Qəhrəmanlıq dastanı – 20 Yanvar

 

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 22 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

Bakıya yeridilmiş qoşun kontingentinə, – bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı, – «döyüş tapşırığını» yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər «Şit» təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından: sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar.

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda «rus və erməni kartından» məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, «millətçi ekstremistlər» tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin «dəlilləri» hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Amma SSRİ DTK-nın «Alfa» qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı.

Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn «təcili yardım» maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Amma sovet qoşunları o vaxtları yalnız Bkıda soyqırım törətmədilər. Azərbaycanın digər bölgələrində də əhali vəhşicəsinə qətlə yetirildi. Bu zaman sual olunur: nə üçün 20 Yanvar hadisələri xatırlananda ölkənin digər bölgələrində həyata keçirilən qətliamlar yada düşmür?

Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovun fikrincə Qorbaçov dünya ictimaiyyətinə yalan məlumat verərək guya paytaxtda erməni və qeyri-müsəlman millətlərinə divan tutulduğunu əsas gətirərək bura qoşun yeritdi: «Amma bununla yanaşı Lənkəran, Kürdəmir ərazilərində də sovet qoşunları əhaliyə divan tutdular. Yadımdadır, Ağdama da qoşunlar girmək istəyirdilər. Həmin vaxtları biz Ağdamın komendantı ilə danışıqlar apardıq və 27 tankın istiqaməti Çölyol deyilən ərazidən keçməklə Xankəndinə yollandı. Onu da deyim ki, 27 ağdamlının hər biri özünə tank əleyhinə mina bağlamışdılar ki, tankları partlatsınlar. Onlar Ağdamın Ətyeməzlər kəndi yaxınlığında tankların gəlişini gözləyirdilər. Görünür xüsusi xidmət orqanları bundan xəbər tutduqlarından tankların istiqamətini Xankəndinə yönəltdilər. Yəni 20 Yanvar hadisələri zamanı da sovet qoşunları təkcə Bakı ilə kifayətlənmədilər. Amma bölgələrə nisbətən Bakıda daha çox dinc əhalini qırdılar. Bilirsiniz, Bakı düşünən beyin mərkəzi idi, Milli Azadlıq Hərəkatı burada formalaşdığından bütün güc bura yönəldilmişdi».

Hadisənin digər iştirakçılarından olan DADP-ın sədri Məmməd Əlizadə isə bildirib ki, 90-cı illərdə Azərbaycan SSRİ üçün çox təhlükəli idi: «Digər SSRİ respublikaları arasında Bakı ən təhlükəli ünvan idi ki, bu ünvan zərərsizlişdirilməliydi. Çünki Azərbaycanda milli azadlıq hərəkatı Gürcüstan, Özbəkistandan daha sürətlə inkişaf edirdi. 88-ci ildə 17 gün oturaq aclıq aksiyasının keçirilməsi Moskvanı narahat etməyə başlamışdı. Amma 20 yanvar qırğınından öncə də bölgələrdə fəallıq artmışdı. Məsələn, yanvarın 12-də Lənkəranda Azərbaycanın SSRİ tərkibindən çıxması barədə qərar qəbul edildi. Cəlilabadda əhali ayağa qalxmışdı, Naxçıvanda Ali Sovet səviyyəsində bu məsələ ilə bağlı qərar qəbul olunmuşdu. Yəni bütün Azərbaycan Qorbaçovun erməniləri müdafiə etməsinə qarşı çıxırdı, müstəqilliyin əldə olunmasına çalışırdı. SSRİ rəhbərliyi isə gözləmirdi. Bilirsiniz ki, Etibar Məmmədov, mərhum xalq şairimiz Xəlil Rza Ulutürklə birlikdə Lefortova zindanına salınmışdım. Mənim cinayət işimdə bir məqamı xatırlayıram. Orada göstərilmişdi ki, yanvarın 13-də SSRİ DTK-nın əməkdaşları Bakıya gələrək bizim haqda cinayət işinə başlamışdılar. Həmin günlərdə isə Bakının müxtəlif mehmanxanalarında sovet qoşunları yerləşdirilmişdi. Yəni 20 Yanvar qırğınına sovet qoşunları çoxdan hazırlanmışdı. Elə olur ki, bir şəhid, min qəhrəmanın yetişməsinə səbəb olur. Bəziləri isə düşünür ki, bir şəhid min insanı qorxuya sala bilər. Sovet rəhbərliyi elə zənn edirdi ki, Bakıda bir insanı qətlə yetirməklə min insan qorxub geri çəkiləcək. Amma belə olmadı. Bilirsiniz, son 100 ildə bizim and yerimiz yox idi ki, gedib orada and içək. 20 Yanvar hadisəsi bizə o and yerini bəxş etdi. Azərbaycan qəhrəmanlıq dastanını yazdı. Ola bilər ki, bu hadisə hansısa bir ailənin faciəsi olsun. Amma bütünlükdə xalqın qəhrəmanlıq dastanıdır. Bu dastanın yazılmasında Bakı başda olmaqla, bütün bölgələr, bütün Azərbaycan iştirak edib».

Həqiqətən Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, amma Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaq.

 

 

Cavid

 

Xalq Cəbhəsi.- 2012.- 20 yanvar.- S.5.