22 illik yolun ilk 42
günü
Qanlı
Yanvar hadisələrindən artıq 22 il,
yaxud 7671 gün keçir. XX əsrin sonu və
XXI əsrin ilk onilliyini əhatə edən bu tarixi dövr ərzində
dünya miqyasında həqiqətən ciddi siyasi-ictimai,
iqtisadi-sosial, mədəni-mənəvi proseslər baş
verib. Keçmiş Sovet İttifaqı və onun
başçılıq etdiyi sosialist sistemi dağılıb,
dünyada yeni müstəqil dövlətlər meydana
çıxıb, hakimiyyətlər dəyişib, yeni
elmi-texniki kəşflər edilib, müharibələr baş
verib, beynəlxalq aləmdə siyasi-hərbi sahələrdə
qüvvələr nisbəti real prinsiplər üzərində
formalaşıb, təbii olaraq hər şeyin hakimi sayılan
zaman-vaxt amili hökmü qarşısında nələrsə,
kimlərsə unudulub, yaddan çıxıblar…
Ancaq
xalqın azadlıq mübarizəsi Şəhidlərin
adları, əməlləri, amalları millətimizin tarixinə,
onun əbədi yaddaş kitabına ən uca and yeri kimi
yazılıb, unudulmaz oğul-qızlarımızın
müqəddəs qəbirlərinin yerləşdiyi «Şəhidlər
Xiyabanı» hər birimizin ulu ziyarət yerinə çevrilib.
Xalqımızın keçirdiyi uzun bir mübarizə,
azadlıq və istiqlal yolunun qanlı-qadalı, əzab-əziyyətlı,
acılı-şirinli tarixi mərhələləri sübut
edib ki, azadlığa gedən yolum, məğrur «Şəhid
körpüsü» var. Ona görə də milli vətəndaşlıq
və insani borcunu yerinə yetirmək üçün:
«Şəhidlər
Xiyabanı»na gedək,
Gedək
Anam, gedək Bacım, gedək Qardaşım…
Gedək
və təmizlənərək bu kədərin,
Bu dərdin
odunda, atəşində
bir-birimizə nifrətdən,
təmizlənək, saflaşaq, ilahiləşək
Oğullarımızın
Şəhid olduqları
Bu Yurd
üçün, Torpaq üçün, Məmləkət
üçün!
Özümüzdən
asılı olmadan, bu müqəddəs məkanda bir anlıq
«dəli bir ağlamaq keçir könlümdən» ovqatı
yaransa da, heç vaxt unutmamalıyıq ki:
Bu
ölüm, bu qırğın dərs olsun bizə,
Deməyək
boş yerə candan keçdilər…
Onlar
Şəhid olub Millətimizə
Qorxmazlıq dərsini təlim keçdilər.
Qanlı
Yanvardan sonra fövqəladə vəziyyət və yerli
hakimiyyət orqanlarının fəaliyyətinin iflic edildiyi
bir şəraitdə, Şəhidlərin dəfninin təşkili,
yanvar ayının 20-dən başlayaraq qəbirlərin
qazılması işindən izdihamlı qırx gün mərasiminin
keçirildiyi aprelin 2-nə qədər olan 42 gün müddətində,
olduqca məsuliyyətli, hətta müxtəlif təhlükələrlə
bağlı matəm mərasiminin bütün
ağırlığı, xalqın məsləhəti və
hökmü ilə yaradılaraq, yalnız onun iradəsini,
hamılıqla razılaşdırılmış xəttini
təmkinlə yerinə yetirən İctimai Dəfn
Komissiyasının üzərinə düşmüşdü.
Tərkibində
din xadiminin, fəhlənin, mühəndisin, elm
işçisinin, inşaatçının, jurnalistin, müəllimin,
alimin olması, cəmiyyətin müxtəlif ictimai təbəqələrinin
təmsil edildiyi bu quruma öz gündəlik çətin
işini səbirli ahəngdarlıq və ciddi nizam-intizam, habelə
dəqiqliklə qurub, ardıcıllıqla həyata
keçirməyə imkan vermişdi. Fövqəladə vəziyyətə
qəzəb-nifrət, yerli hakimiyyət orqanlarına
inamsızlıq, ümidsizlik şəraitində İctimai Dəfn
Komissiyasının «Şəhidlər Xiyabanı» ərazisində
təşkil etdiyi matəm mərasimi və ziyarət prosesi, əslində
xalqın sərbəst surətdə toplaşıb, azad fikir
mübadiləsi apardığı yeganə nisbətən «təhlükəsiz»
bir məkan, yaxud «ictimai-siyasi» meydan idi.
A.Paşazadə,
B.Vahabzadə, İ.Şıxlı, S.Rüstəmxanlı,
A.Məlikov, Ş.Hüseynov, O.Süleymanov, C.Həsənli,
Y.Qarayev, Z.Yaqub, S.Əhmədov, İ.Mustafayev, A.İbrahimov,
T.Bağırov, başqa tanınmış din xadimi, şair,
yazıçı, bəstəkar, alim, rəssam, aktyor, heykəltaraş,
müğənnilərin vaxtaşırı «Şəhidlər
Xiyabanı»na ziyarətləri, insanlarla görüşləri,
ünsiyyətləri, məsləhətləri ümumxalq həmrəylik
ab-havası yaradırdı. Səhər tezdən qaş
qaralana qədər Şəhidlərin ruhuna oxunan dualar hər
gün bir neçə dəfə təkrar olunan «bir anlıq
sükut» çağırışının
yaratdığı təkrarolunmaz lal mənzərə,
müxtəlif çıxışlar, söylənən
şeirlər, oxunan yanıqlı qəsidələr, «qərənfil
dənizinin» bura gələnləri kövrəltməsi,
köməkçilər dəstəsinin fədakar zəhməti,
təcili yardım həkimlərinin qayğıkeş
münasibətləri, taksi və avtobus sürücülərinin
əhaliyə təmənnasız xidməti, tələbə
və şagirdlərin ərazini təmizləyib, səliqə-səhman
yaratmaları tədricən bu yerin xalqın şüurunda
xüsusi bir məna kəsb etdiyini göstərirdi.
Və bu işlərin ən xırda cəhətlərinin
dəqiqləşdirilməsi, həyata keçirilməsi məsuliyyəti
İctimai Dəfn Komisiyası və onun çevik köməkçilər
dəstəsinin üzərinə dişmüşdü. Etibar Səmədov və
Rüstəm Xalıqovun son dərəcə bacarıq və
tələbkarlıqla başçılıq etdiyi bu qrupun –
Vaqif, Gündüz, Əbdül, İskəndər, Seyfulla,
Adil, Təvəkkül, Fərhad, İlham, Xəlil, Mehman,
Cavanşir, Yaşar, Eldar, Fuad, Möhsüm, Üzeyir, Mötəbər,
Rahib, Vasif, İxtiyar, Məhəmməd, Tamerlan, Əli, Feyruz
kimi üzvlərinin gərgin əməyi və əvəzsiz
xidmətləri ən yüksək hörmət-qiymətə
layiqdir.
Həmin
şəraitdə İctimai Dəfn Komissiyasına, onun
köməkçilər dəstəsinə elə doğma
el münasibəti yaranmışdı ki, onların gecəli-gündüzlü
fəaliyyətindən razılıqlarını öz
işləri kimi dəyərləndirərək, bu qurumu nə
qədər qəribə səslənsə də «bizim
hökumət» adlandırır, xahiş və
tapşırıqlarını can-başla yerinə yetirir, ən
başlıcası isə bu işdən qurur duyaraq yeni
tapşırıqlar üçün hazır
olduqlarını, hətta başqalarını da cəlb edə
biləcəklərini söyləyirdilər.
Bu mənada İctimai Dəfn Komissiyasının
çoxcəhətli fəaliyyəti, həqiqətən xalq
müdrikliyinin konkret ifadəsi olan tarixi bir hadisə kimi millətin
sarsılmış inamını özünə qaytarmaq və
onun daxili imkanlarını yeni mübarizə mərhələsinə
səfərbər etmək istiqamətində, milli azadlıq
hərəkatımızın unudulmaz səhifəsidir.
Tarixi
yaddaş və ədalət naminə İctimai Dəfn
Komissiyası üzvlərinin adlarını Millətimizə,
eyni zamanda gələcək nəsillərə
xatırlatmağı lazım bilirəm: Hacı
Allahşükür Paşazadə, Azər Nəbiyev, Xəliyəddin
Xəlilov, Xalid Muxtarov, Nəriman Əliyev, Bağır
Bağırov, Rəhim Qasımov, İsmayıl İncəli,
Malik Mehdiyev, İbrahim Əliyev. Bu komissiya adından «Şəhidlər
Xiyabanı»nda bütün maneə və çətinliklərə
baxmayaraq fasiləsiz surətdə keçirilən gündəlik
ziyarət, cümə axşamları və izdihamlı qirx
gün matəm mərasimində xalqa olan müraciətlər
həm təsəlli, həm də mübariz
çağırış xarakteri
daşımışdı:
–
«Qanlı Yanvar 19-dan 20-nə keçən dəhşətli
qırğın gecəsindən artıq bir həftə
ötür… Lakin hələ çox həftələr, aylar,
illər keçəcək, amma biz bu faciəli hadisəni
unutmayacağıq və unutmağa da haqqımız yoxdur… Fədailər
və Şəhidlər Xiyabanında dəfn olunan
qurbanlarımız arasında 66 yaşlı azərbaycanlı
ixtiyar kişi, 13-14 yaşlı məktəb şagirdi, 45
yaşlı yəhudi həkim və 16 yaşlı qız, 43
yaşlı rus kor əlil və 17 yaşlı gənc, 31
yaşlı tatar sürücü və 46 yaşlı ləzgi
yanğınsöndürən var… Deməli, bu
faciə təkcə azərbaycanlıların deyil, eyni zamanda
respublikamızda yaşayan millətlərin ümumi faciəsidir.
Lakin bu ağır günlərdə öz göz
yaşlarımızı qəlbimizə axıdırıq… Biz Şəhidlərimizin matəm məclisini
xalqımızın ucalığına və nəcibliyinə
uyğun davam etdirməliyik».
- «Bu gün biz Şəhidlərimizin 40
gününü qeyd etmək üçün matəm mərasiminə
toplaşmışıq! Azərbaycan xalqı
oğul və qızlarının 40 gününü fövqəladə
vəziyyətin hökm sürdüyü, hərbçilərin
əhatəsində, vertalyotların uçuş-nəzarət
gurultusu, snayperlərin hədəfində olduğu bir şəraitdə
qeyd edir. Belə bir vəziyyət xalqımızdan səbirli
və təmkinli olmağı tələb edir… Biz
Şəhidlərimizin bütün respublikada keçirilən
40 gün mərasimini elə aparmalıyıq ki, Azərbaycan
xalqının zəngin tarixi ənənələrinə,
dini adətlərinə, Millətimizin ucalığına və
Şəhidlərimizin məğrur ruhlarına layiq olaq».
- «Yada
salmağı özümüzə borc bilirik ki, bu hadisələrdə
verdiyimiz Şəhidlərin sayı, burada dəfn olunanlardan
çoxdur… Gec-tez həqiqət tam aydınlaşacaq, haqq-ədalət
öz yerini tutacaq, Qanlı Yanvar faciəsini törədənlər
öz cəzasını alacaqlar… Xalqımız və ziyarətə
gələnlərin adından zəhmətlərinə
görə Abşeron kəndlərinin sakinlərinə,
Bakı və Sumqayıt məktəblilərinə, tələbələrə,
taksimotor və avtobus parklarının, metronun, fabrik, zavod və
müxtəlif müəssisələrin, təşkilatların
koolektivlərinə, xüsusilə də Gürcüstan,
Dağıstan, Özbəkistan, Qazaxıstan, Tacikistandan gəlmiş
nümayəndəliklərə, xarici və yerli jurnalistlərə
işimizə kömək göstərmiş hər kəsə
razılığımızı bildirir, onların
qarşısında hörmətlə baş əyir, əllərini
öpürük…»
Ötən
22 il ərzində xalqın tövsiyyəsi, məsləhəti
və tələbi ilə müxtəlif vaxtlarda, xüsusilə
son dövrlərdə «Şəhidlər Xiyabanı» ərazisində
aparılmış abadlıq, yenidənqurma işlərini
yüksək qiymətləndirməklə yanaşı, nəzərdə
tutulanların hamısının başa
çatdırıldığını demək olmaz.
Şəhidlərimizin
dəfninin ilk günlərindən xalq tərəfindən irəli
sürülmüş, bu geniş və özünəməxsus
relyef xüsusiyyətlərə malik ərazidə,
açıq səma altında, Azərbaycan xalqının
istiqlal mübarizəsi tarixinin əsas mərhələlərini
əks etdirən Vahid Xatirə Kompleksi yaradılmalı,
«Şəhidlər Muzeyi» fəaliyyət göstərməli,
sərgi zalları, yaradıcılıq studiyaları,
kitabxana, oxucu zalı, kinolektoriya olmalı, «xalq tribunası» təşkil
edilməli, hərbi vətənpərvərlik tədbirləri
keçirilməli, səriştəli bələdçilər
və bir neçə dil bilən təcrübəli
mühazirəçilər qrupu müxtəlif ölkələrdən
gələn turistləri, qonaqları məlumatlandırmalı,
Şəhidlər Xiyabanı və onun ətraf ərazisi
xüsusi status almalı, əvvəlki nəsillərin
azadlıq mücahidlərinin qəbirləri buraya
köçürülməli, Əbədi Məşəlin
yaxınlığında fəxri əsgəri qarovul xidməti
növbə çəkməli, Şəhidlərin şərəfinə
əzəmətli heykəl-abidə ucaldılmalıdır.
Bir məsələ barəsində də fikrimi şəhid
ailələri, əlaqədar təşkilatlar və ictimaiyyətlə
bölüşmək istəyirəm. Şəhidlərin hüzn
günü rəsmi şəkildə hər il
yanvarın 20-də qeyd olunsa da, onların dəfni yanvarın
22-də təşkil edilib. Düşünürəm ki, həmin
gün Şəhid ailələrinin, yaxınlarının, 20
Yanvar cəmiyyəti və fondu üzvlərinin, İctimai Dəfn
Komissiyası nümayəndələrinin oraya ziyarəti savab
bir iş olub, nakam oğul-qızlarımızın narahat
ruhlarını şad edərdi. Çünki
Dünya
yaranandan bəxt üzüyümsən,
Şəhid
məzarıdır qaşın, ey Vətən!
Yanvar,
2012
Qüdrət Əbdülsəlimzadə,
professor, 20 Yanvar hadisələrində
İctimai Dəfn Komissiyasının
sədri
Xalq Cəbhəsi.-
2012.- 20 yanvar.- S.13.