«Leyli və Məcnun» səhnələşdirilməsinin
104-cü ili
«Leyli və Məcnun» operasının səhnələşdirilməsindən 104 il ötdü. Bu, Azərbaycan mədəniyyətinin tarixində ayrıca bir səhifədir. Azərbaycanda ilk milli opera olan «Leyli və Məcnun»un tarixi maraqlı hadisələrlə zəngindir. Üzeyir Hacıbəylinin ev-muzeyində vaxtilə sənələşdirilən əsərlərinin, o cümlədən də «Leyli və Məcnun»un tamaşalarından nadir fotoşəkillər, afişalar, digən sənədlər nümayiş etdirilir. Bu soraqlar Azərbaycan mədəniyyətinin yaşarılığının, davamlı, bənzərsiz inkişafının sübutudur.
«Leyli Və Məcnun»u yazanda Üzeyir Hacıbəyi 22 yaşında idi. Fitri bəstəkarlığı, üstəlik də qələmkarlığı ona həyatın fövqünə qalxmaq, xəlqi taleyi ifadə etmək qüdrəti vermişdi. Yaxın tariximizdə Leyli və Məcnun rollarında tanınmış sənətkarlar Zeynəb Xanlarova, Arif Babayev, Baba Mahmudoğlu, Canəli Əkbərov, Səkinə İsmayılova, Alim Qasımov, Qəndab Quliyeva, Səfa Qəhrəmanov, Rəsmiyyə Sadıqova, Raziyə Şirinova, Aygün Bayramova, Gülyaz Məmmədova, Gülüstan Əliyeva, Nəzakət Teymurova, Mənsum İbrahimov və başqaları çıxış ediblər.
«Leyli və Məcnun» operasının ikinci tamaşasından etibarən qadın rolunun ifaçısı kimi tamaşaçıların diqqətini cəlb edən, az sonra «Əhməd Ağdamski» təxəllüsü ilə özünü ictimaiyyətə təqdim edən Əhməd Bədəlbəyov haqqında indiki nəsil demək olar, heç nə bilmir. Əhməd Ağdamskinin Üzeyir Hacıbəyov və onun qardaşı ilə doğma, ciddi münasibətləri olub. Əhməd Ağdamski xalası oğlu Üzeyir bəydən bir yaş böyük olub.
19-cu yüzilin axırlarında Şuşada Ə.Haqverdiyev «Məcnun Leylinin qəbri üstündə» adlı bir məqamı səhnələşdirmişdi. O zaman bu partiyanı məşhur xanəndə Cabbar Qaryağdıoğlu oxumuşdu. Üzeyir bəy bu hadisədən sonra «Leyli və Məcnun» operasını səhnələşdirmək fikrinə düşdü. O zaman camaatın opera haqqında təsəvvürü belə yox idi. Üzeyir bəy əsərin məşqlərinə əvvəlcədən tanıdığı Hüseynqulu Sarabskini Məcnun roluna dəvət edir. Çox axtardıqdan sonra Leyli roluna bir çayxana şagirdini tapırlar.
«Leyli və Məcnun» operasında ilk dəfə Leyli rolunu yaradan Əbdürrəhim Fərəcov olub. Ə.Fərəcov rolun öhdəsindən gəlir, ancaq bundan sonra hədələr başlayır. Lağ obyekti olmaqdan usanan Ə.Fərəcov ikinci tamaşaya gəlmir, səhnədən birdəfəlik uzaqlaşır. İkinci tamaşanın aprel ayının 21-də qoyulması planlaşdırılır. Üzeyir bəyin yadına düşür ki, «Realni» məktəbdə oxuyan xalası oğlu Əhməd Bədəlbəyov məlahətli səsi ilə onları vəziyyətdən çıxara, Leyli rolunu ifa edə bilər. Üzeyir bəy Əhməd Ağdamski ilə məsləhətləşir, cidd-cəhdlə onu inandırır, razılığını alır. Beləliklə də, 1922-ci ilə kimi Əhməd Ağdamski Üzeyir bəyin yazdığı bütün opera və operettalarda qadın rollarını ilk dəfə və böyük məharətlə yaradır. Həmişə olduğu kimi bu gün də «Leyli və Məcnun»un tamaşasına hamı böyük maraqla baxır. Bu, onu göstərir ki, xəlqiliyi təsdiq edən əsərlər daim yaşayır, heç vaxt ölmür.
Uğur
Xalq
Cəbhəsi.- 2012.- 14 yanvar.- S.14-16.