Orta əsrlərdə Azərbaycanda
dünyəvi qanunvericilik
Nəsirəddin Tusi əsərlərində
idarəetmənin, qayda-qanunların təkmilləşdirilməsini,
xalqın mənafeyinə və rifahının
yaxşılaşdırılmasına yönəldilən
islahatların keçirilməsini vacib sayır
I Yazı
XIII əsrin ortalarında Azərbaycan ərazisində Elxanilər dövlətinin meydana gəlməsilə ictimai-siyasi həyatın bütün sferalarında, o cümlədən də cəmiyyətin hüquqi həyatında böyük dəyişikliklər baş verdi. Bu dövrdə digər məsələlərlə yanaşı, hüquqi islahatlar həyata keçirilib.
XIII-XIV əsrlərdə Azərbaycanda əsas hüquq mənbəyi qismində müsəlman hüququ çıxış etsə də, ilkin mərhələdə onun normaları, yuxarıda qeyd etdiyimiz kimi, patriarxal feodal hüququ ilə əlaqəli şəkildə fəaliyyət göstərirdi. Tarixçi alim X.C.İsmayılov bu istiqamətdə geniş tədqiqat aparıb. O bildirir ki, Elxanilər dövlətinin mövcudluğunun ilk çağlarında monqol aristokratiyası Çingiz xanın Yasası əsasında hərəkət edir, bütün idarəetmə və təsərrüfat-məişət məsələləri, mülki və ailə- nikah münasibətləri bu qanunun göstərişlərinə uyğun olaraq tənzimlənirdi. Tarixçi alim monqol feodal-patriarxal hüququnun toplusu kimi xarakterizə edilən Böyük Yasanı XIII-XIV əsrlərdə Azərbaycan feodal hüququnun mənbələrindən biri sayır.
Hüquqi göstərişlərdən başqa Yasa, həm də varislər üçün Çingiz xanın müxtəlif məsləhətlərini, o cümlədən öyüd-nəsihətini bildirən normalarla zəngin olub. Ümumiyyətlə, burada mənəvi-estetik, dini normalarla hüquq normaları üzvi surətdə çulğalaşıb. Yazılmamış və köçürülməmiş Yasa şifahi olaraq nəsildən nəslə ötürülüb. Bizə məlum olan 33 fraqmentdən əksəriyyəti cinayət hüquq normalarını özündə ehtiva edir. Onlardan yalnız ikisi mülki hüquqi məsələlərə həsr olunub. Ayrı-ayrı fraqmentlərdə ordunun təşkili, ona rəhbərlik haqqında, dövlət başçısının-böyük xanın bəylərlə-feodallarla qarşılıqlı münasibətləri barədə danışılır. Hüquqi normalardan əlavə, Çingiz xanın müxtəlif məsələlərə dair, o cümlədən nəsihət xarakterli qərarları və göstərişləri Yasaya daxil edilmişdi ki, bunlardan da 13-ü bizə məlumdur. Onların içərisində od üstündən, süfrə üstündən tullanmaq, axan suda yuyunmaq və ya paltar yumaq və s. kimi qadağanları nəzərdə tutan normalar var idi. Yasada mülki-hüquqi normalardan vərəsəlik və ailə-nikah münasibətlərinə aid olan iki fraqment bizə məlumdur. Onların əsasında qeyd edə bilərik ki, əmlak bölgüsü zamanı ailənin böyük oğluna üstünlük verilərək ona daha çox əmlak payı verilirdi. Bununla belə, ata ocağı (kasıblarda yurta, varlılarda əsas aillər, xanlarda başlıca ulus) onun ölümündən sonra kiçik oğula qalırdı. Oğlan övladlarının yetkinlik yaşına yetişməsinə qədər ailə başçısı vəfat edərdisə, müvəqqəti olaraq əmlakı birinci (böyük) arvad idarə edirdi. Uşaqların böyüklüyü də onların analarının birinciliyilə ölçülürdü. Yasaya görə qadının böyüklüyü onun yaşı ilə deyil, nikahın bağlanma vaxtıyla müəyyənləşdirilirdi. Yasada qadınların hüquqi vəziyyətinə də müəyyən yer ayrılmışdı. Nikahın bağlanması zamanı (bu əksər hallarda qadının qaçırılmasıyla müşayiət olunurdu) kişi tərəfin müəyyən məbləğdə xərc (başlıq) verməsi, qadının isə öz nəslinin imkanlarına uyğun olaraq cehiz gətirməsi nəzərdə tutulurdu. Yasada kişinin qadının atası evinə köçüb yaşaması kimi adətə də rast gəlinir. Miras əmlakın bölgüsüylə bağlı yuxarıda gətirdiyimiz fakt istisna olmaqla, birinci və ya sonrakı arvadlardan, yaxud kənizlərdən doğulmasına baxmayaraq, bütün oğlan övladları bərabər hüquqlara malik idilər. Bu da öz növbəsində çoxarvadlılığa yol verilməsi döyüşçülərin sayının artırılmasıyla əlaqələndirilirdi. Uşaqların vəziyyəti patriarxal ailə üçün tipik hal sayılan valideynlərə, xüsusilə ataya onların dinməzcə, şərtsiz tabe olmaları ilə xarakterizə olunur. Ailənin acından ölməsinin qarşısını almaq məqsədilə uşaqların satıla bilməsi halları da Yasanın normalarında müəyyən yer tapmışdır. Qız övladlarının nisbətən az hüquqa malik olmaları, nikaha daxil olarkən ata evindən cehiz apardıqları üçün vərəsəlik hüququna malik olmamaları da Yasada öz əksini tapıb.
Böyük Yasa formalaşmaqda olan feodal dövlətinin möhkəmləndirilməsinə istiqamətləndirilib. Bu məqsədlə qanunlar toplusunda həddindən artıq qəddar cəzalar nəzərdə tutulurdu. Yasanın göstərişlərini pozmağa görə olduqca qəddar cəzalar müəyyənləşdirilmişdi. Yasa ilə qadağan edilən 36 əməldən 13-ü ölüm cəzasıyla cəzalandırılırdı.
Cinayət normaları cinayətləri və mülki hüquqi pozuntuları fərqləndirməyərək, bütün əməllərə görə ciddi cəzalar nəzərdə tuturdu. Yasada qan intiqamının mövcudluğuna işarə vardır, amma bu həmin dövrdə getdikcə sıradan çıxmaq üzrə idi.
Xana və müxtəlif yüksək səviyyəli vəzifəli şəxslərə qarşı hər hansı formada xəyanət və tabe olmamaq qəddarcasına cəzalanmaya, yəni müxtəlif üsullarla ölüm cəzasına məhkum edilməyə səbəb olurdu.
Tarixçi alim
X.C.İsmayılov bildirir ki,
Yasanın bizə qədər cəlib çatmış
fraqmentlərində, başlıca olaraq, ölüm cəzası
haqqında məlumatlar üstünlük
təşkil edir. Belə ki,
adamöldürməyə, qaçmış qulun
mənimsənilməsinə görə Yasa
ölüm cəzasını nəzərdə
tutur. Belə cəzalar əmlak cinayətlərinə
görə də müəyyən edilmişdi.
Yasaya görə, başqasının
atını oğurlamaqda təqsirli bilinən
şəxs, oğurlanmış atla
yanaşı on baş at da qaytarmalı idi.
Təqsirkar şəxsin bu qədər atı vermək imkanı olmadıqda, o, bunun əvəzində öz uşaqlarını
verməli, uşaqları
olmadığı halda
isə ölüm cəzasına məhkum edilirdi. Yasaya görə,
ölüm cəzası,
həm də oğurluğa, üçdəfəlik
müflisləşməyə, döyüşdə öz
yoldaşına kömək
göstərməməyə, qaçmış qulların
gizlədilməsinə, əsirlərə
onları əsir götürən şəxsdən
geyim və yemək verməyə, zinakarlığa, başqasına
zərər yetirmək
məqsədilə cadugərliyə,
düşünülmüş şəkildə yalan danışmağa, təkbətək
döyüşdə tərəflərdən
hər hansı birinə kömək göstərməyə, başqasının
davranışını güdməyə,
külü və suyu murdarlamağa və s. qisimdə əməllər üstündə
nəzərdə tutulurdu.
Xırda
oğurluğa görə
(məsələn, qoyunun
oğurlanmasına görə)
təqsirkar şəxs
üçün ölüm
cəzası deyil, qamçılanma və ya da oğurlanmış
əşyanın (əmlakın)
on qat məbləğini
ödəmə nəzərdə
tutulurdu. Ordudakı nizam-intizamı
gücləndirmək məqsədilə
nəzərdə tutulan
sərt cəzalar da müxtəlif əməlləri əhatə
edirdi. Belə ki, öz postunu rəisin razılığı olmadan
dəyişməyə cürət
etmiş hər hansı bir döyüşçü ölümə
məhkum edilirdi. Döyüş zamanı bir
əsgərin hərb
meydanından qaçması
onunla bərabər bütün onluğun əsgərlərinin ölümə
məhkum edilməsinə
səbəb olurdu.
Ayrı-
ayrı hallar üzrə Yasa cərimə cəzası
da müəyyənləşdirmişdi
ki, bunun da məbləği hər hansı bir konkret halda
zərərçəkənin sosial vəziyyətindən asılı
olaraq təyin edilirdi.
Elxanilər dövlətinin nəinki ictimai və dövlət quruluşu, həm də hüququ özündən
əvvəlki dövlətlərin
hüququndan bəhrələnmişdi. Ona görə
ki, istər əvvəlki dövrlərdə,
istərsə də Elxanilər dövlətində
hökmdar fərmanlarının,
təliqələrin əksəriyyəti
müsəlman hüququnun
normaları əsasında
qəbul edilir və bu normalar
fiqhin ümumi prinsipləri çərçivəsində
müəyyən dəyişiklikləri
nəzərdə tuturdu.
Digər
tərəfdən, həmin
fərman və təliqələri dövlət
hakimiyyətini təmsil
edənlər verdiyi üçün dünyəvi
qanunvericilik sistemini təşkil edirdi.
Elxanilər dövründə Azərbaycan
ərazisində ictimai,
sosial-iqtisadi və hüquqi münasibətlərin
inkişafına təsir
göstərən amillərin
içərisində bu
dövrdə ayrı-ayrı
dövlət başçıları
tərəfindən verilən
müxtəlif səpgili
fərmanlar, eləcə
də dövlətdə
mühüm vəzifələr
tutmuş şəxslərin
tərtib etdiyi qanunnamələr, traktatlar,
təliqələr mühüm
yer tutur.
İlk elxanlardan olan Hülaki xanın və Abaqa xanın
vaxtında dövlətin
baş vəziri olmuş dahi Azərbaycan mütəfəkkiri
və ictimai-dövlət
xadimi olan Nəsirəddin Tusi özünün «Əxlaqi-Nasiri»
və «Maliyyə haqqında traktat» əsərlərində hüququn,
ələlxüsus inzibati,
maliyyə, aqrar, cinayət, mülki və prosessual hüququn təkmilləşdirilməsi
baxımından çox
qiymətli məsələlər
qaldırmış və
bu normaların dövlətin ictimai-iqtisadi,
sosial və hüquqi həyatında tətbiq edilməsinin reallaşdırılması üçün
xeyli iş görüb.
Tusi yuxarıda
adı çəkilən
əsərlərində idarəetmənin
qayda-qanunlarının təkmilləşdirilməsindən,
xalqın mənafeyinə
və rifahının
yaxşılaşdırılmasına yönəldilən islahatlar
keçirilməsindən danışır
və öz konkret təkliflərini bildirir. O, «Əxlaqi-Nasiri» əsərinin
üçüncü məqaləsini
«Ölkəni idarəetmə
qaydaları» adlandırmış
və burada dövlətin inzibati və iqtisadi funksiyalarının təhlilini
verib. Tusinin fikirlərindən aydın olur ki, o, müəyyən tarixi dövrdə ayrı-ayrı tayfaların,
icmaların birləşməsi,
ictimai təbəqələrin
yaranmasında dövlətin
və idarəetmənin
zəruriliyini qeyd etmişdir. Tusi Şərq fəlsəfəsinə
istinad edərək, belə bir prinsipi
əsas götürür
ki, rəiyyəti ədalət, fəzilət
və hikmət qanunları əsasında
idarə etmək lazımdır. Dövlət, hökmdar elə qanunlar verməlidir ki, bu qanunları
hamı qəbul etsin və yerinə
yetirilsin. Əgər hökmdar
bir şey deyir, yerlərdə valiləri başqa cür edirlərsə, onda qayda-qanun pozular, hərc-mərclik yaranar, zülm ərşə dayanar.
Tusi «Maliyyə
haqqında traktat» əsərində maliyyə
və vergi sistemində elə dəyişikliklər aparılmasını
təklif edir ki, bunlar ilk növbədə istehsalçıların
marağının canlanmasına
xidmət etsin. Bunun üçün o, öz dövründə vergilərin
toplanmasında özbaşınalığı
nəzərə alaraq,
əsas dörd vergi növünün tətbiqini məqsədəuyğun
sayır: əkinçilərdən
xərac formasında;
tacirlərdən tamqa
formasında; heyvandarlardan
«məral» deyilən vergi; təsadüfi gəlirlər şəklində
xəzinəyə daxil
olan vəsaitlər. Bunlarla yanaşı o, vergi və rüsumların dərəcələrini, toplanma
vaxtını irəlicədən
müəyyənləşdirməyi, təbəələrin bu
vergiləri ödəmə
imkanlarını nəzərə
almağı dövlət
məmurlarının başlıca
vəzifəsi sayır.
Adı çəkilən «Traktat»da
istehsal münasibətləri,
torpaq sahibliyi formaları, əhali təbəqələrinin hüquqi
vəziyyəti, xüsusilə
də tacir və sənətkarlarla dövlət arasındakı
qarşılıqlı münasibətlərlə
bağlı çoxsaylı
təkliflər öz
əksini tapıb.
X.İsmayılov ehtimal edir ki, Tusinin traktat
şəklində dövlətə
təqdim etdiyi bu təkliflər və islahatlar onun ölümündən
(1274) sonra Qazan xanın (1295-1304) həyata
keçirdiyi islahatlarda
nəzərə alınıb.
Ümumiyyətlə, Tusinin dövlət formaları, sosial təbəqələr və
onların hüquqi vəziyyəti, idarəetmə
qaydaları, hüququn
ayrı-ayrı institutları
haqqında olan fikirlərinin tətbiqini həm Elxanilər dövründə, həm
də sonrakı dövrlərin reallığında
görmək olar. Cinayət
və cəza məsələlərinə, ədalət
mühakiməsilə bağlı
məqamlara xüsusi diqqət yetirən mütəfəkkir, cinayət
törətməkdə təqsiri
olan şəxslər
barəsində istintaqa
tanış olmayan üsullardan istifadənin və cismani işgəncələr
verilməsinin yolverilməzliyini
qeyd edir və belə zorakılığı, qeyri-insani
münasibəti ədalət
mühakiməsini həyata
keçirən qulluqçuların
nöqsanı kimi qiymətləndirirdi. Qəzəb ədalət
mühakiməsi subyektinin
fərdi keyfiyyətlərindən
biri kimi səciyyələndirilir və
mötədilliyin ifrata
doğru pozulması nəticəsində əmələ
gələn ədalətsizlik
kimi izah olunurdu.
Bayram Alı
Xalq Cəbhəsi.-
2012.- 25 yanvar.- S.10.