Arabaçının
milyonçu oğlu…
(«Bakı milyonçuları» silsiləsindən
II yazı)
Əslən
Əmircan kəndindən olan, öz ağlı və fərasəti
sayəsində milyonçular sırasına çıxa
bilmişdi. Şübhəsiz ki, kasıb bir arabaçı
oğlunun belə səviyyəyə yüksəlməsi asan
məsələ deyildi. Hələ 1871-ci ildə iltizamın
ləğv olunmasından sonra neft olan torpaqlar hərraca
çıxarılaraq imkanlı şəxslərə
satılmağa başlanır. Bu zaman əsasən Kokorev,
Qubonin, Vinkendoror, Şibayev kimi rus neft sənayeçiləri
sahibkara çevrilirdi. Yerli sənayeçilərdən ilk
dövrlər yalnız Hacı Zeynalabdin Tağıyev bu
torpağı almışdı. Az sonra isə belə
milyonçuların sırasına qoşulanlar arasında
Şəmsi Əsədullayev və Musa Nağıyevlə
yanaşı, Murtuza Muxtarov da vardı. Muxtarovun fəaliyyətinin
ən yüksək dövrü isə onun qazma kontorunun
yaranmasından sonra başlayır. İxtisasca mühəndis
olan milyonçu neft sənayesində ilk qazma kontoru şirkətinin
yaradıcılarından biri olub. Azərbaycan ərazisində
ən dərin quyuları onun açdığı
«Molot»,»Votan» və «Robur» şirkətləri qazırdı. Bu
qazma kontorunun fəaliyyəti barədə məlumat hətta
Rusiyaya da çatmışdı. Rusiyanın müxtəlif
şəhərlərindən neft sahibkarları Murtuza Muxtarova
müraciət edərək quyular qazılmasında məsləhətləşmək
istəyirdilər. Bu məqsədlə milyonçu dəfələrlə
Rusiyanın şəhərlərinə səyahət
etmişdir.
Murtuza
Muxtarovun bir milyonçu kimi fəaliyyətindən çox
geniş söhbət açmaq olar. Amma məqsədimiz
başqa olduğundan qayıdaq mövzuya.
Qoçular qoçusu
Neftxudaların
cangüdən saxlaması, qoçu dəstəsinə öz
təhlükəsizliyini etibar etməsi zamanın tələbi
idi. Demək olar ki, milyonçuların hamısının
cangüdənləri olub. Bu yerdə qısaca bir haşiyə
çıxaq: Musa Nağıyev və Mövsüm Səlimov
kimi milyonçular oğurlanaraq əvəzində haqq tələb
olunmuşdu. Bakı neftxudaları arasında yalnız iki nəfərin
Hacı Zeynalabdin Tağıyevin və Murtuza Muxtarovun
cangüdəni olmadığı söylənilir. Ancaq onu da
qeyd etmək lazımdır ki, Hacı Zeynalabdin
Tağıyevin qapıçı kimi saxladığı ləzgi
eyni zamanda cangüdən vəzifəsini də yerinə
yetirirdi. Belə məlum olur ki, cangüdənə ehtiyacı
olmayan yeganə milyonçu Murtuza Muxtarov idi. Hətta
milyonçu Bakıda daha cox qoçular qoçusu kimi
tanınırdı. Bunun da çox maraqlı tarixçəsi
var…
Əslən
Məhəmmədili kəndindən olan Əltürbət
adlı gənc bir qocu peydə olur və Bakıda at
oynatmağa başlayır. Bu qansız gənclə ən
adlı-sanlı qoçular belə qarşılaşmaq istəmirdi.
Günün günorta çağında küçədə
qarşısına çıxan hər hansı bir
ziyalının, yaxud tacirin papağını başından
götürdən, özündən zəif qocuların
mauzerini əlindən aldıran bu qoçu o qədər
harınlaşır ki, günlərin birində Murtuza Muxtarova
girişmək qərarına gəlir. Bir nəfəri
göndərib milyonçudan bac istəyir. Kabinetinə girən
bığıburma gəncin məqsədini eşidən
milyonçu qətiyyən halını pozmur. Əvvəlcə
Əltürbənin kim olduğunu, onun adını eşitmədiyini
söyləyir. Gələn adam «Əltürbə
qoçubaşıdır» deyə dilləndikdə isə «Hə,
nə olar. Ancaq bir şərtim var: get, qoy, Əltürbət
özü gəlsin. Həm tanış olarıq, həm də
pulları özünə verərəm» deyib onu yola salır.
Səhəri gün deyilən vaxtda Əltürbə iki
mauzeri üst-üstə belinə bağlayıb, xüsusi zövqlə
geyinərək gəlir. Zarafat deyildi, o boyda milyonçuyla
tanış olacaqdılar. Murtuza Muxtarov yenə iş
otağında nəsə məşğul olarkən qapı
açılır. Gələnin kimliyini təxmin etsə də:
-Kimsən
a bala? -deyə ucadan səslənir.
Gələn
adam qoçu Əltürbət olduğunu söyləyir.
Milyonçu elə adam tanımadığını deyəndə
qoçu özünü dartıb dünən adamlarından
birini bac almaq üçün göndərdiyini və bu
günə vəd olunduğunu bildirir. Bu cavabı eşidən
milyonçu yenə də çox sakit tərzdə:
-Hə,
deməli bac almağa gəlmisən? Lap yaxşı. Zəhmət
olmasa, gəl götür, bax, burdadır-deyə bir
addımlığındakı daxılı göstərir.
Qoçu Əltürbə
şəstlə göstərilən yerə irəliləyərək
daxıla tərəf əyilmək istəyəndə Murtuza
Muxtarov oturduğu yerdəcə ona bir yumruq ilişdirir. Əltürbət
gözlənilməz zərbədən səntirləyərək
iki-üç addım arxaya tullanır, özünə gəlməyə
imkan tapmamış milyonçu onun çiyinlərindən
yapışaraq düz pilləkanın başınacan
sürütləyir. Orada elə bir təpik vurur ki, qoçu
bir də pilləkanın ayağında bənd alır. Burda
da ona göz açmağa imkan verməyən Murtuza Muxtarov
başının üstünü alıb qəzəblə:
«Mən qoçular qoçusuyam! Sən kimsən ki, indi gəlib
məndən bac istəyirsən? Cəhənnəm ol,
gözüm səni görməsin» deyir. Qoçu Əltürbət
iki mauzerdən heç olmasa birinə də əl atmağa
imkan tapa bilməmişdi. Eləcə, suyu süzülə-süzülə
qapıdan çıxır.
Elə həmin
gün Murtuza Muxtarov lazım olan adamlara göstəriş
verir ki, səhərəcən Əltürbət adlı adam
Bakı şəhərində olmamalıdır.
…Əltürbət
elə o gecə yoxa çıxandır. Bu günədək
də onu gördüm deyən tapılmır…
General Tuqanovla görüş
Murtuza
Muxtarovun qazma işləri ilə əlaqədar Rusiya şəhərlərinə
tez-tez dəvət edildiyini yuxarıda demişdik. Ən
çox Vladiqafqaza səfər edən milyonçunun burada
üzləşdiyi iki maraqlı hadisəni nəzərinizə
çatdıraq. Maraqlıdır ki, bu hadisələrin hər
ikisi Şimali Osetiya ərazisində yerləşən Beslan dəmir
yol stansiyasında baş verib.
Növbəti
səfəri zamanı Murtuza Muxtarovun stansiyada cox maraqlı bir
mənzərə diqqətini cəlb edir. O, yaşlı bir
generalın perrondaca xalça üzərində namaz
qıldığını görür. Bu, hər addımda
rast gəlinəcək mənzərələrdən deyildi.
Maraq milyonçuya üstün gəlir və həmin generalla
tanış olmaq fikrinə düşür.
Məlum
olur ki, kəmali-ədəblə namaz qılan bu şəxs
milliyətcə osetin olan rus ordusu generalı Tuqyanovdur.
Qısaca söhbət zamanı general
qarşısındakı gəncin mədəniyyətinə,
dünyagörüşünə valeh olur və onu evinə dəvət
edir. Generalın ailəsilə tanışlıq zamanı elə
ilk baxışdan Muxtarovun onun ikinci qızı Liza xanımdan
xoşu gəlir.
Bakıya
qayıdan kimi o, elçilərini Vladiqafqaza göndərir.
Generalın və xanımının da xeyir-duası ilə
onlar ailə qururlar. Onu da qeyd edim ki, bu vaxt milyonçu
artıq ailəli idi. Onun ilk xanımı azəri qızı
idi.
Liza
xanımla ailə quran Murtuza Muxtarov xanımının şərəfinə
Vladiqafqaz şəhərində bir məscid tikdirir. Bu müqəddəs
ocaq indi də şəhərin ən orijinal tikililərindən
sayılır. Eyni tipli məscid binasını milyonçu
doğma kəndi Əmircanda da ucaltdırır.
Bundan əlavə
Poluxin kücəsində yerləşən indiki Səadət
sarayının binasını da milyonçu
xanımının şərəfinə tikdirmişdi. Təəssüf
ki, bu izdivacdan onların övladı dünyaya gəlməyib.
«Zəlimxan gəlir!»
Bu hadisə də Beslan stansiyasında baş verib. Milyonçu yolüstü nahar
etmək üçün
köməkçisilə birlikdə
vağzalın restoranına
daxil olur. Elə yenicə rahatlaşıb yeməyə girişmək
istədikləri vaxt içəridə pıçhapıç
düşdüyünü eşidirlər. Cammat nəsə
qorxu içində ayağa qalxıb yeməklərini də yarımçıq qoyaraq
aradan çıxmağa
başlayır. Qaçanların
dilindən bircə söz eşidə bilirlər: «Zəlimxan gəlir!» Çox maraqlı
idi. Görəsən, Zəlimxan kimdi
ki, adını eşidib belə qaçhaqaça düşmüşdülər.
Ancaq bu adı ilk dəfə eşidirdilər.
Köməkçi vəziyyəti
belə görüb qorxu içində:
-Xozeyn, fayton hazırdır. Bu Zəlimxan
kimdisə, yaxşı
adama oxşamır, gəl aradan çıxaq-deyir
Murtuza Muxtarov halını pozmadan:
-Otur, çörəyini
ye! – deyə yeməyə davam edir.
Restoranda olanlardan başqa bir nəfər də qalmamışdı. Aradan beş-on dəqiqə
keşməmiş uzaqdan
atlıların geldiyini
eşidirlər. Nəhayət ki, qafqazlılara xas olan paltarda
bir dəstə əlisilahlı gəlib düz restoranın qabağında dayanır.
Atlardan aşırılıb
restorana daxil olurlar. Sən demə, Zəlimxan bu ərazilərdə heç kimlə hesablaşmayan, hətta rus çinovliklərinə
də baş əyməyən bir qaçaq imiş. Onun keçdiyi yolda kimdi duruş
gətirib dayanan…
Gələnlər heç
nəyi vecə almadan öz işiylə məşğul
olan avropasayağı
çox səliqəli
geyinmiş bu adamların gəlmə olduğunu başa düşdülər. Zəlimxan başkəsənlərdən ikisini göndərib onları yanına çağırtdırır. Silahlılar onların stoluna yaxınlaşıb
saymazyana tərzdə:
- Ayağa qalxın, Zəlimxan çağırır
– deyə dillənir.
Murtuza Muxtarov başını qaldırıb:
- Əgər Zəlimxana lazımdırsa, özü
gəlsin. Görmürsən, çörək yeyirik-deyə saymazyana cavab verərək, yeməyinə davam edir. Başkəsən
əvvəlcə silaha
əl atsa da, qarşısındakının
tükünün də
tərpənmədiyini görüb
geri qayıdır:
-İkisinin də başını əkmək
lazımdır – deyə
Zəlimxanın fikrini
öyrənmək istəyir.
Başçı qəti
etiraz edərək onlarla özü danışacağını bildirir. Zəlimxanın stola çatdığını
görən milyonçu:
-Buyur, qonağım ol. – deyə
ona yer göstərir.
Bayaqki hörmətsizliyi qarşısında qanına
qəltan etməyə
hazır olduğu bu cəsur adamın
«qonağım ol» sözü Zəlimxanı
tutur. Başçı oturub onlarla
çörək kəsir.
Tanışlıqdan sonra söhbətləri
tutur. Zəlimxan ayrılarkən hədiyyə
kimi Muxtarova qızılla işlənmiş
xəncər və xüsusi zovqlə hazırlanmış başlıq
bağışlayır. Beləcə,
onların arasında münasibət yaranır və hər kəs öz işinin dalınca yollanır.
Bu görüşdən bir il sonra
Murtuza Muxtarov Zəlimxanın hökümət
adamları tərəfindən
qətlə yetirilməsi
xəbərini eşidir.
Dərhal adamlarından bir
necəsini göndərir
Zəlimxanın yetim qalmış oğlunu və qızını Bakıya gətirdir.
Bir müddət evində hörmətlə saxladığı
bu uşaqları sonra öz xərci
ilə Peterburqa göndərir. Zəlimxanın oğlu aqronomluq, qızı isə həkimlik ixtisasına yiyələnir.
Şərəfli ölüm
Müsavat hökuməti hakimiyyətdən uzaqlaşdırıldıqdan
sonra Azərbaycanın
hər yerində sahibkarlara, görkəmli adamlara qarşı amansız hücum başlandı. XI Qızıl
Ordunun Bakıya işğalçı hücumu
vəziyyəti daha da ağırlaşdırdı.
Artıq
bolşeviklərin başkəndimizi
işğal edəcəyinə
şübhəsi olmayan
Murtuza Muxtarov əvvəlcədən ömür-gün
yoldaşı Liza xanım
Tuqanovanı Fransaya yola salmaq fikrinə
düşür. Bundan cəmi
iki gün sonra qaragüruh Bakıya daxil olur. Xanımının artıq Fransaya
gedib çatacağını
güman edən milyonçu əslində
yanılırdı. Çünki Liza xanımı bolşeviklər
elə Bakıda – limanda tutub saxlamışdılar.
Murtuza Muxtarov işğalçı rus
ordusunun ilk nümayəndələri
ilə çox qəribə bir vəziyyətdə rastlaşır. Milyonçu öz mənzilində
yır-yığışla məşğul olarkən
(indiki Səadət sarayının yerləşdiyi
bina Muxtarovun evi olub) evin
içində hay-küy
eşidir. Səsə
çıxan milyonçu
üç nəfər
əlisilahlı rus əsgərinin içəri
daxil olduğunu görür və onların bu harınlıqlarından qəzəblənərək:
-İt uşaqları, siz nə haqla
evə daxil olmusunuz? – deyərək ucadan səslənir.
Əsgərlər atəş
açırlar. Muxtarov daldalanaraq tapançaya əl atır və sərrast atəşlə onların
üçünüdə cəhənnəmə vasil
edir (əsgərlərdən
birinin milliyyətcə
erməni oldu?u
söylənilir). Atışma səsinə başqa silahlıların da evə daxil olduğunu görən Muxtarov vəziyyətin çıxılmaz olduğunu
anlayır və bu murdarların əlində ölməmək
üçün son gülləsini
öz başına sıxır. Qoçular
qoçusu ömrünü
öz adına
layiq bir şərəflə başa
vurur. Şəhərdəki qarışıqlığa baxmayaraq, Muxtarovun meyitini kəndliləri çıxarıb Əmircana
aparırlar və orada şərəflə
dəfn edirlər.
…Liza xanım Tuyqanova isə bir xeyli
bolşeviklərin nəzarəti
altında saxlanılır.
Bir müddət sonra isə Nəriman Nərimanovun köməkliyi
ilə ona Azərbaycandan çıxmağa
şərait yaradılır.
Onun əvvəlcə İrana,
sonra isə Fransaya keçməsi söylənir. Bununla da
Liza xanımın izi itir.
Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2012.- 14-16 yanvar.-
S.13.