Böyük virtouz sənətçi

 

Atasız keçən uşaqlıq

 

1936-cı il martın 31-də Fərzi və Şahbəyimin çoxuşaqlı ailəsində bir oğlan uşağı – Rafiq dünyaya gəldi. Valideynlərinin peşəkar musiqiyə aidiyyatı olmasa da, uşaqlar kiçik «orkestr» qura bilmişdilər. Rafiqin böyük bacıları – Mərziyyə pianoçu, Vəsilə arfaçalan, qardaşı Oqtay nəfəsli alətlər ifaçısı, Rafiq bəstəkar, pianoçu, aranjımançı idi. Kiçik bacıları Armanus isə musiqi nəzəriyyəçisi idi. Yəqin ki, valideynləri qızları Emiləni uşaq ikən itirməsəydilər, ailədə digər bir musiqiçi də olacaqdı və onun skripka ifaçısı olması ilə bu «orkestr» tamamlanacaqdı.

Balaca Rafiqin uşaqlıq illəri heçasan keçmədi. O, hələ dünyaya gəlməmiş atası repressiya qurbanı oldu. Ailənin əmlakı müsadirə edildi, 27 yaşlı anası Şahbəyim xanım 6 uşağı təkbaşına böyütməli oldu. Ərinin həbsindən sonra Şahbəyim xanım fabrikdə işə düzəldi, əsgər paltarları tikərək ölüm-zülm uşaqları böyütməyə başladı. Lakin dərd, bəla əl çəkmək istəmirdi, ailədə xəstəliklər peyda olurdu: 5 yaşlı Armanus ölüm təhlükəsi ilə üzləşdiyindən uzun müddət xəstə uşaqlar üçün internata yerləşdirildi. Həkimlər 7 yaşlı Rafiqdə ağır xəstəlik aşkar edib, ümidsiz diaqnoz qoydular. Ailənin ortancıl qızı Emilə isə miningit xəstəliyindən dünyasını dəyişdi.

Babayevlər ailəsinin yaradıcı bioqrafiyasına gəlincə, hər zaman ortaya belə bir sual çıxır: nə üçün heç bir xüsusi təhsili olmayan Şahbəyim xanımın bütün uşaqları musiqi məktəbinə üz tutmuşdu? Bu sualın cavabını qızlardan Vəsilə belə cavablandırır: «Bu, Müslüm Moqamayevin xidmətidir. Babamız Məhəmməd ağa onunla dostluq edir, tez-tez bir-birinə qonaq gedirdilər. Moqamayev Lənkəranda yaşayarkən musiqi gecələri təşkil edər, anam da uşaqlıq illərində onlara qulaq asarmış. Və ola bilsin ki, onun musiqiyə olan bu sevgisi bizə də keçmişdi».

Beləliklə, Babayevlər ailəsinin üzvlərinin hər biri peşəkar musiqi təhsili aldılar. Həyat yoldaşının həbsi, evdəki əşyaların müsadirəsinin müqabilində evdə köhnə əşyalarla yanaşı uşaqlar üçün ən qiymətli olan pianonun qorunub-saxlanmasını Şahbəyim xanımın fədakarlığı adlandırmaq olar.

1943-cü ildə Rafiq musiqi məktəbinə daxil olur. Bu məktəbdə yaradıcılıq istedadı ilə yanaşı onda musiqiçilər üçün nadir hallarda təsadüf edilən bir qabiliyyət də aşkar edilir: o, riyaziyyat fənnini gözəl bilirdi. Hətta o yerə çatır ki, məktəbin direktoru Kövkəb Səfərəliyeva Rafiqə paralel olaraq 160 saylı orta məktəbdə də təhsil almağa icazə verir.

1950-ci ildə Rafiq növbəti mərhələyə qədəm qoyur: Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur. Gözəl pedaqoq R.S.Levinanın sinfində təhsil alan Rafiq öz qabiliyyəti sayəsində başqalarından seçilirdi.

 

Riyaziyyat, yoxsa musiqi?

 

50-ci illər, «Amerikanın səsi» və Uillis Konover, uzaq səslər və sovet senzurası. Armanusun dediklərindən: «Rafiq dönə-dönə bu mahnını dinləmək istəyirdi. Sadəcə qulaq asmırdı, dərhal ifa etməyə və onu yazmağa cəhd edirdi». Sonralar sənətçi bu barədə belə deyəcəkdi: «Biz caza böyük çətinliklər hesabına keçə bildik. Heç bir informasiya yox idi. Daim axtarışda idik, gecələr Oqtayla radioqəbuledicinin qarşısında əyləşir, musiqini çətinliklə köhnə maqnitofona yazırdıq».

Yavaş-yavaş Babayevlərin evi musiqi ocağının episentri kimi Bakı gənclərinin diqqətini özünə daha çox cəlb edirdi. Əzizbəyov küçəsindəki bu mənzildə müzakirələr səhərə qədər davam edirdi. Tezliklə radioverilişin tam lent yazısı peyda oldu. Rafiq Babayev özünün qeyri-adi cəhdləri ilə caz təəssüratlarının real səsləndirilməsinə nail ola bilmişdi. Hətta 160 saylı məktəbdə o, özünün «caz-band»ını da yarada bildi. Beləliklə, Rafiq Babayev caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi.

1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilmişdi. İlk dəfə imtahan səhnəsində klassik pianoçunun ifasında improvizasiya səsləndirildi.

Kim bilir, əgər komissiyanın tərkibində Fikrət Əmirov oturmasaydı, Rafiqin bu cəsarətli çıxışı onun taleyində necə rol oynayacaqdı. Əsl musiqiçi kimi o, məzunun cəsarətli ifasını layiqincə qiymətləndirdi. Böyük bəstəkarın xeyir-duası həmin gün Rafiqin sənət yolunu böyük hədəflərə yönəltdi. Onun həyat qatarı uzaqlara doğru hərəkət etdi. Qarşıda Rafiqi konservatoriya gözləyirdi.

Konservatoriyaya daxil olma ərəfəsində dilemma meydana çıxdı: riyaziyyat elmi Rafiqi necə cəlb etmişdisə, seçim qarşısında qalmışdı. Lakin Rauf Atakişiyevin səyləri nəticəsində o, musiqini seçdi. Buna baxmayaraq, bütün ömrü boyu da sevimli elmi onu müşayiət etdi.

 

Behbudov-Babayev, estrada+caz

 

Tələbəlik illərindən tələbə Rafiq Babayevlə müəllim-professor Rauf Atakişiyevin arasında möhkəm dostluq başlayır və bu münasibət uzun müddət davam edir. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən sənətçi Bakı Konservatoriyasını bitirib qrupun musiqi rəhbəri kimi Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır. Üç il – 1960-1962-ci illərdə Babayev təsərrüfathesablı briqadaya rəhbərlik edir. Bu briqada bakılılardan təşkil olunmuşdu. Sonralar Rafiq Babayevin arxivində xəritə tapılmışdı. Həmin xəritədə üç il ərzində briqadanın konsert verdiyi şəhərlərə, məntəqələrə gedən yollar qeyd olunmuşdu. Üç il ərzində briqada demək olar ki, SSRİ-nin Qərb hissəsinin bütün şəhərlərində konsert proqramları ilə çıxış etmişdi.

1962-ci ildə briqada parçalanır və onlar Bakıya cibləri pulla dolu qayıdırlar. Bu vaxta qədər heç vaxt Azərbaycandan olan caz ifaçıları belə layiqli qonorar almamışdılar. Gənc sənətçi bu pula anasına mebel, özünə isə royal alır. Digər tərəfdən bu üç il sənətçinin yaradıcılıq həyatında da mühüm rol oynayır: onun yaradıcılıq fəaliyyətinin coğrafiyası genişlənir və vətən sərhədlərini aşır. Rafiq Babayev Bakıya qayıdandan sonra yaradıcı həyatında yeni həlledici mərhələ başlayır. O, görkəmli müğənni Rəşid Behbudovla tanış olur. 1964-cü ildə pianoçu ilk dəfə SSRİ sərhədlərindən kənarda – Misirdə çıxış edir.

1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda o, bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. Rafiq Babayev və Rəşid Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayırlar. Rafiq bu tamaşanın səhnəyə qoyulması üçün çox böyük səy göstərmişdi. Kiçik istisnalar olmaqla 20 il – 1983-cü ilə qədər Rafiq Babayev Rəşid Behbudovla işlədi, onun musiqi kollektivinə rəhbərlik etdi. Bu, həm də Azərbaycan musiqi tarixində bir paralel kimi yadda qaldı: Behbudov-Babayev, estrada+caz. İki istedadlı şəxsin uzunmüddətli ünsiyyəti çoxlarını öyrətdi, çoxlarına çox şey verdi. Müsahibələrindən birində sənətçi bunu özüetiraf etmişdi: «Siz onu (Rəşid Behbudovu) özünüzün müəlliminiz, Azərbaycan estradasının əsasını qoyan peşəkar hesab edirsinizmi? – sualına cvavabında deyirdi ki, sözsüz. Belə bir istedadlı müğənni, bəstəkarla işləmək mənim yaradıcılığıma böyük təsir etdi. Mən Mahnı Teatrına gələndə çox gənc idim. Mən onun gözəl vokal məktəbini keçdim. Bu mənada Rəşid Behbudov nümunə idi».

 

Üçillik yaradıcılıq – bir neçə istiqamət

 

Davamlı xarici qastrollar, üstəgəl Mahnı Teatrı ilə əməkdaşlıq xeyli valkaset kolleksiyasının toplanmasına da səbəb olur. Bütün bu illər ərzində sənətçi caz musiqisi sahəsində yaradıcı işinidavam etdirir, bu işlə fasiləsiz məşğul olur, caz festivallarında iştirak edir. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festivalında Rafiq Babayevin ansamblı laureat olur. Onun «Bayatı-kürd» ladında ifa etdiyi kompozisiya xüsusi qeyd edilir. Həmin illərdə sənətçi ictimai işlərlə də məşğul olur, müxtəlif müsabiqələr, baxış və festivallar təşkil edir. Onun bütün yaradıcılıq fəaliyyəti pedaqoji işlə, gənc instrumental musiqiçi və vokalçılarla həmişə bağlı olub. Göründüyü kimi, Rafiq Babayevin üçillik yaradıcılıq diapazonu bir neçə istiqaməti əhatə etmişdir: Mahnı Teatrındakı xidmətləri, «Cəngi» və «Qaya» ansambllarındakı layihələri, müxtəlif solistlərlə qastrol səfərləri və festivalların təşkilində iştirakı, albom-disklərin, kino musiqilərinin yazılması…

Rafiq Babayev 23 bədii və sənədli filmə musiqi yazmışdı.

1978-ci ildə Rafiq Babayev Vaqif Mustafazadə ilə birlikdə müştərək disk layihəsi üzərində düşünür. Bu layihənin reallaşması tanınmış caz ifaçısının Daşkənd festivalından qayıtmasından sonra baş tutacaqdı. Lakin Vaqif Mustafazadənin elə Özbəkistanda vəfat etməsi bu layihənin həyata keçməsinə imkan vermədi. Qeyd edək ki, 1982-ci ildə Rafiq Babayev Azərbaycanda Bəstəkarlar İttifaqının üzvü seçilmiş ilk caz bəstəkarıdır. Bakıda ilk caz festivalının təşkili onun adı ilə bağlıdır. Görkəmli bəstəkar 1983-cü ildən Azərbaycan Dövlət TeleviziyaRadio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Estrada Simfonik Orkestrinə rəhbərlik edib.

Bir qədər sonra 1991-ci ildə Rafiq Babayev «Cəngi» folklor-caz kollektivini təşkil edirmusiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə – Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı. Rafiq Babayevin fitri istedadı, yüksək professionallığı və qeyri-adi əməksevərliyi yüksək qiymətləndirilərək 1993-cü ildə ona Azərbaycanın xalq artisti fəxri adı verilmişdi.

 

Sonuncu improvizə

 

31 mart soyqırım qurbanlarını yad etdiyimiz gündür. Amma, eyni zamanda, görkəmli sənətçi Rafiq Babayevin doğum günüdür. 1994-cü ildə metro qatarında terror aktının qurbanı olan görkəmli mədəniyyət fədaisinin!.. Rafiq Babayevin faciəli şəkildə həlak olması təkcə Azərbaycan xalqını deyil, bütün dünya musiqi ictimaiyyətini sarsıtdı. 1994-cü il martın 19-da heç bir günahı olmayan onlarla sakin, o cümlədən qadınlar, uşaqlarqocalar erməni ekstremistlərinin təşkil etdiyi qanlı terrorun qurbanı oldular. Onlardan biriRafiq Babayev idi. Həm də o gün sonuncu Babayev improvizəsi idi. Şanssızlıqla dolu, hətta illüziyalara qayıtmaq imkanı olmayan improvizə. Bəli, qeyri-adi sənətçi, Azərbaycan mədəniyyəti və onun dünyaya tanıtdırılmasında mühüm xidmətləri olan Rafiq Babayev öz yaradıcılığı dövründə çoxlu improvizələr etdiyi kimi, onun həyatla vidalaşması da qeyri-adi və improvizələrlə dolu oldu: o, tarixi düşmənimiz olan erməni terrorunun qurbanı oldu. Qızı Farizə isə o günü belə xatırlayır: «Ömrü boyu maşınla gəzib. Hətta metropolitendə gediş haqqı qiymətinin nə qədər olmasından belə xəbərsiz olub. Lakin həmin gün jeton alıb və metroya düşüb. Onun üçün terrorizmin milliyyəti yox idi…»

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 18 yanvar.- S.13.