlb edir. Yaradıcılığında Türk Dünyasının tanınmış simalarının adları, yaradıcılığı ilə bağlı məqamlar ifadəsini tapıb: «Məsələn, belə şəxsiyyətlərdən biri XVI əsrdə cığatay dilində yazan ilk qüdrətli türk şairi Əlişir Nəvainin adını yazdım, sözə aid fikrini də ağac üzərində işlədim. Nəvai deyir ki, könül bir dəryadır, onun incisi sözdür. Onu da deyim ki, əsərlərimi əski əlifbada, ancaq Azərbaycan türkcəsində yazıram.

Daha sonrakı əsərlərimin içində «Babur şah» xüsusi yer tutur. Babur şah Hindistanda hind-türk imperiyasını yaradan böyük bir şəxsiyyət olub. Onun ruhumu oynadan fikirləri belə bir əsəri yaratmağıma səbəb oldu. Babur şah haqqında bir fikrə rast gəldim. Orada deyilirdi ki, o, əsgərlərinin və özünün türk olmasıyla fəxr edirdi. Babur şah Miyanə əmirliyinə məktub yazaraq xatırladır ki, siz yaxşı olar, türklərlə qovğaya girməyəsiniz, çünki türklərin necə bir döyüşkən xalq olması hər kəsə məlumdur. Əgər deyilənlərə qulaq asmasanız, başqalarının başına gələn sizin də başınıza gələ bilər».

Onun əsil ixtisası rəssamlıqdır: «O dövrdən az da olsa işlərim qalıb, məni qane eləmir. Sonradan oğlum istedadlı bir rəssam oldu, demək olar, onun üçün bünövrə oldum. Hər halda rəssamlığın rəngkarlıq sahəsilə məşğul olmaq mənim üçün geniş üfüqlər vermədi. Sonra fikirləşdim ki, indiki bu işləri görməyim üçün məhz rəssamlıq təhsili almağım lazım imiş. Əsil yaradıcı adam gərək həyatı ciddi şəkildə öyrənsin, təhlil eləsin. Bu sənətə meylimə görə indiyə qədər məni narahat edən hisslərimə borcluyam. Yəni həmişəlik foto ilə məşğul olardım. Arada kəndə də getdim, 3 il orada müəllim işlədim. Gördüm ki, ağac üzərində xəttoyma sənəti ilə məşğul olmamaq mümkün deyil. Bir daha anladım ki, hər kəsə bu dünyada bir ömür payı verilir. Gərək insan bu ömrü aqibətinin tələbinə uyğun yaşasın. Hər halda arzularımı bu mənada reallaşdırdım. Düzdür, insanın arzuları çox olur, ancaq əsaslarından heç olmasa müəyyən qisminin həyata keçməsi, reallaşması hər kəsə nəsib olmur. Hər gördüyüm işimi sonuncu işim hesab edirəm. Çalışıram ki, dünənki işdən bugünkü işimi daha səliqəli görüm. Hiss edirəm ki, bu gün əvvəlki dövrlərdən fərqli olaraq daha da təkmilləşmişəm. Bu, o deməkdir ki, insan püxtələşdikcə işi daha da kamilləşir.

Hər halda arzularımı reallaşdırmaq üçün daim inadlı olmuşam, anlamışam ki, bir an da olsa, rahat durmaq olmaz».

Onun fotolarında da özünüzəməxsus dəsti-xətti aydınca sezilir. Deyir, fotoqraflıqla məşğul olmaq da haradasa aqibət işidir: «50-ci illərin axırlarında bir fotoqrafın gördüyü işlərə baxmaqla bu sənətin sirlərini öyrənmişəm. Mərhum Məmmədağa müəllim məsləhət gördü ki, nə öyrənsən, özün öyrənəcəksən. Mən də gecə-gündüz çalışdım, sənətin sirlərini mənimsədim. Əlyazmalar İnstitutunda fotoqraf işləmək də asan məsələ deyil. Fotoqraflıqla məşğul olmaq mənə ağac üzərində xəttoyma işində çox kömək edib. Füzulinin əsərlərini oxuduqca onunla bağlı əsərimin artıq təkmil variantının yaranmasına səbəb oldu. Hər dəfə Füzulinin heykəlinin yanından keçəndə deyirəm ki, səni yaradanın başına dönüm, sənə çatası şair yoxdur. Füzulini dəfələrlə ayrı-ayrı kompozisiyada işləmişəm. Fotoqrafçılıq da sırf yaradıcı bir işdir. Ona barmaqarası baxmağın əleyhinəyəm. Görürsən, istedadlı bir fotoqraf bir şairin elə bir şəklini çəkib onu kəşf edir ki, əslində bu, onun yaradıcılığına, gözəl bir beytinə bərabər olan iş kimi xarakterizə edilir. Ola bilər, kimsə onun texniki yollarını bilsin, ancaq insanın bu sənətlə məşğul olması istisnasız olaraq fitrət halı ilə bağlıdır. Aşıq Ədalətin də şəklini çəkmişəm, mənə çoxları dedi ki, bunu niyə belə çəkmisən, heç sifəti görünmür. Dedim ki, mən onun musiqiyə qaynayıb-qarışan vədəsini çəkmişəm».

Kitabda S.Mənsimoğlunun «Məhəmməd Füzuli», «Qardaşım! Vətən, ailə, qonşu yoxdursa, biz kimik?» , «Hüseyn Cavid», «Şah İsmayıl Xətayi», «Əlişir Nəvai», «Mövlanə Cəlaləddin Rumi», «Üzeyir bəy Hacıbəyli», «Məhsəti Gəncəvi», «Məhəmməd Füzuli türbəsi», «Babur şah», «Soltan Məhəmməd», «Elm nurdur, cəhalət isə qaranlıq», «Leyli və Məcnun», «Nizami Gəncəvi» və başqa əsərləri təqdim olunub. Seyfəddin Mənsimoğlunu təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 10 yanvar.- S.14.