Musiqi dünyasında iz qoyan sənətkar

  

Elnarə Dadaşova Azərbaycan bəstəkarlarının orta nəslinin nümayəndəsidir. Onun yaradıcılıq yolu keçən əsrin yetmişinci illərindən başlamışdır. Bu illər ərzində bəstəkar demək olar ki, musiqinin bütün janrlarına müraciət etmişdir. Simfoniya, konsert-simfoniya, fortepiano konserti, balet, baletdən simfonik süitalar, xor əsərləri, vokal-simfonik əsərlər, kvartetlər, fortopiano, orqan, xalq çalğı alətləri, simfonik orkestrin müxtəlif alətləri üçün əsərlərin müəllifidir.

İçərişəhərli dadaşovların 8-ci nəslinin nümayəndəsi olan Elnarə Dadaşova 1952-ci ildə anadan olmuşdur. Altı yaşında olanda vaxtı ilə Azərbaycan Dövlət Konservatoriyasının tərkibində olan Bülbül adına müsiqi məktəbinə kövrək addımlarını atır. Düz 11 il milliyyətcə latış olan ilk müəlliməsi Qudelis İvetta Adolfovnadan musiqinin sirlərinə yiyələnmişdir. Onun qeyri-adi yaradıcılıq istedadı həmin illərdən hiss olunub. Qulaqlarında daim yeni-yeni musiqi sədaları eşidən kimi tələm-tələsik onu pianoda ifa etməyə çalışıb. Baxmayaraq ki, uşaqlıqdan əsər bəstələyirdi, ancaq anası uzun müddət onun bəstəkar olmasına razılıq vermirdi. Balaca Elnarənin anası – tibb elmləri doktoru, professor Sayalı xanım Tağıyeva elə düşünürdü ki, daxildə yeni yaradıcılıq hissləri ilə coşub-daşan balaca, cılız qızcığaz məhz fiziki cəhətdən bu işin öhdəsindən gəlməz. Yaradıcılıq baxımından isə əksinə, o, qızının bacarığına, daxili potensialına yaxşı bələd idi. Lakin bu sənətin çətinliyini, onun böyük məsuliyyət tələb etməsini də tam dərinliyi ilə anlayaraq qızı üçün ağır olacağından narahat idi. Çünki sənətlə yanaşı, qadının həyatda bir ana kimi məsul vəzifəsi də var.

Bütün bu fikirlərdən hələ uzaq olan balaca Elnarə öz yaradıcılıq dünyası ilə yaşayırdı. Artıq ifaçılıq onu boğurdu. Pianoçu kimi eyni dərs proqramını yalnız bir-iki həftə çalmaq ona maraqlı olurdu. Elə ki, proqram mənimsənib adiləşirdi, onu ifa etmək həvəsi də sönürdü. Əvəzində Elnarə qarşısında opera klavirlərini qoyub üzdən oxuyur, onları təhlil edir, əsərlər bəstələyir, həmçinin romanlar oxuyur, mütaliədən zövq alırdı. Tədricən onu əhatə edənlər başa düşdülər ki, Elnarənin sənət yolu ancaq bəstəkarlıqdır. Onda bəstəkarlıq istedadını hiss edən müəllimləri Elnarəyə bu sahədə istiqamət verməyə çalışırdılar. Bu məqsədlə də o, 9-cu sinfin 2-ci yarımilliyindən Nazim Əliverdibəyovun məsləhətilə Bülbül adına orta ixtisas musiqi məktəbində illərdən bəri uşaq yaradıcılıq sinfinə rəhbərlik edən bəstəkar Ədilə Hüseynzadənin yanına gəlir. Ədilə xanım onu bir bəstəkar kimi istiqamətləndirir. Özünün qeyd etdiyi kimi, aldığı təhsilə uyğun olaraq əvvəllər yazdığı əsərlər Avropa sayağı səslənidi. Lakin hörmətli müəllimi, bəstəkar Ədilə Hüseynzadə ona mənsub olduğu musiqi dilində əsərlər yazmağı tövsiyə etdi və yollarını da göstərdi. Tez bir zamanda gənc bəstəkar milli ruhda çox sayda əsər bəstələdi.

Bəstəkarlıq sirlərini isə o, Azərbaycan Dövlət Konservatoriyasında dünya şöhrətli bəstəkarımız Qara Qarayevdən öyrənib. Elnarə Dadaşovanın yaradıcılığının formalaşmasında Qara Qarayevin sinfində dərs almasının böyük rolu olub. Milli prinsiplərə əsaslanan, mayası folklorumuz üzərində köklənən müasir musiqi dilində əsərlərin yazılması ona məhz Qara Qarayevdən miras qalmışdır. Qara Qarayev məktəbi Elnarə xanım üçün təkcə bəstəkarlıq deyil, əsl həyat məktəbi idi. O, Qara Qarayevdən insani keyfiyyətləri, davranışı, işə ciddi yanaşmanı, bir əsəri tamamlamamış əvəzində yenisinə başlamamağı, öz potensialından maksimum dərəcədə faydalanmağı, bir neçə sahədə fəaliyyət göstərməyi, əgər biliyin və əqlin imkan verirsə, elmi işlə də məşğul olmağı və s. bu kimi xüsusiyyətləri öyrənib.

Elnarə Dadaşova həmçinin müəllimlik və bəstəkarlıq fəaliyyətini uzlaşdıra bilən gözəl pedaqoqdur. O, 1975-ci ildən Bakı Musiqi Akademiyasında çalışır. Demək olar ki, bütün nəzəri musiqi fənlərindən dərs deyir. Nəzəri fənlərdən bəstəkarlara, nəzəriyyəçilərə və həm də fortepiano, musiqişünaslıq, xor dirijorluğu fakultəsində «Solfecio», «Harmoniya», «Polifoniya», «Musiqi metodologiyası», «Partitura qiraəti» dərslərini tədris edir. Bu fənlərin tədrisi zamanı Elnarə xanım qəribə kiçik ixtiralar, kəşflər edir. Bilir ki, müxtəlif səviyyəli tələbələrlə işlərkən, onlardan hər birinin dilində metodiki açıqlama ilə fənni tədris etmək lazımdır. Bəstəkarlıqdan dərs demək xüsusilə çətindir. Bu işdə tələbəyə istiqamət verməlisən və bunu çox peşəkarcasına etməlisən, çünki hər şeydən əvvəl qarşındakı fərdin daxilini duymalı, görməlisən ki, hərənin öz dəsti-xəttinə müvafiq olaraq onu düz yola yönəldəsən, onun ən gözəl fərdi xüsusiyyətlərini üzə çıxardasan. Eyni zamanda ona peşəkarlığı da aşılamalısan, çünki müəllim tələbənin gələcək fəaliyyəti üçün bir növ bünövrə qoyur. Bir sözlə, bəstəkarlıq xüsusi intuisiya tələb edir. Gözəl pedaqoq olan Elnarə xanım müəllimlikdə vacib sayılan bütün bu xüsusiyyətləri özündə cəmləşdirmişdir. Elnarə Dadaşovanın əsərləri həm Azərbaycanda, həm də bir sıra xarici ölkələrdə ifa edilir. Azərbaycanda xalq artistləri Şövkət Ələkbərova, Elmira Rəhimova, Mobil Əhmədov, dirijorlardan xalq artistləri Rauf Abdullayev, mərhum Nazim Rzayev, Tofiq Göyçayev, əməkdar artistlər Yaşar İmanov, A.Əliyev, Rauf Adıgözəlov, Elxan Əhədzadə, Gülnaz İsmayılova, vokalçıların beynəlxalq müsabiqələr laureatı Fəridə Məmmədova, pianoçu Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Q.Qarayev adına kamera orkestri, orqan çalan əməkdar incəsənət xadimi Rəna İsmayılova, professor R.Babayeva və başqaları onun əsərlərinin ifaçıları olmuşdur.

Bəstəkarın əsərləri ABŞ, Kanada, Fransa, İtaliya, Almaniya kimi ölkələrin konsert salonlarında səsləndirilir. Onu da qeyd edək ki, Elnarə Dadaşova Azərbaycanda hətta tuba aləti üçün solo əsər yazmış bəstəkardır. ABŞ-ın tuba aləti üzrə ifaçısı, professor C.Kenyon Bakıya ustad sinfi dərslərini keçirmək üçün gələndə o, bəstəkarın tubafortepiano üçün «Xoral» və «Layla» əsərlərini dinləmiş, onun notunu ifa etmək üçün Amerikaya aparmışdır. Bakının qonağı olmuş Fransa bəstəkarı Pyer Tilui Elnarə Dadaşovanın həm irihəcmli, həm də miniatür əsərlərinə qulaq asaraq heyran olmuş, onları geniş dinləyici kütləsinə çatdırmaq üçün öz ölkəsinə aparmışdır.

Elnarə Dadaşova vətənimizdə keçirilən müsabiqələrdə də mükafatlara layiq görülüb. Maraqlıdır ki, ABŞ-ın Bionrafiya İnstitutu Elnarə Dadaşovanı «2000-ci ilin qadın bəstəkarı» elan edib. 2001-ci ildən isə onu ABŞ-nın Bioqrafiya Məkəzinin rəhbərliyinə fəxri üzv seçib. Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü Elnarə xanımın «Bahar sərgisi» romansı «Azərbaycan bəstəkarlarının antologiyası» adlı kompakt diskinə daxil edilmişdir. Respublikanın Əməkdar İncəsənət xadimidir. İndi Elnarə Dadaşovanın yaradıcılığının çiçəklənən dövrüdür. Özünəməxsus yaradıcılıq dəsti-xəttilə seçilən Elnarə xanım nə yazırsa, əsərlərində öz qəlb çırpıntılarını, hiss və həyəcanlarını əks etdirir.

 

 

Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2012.- 27 yanvar.- S.13.