Azərbaycanın Xalq Cümhuriyyətinin de-fakto tanınmasından 92 il ötür

 

Qüdrət Əbdülsəlimzadə: «Bu, təkcə xalqımızın deyil, bütün Türk Dünyasının tarixi zəfəri idi»

 

Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınmasından 92 il ötür. Məhz bu tarixdən sonra Azərbaycanın müstəqil bir dövlət olaraq dünya miqyasında bərabərhüquqlu yaşaması üçün geniş imkanlar yarandı. Ancaq bir neçə ay sonra ölkəmiz Rusiya imperiyasının təməli üzərində qurulmuş bolşevik Rusiyası tərəfindən amansızcasına işğal olundu

1920-ci il yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 14-də Azərbaycanda bu hadisə parlamentdə qeyd edildi. Yanvarın 19-da Azərbaycan və Gürcüstanın rəsmi nümayəndələri Paris sülh konfransı Ali Şurasının iclasına dəvət edildilər. Antanta Cənubi Qafqazın yeni dövlətlərini tanımaqla onları xarici təcavüzdən qorumaq üçün öz üzərinə öhdəliklər götürdü.

I Dünya Müharibəsinin sonuna yaxın Avropada, habelə dünyanın başqa bölgələrində, eləcə də Qafqazda geosiyasi durum gərginləşmişdi. Qərb dünyası bir tərəfdən Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan kimi dövlətlərin yaranmasını alqışlayır, digər tərəfdən də Rusiya imperiyasının caynağından qurtulmuş dövlətlərin müstəqilliyini tərəddüdlə qarşılayırdı. Çünki ortada Rusiyanın imperiyaçılıq xəttinin cani-dildən qoruyucusu olan bolşevik Rusiyası var idi. Birinci Dünya Müharibəsindən məğlubiyyətlə çıxan, ötən yüzilin əvvəllərindən bəri dəfələrlə inqilab edərək əldən düşən, vətəndaş müharibəsinin birtəhər səngiməyə başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi hər mənada zəngin bir ölkəyə yiyələnməyin gərəkliyini gözəl başa düşürdü. Bu baxımdan da Moskva Azərbaycanda ötən illər ərzində tərəfdarlarını yarada bilmişdi. Bu şəxslər o dövrün inqilab havasının təsiri ilə fanatlıq dərəcəsinə gəlmişdilər.

Professor Qüdrət Əbdülsəlimzadə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixindəki rolu ilə bağlı bunları bildirir: «Sivil dövlətçilik prinsiplərinə və atributlarına – çoxpartiyalı parlamentə, peşəkar siyasətçi və peşəkarlardan ibarət hökumətə, orduya, milli valyutaya, himnə, üçrəngli bayrağa, gerbə malik Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, qədim Odlar Yurdu Azərbaycanın keçdiyi əzablı yolların, sərt dönüşlərin, ziddiyyətli, ictimai-siyasi, iqtisadi-sosial, mədəni-mənəvi inkişaf prosesinin şərəfli yekunu oldu. Millətlərin özünüdərk və oyanışı prosesi əvvəlki nəsillərin maarifçilik ideyaları, yeniləşmək arzuları, mübarizlik çağırışları, insan hüquqlarına, onun ləyaqətinə hörmət göstərilməsi təməlində formalaşır».

Q.Əbdülsəlimzadə qeyd edir ki, 19-cu yüzildən başlanan mürəkkəb ictimai proseslərin gedişi Azərbaycan cəmiyyətində zamanın tələblərinə uyğun köklü dəyişiklikləri tarixi zərurət kimi irəli sürmüşdü. Xüsusilə 19-cu yüzilin sonu, 20-ci yüzilin əvvəllərində bütövlükdə beynəlxalq aləmdə, o cümlədən də «qan və atəş» üzərində qurulmuş «millətlər həbsxanası» (Mirzə Bala Məmmədzadə) sayılan Çar Rusiyası daxilində, müxtəlif maraqların toqquşduğu Qafqaz bölgəsində, Azərbaycanda baş vermiş qanlı-qadalı hadisələrdən sonra çətinlik, ciddi maneələrə baxmayaraq dünyanın siyasi xəritəsində Azərbaycan Xalq Cümhuriyətinin meydana çıxması, habelə de-fakto tanınması təkcə xalqımızın deyil, bütün Türk Dünyasının tarixi zəfəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında həqiqətən misilsiz xidmətləri olmuş Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Həsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov kimi kişilərin xidmətləri sayəsində «işıqlı ulduza» bənzətdikləri və «bir daha enməyəcəyinə inandıqları» «Millətin hüquqi, İstiqlalı, Hürriyyəti» amallı yeni quruluşun siyasi-mənəvi varisi olmaq böyük şərəfdir».

Q.Əbdülsəlimzadə daha sonra bildirir ki, babalarımızın bünövrəsini qoyduqları işi, arzularını başa çatdırmalıyıq: «Təbii ki, o çətin şəraitdə hansısa işlərisə yerinə yetirməmək, başa çatdırmamaq halları olub. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti dövründə hələ də kökünü kəsə bilmədiyimiz rüşvətxorluq, korrupsiya, məmur harınlığı, israfçılıq halları, kəskin təbəqələşmə, hərisliklə mal-dövlət toplamaq, başqalarından seçilmək meylləri olmamışdı». Q.Əbdülsəlimzadə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının əməllərinin ürəklərdə daha dərindən kök salması üçün millli yaddaş tərbiyəsinin, ənənəsinin gücləndirilməsini arzulayır: «Bir anlıq o mürəkkəb, ziddiyyətli günlərə qayıdaraq siyasətin imkanı gerçəkliyə çevirmək bacarığı – sənəti olduğunu, habelə hökmən müəyyən güzəştlər müstəvisində reallaşması zəruriliyini nəzərə alaq».

Məhəmməd Əmin Rəsulzadə yazırdı: «Zaman ağır, gedəcəyimiz yol çox tikanlı və əngəllidir. İrəlidə bir çox müşkülat və maneələri dəxi nəzərə almalıyıq. Dumanlı yollar keçmək və son məqsədə çatmaq üçün bir çox fədakarlıq etməli, səbat göstərilməlidir». Məhəmməd Əmin Rəsulzadə «Əsrimizin Səyavuşu» əsərində hər bir yeni hakimiyyyət üçün aktual əhəmiyyət daşıyan mülkiyyət, torpaq, əmlak məsələlərinə dair hökumətin təkamül xarakterli demokratik dəyişikliklər yolu ilə irəliləmək siyasətini aydınlaşdıraraq yazırdı ki, əsas məqsəd cəmiyyətin bütün vətəndaşlarının bərabər yaşamaq hüququ əsasında qurulması idi: «Burada bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına görə varlı, nə də yoxsulluğuna görə haqsız sayılırdı… Azərbaycan zehniyyətincə, dünyanın əvvəlindən bəri insanların yaşayış və iqtisadiyyatında qarşılaşdıqları ədalətsizliyi birdən-birə ortadan qaldırmaq, inqilabçı bir zərbə ilə mülkiyyəti və bununla bağlı insanlar arasında ortaya çıxan səfaləti aradan götürmək mümkün deyildi. Bundan anarxiya, daha çox səfalət çıxar və qarışıqlıqlardan başqa ayrı bir nəticə alına bilməzdi».

Q.Əbdülsəlimzadə daha sonra deyir: «Şərqin astanasında müstəqillik, demokratik dəyişikliklər, Azərbaycançılıq, müasirləşmə ideyalarının carçısı və onun əməli nümunəsi kimi yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti öz gərgin, səmərəli fəaliyyəti ilə əsil Milli Hökumət olduğunu sübut etdi. İllər keçəcək, qərinələr dolanacaq, yüzillər ötəcək, o unudulmaz günlərin, onun iştirakçılarının liderlərinin parlaq şöhrəti solmayacaq. Tarixi hadisələrin və siyasi xadimlərin, habelə əsil şəxsiyyətlərin dəyəri, onların ümumiyyətlə, nə etdikləri ilə deyil, ilk növbədə əvvəlki nəsillərə, öz sələflərinə nisbətən yeni nələr etdikləri, qurduqları, yaratdıqları ilə müqayisədə ölçülüb qiymətləndirilir. Bu mənada Azərbaycan cəmiyyətinin milli-azadlıq hərəkatını canlandıran, proseslərə yeni nəfəs gətirən, onun önündə gedən, idarə edən, millətinin istiqlalı yolunda çalışan, «İstiqlal Bəyannaməsi»ni elan edən, hökumət quran, parlament yaradan, müstəqilliyini beynəlxalq aləmdə tanıdan Vətən övladlarının adları, xidmətləri unudulmazdır».

Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçilik tariximizin ləyaqət səhifələrindən biridir.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 14-16 yanvar.- S.11.