Bir nəslin yaşam savaşı
Aşurbəyovların
tikdirdikləri Əjdərbəy məscidi, Təzə Pir məscidi
Şərq arxitekturasının möhtəşəm
simasını bugünkü nəslə çatdırır
Azərbaycan tarixində mühüm
işləri ilə yaddaqalan, ölkədə
memarlığın, maariflənmənin inkişafında
mühüm rol oynayan tanınmış nəsillər olub.
Onlar bu gün də hörmət və ehtiramla
xatırlanır. Belə nəsillərdən biri də
kökləri qədim dövrlərə gedib çıxan
Aşurbəyovlardır. Bu nəslin nümayəndələri
ölkədə möhtəşəm memarlıq abidələrinin
tikilməsində və xalqın maariflənməsində
müstəsna fəaliyyət göstəriblər. Aşurbəyovların
ucaltdıqları möhtəşəm yaşayış
binaları, məscidlər, onların iştirakı ilə
inşa edilən məktəblər və xəstəxanalar
inqilabdan əvvəlki Bakı memarlığının indiyə
qədər qızıl fondunu təşkil etməkdədir.
Lakin bu binalar gözəlliyi, möhtəşəmliyi,
nadir üslubu xatırlatmaqla yanaşı, kədərli
duyğuları da özündə yaşadır. Bu
duyğular isə həmin binaların sahiblərinin
acınacaqlı taleyidir. Bir zamanlar xalqın mədəniyyətində
mühüm yer tutmuş insanlar və ya hadisələr barədə
danışmaq siyasi cəhətdən təhlükəli
olduqda xalqın yaddaşından silinməsinə o qədər
çox vaxt lazım olmur. Beləliklə də 70 illik sovet
rejiminin təbliğat maşını tikililər və
onların sahibləri barədə olan məlumatı
xalqın yaddaşından silmək üçün onu tamamilə
alt-üst edib. Nəticədə neft maqnatları
dövründəki Bakı memarlığı barəsində
məlumatlar əldən çıxıb. Görəsən,
bu gözəllikləri yaradan insanların aqibəti necə
olub?
Aşurbəyovların
tarixçəsi
Nəslin kökündə Aşur xan Əfşar
dayanır. O, əfşar türk tayfasındandır. Bu tayfa
haqqında məlumatlar VIII əsrə gedib çıxır.
Məşhur Nadir şah da bu tayfadandır. O, 1740-cı ildə
Azərbaycana gələndə Bakıda və ətraf kəndlərdə
özünə arxa yaratmaq üçün əfşar
türk tayfalarından bir çoxunu Sabunçu, Zabrat və
Keşlə kəndlərində yerləşdirmişdi. Məhz
Nadir şahın dövründə Aşur xan Cənubi Azərbaycanın
Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı
olub.
Aşur xanın beş
oğlu olub – Hacı İmamverdi bəy, Allahverdi
bəy, Abdullah bəy, Danial
bəy, Əliyar bəy. Teymur bəy, Hacı Əjdər bəy, Bəşir bəy,
İsa bəy, Nəsrulla bəy, Hacı Mehdqulu bəy, Əliabbas bəy, Ağası
bəy, Mehdixan bəy, Əziz bəy,
Hacı Əhmədağa bəy, İsa
bəy Aşurbəyovlar da həmin nəslin
görkəmli nümayəndələridir. Onların bəziləri
qardaş, bəziləri isə əmioğlu,
bibioğlu və ya xalaoğlu olublar. 1828-ci
ildə Rusiyanın Şimali Azərbaycanı
işğal etməsindən sonra vəziyyət bir qədər
dəyişir. Bəylərin və xanların hüquqları
məhdudlaşdırılır. Lakin çar hakimiyyəti əhali arasında yaranan narazılığı gördükdə
əhalinin ali təbəqəsi ilə bir qədər yumşaq davranmaq qərarına gəlir. Bu istiqamətdə atılan ilk
və mühüm addım bəylərin
iqtisadi və hüquqi
vəziyyətinin tənzimlənməsi üçün
müxtəlif komissiyaların yaradılması olur. Ali təbəqəyə
mənsubluğun bilinməsi üçün
bəylər özlərinə sonu «ov»la bitən
«russayağı» familiya qəbul etməli
idilər. Həmin vaxtdan bəri bu nəslin nümayəndələri cəmiyyətdə
Aşurbəyovlar soyadı ilə tanınırlar.
Cəsarət, yoxsa
inqilab arzusu?
Bu nəslin ən tanınmış
nümayəndələrindən biri Nabat xanım Qoça bəy
qızı Aşurbəyovadır. O, Hacı İmamverdi
bəy Aşurxan oğlunun
nəvəsidir. Öz səxavəti və
xeyirxahlığı ilə məşhur olan
bu əsilzadə xanım varlı Bakı
taciri Hacı Musarza Rzayevin həyat yoldaşıdır. Onların
Hacı Abbasqulu Rzayev
adlı bir oğulları, Əşrəf
(Züleyxa) və Gülbəstə
adlı qızları olub. Nabat xanım Bakıda neft mədənlərinə və çox böyük imarətlərə
sahib imiş. Bu xeyirxah müsəlman
qadını Bakı milyonçusu
Hacı Zeynalabdin Tağıyevin təşəbbüsünə
qoşularaq Bakıya su
kəmərinin çəkilməsində də bilavasitə iştirak edib.
Nabat xanımın həyatında gördüyü ən böyük
iş Bakı şəhərində tikdirdiyi Təzə Pir məscidi
olub. Məscidin özülünə birinci daşın qoyulması üçün
Nabat xanım öz fəaliyyətinə
adi bənna kimi başlayan məşhur xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin
Tağıyevi dəvət edir. Doqquz ildən sonra məscidin
baş günbəzinə sonuncu
daşı da o qoyur. Deyilənlərə görə, Nabat xanım məscidin tavanını
qızıldan etmək istəyirmiş. Lakin
sonra buna maddi imkan çatmayıb.
Bu məscidin tikilməsi barədə
müxtəlif fikirlər söylənilir.
Təəssüf
ki, Nabat xanım məscidin
tikilib-başa çatmasına cəmi iki il qalmış vəfat
edir. Binanın tikintisi onun oğlu Hacı Abbasqulu Rzayev tərəfindən başa
çatdırılır. 1914-cü ildə müsəlman aləminin
gözəl memarlıq nümunələrini, ornamentlərini
özündə birləşdirən möhtəşəm Təzə
Pir məscidi Bakı müsəlmanlarının
ixtiyarına verilir. Nabat
xanım Aşurbəyovanın xeyriyyəçilik
missiyası bununla bitmir.
Deyilənlərə görə, olduqca xeyirxah olan Nabat xanım həftənin
cümə günləri yaşadığı mənzilin
qapılarını taybatay açıq
qoyarmış. Bu isə ona
işarə idi ki, yoxsullar həmin gün bu xanımın açdığı süfrəsində
qonaq ola, öz dərdlərini ona
danışa, bir sözlə, Nabat xanımın göstərdiyi mərhəmətin
sayəsində mütəşəkkil işlərinə əlac
tapa bilərdilər.
Təzə Pir qədər möhtəşəm və əzəmətli
görünüşə malik digər bir Bakı məscidi Göy
məsciddir. Bakılılar onu Göy məscid kimi
tanıyır. Ancaq əvvəllər bu Allah evi onun
əsasını qoyan Bakı taciri və mesenatı Hacı Əjdər bəy
Aşurbəyovun adı ilə «Əjdər bəy» məscidi
də adlanırdı. Nabat xanım kimi, bu şəxs də məşhur
Aşurbəyovlar nəslinə mənsub idi.
Əjdər bəy Aşurbəyovun neft mədənləri
var idi. Onun özü isə 10
ildən çox Bakı Şəhər
Dumasının üzvü olub. Şahidlərin xatirələrinə əsasən,
Əjdər bəyin bircə sözü
istənilən vekseldən və ya iltizamdan daha sanballı tutuma malik imiş.
Rejimin gətirdiyi fəlakət
və acı tale
Aşurbəyovlar
həm də neft sənayeçisi olublar. Teymur Qara bəy oğlu
Aşurbəyov daha çox
neft milyonçusu kimi məşhurdur. O, Sabunçuda
geniş torpaqlara, təsərrüfat
sahələrinə malik idi.
Deyilənlərə görə, son dərəcə
səxavətli və genişqəlbli bu insan öz qoyun
sürülərini kasıb kəndlilər arasında bölüşdürürmüş. O, eyni zamanda mütərəqqi
düşüncəli bir insan
idi. Elə bunun nəticəsi
idi ki, öz
övladlarına – Əli bəy və Bala
bəyə gözəl təhsil vermişdi.
Teymur bəy Aşurbəyov xeyriyyəçiliyi
ilə fərqlənirdi. O, məktəblər tikdirir,
məscidləri bərpa etdirir,
imkansızlara əl tuturdu. Teymur bəy Aşurbəyov kimi
onun oğlanları da
öz xeyriyyəçilik əməlləri
ilə məşhur idilər. Aşurbəyovların təqaüdü
ilə gələcək məşhur ictimai
xadimlər Mirəsədulla Mirqasımov, Hənifə Pirverdiyeva və Ruhulla Axundov təhsil alıblar. O zamanlar
bu qardaşların iştirakı olmadan heç bir mühüm xeyriyyə
tədbiri keçirilmirdi. Məsələn,
Buxara əmirinin təşəbbüsü
ilə Sankt-Peterburqda məscid inşa edilərkən onun
tikintisinə böyük miqdarda
vəsait Bakı milyonçularından, o
cümlədən Aşurbəyovlar tərəfindən
ayrılmışdı. 1910-cu ildə məscid praktiki olaraq hazır olanda Bala bəy öz vəsaiti hesabına məscidin
ibadət zalına böyük və dəbdəbəli
büllur çilçıraq
bağışlamışdı. Bala bəyin
xanımı İsmət xanım isə «Müqəddəs Nina» Qadın Xeyriyyə Cəmiyyətinin üzvü idi. Bala bəy Aşurbəyovun Mərdəkanda
gül-çiçəyə bələnmiş böyük malikanəsi olub.
1917-ci ildə və ondan sonrakı illərdə
baş verən hadisələr Aşurbəyovlardan
da yan keçmədi.
Sovetləşmənin ilk günlərində
Aşurbəyovlar öz evlərindən və
sənaye müəssisələrindən məhrum olurlar. Bundan başqa, yeni hakimiyyət
hər iki qardaşı həbs edir. Yalnız Nəriman Nərimanovun köməyi
ilə Bala bəy öz
ailəsi ilə 1920-ci ildə Bakıdan İstanbula
getməyə müvəffəq olur. Onun ailəsi İstanbulda
5 il yaşayır. Taleyin
üzüdönüklüyünə baxmayaraq,
atası kimi o da öz övladlarına
təhsil verə bilir. Onun qızları Sara xanım, Sitarə, Məryəm fransız
kollecində, oğlu Rəşad bəy
isə Türkiyənin ən nüfuzlu təhsil
müəssisələrindən biri olan Qalatasarayda təhsil
almışdı. Yeni iqtisadi
siyasət illərində vəziyyətin bir
qədər stabilləşməsi Bala bəy
Aşurbəyova 1925-ci ildə ailəsi ilə birlikdə
vətənə qayıtmağa şərait yaradır.
1935-ci ildə Bala bəy Aşurbəyov həbs
olunaraq ölüm cəzasına
məhkum edilir. Onun
qızları isə Bakıda qalaraq elmin müxtəlif sahələrində
müvəffəqiyyət əldə etməklə Azərbaycan
cəmiyyətinə böyük fayda verirlər…
Nəsil
şəcərəsini kim bərpa etdi?
Sovet hakimiyyəti qurulduqdan
sonra ən amansız repressiyalar
Aşurbəyovların üzərinə yönəldilir, ən
ikrah doğuran donoslar onların barəsində
yazılır. Lakin bunlar
da bu qədim əsilzadə
nəslin övladlarının mənlik və qürurunu
sındıra bilməmişdi. Sovet
dövründə var-yoxdan
çıxarılan, mal-mülkləri əllərindən
alınan Aşurbəyovlar nəsli öz
sıralarından xalqımıza gözəl alimlər,
müəllimlər, istedadlı və qeyri-adi
şəxsiyyətlər və nəcib insanlar
bəxş etdi.
Sona Aşurbəyova yazır ki, bu nəsil haqqında daha bir səciyyəvi detal ondan ibarətdir ki, onların heç bir təmsilçisi mühacirətdə
dünyasını dəyişməyib: «Hətta 20-ci illərin
əvvəllərində Bakını tərk etməyə məcbur
qalanlar sonralar bu ayrılığa dözməyərək
qayıdıblar. Vətəndə onları təqiblər, məşəqqətlər,
repressiya dəhşətləri gözləyirdi.
Sovet
hakimiyyəti illərində Aşurbəyovlar nəsli nəinki
bütün maddi
bazalarından, o cümlədən onlarla mülklərindən, evlərindən, torpaq sahələrindən, neft
mədənlərindən və müəssisələrindən
tamamilə məhrum edilmələrinə, həm də
özlərinin ləyaqətli təmsilçilərini
itirmələrinə, repressiyaya məruz
qalmalarına, İkinci Dünya
müharibəsində həlak olmalarına, İstanbuldan
Parisə qədər dünyanın çox
yerinə səpələnmələrinə baxmayaraq,
onlar yenə də öz
fəaliyyətlərini mütərəqqi istiqamətdə davam etdiriblər».
Məşhur tarixçi Sara xanım
Aşurbəyli Bakı neft sənayeçisi
ailəsində dünyaya göz
açıb. O, bu nəslin ən görkəmli
təmsilçilərindən biri olaraq Azərbaycanın və onun
paytaxtı Bakı şəhərinin tarixinin
ümummilli səviyyədə tədqiqinə
gerçəkdən misilsiz töhfəsini
verib. Faciəli tale nəsib
olmuş Sara xanım orta əsrlər Abşeronunun
fundamental araşdırıcısı olaraq bütün dünyada tanınır. Məhz Sara xanım Aşurbəyovanın səyi nəticəsində
əsilzadə Aşurbəyovların geniş
nəsil şəcərəsini bərpa etmək mümkün olmuşdu.
Öz dövrünün
böyük mesenatları sayılan Teymur bəy, Əjdər bəy, Bala bəy, Əhməd bəy, Əli bəy
və başqa Aşurbəyovların xeyirxah əməlləri bu
gün də xalqın yaddaşındadır.
Teymur bəy
Aşurbəyovun tikdirdiyi indiki
«Günəşli» sanatoriyasının binası, Əjdər
bəy Aşurbəyovun tikdirdiyi Əjdərbəy
məscidi, Nabat xanım Aşurbəyovun tikdirdiyi Təzə Pir məscidi
Şərq arxitekturasının möhtəşəm
simasını bugünkü nəslə
çatdırır.
Oktay
Hacımusalı
Xalq Cəbhəsi.-
2012.- 26 yanvar.- S.13.