Poeziyamızın
Nizami Gəncəvi möcüzəsi
Böyük Azərbaycan şairi
Nizami Gəncəvinin 870 illiyinə
Bir səs
gəldi cahandan: – Ey qul, yetər əyləncə!
Axı
kimdi Nizami, axı hardadı Gəncə?
Hələ təxminən 850 il bundan əvvəl bu cavabı gün kimi aydın sualı özü-özünə vermiş bəşəriyyətin misilsiz söz dahisi Nizami Gəncəvi əlbəttə, yaxşı bilirdi Nizami kimdir, Gəncə hardadır! Təsadüfi deyil ki: «Hər gözələ can verən incə söz memarıdır» – deyəndə də, «Sən şairə vurul ki, o, söz bəstəkarıdır!» – qənaətinə gələndə də, qüdrətli bir şair kimi öz yaradıcılığının möhtəşəmliyinə arxalanır və dünya söz xəzinəsinə bəxş etdiyi əsərlərin zamanlardan-zamanlara ləl kimi öz qiymətini getdikcə artıracağına güvənirdi. O, sözün qüdrətinə inanırdı, sözə güvənir, sözdən kam alırdı. Hökmdarların aşıb-daşan, qızılla-pulla dolu xəzinəsinin onun gözündə bir zərrə də olsun, əhəmiyyəti yox idi və yaxşı bilirdi ki:
Sultanın qızılından zərli əba geyənlər,
Bir gün çörək yerinə dəmir çeynər, daş yeyər.
Bu əqidəyə söykənən şairin əbədiyaşarlığı şəksizdir. Yaratdığı bütün ədəbi nümunələrdə şairin böyüklüyündən, yenilməzliyindən xəbər verən şərəf, ləyaqət, insanı, insanlığı sevmək kimi mühüm keyfiyyətlər özünü göstərməkdədir.
Artıq bütün dünya şərqşünasları çoxdan etiraf ediblər ki, XII əsrdə yaşayıb-yaratmış qüdrətli söz sərkərdəsi Nizami Gəncəvi üçün zaman və məkan anlayışı çoxdan öz «hüquqi qüvvəsini itirib». Belə ki, Nizami dühasının nə zamana, nə məkana sığışa biləcəyini güman etmək ağılsızlıq olardı.
«Nə qədər söz dedilər, yenə əskilmədi söz»-deyə yazıb-yaratdıqlarının poeziya kəhkəşanından bir damla olduğunu qəbul edən dahi söz sənətkarı heç də öz yaradıcılığına kölgə salmır, əksinə, tarix boyu yaşamış qüdrətli sənətkarların böyük irsinin qarşısına öz əzəmətli poeziyası ilə çıxmaqdan çəkinmir. Çünki o, nə deyibsə, dərin deyib, nə yazıbsa, möhtəşəm alınıb.
Təəssüflə qeyd etməliyik ki, əsrlərin keşməkeşli hadisələri onun bənzərsiz mənəvi irsindən bir çox nümunələrin yoxa çıxmasına səbəb olub. Ancaq bununla belə «Xəmsə»sinə («Beşlik») daxil olan beş irihəcmli poeması – «Sirlər xəzinəsi», «Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi gözəl», iki kitabdan («Şərəfnamə» və «İqbalnamə») ibarət «İskəndərnamə»si və çoxlu miqdarda qəzəl və qəsidələri, rübailəri və s. lirika nümunələri nə qədər ki, tarix var, nə qədər ki, insanlıq var, şeirsevərlərin könlünü oxşayacaq, nəsilləri heyrətdə saxlayacaq böyük Nizami. Bu da qəbulediləndir ki, nadir istedad sahibləri, qüdrətli söz sənətkarları hər zaman özünə çoxlu sayda pərəstişkarlar qazanmaqla yanaşı, şər qüvvələrin nifrəti ilə də üzləşib, bədxahların məkrli niyyətlərindən zərər görüblər. Bunu şair belə qələmə alıb:
Bunlar ləli çamura atandan daha murdar,
Ürəyi parçalayan dərddilər, zəqqumdular.
Tüstü olub boğarlar bircə zəka görsələr,
Yel olub söndürərlər, bir çıraq yansa əgər.
Halına bax dünyanın, gör kimlərdir rəhbəri?
Kimlər məngirləməkdə ən gözəl mövqeləri!
Bu beytlərin qələmə alındığı vaxtdan əsrlər keçib, ancaq mənasına fikir versək görərik ki, elə bil Nizami Gəncəvi müasir dövrümüzün, bugünümüzün şairi, söz mülkünün əvəzsiz rəssamıdır. Elə bil bu gün baş verən haqsızlıqları, insanlığın məhvinə, zəka sahiblərinin mənəvi cəhətdən «axtalanması»na yönəlmiş gizli-aşkar prosesləri hələ XII əsrdə yaşamış şairimiz hiss edib duyub, öz gözüylə görərək real cizgilərlə qələmə alıb. Yəqin bu da ondan irəli gəlir ki, cəmiyyət yaranandan, dövlətlər, hökmranlıqlar mövcud olandan bəri bəşər övladının bir gözü gülsə də, bir gözü ağlamaqdadır. Çünki ağıllı başlara sığal çəkən əllər, bir gün də dönüb o başları cəllad kötüyü üzərinə itələyib.
Niyə həqiqəti deyən dillər, yazan əllər kəsilməli, şairlərin dərisi soyulmalı, dara çəkilməlidir? Həqiqəti haqsızlığı təşviq və təlqin edənlərin düz gözlərinin içinə söylədikləri üçünmü? Ancaq bir məsəl də var axı: bir çıraq ki, Haqdan yana, onu heç bir qüvvə söndürə bilməz. Nizami Gəncəvi də dünya poeziyasının səmasında yanan bir günəş kimi hər zaman öz nurunu ötüb keçib və gələcək yüzilliklərə, minilliklərə salmaqdadır.
Dünya şeir xəzinəsinə əvəzsiz incilər bəxş etmiş bu misilsiz şair Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Gəncədə doğulub boya-başa çatıb (1141-1209), Vətənini dərin məhəbbətlə sevib, həm doğulduğu torpağa, həm də onun insanlarına qəlbən bağlanıb. Bu bağlantı təkcə məhdud bir ərazini əhatə etsəydi, məlumdur ki, bu gün dünyanın hər tərəfindən aydın görünən Nizami zirvəsi yaranmazdı. Nə mutlu «Türkəm» deyənə ki, Nizami Gəncəvi adlı sənət möcüzəsi ilə hər zaman dünyaya meydan oxumaqdadır.
Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvinin şeiriyyətin ən uca zirvəsində qərar tutan əsərləri dünya bədii fikrinin əvəzsiz simalarını və ədəbiyyat bilicilərini mat qoymaqdadır. Məhz bu səbəbdəndir ki, «… böyük hərflərlə yazdığımız «ŞAİR» sözünə sığışmayan Nizami Gəncəvi»nin (Xəlil Rza Ulutürk), «… söz incisi mədəninin etibarlı xəzinədarı…» – nın (Əlişir Nəvai) əbədiyaşar poeziyası nəinki Azərbaycan və Şərq ədəbiyyatında, eləcə də dünya poeziya tarixində «bədii möcüzə» olaraq qalmaqdadır.
Bütün müqəddəs arzu və niyyətlər, istiqlal uğrunda çarpışmalar, həqiqət və ədalət yolunda göstərilən çabalar Nizami dühasının bəşəri mahiyyət daşıyan mənəvi irsinin əsas mahiyyətini özündə əks etdirir. Nizami Gəncəvi təkcə qüdrətli ilham sahibi olan şair deyil, o həm də dünyəvi elmlərin dərin bilicisidir: Nizami həkimdir, filosofdur, astronomdur, rəssamdır, musiqişünasdır, dilçidir, ədəbiyyatşünasdır, tərcüməçidir, insan mənəviyyatının tərcümanıdır!
Nizami Gəncəvinin ədəbi irsi dünya poeziyasının aparıcı – ana xəttinin nüvəsində dayanan bir təməl nöqtəsidir. Bu təməl nöqtəsi o qədər nəhəng və hüdudsuzdur ki, rişələndikcə rişələnir və ondan qaynaqlanan sənət incilərinin dəyəri, bizləri onun yaradıcısının doğum tarixindən uzaqlaşdıran zaman məsafəsi kimi böyüdükcə böyüyür, ənginləşir, əlçatmaz olur. Çünki:
Qızılı udsa da qara torpaqlar,
Yenə qiymətini özündə saxlar.
Bir də ki, dahi söz ustadı: «Mən qanım bahasına yetirdim can meyvəsi…» – deyə qanı-canı bahasına, feodal hökmranlığının, şah istibdadının qan-qan dediyi bir zəmanədə bu cür «dürri-şəhvar» misallı əsərlər yaradıbsa, nədən biz onların yaradıcısı ilə fəxr edib öyünməyək?! Axı bu cür dahiləri tarix nadir hallarda yaradır. Nizami həqiqətən də, tarixin Azərbaycan xalqına əvəzsiz bəxşişi, dünya ədəbiyyatında isə nadır möcüzəsidir. Buna görə isə sevinməyə, fəxr etməyə, Nizami dühasının incilərindən bəhrələnməyə, ibrət götürməyə dəyər.
…Mən torpaqda yatan bir mirvariyəm,
Qaldırsan, görərsən səntək
diriyəm.
Batıb
gedən bilmə sən hər gedəni,
Məni
görməsən də,
görürəm səni…
Bunu da hələ diriykən ölməzliyini görüb-duyan
Nizami deyib. Bütün
zamanlarda yaşayacaq əbədiyaşar Gəncəli
Nizami!
Qiymət Məhərrəmli
Xalq Cəbhəsi.- 2012.- 27 yanvar.-
S.14.