Daha çox yadda qalan aktyor

 

«A yoldaş, bir az sakit olar

 

Əslində qəhrəmanlar maraqsız adamlardır. Adətən, birxətli yaşamağı, ancaq qəhrəmanlıq etməyi proqramlaşdırırlar. Onların başqa seçimləri yoxdur. Qəhrəmanları kütlə üçün maraqlı edən özlərindən çox ətraflarındakı ikinci dərəcəli obrazlardır. Əgər doktor Vatson olmasaydı, oxucu başladığı araşdırmaları mütləq uğurla başa çatdıran Şerlok Holmsdan çox tez doyardı. Yel dəyirmanları ilə döyüşən Don Kixotu da Sanço Pançosuz təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan kinosu da həmin qəhrəmanlara oxşayır. Filmlərdə ikinci, üçüncü dərəcəli obrazlar və onları araya-ərsəyə gətirən aktyorlar baş qəhrəmanlardan daha çox yadda qalır. Bu yazı belə aktyorlardan birinə – xalq artisti Eldəniz Zeynalova həsr olunur.

 

«Humay ilahəsi» mükafatına layiq görülüb

 

Milli teatrımızın inkişafına can yandıranlardan, təbiətinə, bacarığına uyğun nüansları, elementləri, jestləri səhnəyə, ekrana gətirən sənətkarlardan biri də respublikanın xalq artisti Eldəniz Məmməd oğlu Zeynalov olub. O, sevib-seçdiyi sənətin dolanbac yollarında bir kimsəni yamsılamadı. Özünün bacarığını üstün tuturdu. Necə vardısa, nəyə qadir idisə, eləcə də səhnəyə çıxar, kamera qarşısında oynayardı. İlk anda görənlərə elə gəlirdi ki, guya o, özündən razı adamdır. Əslində isə belə deyildi. Dili «zəhər» olsa da, ürəyi ipək kimi yumşaq idi. Səhnədə, ekranlarda yüzlərlə rol oynamışdı. Özünü o obrazların heç birinə bənzətməzdi.

Eldənizin aktyorluq peşəsini seçməsi təsadüfi olmamışdı. Çoxsaylı xarakterik obrazlar qalereyası yaratmış görkəmli aktyor Həsənağa Salayev onun dayısı idi. Gözünü açandan ustadını – dayısını səhnədə görmüşdü. «Yaxşı oğul dayısına oxşayar» – deyiblər. Eldəniz də tamaşaçıları güldürməyə, onları düşündürməyə könül açmışdı. Sonralar İncəsənət İnstitutunu bitirdi. Ondan tez-tez eşidərdik: «Mən teatrı mənzilim, səhnəni ailəm, övladlarım qədər sevirəm».

Həqiqətən də belə idi. Eldənizi axtaranlar onu teatrlarda tapardılar. Əlbəttə, onun teatra, səhnəyə sevgisi də cavabsız qalmırdı. Müxtəlif rejissorlar onu ampulasına uyğun rollar oynamağa dəvət edərdilər. Gərgin əməyi isə yüksək qiymətləndirilirdi. 1974-cü ildə respublikanın əməkdar artisti fəxri adına layiq görülmüşdü.

Görkəmli aktyor Əliağa Ağayev, Fazil Salayev onun dostları idi. Bir gün çəkiliş zamanı Eldəniz soruşdu: «Əliağa əmi, niyə məni görəndə alça yemiş adam kimi sir-sifətini turşudursan?» Məşhur yumor, gülüş ustası həmkarının sualına yarızarafat, yarıciddi belə cavab verdi: «Çünki səhnədə, ekranda elə hey özün gülürsən, tamaşaçılar gülmür». Eldəniz də ustadının yumorlu deyiminə gülə-gülə cavab verdi: «Ay əmi, axı hamı sizin kimi olmaz…»

E.Zeynalov istər epizodik, istərsə də əsas rollarda bir neçə bədii filmlərə çəkilmişdi. Lakin fikrimizcə, onun məşhur «Əhməd haradadır?» bədii filmində çoxsaylı Əhmədlər obrazları arasında oynadığı Əhməd daha yaddaqalımlıdır. Təbii ki, əsl sevginin bir müsbət cəhəti də aradakı qısqanclıqdır. Sevdiyi qız Əhmədi – Eldənizi gözdən qoymur, onun baxışına, gülüşünə, davranışına şübhə ilə yanaşır. Lakin aktyor – Eldəniz yaxşı mənada bu zülümlərə tab gətirə bilir, onu ürəkdən, qəlbdən sevənin şıltaqlığına dözür. Filmin quruluşçu rejissoru, teatr-kino sənətimizin korifeylərindən biri Adil İsgəndərov deyərdi: «Lent əsərində Eldənizin öz yeri var. O, verdiyim mizanın öhdəsindən bacarıqla gəlmişdir. Mən «Əhməd haradadır?» filmini Eldənizsiz təsəvvür etmirəm».

Ötən əsrin 70-80-ci illəri bir çox sahələrdə uğurlarımız kimi, haqlı olaraq ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz üzrə də intibah dövrü kimi tarixə yazılıb. Məhz bu dövrdə neçə-neçə bədii əsərlər yaranmış, tərəqqimiz təsvir və tərənnüm edilmişdi. Eyni zamanda neqativ hallara münasibət bildirilmişdi. Bu baxımdan, «Mozalan» kino-jurnalının xidməti çox olmuşdu. Eldəniz Zeynalov da həmin ekran nümunələrinin hazırlanmasında fəallıq göstərmişdi. Mərhum aktyor «Mozalan» jurnalında prototiplərini yaratdığı insanların hamısı mənfi obrazlardır. Bəlkə bu keyfiyyət rejissor traktovkasından irəli gəlmişdi? Ancaq çoxları şahiddir ki, Eldəniz Zeynalov ekranda göründüyü kimi heç də ziyanxor, iddialı, öz marağını üstün tutan olmayıb. Eldəniz Zeynalov könül açdığı, sevib-seçdiyi sənətin əsl fədaisi idi. Yaxşı, xarakterik, komik aktyor kimi tanınması üçün hətta gözlərinin nurunu, ürəyinin hərarətini də bağışlayardı. Bütün bu istəyi də əvəzsiz qalmazdı. Dünyasını dəyişməzdən az öncə bir çoxları kimi o da respublikanın xalq artisti fəxri adına layiq görülmüşdü.

 

Ömür yoluna boylananda…

 

Eldəniz Zeynalov Bakıda hərbçi ailəsində dünyaya gəlib. Eldəniz adını ona həmin vaxt tamamilə təsadüf nəticəsində bu ailədə olan xalq şairi Səməd Vurğun verib. Eldəniz orta məktəbdə oxuyanda tanınmış aktyor Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram dərnəyinə üzv yazılıb. Aktyor kimi ilk təcrübəsi Akademik Dram Teatrının səhnəsində «Sevil» tamaşasında oynadığı Gündüz rolu olub. Teatr İnstitutunda rejissor Adil İsgəndərovun kursunda oxuyub.

Kinoda ilk dəfə Adil İsgəndərovun «Əhməd haradadır?» musiqili kinokomediyasında rəngsaz Əhməd rolunda çəkilib və bundan sonra bütün yaradıcılığını və həyatını milli kinomuzla bağlayıb. Görkəmli aktyor, müəllimi A.İsgəndərovun xeyir-duası ilə 30-dan artıq filmdə «İyirmialtılar» (komissar Vəzirov), «Yaşamaq gözəldir, qardaşım» (Mustafa Sübhi), detektiv «O qızı tapın» (Səyavuş), «Mən nəğmə qoşuram» (Sədr), «Qızıl uçurum» (Nuru bəy), «Bizim Cəbiş müəllim» (alverçi Qulam), «Yeddi oğul istərəm» (kəndli Kazım), «Həyat bizi sınayır» (Məsi), «Yol əhvalatı» (Şikayətçi), «Babamızın babasının babası» (Həkim), «Əzablı yollar» (Div) və «Ömrün səhifələri» kinoalmanaxında («Rəqiblər» novellasında Eldəniz) çəkilib.

Kinoda ilk böyük rolu «Bir cənub şəhərində» filmindəki Tofiq obrazı olub. Bunlardan əlavə E.Zeynalov «Mozalan» satirik kinojurnalında da iştirak edib. Həmçinin «Təyyarələr enmədi» özbək filmində Yavər rolunu oynayıb və «Mosfilm»də istehsal olunmuş «Dulsineya Tobosskaya» filmində epizodik rolda çəkilib. İstedadlı aktyorun son işləri rejissor Vaqif Mustafayevin («Hər şey yaxşılığa doğru», «Yerlə göy arasında» və s.) filmlərində olub.

 

Kinomuz bakılı obrazını itirdi

 

…Onlar filmin müəyyən bir hissəsində peyda olurlar. Ya katalizator rolunu oynayırlar – hadisələri qızışdırarlar ya da düyünlərin açılmasına kömək edirlər. Ya da qısa bir replika atıb sadəcə yoldan keçirlər və onları bir daha görmək mümkün olmur. Amma unutmazsınız onları. Bəzən bütün filmdən təkcə onlar qalar yaddaşınızda. İkinci dərəcəli, epizodik rollar və onların ifaçıları…

Qəhrəmanları oynamaq asandır. Onsuz da filmin davam etdiyi müddət ərzində bütün diqqətlər baş qəhrəmanda cəmlənir, əhvalatlar onun ətrafında cərəyan edir. Tamaşaçı ilk epizoddan ondan nə gözləməli olduğunu bilir. Aktyor da tamaşaçının gözləntilərini reallaşdırır. Epizodik rollar ifaçısının işi daha çətindir. Onlar vəzifələrini yerinə yetirməkdən əlavə, həm də səsləndirməli olduqları balaca cümlə ilə, ya bircə baxışla xarakter büruzə verməli, əsas qəhrəmanların fonunda itməməlidirlər. Eldəniz Zeynalov kimi aktyorlar bu prosesin formulunu tapmışdılar. Bu formul səmimilikdir. Tamaşaçı ilə səmimi olmaq, ona onun özünü, qonşusunu, yaxşı tanıdığı tanışını göstərmək… Eldəniz Zeynalovun yaratdığı obrazların hamısı adi insanlar, məişət torunda çabalayan, həyatın dolanbaclarında sağ qalmağa, ailəsini birtəhər dolandırmağa çalışan, bir sözlə, başını aşağı salıb öz çax-çuxu ilə məşğul olan balaca adamlardır. Kəndli Kazımın («Yeddi oğul istərəm») parodoksal cəmiyyətin absurd tələblərinə uymaqdan, bayrağı gah damın başına sancmaqdan, gah da çıxarmaqdan başqa nə çarəsi var. Onsuz da o, hər an qurban verilməyə hazır piyadadır. Vaxtı çatanda ipi kəsiləcək.

«Yol əhvalatı» filmindəki şikayətçi də, «Rəqiblər»dəki Eldəniz də, «Bir cənub şəhəri»ndəki Tofiq də kəndli Kazımın şəklini dəyişmiş, yeni şəraitə adaptasiya olunmuş təsviridir. «Bəyin oğurlanması» filmində hətta ona müvəqqəti olaraq bəzi səlahiyyətlər də veriblər. O isə əlinə düşmüş ani fürsətdən yararlanır və qarşısında can-dildən oynayaraq onu razı salmağa çalışanlardan daha çox «emosiya» tələb edir. Vaqif Mustafayevin «Yerlə göy arasında» filmində isə artıq elə yorulub ki, hər şey onun üçün «ləhlülüyə» çevrilir.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 20 yanvar.- S.14.