Ümmülbanu (Banin) ilə Bunin
80-ci
illərin sonuna kimi Bakının neft milyonçuları Musa
Nağıyev və Şəmsi Əsədullayevin nəvəsi
Ümmülbanu (Banin) Fransız yazıçısı kimi
tanınırdı.
Ümmülbanunun
uşaqlıq və gənclik illəri XX yüzilliyin əvvəllərindən
başlanır, əsrin bu illəri böyük faciələr,
paradokslar, emosiyaların coşub-daşan, “insan ruhunun yüksəlişi
və enişi əsridir”. Bu dövr tariximizin sosial-iqtisadi,
ictimai- siyasi və mədəni proseslərlə zəngin olan
20 illik (1900- 1920) bir zamanıdır. Bəllidir ki, məhz bu
dövrdə Axərbaycan xalqının milli şüurunun
inkişafı tarixində keyfiyyətcə yeni mərhələ
başlanır, milli azadlıq mübarizəsi yeni yüksək
mərhələyə qədəm qoyur.
Ümmülbanunun
həyatı Azərbaycanda neft sənayesinin inkişaf sürətinin
və məhsul istehsalının dünyada birinci yerə
çıxdığı mərhələyə təsadüf
edir. Ümmülbanu dövrün iqtisadi həyatında
bütün çətinlikləri, neft istehsalının təmərgüzləşmə
prosesinin Azərbaycanda daha geniş vüsət
aldığını öz gözləri ilə
görmüşdür. Beləliklə, dövr neft sənayesində
milli kapitalın 60 faizinə qədərini öz əlində
cəmləmiş 12 firmaya rəhbərlik edən, XX əsrin
əvvəllərində öz müəssisələri əsasında
səhmdar cəmiyyəti yaratmış Şəmsi Əsədullayev
ailəsində dünyaya gəlmiş Ümmülbanu ictimai –
siyasi həyatı, inzibati idarəçilikdə köklü
dəyişiklikləri, siyasi partiyalar və təşkilatların
yaranmasını, ictimai – siyasi durumun kəskinləşməsini,
sosial və milli əsarətə qarşı mübarizənin,
Azərbaycan cəmiyyətində sosial fəallağın
artmasını, sosial ziddiyyətlərin kəskinləşməsinin
və nəhayət xalqın siyasi özünüdərkinin,
milli şürunun formalaşması prosesinin bilavasitə
şahidi olmuşdur. Bütün bunlar onun zəngin bədii
yaradcılığında öz əksini tapa bilmişdir.
Yasaq
və qadağalar illərində Ümmülbanunu həmyerlimiz
kimi tanıya bilmirdik. Lakin 80- ci illərin əvvəllərindən
ümmumittifaq mətbuatı ilə yaxından
tanışlıq, yazıçı və mədəniyyət
işçilərimizin, alimlərimizin Fransayda
görüşləri Ümmülbanunu bizə
tanıtdı. Yazıçı Anar 9 yanvar 1985-ci ildə
“Bakı” qəzetində dərc etdirdiyi “Fransa
görüşləri” adlı oçerkində fransız
yazıçısı, həmyerlimiz, Banin ləqəbi ilə
tanınan Umm- El-Əsəddullayeva barəsində məlumat
vermişdi.
1986-cı
ildə Banin “İzvestiya”nın Fransadakı müxbiri Yuri
Kovalenko ilə geniş söhbət etmiş,
özünün rus yazıçıları İ.A.Bunin, N.A.Teffi,
habelə rəssamlardan A.Benua və başqaları ilə olan
dostluğundan xeyli danışmışdı.
1987-ci
ildə M.Sərvər rus dilindən Ümmülbanunun
“İvan Buninin son höcəti” sənədli povestini tərcümə
edib, “Azərbaycan” jurnalının 12 sayında çap
etdirib. Bu povest ömrünün sonuna kimi Oktyabr inqilabı ilə
barışmayan, lakin hər dəqiqə, hər an vətən
həsrəti ilə alışıb- yanan böyük rus
yazıçısı – mühacir İvan Bunin haqqında
yazılmış xatirələrdir.
Ümmülbanunun
on kitabı və bir çox tərcümələri
vardır. Tərcümələri rus, ingilis və alman
yazıçılarının əsərlərindəndir.
Artıq
Azərbaycanda da çap olunan “Qafqaz günləri” romanı
müəllifin Bakıda keçən uşaqlıq və gənclik
illərindən, bilavasitə gördüyü, şahidi
olduğu hadisələrdən bəhs edir. Romandakı hadisələr
keçən yüzilliyin birinci və ikinci onilliyində təsadüfi
neft milyonçusuna çevrilmiş inhisarçı Şəmsi
Əsədullayevin və onun nəsli ətrafında baş
verir.
“PARİS GÜNLƏRİ
Bu
günləri və günlərin
ağrı-acılarını Ümmülbanu 1942-ci ildə
yazdığı “Paris günləri” adlı romanında
reallaşdırdı. Azərbaycanda 15 il yaşamış
Ümmülbanu ömrünün qalan illərini Parisdə
keçirdi. Ömrün Paris dövrü. Ümmülbanunun
bir vaxtlar ağlına da gəlməzdi ki, Paris onun
bütün gözəlliklərinin nəsibi olacaq, hər
gün Konkord meydanından keçəcək, tez-tez Luvr
muzeyini gəzəcək,uzun çəkən müharibə
və inqilabdan sonra ömrünün ən şirin
arzularına qovuşacaq.
Paris
həyatı, 20-30-cu illərin Fransa ədəbi mühiti onun
dünyagörüşündə əsaslı
dönüş yaradır,onu yeni-yeni əsərlər üzərində
işləməyə alışdırır. “Nami”dən
başlanan yaradıcılıq yolu bir-birinin ardınca “Paris
günləri”, “Ernst Yunkerlə görüş”, “Mən tiryəki
seçdim”, “Sonra”, “Yad Fransa”, “Son ümidin
çağırışı”, “İvan Buninin son höcəti”
və s. bədii əsərlərini oxuculara
çatdırdı.
Hacımusalı Oktay
Xalq Cəbhəsi.- 2012.- 25 yanvar.-
S.15.