İstiqlal
şairi
Əhməd Cavad öz şeirləri
ilə xalqı milli azadlığa səsləyirdi
Azərbaycan dövlətçiliyinin bərpası, milli azadlığa qovuşması, çar rejiminin devrilməsi ilə Rusiyanın imperiya əsarətindən qurtulması və milli təməllər üzərində yeni, azad cəmiyyətin qurulması ideyaları XX əsrin ilk onilliyində böyük inkişaf dövrü keçirən ədəbiyyatımızda tez-tez dilə gətirilirdi. Xüsusən də xalq arasında geniş yayılan, sadə insanlar tərəfindən daha asan qəbul edilən romantik poeziya xalqı milli azadlığa qovuşmağa, mütərəqqi cəmiyyət qurmağa səsləyir və ruhlandırırdı. Hüseyn Cavid, Abdulla Şaiq, Abbas Səhhət, Məhəmməd Hadi, Əhməd Cavad kimi şairlərin öndərlik etdikləri bu ədəbi cərəyan o dövrdə irticaya, zülmə, əsarətə qarşı mübarizədə böyük uğurlar qazanmışdı. Bu yazı isə onlardan biri – Əhməd Cavad haqqında olacaq. Çünki o, bütün həyatını milli istiqlal ideyalarının gerçəkləşməsinə həsr etmiş, bir əlində qələm, bir əlində silah əsarətə, zülmə, imperializmə qarşı açıq mübarizə aparmışdır. Milli istiqlal şairi kimi tanınan Əhməd Cavad həm də ADR-in qurucularından biri idi.
Ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Əhməd Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir. Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur. Əhməd Cavad şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilmişdir. Təsadüfi deyildir ki, onun «Çırpınırdı Qara dəniz!» şeirinə dostu dahi Üzeyir bəyin bəstələdiyi musiqi 75 ildən çoxdur ki, dost və qonşu Türkiyənin ən önəmli marşlarından biri kimi hər səhər, hər axşam radiolarda, televiziyalarda səslənməkdə, rəsmi tədbirlərdə, məclislərdə, mərasimlərdə, təntənəli ziyafətlərdə ifa olunmaqdadır. Bu şərqini dahi Atatürk də çox sevirdi, hətta onu ilk dəfə dinləyərkən gözləri yaşarmışdı…
Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayan Əhməd Cavad gecə-gündüz çalışır, əməli işi, bədii yaradıcılığı ilə xalqının xoşbəxtliyi, azadlığı üçün əlindən gələni əsirgəmirdi. Türk ordusu qardaş Azərbaycan birlikləri ilə Bakını azad edəndə Əhməd Cavadı yenə «Müqəddəs Məhmədciklə» səngərlərdə düşmənlə vuruşan görürük. Şairin bu döyüş meydanında yazdığı «Bismillah» şeri onun milli ruhlu, dəyərli lirik əsərlərindəndir:
Ey hərbin taleyi bizə yol ver, yol.
Sən ey
coşan dəniz, gəl türkə ram ol,
Sən ey
sağa, sola qılınc vuran qol,
Qollarına qüvvət gəlir, Bismillah.
Əhməd
Cavad Qafqaz İslam Ordusunun hər bir uğuruna sevinir, ilhama gəlir,
onları böyük qələbələrə səsləyirdi:
Bu
qarşıdakı duman çıxan bacadan,
Sən gəlmədən
iniltilər çıxardı!
Geciksəydin,
məzlumların fəryadı,
Yeri,
göyü, kainatı yıxardı!
Əhməd Cavad ölkədə gedən geniş
dövlət quruculuğunda yaxından iştirak edirdi. Nəsib bəy
Yusifbəyli maarif naziri olarkən mədəni-maarif
quruculuğu işlərində ona yaxından kömək
edirdi. O, Bakı Darülfünunun (Bakı Universiteti) təşkilində
də fəallıq göstərirdi. Ali təhsil
müəssisələrində tədris olunmaq
üçün 1919-cu ildə ilk dərslik kimi «Türk
dilinin sərfi və nəhvi» kitabını
yazmışdı. Əhməd Cavad həm
də «Müsavat» Firqəsinə üzv idi. «Müsavat»
Firqəsinin II Qurultayında (1919-cu il,
dekabr) M.Ə.Rəsulzadənin aqrar məsələ ilə əlaqədar
son dərəcə tənqid və mübahisəyə səbəb
olan məruzəsindən sonra Əhməd Cavad geniş nitq
söyləyir: hökumətin bəyannaməsində bəylər
və kəndlilər arasındakı münaqişənin
ikincinin xeyrinə həll olunmasını, rəncbərlərə
qarşı insanlıqdan kənar hərəkətlərə
son qoyulmasını tələb edir.
ADR dövründə yazdığı şeirlər Əhməd
Cavad yaradıcılığının zirvəsidir. İstiqlal şairinin «Azərbaycan,
Azərbaycan!» və «Canım,
gözüm, gözüm, canım Azərbaycanım» şeirləri
isə vətən sevgisi ilə, torpağa məhəbbət
ruhu ilə doludur. Bütün varlığı və ruhu ilə
Azərbaycan Cümhuriyyətinə bağlı olan Əhməd
Cavadın bu dövrdə yazdığı şeirlər
arasında üçrəngli bayrağımıza həsr
olunmuş şeirləri xüsusi yer tutur:
Türküstan
elləri öpüb alnını,
Söyləyir
dərdini sana, bayrağım!
Üç
rəngin əksini Quzğun dənizdən
Ərməğan
yolla sən yara, bayrağım!
Azərbaycan Rusiya tərəfindən işğal ediləndən
sonra da Əhməd Cavad milli istiqlal ideyalarına sadiq
qalır.
Sovet dövrü yaradıcılığında rəmzlərdən,
ezop dilindən istifadə etsə də, rəmz və işarələrlə
çatdırmaq istədiyi fikir açıqlığı
ilə seçilirdi:
Çoxdan
ayrı düşdüm,
Üçboyalı bayraqdan.
Ay dostlar,
mən yoruldum,
Bu gizli
ağlamaqdan…
1920-1922-ci illərdə şair Quba Xalq Maarif Şöbəsində
işləsə də, mövcud quruluşla heç cür
barışa bilmirdi. Ə.Cavad təslim olmayaraq, köləliyə
qarşı çıxırdı. Şairin
bu dövrdə yazılmış şeirlərində qəm,
kədər motivləri üstünlük təşkil edirdi.
Şeirlərində Əhməd Cavad cənnət
kimi ölkəsinin məzarlığa döndüyünə,
evlərin yıxılıb xanimanların söndüyünə,
işlənməmiş bir cinayətin qalmadığına
eyham vurur, azadlıq gətirəcək yeni səhərin
intizarından danışırdı. Buna
görə də Əhməd Cavad güclü təqiblərə,
hücumlara məruz qalır, əsas tənqid obyektinə
çevrilirdi. İlk dəfə onu
1923-cü ildə gizli olaraq nəşr edilən «İstiqlal»
qəzetinin həbsə atılmış naşiri Mirzə
Bala Məmmədzadəni həbsxanadan qaçırmaqda
ittiham edərək tuturlar. Şair 1924-cü ilin
yanvarında həbsxanada yazdığı «Ay ellər»
şeirində:
Hanı yaz mövsümü gülüm, çiçəyim?
Tez düşdü yurduma xəzan, ay ellər.
Mən
yaza bilmədim, əllərim bağlı,
Yoxmu bu dərdimi yazan, ay ellər?
- deyə fəryad edirdi. Köhnə iş
yoldaşı Qubanın maarif şöbəsinin müdiri vəzifəsində
çalışan Hüseyn Musayev Mircəfər
Bağırova dostuna görə ağız açır. O
zaman M.Bağırov güzəştə getsə də,
Cavadın adını Şura hökumətinin ölüm dəftəri
olan «Qırmızı siyahı»ya saldırır.
Əhməd Cavad çıxış yolunu susmaqda
görür.
1920-25-ci illərdə mətbuatda cəmi
dörd-beş şeiri çap olunur. O zaman onu
«sandıq ədəbiyyatının banisi» adlandırıb tənqid
edirlər. 1925-ci ildə yazdığı
«Göygöl» şeiri isə Əhməd Cavada ciddi problemlər
yaradır. Şeirdə işlədilən
«ulduz», «ay», «yaşıl» sözlərinə görə
şairi ittiham etməyə başlayırlar. Deyirlər
ki, o, bu şeirində ötən günləri yada salıb,
«Müsavat»ı xatırlayıb:
Sənin
gözəlliyin gəlməz ki saya,
Qoynunda yer vardır yıldıza, aya.
Oldun sən
onlara mehriban daya,
Fələk büsatını quralı, Göygöl.
Cavadı yenə həbs edirlər. Ona gah işgəncələr,
gah «nəsihətlər» verirlər: «Həqiqəti boynuna al!» – deyirlər. «Göygöl»ü tərcümə edib Moskvaya
göndərirlər. Moskva şeirdə
heç bir siyasi səhv tapılmadığını
bildirir. Ancaq Cavadı həbsdən azad etməyə
tələsmirlər. Onu hələ iki ay
da dustaqxanada saxlayırlar. Şairə
«sovet quruluşu ilə barış, quruculuq işlərinə
aid şeir yaz», – deyirlər. Əhməd
Cavad isə bu zaman «Pambıq» şeirini yazır. Şeir çap olunar-olunmaz yenidən hay-küy
qalxır. Əhməd Cavad yenə sovet quruculuğuna
qarşı çıxaraq yazır:
Sən
Muğana gələli,
Biz yaylağa köçmədik.
1928-ci ildə
Türkiyədə müsavatçıların nəşr
etdikləri «İstiqlal məcmuəsi»ndə Əhməd
Cavadın şeirləri işıq üzü görəndə
düz iki il sərasər bəzi şairlər,
yazıçılar yorulmaq bilmədən mətbuatda
«İstiqlal məcmuəsi»ndə çap olunan şeirlərinə
görə onu ittiham edirlər. Əhməd Cavad «Kommunist» qəzetinin
1929-cu il 31 oktyabr tarixli sayında «Şiddətli protesto edirəm»
məqaləsində tənqidlərə belə cavab verir:
«Aprel inqilabından sonra əlaqədar olmadığım bir
təşkilat tərəfindən nəşr edilən bu
kitabdan xəbərim olmadığı kimi, hansı
parçalarımın da oraya düşdüyündən xəbərim
yoxdur». Amma bu etiraz kükrəyən
kin-küdurət dalğasının qarşısında bir
damla idi. «Yeni yol» qəzetinin 1929-cu il 6 noyabr tarixli
sayında «Yeni yol»un müxbirləri» imzası ilə çap
olunan «Cavada nifrət» adlı məqalədə də Cavad barəsində
şairdən çox qatı cinayətkar kimi
danışılırdı.
Əhməd
Cavad şeirlərinin Türkiyədə nəşr olunması
ilə bağlı mətbuatda onu ittiham edənlərə
«Kommunist» qəzetinin 1929-cu il 19 noyabr tarixli sayında
«İzah» adlı məqaləsi ilə cavab verir. Amma elə qəzetin
həmin və sonrakı saylarında «Qoy, «cocuq» Cavad bizi cocuq
sanmasın» – sözləri ilə bitən «Cavadın yolu»
adlı irihəcmli, imzasız redaksiya məqaləsi dərc
olunur.
Yazıçı Əbdürrəhim bəy Haqverdiyevlə
xalq artisti Hüseynqulu Sarabski o vaxt mətbuatda şairi
müdafiə etsələr də, hücumlar onu Bakıdan dərbədər
salır. Əhməd Cavad Gəncəyə
köçür. Gəncədə Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və
rus dilləri kafedrasında müəllim, dosent, kafedra
müdiri (1930-33-cü illər) vəzifələrində
çalışır. Amma onu «unutmurlar».
Böyük şairin 1930-cu ildə yazdığı
«Kür» şeiri isə onu yenidən tənqid hədəfinə
çevirir. Xüsusən bolşevik məddahları Əhməd
Cavadın şeirdə işlətdiyi son misralarını belə
qəbul edirlər ki, şair yeni həyatı bəyənmir,
bəzi quruculuq işlərindən narazıdır, köhnə
dövranı üstün tutur. Ona görə də
Kürə deyir:
«Meydan sənin
deyil, keç!»:
Dolaşıb
dağı, daşı,
Qatırım ol, yük daşı.
Əyil
Kürüm, əyil, keç!
Meydan sənin
deyil, keç!
1934-cü ildən Azərbaycan Şura
Yazıçılar İttifaqının üzvü olan
şair Bakıya qayıdandan sonra Azərbaycan Dövlət Nəşriyyatının
tərcümə şöbəsində redaktor (1934), «Azərbaycanfilm»
studiyasında sənədli filmlər şöbəsinin
müdiri (1935-1936) işləyir. Amma ondan yenə də
əl çəkmirlər. Azərbaycan
Şura Yazıçılar İttifaqının, Azərbaycan
KP MK-nın plenumlarında, iclaslarında yenə də tənqidlərə,
təzyiqlərə məruz qalır. Qələmindən
çıxan hər sətirdə siyasi məna, pantürkist
düşüncələr axtarırlar. Nəticədə
işdən qovulur, yazdığı əsərlərin
qonorarlarını vermirlər, əsərləri, tərcümələri
(Ş.Rustavelinin «Pələng dərisi geymiş qəhrəman»
və s.) oğurlanır.
1937-ci ilin martında Əhməd Cavad
Yazıçılar İttifaqından «xalq düşməni»
kimi çıxarılır. 1937-ci ilin iyun gecələrinin
birində şairi həbs edirlər. Dustaq
sayı 1112 olan şairin istintaq işi 1937-ci ilin 25
sentyabrında başa çatır. 12
oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi
Kollegiyasının Səyyar Sessiyası tərəfindən
«Müsavat» Partiyasının üzvü kimi, əksinqilabi
millətçilik fəaliyyətinə görə I kateqoriya
ilə güllələnməyə məhkum edilir. İstintaq materiallarında Əhməd Cavadın məhkəməsindən
sonra – oktyabrın 12-dən 13-ə keçən gecə
öldürüldüyü yazılır. Amma əslində şair bir gün qabaq –
oktyabrın 11-də istintaq zamanı döyülərək qətlə
yetirilir.
Böyük şair Əhməd Cavad ömrünün
sonuna qədər milli istiqlal ideyalarına sadiq qaldı,
hüquqları çeynənən bir ölkənin haqq səsi
oldu. Təqiblər, məhbəsdəki işgəncələr
onun iradəsini qıra bilmədi. O, bir dəfə də
olsun xalqına və qələminə xəyanət etmədi.
Əhməd Cavad son nəfəsinədək Azərbaycanın
azadlığına sadiq qalmış və bu yolda şəhid
olmuş vətənpərvər kimi, Azərbaycan
istiqlalının böyük şairi kimi
yaddaşlarımızdan heç zaman silinməyəcək,
daim yaşayacaq…
Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2012.-19 yanvar.- S.13.