Gəncləşən muğam layihəsinin konserti keçirilib

Yanavrın 11-də Heydər Əliyev Sarayında gənc muğam ifaçılarının iştirakı ilə Gəncləşən muğam layihəsinin üçüncü konserti keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə reallaşan layihə gənc muğam ifaçılarına dəstək olmaq məqsədi ilə keçirilir. Bu xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun birgə layihəsidir.

Konsertdə ilk olaraq çıxış edən Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi rəhbəri olduğu musiqi ocağının yetirmələrini bu səhnədə dinləməkdən məmnun olduğunu dilə gətirərək layihənin əhəmiyyətindən danışıb.

Xalq artisti, muğam ifaçısı Arif Babayev bu günü muğam bayramı kimi qiymətləndirdiyini vurğulayıb: Gənclərimiz hər zaman xarici ölkələrdə bizi yüksək səviyyədə təmsil edirlər. Bu gün isə xalqımız qarşısında çıxış edərək, öz məharətlərini göstərəcəklər.

Layihənin rəhbəri Mənsum İbrahimov isə iştirakçılara təşəkkürünü bildiribbundan öncə keçirilən hər iki konserti xatırlayıb: Ötən iki konsertdə mənim tələbələrim çıxış edib. Bu dəfə fikirləşdim ki, niyə yalnız mənim tələbələrim olmalıdır? Ona görə də budəfəki konsertdə digər həmkarlarımın da tələbələri çıxış edirlər. 2 aya yaxın hazırlıq işləri davam etdi. İnanıram ki, nəticəsi ürəkaçan olacaq. Bu işdə dəstək olan Mədəniyyət və Turizm Nazirliyinə, Heydər Əliyev Sarayına və bu tələbələri yetişdirən Milli Konservatoriyaya təşəkkürümü bildirirəm.

Konsertdə əməkdar artist Təyyar Bayramov, Babək Niftəliyev, Ehtiram Hüseynov, Arzu Əliyeva, Vüsalə Musayeva, Elnur Zeynalov, Elşad Aydınoğlu, Səbinə Ərəbli, Mirələm Mirələmov, Məmməd Nəcəfov, Şəmsəddin İbrahimov, Könül Tağıyeva, Rizvan Həsənov, Mustafa Mustafayev, Günay İmamverdiyeva, Niyaməddin Babayev, Zabitə Alıyeva, Ələkbər Əkbərov, Tuqay İsmayılov, İlkin Əhmədov, Aytən Məhərrəmova, Qızılgül Babayeva, Türkay Məlikova, Orxan Hüseynov, Elgiz Əliyev, Cabir Həsənov və Fizzə Mirzəyeva çıxış ediblər. Konsertdə qonaq qismində xalq artistləri Nəzakət Teymurova, Zabit Nəbizadə, Aygün Bayramova, əməkdar artistlər Gülüstan Əliyeva, Gülyaz Əliyeva və digərləri iştirak edib.

 

 

Xalq Cəbhəsi.- 2012.- 13 yanvar.- S.15.