Neftin kralı –
Ağa Musa Nağıyev
«Atam, atam, mənim də pulumu verin»
1919-cu ildə Musa Nağıyevin varisləri onun əmlakını
bölüşdürmək üçün məhkəməyə
ərizə verirlər. Digər tərəfdən Ruhani cəmiyyəti
də tələb edir ki, Musa Nağıyev şiə məzhəbinə
mənsub olduğu üçün sərvətinin onda bir
hissəsi məscidə verilməlidir və məhkəməyə
rəsmi iddia da təqdim etmişdi. Varislər
ruhani cəmiyyətini bu bölgüdən kənarlaşdırmaq
üçün sübut etdilər ki, vaxtilə Ağa Musa məhkəmədə
şahid sifətilə çıxış edəndə
Qurana and içməkdən boyun qaçırıb, Bəhayi
kitabına əl basıb and içib. Məhz bu fakt da
Ağa Musanın adının sonradan xalq arasında nisbətən
hörmətsizliklə çəkilməsinə səbəb
oldu…
Bir dəfə Ağa Musaya deyirlər ki, Zəngəzurda
mis mədəni satırlar, onu alsan qazanarsan. Soruşur ki, «Mis nədir, o da neft
kimi fontan vurur?» Təəccüblə
cavab verirlər ki, «Mis də fontan vurar? Əlbəttə
ki, yox!» cavabında Ağa Musa deyir: «Elə
isə o mədən mənə lazım deyil. Mənimki
fontandır. Atam, atam, qaranlıq yerin altında iynə
ilə gor qaza-qaza mis axtarmaq karıma gəlməz.»
Qoçular iki dəfə Ağa Musanı
oğurlayıb öldürməklə hədələmişdilərsə
də xeyri olmayıb və ondan heç nə qopara bilməmişdilər. Bir dəfə
faytona basaraq gözlərini bağlayıb, aradan
çıxarırlar, gizli mənzilə gətirib on min manat
tələb edirlər. Ağa Musa özünü itirməyib
deyir: «Min manat verə bilərəm, artıq yox.»
Qaçıranlar onu ölümlə hədələyəndə
halını pozmadan deyir: «Atam, atam, öldürün.
Öldürsəniz o min manat da əlinizdən
çıxacaq, onu da ala bilməyəcəksiniz.» Üç gün girov saxlayıb,
yedirdib-içirdib, kart oynamışdılarsa da, min manatdan
artıq boynuna qoya bilmirlər.
Ağa Musanın Bibiheybətdəki mədənlərindən
biri güclü fontan vurur. Ağa Musa əl-ayağa
düşüb, fəhlələrə yalvarıb deyirmiş
ki: «Başınıza dönüm, qoymayın, neft hədər
yerə axıb getsin, zay olsun. Sizə xələt
verəcəyəm. Yanğın baş
versə hamımız dilənçi olarıq. Qonşular nasos qurub neftimizi anbarlarına vurarlar.
Axı bu sizin cibinizdən gedir.» Fəhlələr birtəhər fontanı
bağlayırlar. İki gündən sonra Musadan vəd
etdiyi xələti istəyəndə o, boyun qaçırıb
deyir: «Atam, atam, hardan?! Hardan verim xələti?!
Bir az neft çıxdı, onu da gözünüzün
qabağında qonşular talan etdilər…» Sabahısı
gün Musanın oğlu Ağa İsmayıl mədənə
gəlir. Fəhlələr şikayət
edirlər ki, atan verdiyi vədə əməl etmədi.
Ağa İsmayıl iki araba kəllə qənd gətizdirir
və hər fəhləyə bir kəllə qənd və beş manat pul paylatdırır. Bunu eşidən
Ağa Musa cəld mədənə qaçır və
özünü çatdırıb deyir: «Atam, atam, mənim də
payımı verin. Fontanı bağlayanda məndən
çox can yandıran olmayıb. Az
qalmışdı canım ağzımdan çıxsın.
Gedib o dünyanı görüb qayıtmışdım.»
Bir dəfə Ağa Musa mədənə gəlir,
görür ki, kontorun yanında divar hörən bənna və
fəhlələr nahar fasiləsinə çıxıb,
işə yaramayan taxtalardan ocaq qalayıb qızınır,
çörək yeyib, söhbət edirlər. İş
icraçısı papiros bükür, kibriti
alışdırıb yandırır. Ağa Musa deyir:
«Bala, sən sabahdan işə çıxma, get kontora
haqq-hesabını al». İş icraçısı
çaşır: «Niyə görə, Ağa Musa?» Ağa Musa əsəbiləşərək
deyir: «Qabağında o boyda ocaq ola-ola papirosu kibritlə
yandırırsan. Əgər sən öz malının qədrini
bilmirsənsə, mənim malımın qədrini necə bilərsən?»
Rus-Yapon mühabirəsi vaxtı Bakı şəhər
prokuroru Voronov cəbhəyə maddi yardım
üçün varlılardan pul vəsaiti yığmaq
üçün komissiya təşkil edir. Komissiya, ilk
növbədə, milyonçu Hacı Zeynalabdinə müraciət
edir. O, 50000 (əlli min) rubl yardım edir. Sonra
o biri milyonçu – Ağamusa Nağıyevin yanına gedirlər.
Ağamusa cəmi 50 (əlli) rubl yardım edir.
Voronov siyahını göstərərək deyir: «Hacı
Zeynalabdin 50000 rubl yardım etdi, sizsə 50 rubl». Ağamusa cavab verir ki, Hacı dövlətlidir, o isə
ondan kasıbdır. Başqa əlacı
olmayan komissiya başa düşür ki, Ağamusanı
heç cürə yola gətirmək mümkün olmayacaq.
Komissiya kontordan çıxır. Voronov divardakı lövhədən onun oğlu
Ağaismayılın kontorunun yerini müəyyənləşdirir
və ora yollanırlar. Ağaismayıl
siyahıda Hacı Zeynalabdinin və atasının verdikləri
miqdarı gördükdən sonra, öz təşəbbüsüylə
50000 (əlli min) rubl verir. Ağaismayılın
kontorundan çıxdıqdan sonra Voronov Ağamusanın
yanına gəlir və deyir: «Siz cəmi 50 rubla qol çəkdiniz,
oğlunuz isə 50000 (əlli min) rubla». Ağamusa cavab verir:
«Valideynlərim məni saman yüklənmiş ulaqnan şəhərə
göndərirdilər və əgər mən
satdığım samanın pulundan 5 qəpik xərcləsəydim,
onlar məni cəzalandırardılar. Ağaismayıl
isə başqa şəraitdə böyüyüb, buna
görə də 50000 onun üçün pul deyil».
..Avqust ayının axırlarında, günəşli
bir gündə, günorta saat birdə Bakının
Telefonnı küçəsi ilə irəliləyən
faytonda milyonçu Ağamusa Nağıyev dostu Məşədi
Baba Səmədovla gedirdi. Üç nəfər
gürcü faytonu saxlayır. Onlar Səmədova
faytondan düşməyi təklif edirlər. Səmədov xahiş edir ki, Ağamusa
düşsün, onu isə hara istəyirlər, aparsınlar.
Həm də, onlara bildirir ki, Ağamusa məni
darda qoymaz, nə qədər lazımdı, pul verib alar.
Gürcülər bu təkliflə
razılaşmırlar, nəticədə Səmədov
faytondan düşməyə məcbur olur. Gürcülər faytonda Ağamusanın yanında
oturaraq, faytonçuya vağzal istiqamətində yoluna davam
etməyi əmr edirlər. Dəmiryol
vağzalına çatmamış, böyük bir binanın
zirzəmisi önündə, gürcülər faytonu
saxlamağı əmr edirlər. Onlar
faytondan düşüb Ağamusadan onların ardınca zirzəmiyə
gəlməsini xahiş edirlər. Ağamusa
itaət göstərir.
Zirzəmidə Ağamusa cəh-cəlalla üzləşir. Zirzəminin
döşəməsi parket idi, otaqda pianino, yumşaq mebel,
çilçıraq vardı. Bir sözlə,
çox təmiz və rahat idi. Bütün
bunlara əlavə olaraq, Ağamusanı gözəl
xanımlar əhatə edirdi. Çünki Ağamusa,
yaşına baxmayaraq, gözəl xanımların məclisini
sevirdi. Stalin tez-tez Ağamusaya yaxınlaşaraq soruşurdu:
«Darıxmırsınız ki, Ağamusa?».
Burada olduğu ikinci ya üçüncü
gün, Stalin onunla ciddi söhbətə başlayır.
Stalin Ağamusadan soruşur:
-
Ağamusa, zəhmət olmasa, deyin, II Nikolay və onun
hökuməti müsəlmanları
sıxışdırırdımı?
Ağamusa cavab verir ki, hə. Onda Stalin deyir:
- Biz
onlarla mübarizə aparırıq və mübarizəni
davam etdirmək üçün bizə pul lazımdır. Və siz, Ağamusa, bizə maddi yardım edin ki, biz
mübarizəni son qələbəyə qədər davam edə
bilək.
Amma heç Ağamusa dərhal pul verməyə razı
olardımı? Onunla yaxşı rəftar edirdilər,
xanımlar onu əyləndirirdilər. Yeməyi
də yaxşı və vaxtında verirdilər. Nəhayət, Ağamusanı yola gətirirlər və
o, iki yüz əlli min rubl verməyə razı olur. Amma bir şərtlə ki, indi və Bakıda yox.
«Əgər belə böyük məbləği
sizə burda versəm, həm mənim üçün, həm
də sizin üçün yaxşı olmaz. Həm də ki, burda bankdan sizə pul verməzlər»,
– deyir. Qərara alırlar ki, Ağamusa 20
gündən sonra Moskvaya, Şəmsi Əsədullayevin mənzilinə
getsin və müəyyən edilmiş gündə, düz
günorta saat 12-də ora gələrək, çeki
alsınlar. Təyin olunmuş gündə
və saatda qapı döyülür və Şəmsi Əsədullayev
özü qapını açmağa gedir.
Qapıdakı gürcüləri görəndə, Şəmsi
heyrətlənir: «Mən özüm qoçuyam», – deyib qəzəblənir.
Bu zaman Ağamusa arxadan onu saxlayır və
danışdıqları miqdarda pul çekini gələnlərə
verir.
Milyonçu, xeyriyyəçi, I dərəcəli
(gildiya) tacir, neft maqnatı Ağa Musa Nağıyev 1849-cu ildə
Bakının Biləcəri kəndində samançı ailəsində
dünyaya göz açıb. Kasıb ailədə
boya-başa çatmış Ağa Musanın çəkdiyi
əzab və əziyyətlər Allah Taala tərəfindən
qiymətləndiriləndə, onun heç ağlına da gəlməzdi
ki, bir vaxt belə məşhurlaşacaq.
Bakının
salnaməsinə 98 bina bəxş edən, 35 yoxsul ailənin
başçısının vəsiyyətinə əməl
edib, onların dəfnini Kərbəlada keçirən,
maariflənməyə xüsusi diqqət yetirən, səhiyyəyə
nəzər yetirən belə bir insanın qənaətçilliyini
düzgün qiymətləndirməyiənlər də
tapılmışdı. Ağa Musa
Nağıyev Bakının ilk mülk sahiblərindın olub,
onun başqa milyonçulardan fərqi – köhnə
Bakının memarlıq simasına ən çox töhfə
verməkdir. O, pulunun qədrini bilməklə
yanaşı, ondan necə istifadə etməyi ustalıqla
bacarıb. Amma o, mesenatlığı və
xeyirxahlığına görə ölməzliyə vəsiqə
aldı.
Əbəs
yerə deyil ki, Çar II Nikolay məhz Ağa Musa
Nağıyevi «Neftin Kralı» adlandırmış, «Orden
tretey stepeni Sv.Stanislava» ilə mükafatlandırıb və
bu gün onun kreslosu Sankt Peterburqda «Ermitaj» muzeyində
saxlanılır.
Musa Nağıyev vəfat etdikdən sonra pulundan istifadə
etmək mümkün olmayıb. Bütün Sovet
İttifaqının hakimiyyəti ərzində onun qəbri
üzərində ərəb əlifbası ilə adı
yazılan kiçik bir daş parçasından ibarət
olub. Bundan başqa, Musa Nağıyevin cəsədi
üç dəfə müxtəlif yerlərdə yenidən
basdırılıb. Üç dəfə
bu kiçik dördbucaqlı qəbir daşı onun yeni qəbrinin
üzərinə qoyulub. Qəbir yerlərinin
dəyişdirilməsinin də müxtəlif səbəbləri
olub. Belə ki, xeyriyyəçiliklərlə
məşğul olan Ağamusanın Çəmbərəkənd
qəbiristanlığındakı (1919-cu ildən 1931-ci ilədək)
qəbri Kirov parkının salınması ilə əlaqədar
Biləcəridəki «Proparka» qəbiristanlığına
köçürülür.
Onun Biləcəri Dağüstü qəbiristanlığındakı
3-cü qəbrinin də aqibəti bu cür olur. Beləcə,
Ağamusanın nəşi 80 il Kərbəla
yolu gözləməli olur. Milyonçunun nəşi
yalnız 1998-ci ilin 23 iyulunda Dilarə xanımın və
xeyriyyəçi Axund Hacı Əvəzin təşəbbüsü
ilə yenə Biləcəri qəbiristanlığında əbədi
məzara qovuşur. Qəbrin üstü
oğlunun xatirəsinə tikdirdiyi İsmailiyyə
binasının estetikası ilə tərtib edilib. Beləcə, nəvə bir qədər rahatlıq
tapır. Ağa Musa Nağıyev 11 Bakı
milyonçuları arasında ən varlı olduğuna
görə (690 mln. vəsaiti olub ) fərqlənib,
I-ci yeri tutub. 4 hamam sahibi olub – onları
qardaşı Ağa Əli işlədib. 35 yoxsul ailənin ailə
başçılarının vəsiyyətinə əməl
edib, onların dəfnini öz vəsaiti hesabına Kərbəlada
keçirib.Fəhlələrinə öz hesabına toy edən,
fərqlənən işçilərinin təhsil
haqqını ödəyən, onların savadlanmasına sevinən
olub. 28 may küçəsinin sağ və sol tərəfindəki
bütün binalar ona məxsus olub. 1895-1897-ci
illərdə həmin küçədə Lüteran
kirxasını tikdirib. Yəhudilər
üçün Sinaqoq tikdirib (indiki Nizami küçəsində).
İndiki Mirzə ağa Əliyev küçəsində
məscid tikdirib.
Ağa
Musa Nağıyev «Cəmiyyəti xeyriyyə»
üçün şəhərin mərkəzində əzəmətli
«İsmailiyyə» binasını ucaltmağına, bu mülkdən
bir qədər yuxarıda Realnı məktəbinin
inşasını öhdəsinə alıb
yarımçıq qalmış üçüncü mərtəbəsinin
xərcini ödəməyinə, şəhər kənarında
(indiki Semaşko) xəstəxananı tikdirdiyinə və
Bakı su kəməri üçün xeyli pul verməyinə
baxmayaraq camaat tərəfindən xəsis sözü ilə
damğalanmışdı.
28 may
küçəsindəki qoşa imarətlər, yenə həmin
küçədə qırmızı kərpicdən
tikilmiş əzəmətli bina, Nizami küçəsində
Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan
prospektində köhnə mərkəzi poçt binası,
Nigar Rəfibəyli küçəsindəki əzəmətli
yaşayış binası, Səməd Vurğun küçəsində
Qış klubu (indiki Zabitlər evi), «Astoriya» və «Yeni
Avropa» mehmanxanaları və s. bu kimi şəhərin gözə
gəlimli binaları Musa Nağıyevin pulu ilə
tikilmişdir.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 11 yanvar.-
S.15.