Orta əsrlərdə Azərbaycanda dünyəvi qanunvericilik

 

 Qazan xanın islahatları islam dininin qəbulu və möhkəmləndirilməsi, hərbi iş və qoşun saxlanılması, təsərrüfatın idarə edilməsi, torpaq və rəiyyətin hüquqları, ticarət-maliyyə qaydaları, saraydaxili idarəçilik, daxili qayda-qanunlara əməl edilməsi, ədalət mühakiməsi və mülkiyyət tələblərini tənzimləyirdi

 

II Yazı

 

XIII əsrin ortalarında Azərbaycan ərazisində Elxanilər dövlətinin meydana gəlməsilə ictimai-siyasi həyatın bütün sferalarında, o cümlədən də cəmiyyətin hüquqi həyatında böyük dəyişikliklər baş verdi. Bu dövrdə digər məsələlərlə yanaşı, hüquqi islahatlar həyata keçirilib.

XIII-XIV əsrlərdə Azərbaycanda mövcud olan hüquq mənbələrinin içərisində Elxani hökmdarı Mahmud Qazan xanın verdiyi fərmanlar mühüm yer tutur. Doğrudur, Qazan xana qədərki hökmdarlarHülakü xan, Abaqa xan, Arqun xanKeyxatu xanın hakimiyyəti illərində buya digər məsələlərlə bağlı müxtəlif səpkidə fərmanlar vermişdilər. Tarixçi alim X. İsmayılov bildirir ki, Qazan xanın fərmanları istər ictimai-siyasi, sosial-iqtisadi, dini, istərsə də hüquqi baxımdan mükəmməlliyilə seçilirdaha mühüm əhəmiyyət daşıyırdı. 1295-ci ildən 1304-cü ilə qədər hakimiyyətdə olan Qazan xan yerli feodalları öz tərəfinə çəkmək və öz hakimiyyətini möhkəmləndirmək məqsədilə əsasən dövlətin sosial-iqtisadihüquqi həyatını əhatə edən bir sıra islahatlar həyata keçirdi. Bu islahatlar onun vermiş olduğu 40-a yaxın fərmanında öz təzahürünü tapıb.

Qazan xan islahatlarının tənzimlədiyi münasibətlər sistem baxımından aşağıdakı bölgüyə ayrıla bilər: İslam dininin qəbulu və möhkəmləndirilməsi barədə qanunvericilik; hərbi qoşun saxlanılmasına dair qanunvericilik; təsərrüfat iqtisadiyyatının idarə edilməsi barədə qanunvericilik; torpaq və rəiyyətin hüquqları barədə qanunvericilik; ticarət-maliyyə qaydaları barədə qanunvericilik; saraydaxili idarəçilik barədə qanunvericilik; daxili qayda-qanunlara əməl edilməsi sahəsində qanunvericilik; ədalət mühakiməsi və mülkiyyət tələbləri haqda qanunvericilik.

İlkin olaraq islam dininin qəbulu haqqında 16 iyul 1295-ci ildə fərman verilmiş, islam dövlət dini elan olunmuş, monqollar kütləvi şəkildə islama keçiblər. 1300-cü ildə «Məhkəmə haqqında», «Qazı rütbəsinin verilməsi haqqında», «Dələduzluğun və əsassız iddiaların qarşısının alınması, habelə girovsuz borc alanlar, digər borcluların əhdi pozma hallarının aradan qaldırılması haqqında» fərmanlarla məhkəmə-istintaq islahatı, «İslam hökmdarının qazılara, şeyxlərə, zahidlərə, alimlərə və mömin şəxslərə təlimatları haqqında» fərmanla müxtəlif məsələləri əhatə edən islahat həyata keçirildi. Məhkəmə islahatı ilə əvvəllər mövcud olmuş qayda-məhkəmə hakimi vəzifələrinin otkupa (iltizama) verilməsi qaydası ləğv olunurdu. Həmin fərmanlara əsasən şəriətə aid bütün məsələləri hakimlər, əmirlər, feodallar qaziyə bildirməli, qazı isə həmin məsələləri öz hökmüylə həll etməli idi. Başqa heç bir kəsin bu işə qarışa bilməməsi, qazının həbs etdiyi şəxsi kimsənin azad etməsinin yolverilməz olduğu bildirilirdi.

Məhkəmə hakimləri mükəlləfiyyətlərdən azad edilir, vergi ödəmir, evlərində çapar qalmasından, kopçurdan azad edilirdilər. Qazıların ləyaqətini alçadacaq hər bir hərəkət ciddi cəzalandırılırdı. Yeni fərmana görə qazı çəkişən tərəflərin işinə onların tərəfini saxlayan adamlar olmadan baxmalı, monqol və müsəlmanlar arasında olan mübahisələrə məsciddə ayda iki dəfə bitikçi, məliklərin iştirakıyla baxmalı, hökm onların hamısı tərəfindən imzalanmalı idi. İddia obyekti olan əmlak özgəninkiləşdirilə bilməzdi. Vilayət qazısı yerli qazıları təyin edir, hər ay onların işini yoxlayırdı. Təyin olunmuş qazılardan ədalətli olacaqları barədə iltizam alınır, hər ay qərarların surəti vilayət qazisinə göndərilirdi.

Yerli qazılar yalnız borc öhdəçilikləri barədə işlərə baxa bilərdi, daşınmaz əmlak barədə və digər mürəkkəb işlərə isə onlar şəhər məhkəmələrilə birlikdə baxmalı idilər. Qazı məhkəmə qərarlarını yazmaq, qeydiyyat aparmaq üçün katib götürməli idi. Katibin öz işinə xəyanət etdiyi halda, o, edam olunurdu. Qazılardan alınmış iltizam xüsusi formada tərtib edilir, 30 ildən artıq müddəti olan iddialara baxılacağı təqdirdə cəza veriləcəyi qeyd olunurdu.

Hakimlər həll etdikləri iddialar üçün dövlətin müəyyənləşdirdiyi rüsum alırdılar. Katiblər 110 dinarlıq sənəd üçün bir dirhəm, 111 dinardan artıq sənəd üçün 1 dinar, müdəbbir- məhkəmə fərraşı icrası təsdiq olunmuş sənəd üçün yarım dinar almağa haqlı idi.

Artıq alan katibya müdəbbir saqqalı qırxdırılaraq vəzifəsindən çıxarılırdı. Qanunun tələbinə əsasən qazılar şahid ifadələrini dəqiq yoxlayır, hökmdə həmin ifadələrə əsaslanmaqla bütün halları şərh edirdilər. Əvvəllər mövcud olan iki şahidin ifadəsinə əsaslanaraq hökm çıxarmaq hallarına yol verilməsi aradan qaldırılırdı. Qazılara bir vəzifə olaraq tapşırılmışdı ki, şahidlərin kimliyini, işdə maraqlı olub-olmamasını, iddiaçı və cavabdeh ilə əlaqəsini aydınlaşdırsınlar və bu baxımdan da ifadəyə qiymət versinlər. İfadələrdə zahiri təmtərağa yox, doğruluğa fikir verilməli, ədalətli və qanuna müvafiq hökm çıxarılmalı, kimsənin hüququ tapdalanmamalı idi. Şahid ifadələrində fikir fərqinə, kəmiyyət, keyfiyyət, məkan, zaman fərqlərinə rast gəlindikdə diqqətlə yoxlanılmalı, hər bir şahid ayrı-ayrılıqda dindirilməli idi.

Məhkəmə hakimlərindən işə baxarkən aidiyyat prinsipinə əməl etmələri tələb edilir, səlahiyyətləri dairəsində olmayan işlərə baxmaları, yurisdiksiyalarından kənar ərazilərə aid sənədləri yoxlamadan təsdiqləmələri qadağan edilirdi. Hökmlərin müvafiq nümunələr əsasında tərtib olunması üçün əyalətlərə məhkəmə hökmlərinin nümunələri göndərilirdi.

Əlahiddə fərmanla torpaq mülklərinin alqı-satqısı üçün xüsusi qayda müəyyənləşdirilmişdi. Həmin qaydaya əsasən torpağın alqı-satqısı zamanı satıcı və alıcının ləkələnməmiş şahidlərlə, zəruri sənədlərlə birlikdə qazının yanına gəlməsi tələb olunurdu. Satıcı satılan torpaq sahəsinə olan hüququnu müvafiq sənədlərin vasitəsilə sübuta yetirməli, sənəd olmadıqda isə yazılı şəkildə mülkə olan hüququnu izhar etməli, şahidlər də eyni qaydada, yəni yazılı formada öz ifadələrini verməli, qazı isə bütün bunları təsdiq etməli idi.

Bu qaydanı pozaraq girov qoyulanya vəsiyyət edilən, habelə artıq satılmış mülkləri yenidən satmaq istəyən şəxsləri təhqiramiz cəzalar gözləyirdi. Belə ki, həmin şəxslərin saqqalı qırxılır, eşşəyə tərsinə mindirilərək həmin ərazidə gəzdirilirdi. Qazılar belə qaydanın pozuntusuna yol verdikdə, onların tutduğu vəzifədən azad edilməsi, həm onun, həm də tərəflərin cəzalandırılması nəzərdə tutulurdu.

Tarixçi alim X.İsmayılov bildirir ki, 30 illik müddəti olan işlər üzrə iddiaların etibarsız sayılması haqqında fərmanla bu müddətdən sonra mülkiyyətin hər hansı növü üzrə mübahisələr yolverilməz elan olunurdu. Müxtəlif məsələlərlə bağlı məhkəmə qərarlarının konkret formalarının tərtibi haqqında fərmanda həmin sənədlərin yığılaraq ümumiləşdirilməsi və hakimlər tərəfindən rəhbər tutulması üçün yerlərə göndərilməsi müəyyən olunurdu. Torpaq mülkiyyətinin formaları və təmini ilə bağlı islahatlar əkinçilik məsələlərini, torpaqların bütün ölkə ərazisində yenidən bölüşdürülməsi prosesini əks etdirirdi. Bununla yanaşı, «Qoşuna iqta paylanması haqqında», «Xam torpaqların becərilməsi və məskunlaşdırılması haqqında» fərmanlar verilmişburada işğalçıların, eləcə də yerli məmurların orta təbəqələrinin yaşayışının zəruri vasitələrlə təmin edilməsi məqsədi güdülürdü. Qoşuna iqta paylanılmasını nəzərdə tutan fərmanla hərbi xidmət nəticəsində iqta torpağı əldə etmiş şəxslərin övladları ordu hissələrində xidmətə daxil olduğu halda həmin torpaq sahəsi miras kimi hərbi xidməti daşıyan övlada ötürülə bilərdi.

Dövlət məmurlarının özbaşınalığının və vəzifələrindən sui-istifadə hallarının məhdudlaşdırılması hallarını, habelə maliyyə və vergi münasibətlərini tənzimləyən fərmanlar xüsusi əhəmiyyət daşıyırdı. Bunların içərisində

«Yarlıq və payzların verilməsi işində ciddi qaydanın gözlənilməsi haqqında», «Ulağın (yam vergisi – X.İ.) ləğv edilməsi, çaparların sayının ixtisara salınması və onlar tərəfindən əhalinin sıxışdırılmasının qadağan edilməsi»,

«Dövlətin bütün ərazilərində çaparlar üçün dayanacaq məntəqələrinin tikilməsi buyuruğunun verilməsi və hakimlərə, digər məmurlara şəxsi evlərdə qalmasının qadağan edilməsi haqqında», «Ölçü, çəki və uzunluq vahidlərinin bütün ölkə ərazisində eyni standartlara gətirilməsi haqqında», saray idarəçiliyi, vergi, ordu, rabitə islahatlarının əsasında duran digər fərmanlar dövlət idarəçiliyinin möhkəmləndirilməsi, ictimai-siyasihüquqi həyatın yaxşılaşdırılması baxımından əlverişli şərait yaratmışdı.

Qazan xan rəiyyəti döyüşçülər və feodalların sıxışdırmasının qarşısını almaq üçün vergiləri azaltmaqla yanaşı, onlara qarşı haqsızlıq edilməsi hallarının aradan qaldırılmasına göstəriş vermişdi. Rəiyyətlərin əmlakını əlindən alan, buna şərait yaradan mütəsərriflər haqqında ölüm cəzasının tətbiqi, karvan yollarının mühafizə edilməsi və karvan basqınçılarının, quldurların tutulub məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirləri özündə ehtiva edən fərmanlar verilmişdi.

Qazan xanın hakimiyyətinin əvvəllərində kənd təsərrüfatı ölgün vəziyyətə düşmüş, sənətkarların istehsal etdiyi malların həcmi azalmışdı. Vergi sistemində ədalətsizliklər təsərrüfatı xaraba qoymaqda davam edirdi. Buna görə də, o, ilk növbədə vergilərin qaydaya salınması, vergilərin dəqiq müəyyən edilməsi üçün 1304-cü ilin fevralında fərman verərək məhsulun əvvəlcədən qiymətləndirilməsi qaydasını ləğv etdi.

Vergi sistemində islahata qədər vilayətlərdən vergi yığmaq vilayət hakimlərinə həvalə olunmuşdu, hakimlər istədikləri kimi əhalini soyur, müxtəlif bəhanələrlə əmlakını əllərindən alırdı. Çaparların hər dəfə vilayətə gəlmələri yerli əhalini müflis hala salırdı. Vergilər yığılması üçün əsassız baratlar meydana çıxır, alınmış vergilərin təkrarən alınması adi hal olurdu. Vəzir və əmirlərin rüşvətxorluğu buna imkan verən əsas vasitə idi. Buna görə bir çox rəiyyətlər öz torpağını atıb başqa yerlərə, hətta başqa dövlətlərə qaçırdı.

Qazan xan fərmanla yerli hakimlərin barat vergi toplamaq hüququ verən sənəd yazmasını qadağan edib, bütün vilayətlərə bitikçilər göndərərək əhalini sıyahıya aldırıb üzərlərinə kopçur vergisi qoydurdu. İlin əvvəlində bitikçi hər bir kəndliyə adını göstərməklə barat yazırdı. Hər hansı başqa bir şəxsin barat yazması ağır cəzaya – həmin şəxsin edam olunmasına səbəb ola bilərdi. Həmin baratlar divanda möhürləndikdən sonra vilayətlərə göndərilir və onun əsasında vergi yığılırdı. Natural şəkildə verginin gətirilib xəzinəyə verilməsi qadağan edilmişdi. Xəzinəyə yalnız pul verilməli idi. Bütün vilayətlərdə rəiyyətlər, verəcəkləri vergi məbləğini əvvəlcədən bilirdilər. Fərmanın yerinə yetirilməməsinə görə ağır cəzalar verilir, əmirlər, hakimlər belə edam edilirdi.

 

 

Bayram Alı

 

Xalq Cəbhəsi.- 2012.- 25 yanvar.- S.15.