Ürəyin hökmü ilə yaranan əsərlər
Toğrul Nərimanbəyov rənglərin
dili ilə inandırır ki, dünyanın ən gözəl
yeri onun Vətənidir
Onun üçün ən sakit yer
və rahat istirahət guşəsi özünün
yaradıcılıq emalatxanasıdır
Toğrul
Nərimanbəyov 1930-cu ildə Bakıda doğulub. Bakı Rəssamlıq
Məktəbini və Litva Dövlət İncəsənət
İnstitutunu bitirdikdən sonra uşaqlıq və gənclik
illəri Azərbaycanda, Özbəkistanda və Litvada
keçib. Azərbaycan və Özbəkistanda Şərq
miniatür sənətinin cazibədar epik-major ahəngi onun
uşaqlıq yaddaşında dərin izlər buraxıb.
Litvada təhsil alarkən Qərbə məxsus barokko
üslubunun təmtəraq və qotika arxitekturasının sərtliyi
ilə qarşılaşıb. Vilnüsdə Rəssamlıq
İnstitutunda oxuyarkən Delakrua sənətinə xas olan
romantik gözəllik, Cotto əsərlərindən
süzülüb gələn səmimiyyət, Rembrantda tragik
vüsət, Sezanda rəssam fikrinin ifadə dəqiqliyi onu
valeh edib. Toğrul Nərimanbəyov Van Qoqu həmişə
özünə ruhən yaxın sənətkar hesab edib. Təbii
ki, klassik rəssamların yaradıcılığı ilə
yaxından tanışlıq onun dünya miqyaslı bir rəssam
kimi yetişib formalaşmasında rol oynayıb.
Toğrul
Nərimanbəyov ötən əsrin 50-ci illərində
diplom işi olan «Baltik balıqçıları» adlı əsəri
ilə rəssamlıq aləminə qədəm qoyub. O vaxt
özünün ən yaxşı inkişaf
dövrünü keçirən incəsənət aləmi
gənc rəssamın fərqli yaradıcılıq
üslubunu maneəsiz qəbul etməyib. Toğrul Nərimanbəyovun
yaradıcılığında Şərqlə Qərb sənətinin
sintezi xüsusi üstünlük təşkil edirdi. Onun əsərlərində
Şərq miniatür sənətinə məxsus gözəl
dekorativlik, Qərb incəsənətinə xas intellektuallıqla
harmonik vəhdət təşkil edib, bu əsərlərin hərəkətverici
qüvvəsinə çevrilirdi. Onun əsərlərinə
dodaq büzərək «milli zəmindən
uzaqlaşmış», «cızığından
çıxmış rəssam» adlandırdılar. Amma bu
qınaqlar rəssamı yolundan döndərmədi. Toğrul
Nərimanbəyov bu iradların heç birinə məhəl
qoymayaraq ürəyinin hökmü ilə işlədi.
Həmçinin
rəssamın özünə də baxışlar birmənalı
deyildi. Onu «xalqın içindən çıxmayan», «onun dərd-sərindən,
adət-ənənələrindən xəbəri olmayan» rəssam
adlandırırdılar. Amma onun əsərləri bu qınaqların
əksini deyirdi. Bu əsərlərdə T.Nərimanbəyovun
uşaqlıqdan xalqın içində olan, onun dərd-sərini,
adət-ənənələrini içəridən görən
və onları milliliklə bəşəriliyin sintezində
verməyi bacaran bir sənətkar olması üzə
çıxır. Bu keyfiyyətlərə, demək olar ki,
onun bütün əsərlərində rast gəlmək
mümkündür. «Buzovnada bayram», «Muğam», «Musiqiçilər»,
«Şəkidə bazar», «Yaylaqda», «Əlincə qalası», «Qədim
Naxçıvanın panoramı» əsərləri buna
gözəl misaldır. Rəssam istər mənzərə,
istər tarixi-etnoqrafik, istərsə də məişət
mövzulu əsərlərində ən çox xalq həyatını,
məişətini, tarixini və etnoqrafiyasını
araşdırıb vəsf edir. Həmin əsərlərdən
rəssamın bu torpağa, bu xalqa sevgisinin nə qədər
hüdudsuz olduğunu hiss etmək mümkündür. Onun
üçün Azərbaycan təkcə Bakıdan deyil, həm
də uzaq bölgələrdən, gözəl meşələr,
çaylar, çəmənliklər, uca dağlardan ibarətdir.
Bu gözəlliklərə içəridən baxan rəssam
əsərlərində rənglərin ecazkar dili ilə bu
yerləri görməyənləri inandırmağa
çalışır ki, dünyanın ən gözəl
yeri onun Vətənidir! Toğrul Nərimanbəyovun əsərlərinin
hamısı Azərbaycan xalqının milli xüsusiyyətlərini,
adət-ənənələrini, məişət tərzini,
psixologiyasını özündə qabarıq əks etdirmək
baxımından qiymətlidir.
Şuşa nisgili
Dünya
şöhrətli rəssamın babası və atası
şuşalı olublar. Atası Fərman işlə
bağlı olaraq sonradan Almaniyaya göndərilib. Daha sonra
Fransanın Tuluza şəhərində təhsil alıb.
Sonra isə Azərbaycana qayıdıb mühəndis kimi
çalışıb və Mingəçevir su-elektrik
stansiyasının əsasını qoyanlardan olub. 1937-ci ildə
isə atası repressiya qurbanı olub.
Bu
gün görkəmli rəssamın içində
Şuşa həsrəti var. Düşmən əlində
inləyən torpaqlarımıza bir neçə əsər
də həsr edib. Söz düşəndə «Şuşa
bir möcüzədir, bizim möcüzəmiz.
Şuşanı unutmaq, oranın gözəl təbiəti
üçün darıxmamaq mümkün deyil. O zamanlar vaxt
tapan kimi ilk növbədə Şuşaya gedib,
Şuşanın gözəlliyindən ilham alırdım. Əminəm
ki, gec-tez ədalət bərpa olunacaq, torpaqlarımızı
geri qaytaracağıq. Dünya birliyi Qarabağın kimə məxsus
olduğunu yaxşı bilir, torpaqlar öz yiyəsinə
qaytarılmalıdır»- deyir. Uşaqlıq illərində
Şuşanın hər qarışını
addım-addım gəzən rəssam bu gün Şuşaya
qonaq kimi getmək fikrində də deyil: «Şuşaya qonaq
kimi getmərəm, oranın sahibi kimi gedəcəyəm. Bu
cür səfərlərdən belə çıxır ki,
onlar Şuşanın sahibidir, biz isə qonağıq.
Axı ora bizim torpağımızdır. Şuşa bizimdir,
bax, bunu dünyaya çatdırmalıyıq. Ancaq mənə
hələlik Şuşaya getmək təklif olunmayıb. Bəlkə
də daha çox xaricdə olduğum üçün məni
dəvət etmirlər. Şuşa bizimkidir və torpaq
sahibinin olmalıdır. Şuşa qaytarılsa, gedib orada
yaşayacağam. Şuşadan gözəl şəhər
tanımıram…»- deyə bildirib.
Təbiət ətirli lövhələr
Rəssamın
«Xəzər üzərində şəfəq», «Baltika
balıqçıları» tablolarında gənc
entuziastların romantik obrazları əks olunub. «Emalatxanada», «Səttar
Bəhlulzadə», «Mahnı», «Məhsuldarlıq»,
«Polyaçka», «Sevinc» kimi lirik lövhələrində
işıqlı həyatı anlara rast gəlmək olur. Rəssamın
ürəkdolusu axtarış formaları Azərbaycan və
dünya incəsənətinin ən yaxşı ənənələrinə
əsaslanıb. «Göyçay bağlarında», «Bahar
yarmarkası», «Narlar və armudlar», «Çiçəklər»,
«Köhnə çinar», «Qız qalası» kimi heyranedici
natürmort və peyzajlarda təbiət ətri duyulur. Onlara
sanki torpağın canlı şirəsi, Abşeronun
yandırıcı günəşi, Göyçay, Zaqatala, Lənkəran
təbiətinin əlvan rəngləri hopub.
T.Nərimanbəyov
bir çox teatr səhnələrinin və bayram təntənələrinin,
dekorativ səhnə əsərlərinin müəllifi kimi də
tanınır. Görkəmli rəssam 1952-ci ildən bədii
sərgilərin iştirakçısıdır. Kuba,
Hindistan, Polşa, Çexiya, Slovakiya, Almaniya, Fransa,
İtaliya, Moskva və ABŞ-da dəfələrlə fərdi
sərgiləri keçirilib.
«Nağıllar
aləmində»
Toğrul Nərimanbəyovun bütün əsərləri Azərbaycan ruhludur. Onun əsərlərində milliliklə bəşəriliyin vəhdəti əksini tapıb. Rəssamın tablolarında gah İçəri şəhərin qədim, dar və sirli küçələrinin, tarixi abidələrinin, gah Xəzərin şahə qalxan dalğalarını, Azərbaycanın füsunkar mənzərələrinin, gah da Parisin, Lüksemburqun, Vaşinqtonun və digər ölkə və şəhərlərin mənzərəsini görmək olar. Elə buna görə də rəssamın əsərləri bütün dünyanı gəzib dolaşır.
Toğrul Nərimanbəyovun bəzi əsərləri əfsanə və nağıllara bənzəyir. Bu nağıllarda hər şey xoş sonluqla bitir. Rəssamın «Nağıllar aləmində» monumental əsəri Azərbaycan Dövlət Kukla Teatrının foyesini bəzəyir. «Nağıllar aləmində» monumental divar rəsmində həqiqətlə əfsanənin, sevinclə kədərin bir-birinə qaynayıb qovuşduğu sirli aləmlə üzləşmək mümkündür. Bu əsər rəssamın divar rəssamlığı sahəsində ilk uğurlu işi olub. Tamaşaçı bu əsərin fonunda divar rəssamlığı sahəsində artıq yetkinləşib formalaşmış əvəzsiz bir rəssamla tanış olur. Rəssam divar rəssamlığına üz tutmasını artıq kətanın onun fantaziyasına darısqallıq etdiyini duyması ilə izah edir. Toğrul Nərimanbəyov sonralar da divar rəssamlığına müraciət edərək unikal sənət nümunələri yaradıb. Rəssamın monumental divar rəsmləri xalqın sevincli, kədərli ovqatı üzərində köklənmiş qədim mahnıları xatırladır.
Toğrul Nərimanbəyov divar rəssamlığının daha məsuliyyətli olduğunu söyləyir: «Kətan üzərində çəkilən əsərlər elədir ki, xoşuna gəlməyən yeri olanda əl gəzdirib düzəliş edə bilərsən. Heç ürəyinə yatmayanda gizlədib üzə çıxarmır, yandırıb məhv edərsən. Amma divara çəkilmiş əsər divara köçdü, qurtardı. Daha onu nə düzəldə, nə də məhv edə bilərsən. O necə var, eləcə – bütün qüsurları, kəm kəsirləri ilə birlikdə həmişəlik qalmalıdır. Ona əvvəlcədən bəstələnmiş, hazır, özü də gözəl mahnı gərəkdir ki, birbaşa divara köçürəsən».
Fransada Vətən ruhu
Görkəmli rəssam hazırda Fransada yaşayır. Vətəndən köçüb getməsi
isə ötən əsrin 80-ci illərinin axırlarında şəxsi
həyatında baş
verən gözlənilməz
hadisələrlə bağlı
olub. Bunu yaxınlarından gizlətsə də, portretini çəkdiyi parapsixoloq Tofiq Dadaşovdan gizlədə
bilməyib. Parapisixoloqun
«Məşhursunuz. Daha məşhur
olacaqsınız. Amma böyük
çətinliklərlə üzləşəcəksiniz. Vətəndən uzaq düşüb,
bütün dünyanı
dolaşacaqsınız»- sözlərindən
bir müddət sonra ailəliklə Moskvaya, sonra Amerikaya, oradan da Lüksemburqa və Fransaya köçüb. Böyük çətinliklərlə
üzləşsə də,
güc tapıb Parisdə qərarlaşa bilib. Hətta bu şəhərin
nüfuzlu sərgi salonlarından birində –
«Konven de Kordelyer» salonunda möhtəşəm
fərdi yaradıcılıq
sərgisini də açıb. Azərbaycanın bütün gözəlliklərinın
tərənnüm olunduğu
sərgi hamını
heyran qoyub. Amerikanın Priston Universitetinin professoru Berit Zeyzinker rəssamın 40 əsərini
əldə edərək
Priston şəhərində
onun adına
sərgi salonu yaradıb. Toğrul Nərimanbəyov bütün dünyada tanınan, sevilən, yaradıcılığına və
əsərlərinə böyük
maraq göstərilən
rəssamdır. Elə bunun
nəticəsidir ki, onun adı dahi
rəssamlarla bir sırada «Dünya incəsənət-məlumat» ensiklopediyasına
düşüb.
Dünyanın bir çox ölkələrində sərgiləri
keçirilən rəssamı
tamaşaçılar həm
də opera müğənnisi
kimi tanıyırlar. Ötən əsrin
sonralarından başlayaraq,
o, maraqlı konsert proqramları ilə nüfuzlu səhnələrdə
görünür. Onu rəssam
kimi sevənlər artıq müğənni
kimi də sevib dəyərləndirməyə
başlayıblar. O, həmçinin
mətbuatda şeirlərini
çap etdirir. Andre Molro, Çingiz Aytmatov, Lütfi Zadə, Mstislav Rastropoviç, Qara Qarayev, Ueno Mokato, İren Lüdviq, Rene Qere, Səttar Bəhlulzadə, Fikrət
Əmirov kimi dünyanın məşhur
sənət və elm
adamları onun çoxçalarlı yaradıcılığını
yüksək qiymətləndirib.
Çingiz Aytmatov onu «Dövrümüzün
dahiyanə rəssamı»,
«Rəssamlığın özünü
bir boy ucaldan sənətkar», Ueno Mokato isə «Əsərləri
nəhəng musiqi notunu xatırladan rəssam», «Öz torpağının gözəlliklərini
böyük səxavətlə
dünyaya göstərməyi
bacaran istedadlı sənətkar» adlandırıblar.
Görkəmli rəssam
isə həmişə
iş başındadır.
Şöhrəti dünyanı dolaşan
rəssam deyir ki, onun üçün
ən sakit yer və rahat
istirahət guşəsi
özünün yaradıcılıq
emalatxanasıdır.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 11 yanvar.-
S.13.