Məktəblərdə müəllim-şagird münasibətləri

 

«Məktəblərin əksəriyyətində müəllimlər şagirdlərlə kobud davranır»

 

Zəminə Əliqızı: «Şagirdlərin psixoloji vəziyyəti təkcə məktəbin üzərində deyil»

 

Azərbaycanda son illər orta məktəblərin müasir standartlara cavab verməsi istiqamətində çoxsaylı işlər görülüb. Hər il xeyli sayda məktəb təmir edilərək müəllim və şagirdlərin ixtiyarına verilir. Bu sahədə görülən işlər qənaətbəxşdir. Amma məktəbin texniki avadanlığının yaxşılaşdırılması ilə məsələ bitmir. Burada əsas məsələ şagirdlə müəllim arasında olan münasibətdir. Təlim prosesi elə tənzimlənməlidir ki, məktəbin bu iki kollektivi arasında normal və işgüzar münasibətlər yaransın. Son zamanlar baş verən hadisələr göstərir ki, bu sahədə heç də münasibətlər normal məcrada deyil. Bu yaxınlarda Bərdədəki məktəblərdən birində müəllimin şagirdə xətkeş atmaqla onun bir gözünün zədələnməsinə bais olub. İki gün öncə Sumqayıtda isə şagird müəllimə 14 bıçaq yarası vuraraq onu yaralayıb. Buna da səbəb müəllimin ona 4 qiymət yazması olub. Belə hallar ondan xəbər verir ki, heç də məktəblərdə müəllimlə şagird arasındakı münasibətləri tam normal saymaq olmaz. Düzdür, bunu bütün məktəblərə şamil etmirik. Elə məktəblər var ki, orada bu münasibətlər tam normal haldadır. Amma ümumi götürəndə vəziyyəti qənaətbəxş hesab etmək çətindir. Məktəbdə müəllim-şagird münasibətlərinin hazırkı vəziyyətinə ekspertlərin də münasibətini öyrəndik.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev düşünür ki, orta məktəblərdə müəllim şagird münasibətləri heç də ürəkaçan səviyyədə deyil. Bunun da əsas günahını həmsöhbətimiz müəllimlərdə görür: «Təhsil sahəsində ən çətin problem məhz insanlarla bağlıdır. Bina, kompüter məsələlərini tərtib edib yerinə qoymaq mümkündür. Amma şagird müəllim münasibətlərini tənzimləmək bir qədər çətindir. Çünki hər bir insanın özünəməxsus xüsusiyyət və xarakteri var. Məktəblərdə xüsusi pedoqoji etika deyilən normal mövcuddur. Bu etik normalara və məktəbin nizamnaməsinə uyğun olaraq şagird və müəllimlərin vəzifələri, davranış, ünsiyyət norma və qaydaları var. Amma təəssüf ki, məktəblərin əksəriyyətində müəllimlər şagirdlərlə kobud davranır. Bəzən hətta şagirdləri təhqir edir, fiziki güc tətbiq edirlər. Bunun bir neçə səbəbi var. Birincisi, müəllimin pedoqoji tələbləri bilməməsindən irəli gəlir. Sadəcə olaraq hansısa yollarla bu sahəyə gəlib. Digər müəllimlər isə uşaqları təhdid və amiranə təzyiq altında saxlamaqla valideynləri özlərindən asılı vəziyyətə salmağa çalışır. Valideynə uşaqdan şikayət edib, əlavə məşğululiyyətin olmasının vacibliyini bildirir, belədə ondan əlavə zəhmət haqqı alır. Belədə valideynləri tabeçiliyə vadar edirlər. Orta ümumtəhsil məktəblərində belə hallar kütləvidir. Hər məktəbdən şagirdlər ən yaxşı halda iki müəllimi tərifləyir. Əksəriyyətini isə kobudluqda ittiham edir. Valideynlərin pedoqoji savadlılıq səviyyəsi zəif olduğundan onlar da tələbkar deyil. Məktəbdə tənzimləmə prosesində əsas şəxsi nümunədir. Onun olmaması nəticəsində bəzm X-XI sinif şagirdləri bezib hətta intihar etmək qərarına gəlirlər. Problem ciddi şəkildə qaldırılmalıdır. Təkcə pedoqoji tələb və normalar, ədəb-ərkan normaları kifayət etmir. Məktəbdə belə pozuntu hərəkətlərinə yol verənlər məsuliyyətə cəlb olunmalıdır. Xırda pozuntular cərimələr, iri pozuntular isə məsuliyyətlə nəticələnməlidir. Şagird durduğu yerdə müəllimi cəzalandırmaz. Deməli, ona təzyiqlər olub, o da sonda belə vəziyyətə gəlib. Təlim işlərinin ağır olması da belə hallara rəvac verir. Təhsil tibbi-fizioloji əsaslara söykənməlidir. Bizim təhsil sistemində isə buna diqqət sanki yoxdur. İctimai qınaq da güclü olmalıdır».

Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı isə bildirdi ki, hər hansı bir məktəbdə baş verən insidenti bütün təhsil sisteminə aid etmək doğru yanaşma deyil. O, həmçinin müəllim-şagird münasibətlərinin hansı istiqamətdə cərəyan etməsində valideynlərin də rolunun olduğunu diqqətə çatdırdı: «Hansısa bir məktəbdə şagirdlə müəllim arasında baş verən pis münasibət heç də o demək deyil ki, bu hal bütün məktəblərdə təkrar olunur. Peşəkar və işini bilən müəllim şagirdi ilə istənilən normal münasibəti qurur. Şagird müəllim münasibətləri kifayət qədər normaldır. Şagirdlərin psixoloji vəziyyəti təkcə məktəbin üzərində deyil. Məktəb gənclərin keçid dövrünü yaşadığı zamandır. Belə bir ərəfədə onların psixoloji durumu təkcə məktəb tərəfindən nəzarətdə saxlanılmamalıdır. Eyni zamanda yükün böyük hissəsi valideynin üzərinə düşür. Şagirdin məktəbdə olduğu müddət maksimum 6 saatdır. Qalan vaxt ərzində onun psixoloji vəziyyətinə valideyn nəzarət etməlidir. İbtidai sinif mərhələsində valideynlərin məktəblə əlaqəsi sıx və daimi olur. Belədə müəllimlə valideyn ikisi birlikdə uşaqda olan problemin aradan qaldırılmasına çalışır. Ona görə də I-IV siniflərdə müəllim-şagird-valideyn münasibətlərində ciddi narahatlıq yoxdur. Yalnız V sinifdən valideynlərin məktəblə əlaqəsi əsasən kəsilir. Daha yuxarı siniflərdə isə tamamilə kəsilir. Vətəndaşın formalaşması üçün hökmən valideynlə məktəb arasında əlaqə olmalı, özü də sıx şəkildə. Uşaqlarda olan narahatlığa valideyn tərəfindən nəzarət olunmalıdır. Biz nədənsə psixoloqa müraciət etməyi pis qarşılayırıq. Amma burada qeyri-adi nəsə yoxdur. Məktəblərdə indi yalnız bir psixoloq ştatı var. O, da məktəbin böyük və kiçiyindən asılı olaraq 200-3500 şagirdi əhatə edir. Ona görə də burada valideyn nəzarəti daha önəmlidir. Müəllimin vəzifəsi uşağın psixoloji durumuna nəzarət etmək deyil. Valideyn məktəbə dəstək olmasa uşaqda ciddi problemlər yarana bilər. Prosesə ciddi və məsuliyyətli yanaşmaq gərəkdir. Uşağın o hala gəlib çatmasında böyük halda valideynin günahı var. Uşaqda nə dərəcədə aqressiya yaranıb ki, belə addım atıb. Burada ola bilər müəllimin də günahı var. Amma belə məsələlər qlobal yanaşma tələb edir. Elə gün olmur ki, hər hansı bir məktəbdə hər hansı bir hadisə baş verməsin. Burada qeyri-adi heç nə yoxdur. Bir məktəbə ki, gün ərzində 1500 şagird gəlir, orada gün ərzində nəsə olmalıdır. Sadəcə məsələni nəzarətdə saxlamaq üçün valideynlər də prosesə ciddi şəkildə yanaşmalıdır».

42 saylı məktəbin direktor müavini Gülşən Allahverdiyeva bildirdi ki, məktəblərində müəllim şagird münasibətləri normal haldadır: «Bir-birlərinə fərdi yanaşırlar. Bu istiqamətdə psixoloqumuz müntəzəm olaraq işləyir. Hər bir şagirdə də fərdi yanaşır. Çalışırıq uşaqların dilini tapaq və tapırıq. Bu günə qədər bizdə müəllimlə uşaq arasında problem yaranmayıb. Cüzi problemlər olur. Amma bunlar elə də ciddi deyil. Belə olanda çalışırıq uşaqla söhbət edək, valideynlərlə əlaqə saxlayırıq. Bizim bütün müəllim koollektivi şagirdlərə normal münasibət bəsləyir. Kollektivimiz mehribandır. Təzə gələn müəllimlər də bu sahədə köhnə kollektivdən öyrənir. Əvvəllər narahat uşaqlarımız olanda da onların dilini tapmağa çalışırdıq».

46 saylı məktəbdə də bu sahədə problem yoxdur. Bunu deyən direktor əvəzi İlyas Məmmədov həmin məsələdə psixoloqun fəaliyətindən razıdır: «Müəllim-şagird münasibətləri həmişə yaxşı olub. Korlananda psixoloq və valideyn-müəllim assosiasiyasını cəlb etməklə problemi yerindəcə aradan qaldırırıq. Bizdə müəllimlərlə şagirdlər arasında dava hallarına rast gəlinmir. Çünki təlimi normalara uyğun şəkildə qurmuşuq. Müəllimlər tez-tez şagird və valideynlərlə söhbət aparır. Psixoloqumuz məktəbdə sağlam mühit yaradıb».

307 saylı məktəbin direktor müavini Məryəm Gəncəliyeva da hər şeyin normal məcrada olduğunu söylədi: «Şagirdlə müəllim arasında münaqişə ola bilməz. Hər biri öz işini görür. Bizdə proses normal şəkildə tənzimlənir. Müəllimlə şagirdlər arasında münaqişə söhbəti bizdə yoxdur».

300 saylı məktəbin adını deməyən qadın direktoru isə sualımızı dinlədikdən sonra ona cavab vermək əvəzinə, bunun üçün Təhsil Hazirliyindən icazə almağımızı tövsiyyə etdi. Həmin direktor artıq neçənci dəfədir ki, mətbuatın məktəblərlə bağlı suallarına cavab verməkdən qaçır.

 

 

Rüfət SULTAN

 

Xalq Cəbhəsi.-2012.- 12 yanvar.- S.13.