Azərbaycan kinosunun dünyəvilik qayğıları

 

Aydın Kazımzadə: «Dünyəvilik mövzusuna kinematoqrafiyamızda meyl artmaqdadır»

 

Sivil vətəndaş cəmiyyəti ideyası filmlərdə öz ifadəsini tapmalıdır

 

İnsanların biri-birinə münasibətinin sənətdə ifadəsini vermək olduqca çətindir. Kino sənəti bu baxımdan maraqlı olduğu dərəcədə də hər zaman orijinallıq tələb edir. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin, tarixinin, habelə ayrıca olaraq Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin, o dövrdə müstəqil dövlətimizin qurulması istiqamətində görülən işlərin kinoya gətirilməsi olduqca gərəklidir. Kino hadisələrin, ideyanın insana, kütləyə çatdırılmasında əvəzsiz rol oynayır. İndiyə kimi ayrı-ayrı sənədli filmlər çəkilib və indi də çəkilir. Ümumiyyətlə, bu gün sənədli-bədii filmlərin gərəkliyi daha da artır. Sabahımızda şübhəsiz, bu yöndə ideyalar, bu ideyaların gerçəkləşdirilməsi cəhdləri artacaq.

Tanınmış kinoşünas Aydın Kazımzadə bildirir ki, sovet dövründə illər uzunu Azərbaycan Xalq Cümhuriyyətinin guya xalqa, insan hüquqlarına qarşı olduğuna dair filmlər çəkilir, yaxud da filmlərdə bu mövzuya toxununulurdu: «Sovet hakimiyyəti çalışırdı ki, Müsavat hakimiyyətini mümkün qədər vursun və buna nail olmuşdu da. Ancaq indi artıq 20 ildir ki, Azərbaycan müstəqil dövlətdir və sovet ideologiyasının diktəsindən kinomuz da qurtulub.

Cümhuriyyət dövrü dövlətçiliyimizin gördüyü işlər çəkilən sənədli filmlərdə ifadəsini tapıb. Şübhəsiz, yeni-yeni sənədli filmlər çəkiləcək. Bu mövzuda bədii filmimiz hələ ki, yoxdur. «Əli və Hino»nun ekranlaşdırılması təəssüf ki, Azərbaycanda gerçəkliyini tapmadı. Ancaq artıq amerikanlar bu mövzuya girişiblər. Bu gün Azərbaycan kinosuna cavanlar gəliblər. Bu filmlərdə tarixi keçmişimiz öz əksini tapmaqdadır. Mehriban Ələkbərzadənin filmləri bu sarıdan diqqətçəkəndir».

Kinoda vətəndaş cəmiyyəti ideyası Azərbaycan filmlərində necə ifadəsini tapıb? Məlumdur ki, Azərbaycan insanının mental cəhətləri milli olduğu dərəcədə bəşəriliyi ifadə edib. Tarixən yaşamımızda, ictimai münasibətlərdə müşahidə edilən keyfiyyətlərimiz bir millət olaraq özümüzə, başqa millətlərə olan münasibətimiz bu və ya digər dərəcədə kinofilmlərimizdə də əksini tapıb. Doğruluq, səmimilik, halalıq, doğmalıq, həyanlıq bu kimi keyfiyətlərimizdəndir. 20 Yanvar hadisələri zamanı «Salnamə» studiyasının çəkdiyi canlı sənədli filmlərdə insanların milli həmrəyliyi vətəndaşlıq duyğusunun öndə olduğunu, xalqımızın bu duyğunu ruhən yaşadığını deməyə əsas verir.

Aydın Kazımzadə daha sonra deyir: «90-cı illərin hadisələri öz təsirini sənətin müxtəlif sahələrində göstərdi. Bir müddət Azərbaycan kinosu texniki imkanlar sarıdan olduqca çətin bir vəziyyətdə idi. Düzdür, müəyyən şəxsi kanallar vasitəsilə rejissorlarımız filmlər çəkə bildilər. Ancaq az sonra gördülər ki, çəkilən filmlər maddi xeyir gətirmədi. Şübhəsiz, bu tipli filmlərdə ideoloji məqamlar yox idi. Sonradan dövlət yenidən filmlərlə bağlı məsələni nəzarətinə götürdü. Kinoya dövlət himayəsi məsələsi təbii şəkildə gündəmə gəldi. Bu da o zaman baş tutdu ki, Azərbaycanın dövlət müstəqilliyi oturuşdu, iqtisadi inkişaf sarıdan irəlilədik. Rejissorlarımız dövrlə bağlı hadisələri ekrana gətirməyə başladılar. Qarabağ mövzusu təbii şəkildə filmlərimizə gəldi. «Vətəndaş cəmiyyəti» deyəndə insanların biri-birinə olan qarşılıqlı, doğma münasibətləri nəzərdə tutulur ki, bu da filmlərimizdə əksini tapıb. Məsələn, bu mənada «Nə gözəldir bu dünya» filmində ümumi məzmun bundan ibarətdir ki, maddi problemlər səbəbindən psixiatriya xəstəxanasının xəstələrini evə buraxmağa məcbur olurlar. Baş həkim xəstələrini yoluxmağa gedir, onların evlərində yaxşı münasibətlə qarşılaşmadıqlarını görür. Filmin sonunda xəstələr yenidən xəstəxanaya qayıdırlar. Bunlar şübəsiz, axtarışlar idi və bu mənada belə bir qənaət hasil olur ki, insanların biri-birinə doğma münasibətindən böyük sərvət yoxdur. Sovet dövründən fərqli olaraq rejissorlarımız bu filmlərdə həyatı olduğu kimi göstərməyə başladılar. Yəni cəmiyyətin içərisində pisi də var, yaxşısı da. Bu gün artıq Azərbaycan kinosuna dövlət qayğısı daha da artmaqdadır. MDB ölkələrində dövlətlər kinoya demək olar, pul buraxmırlar. Ancaq bizdə kino dövlətin himayəsindədir».

Kinolarımızda milli xarakterimiz, insana, həyata, dünyaya münasibətimiz yaşayır. Müstəqillik dönəmində dünyəvilik məsələsinin kinoda ifadəsinə gəlincə, Aydın Kazımzadə deyir: «Son illərdə dünyəvilik mövzusuna kinematoqrafiyamızda meyl artmaqdadır. Təbii ki, burada millilik məsələsi gözardı edilməməlidir. «Sahə» filmi millilikdən daha çox dünyəvi filmdir. Bu film müxtəlif dünya ölkələrində uğur qazanıb. Bu filmlə Azərbaycan kinosunun yeni bir mərhələ təşkil etdiyini demək olar. Vaxtilə «Bir cənub şəhərində» filmi Azərbaycan miqyasından çıxıb SSRİ miqyasında tanınan bir film olmuşdu.

Ancaq bu filmi imperiyadan qırağa çıxmağa qoymadılar. Habelə Vaqif Mustafayevin «Yaramaz» filmi ilə Azərbaycan kinosunun yeni bir xətti başlandı. Dünyada baş verən proseslər bu və ya digər dərəcədə təsirini Azərbaycanda da göstərir. Ancaq mümkün qədər hər bir xalq öz varlığını, keyfiyyətini qoruyub saxlamağı bacarmalıdır. Başqa tərəfdən də xalqımızın ruhundan gələn keyfiyyətləri istər-istəməz bəşəri ölçünü təsdiq edir. Hər millətin öz xarakteri var. Son zamanlar «Qala» filmi də dünyada diqqət çəkməkdədir. Şübhəsiz, sənədli filmlər xalqın ruhunu, dövlətin dünyəviliyini ifadə etməkdə daha gözəl rol oynaya bilər və bu, çağımızda çox gərəklidir». Sənədli filmin özündə bir bədiilik var. Canlı sənədlərin vasitəsilə hər hansı bir hadisəni, xüsusən də dövlətçiliyin təsdiqi ilə bağlı ideyaları sənədli-bədii filmlərdə təqdim etmək daha da ciddi nəticələr verəcək.

Aydın Kazımzadə deyir: «Sənədli filmləri «həyatın güzgüsü» adlandırırlar. Bədii filmə baxmaqla sənədli-bədii filmə baxmaq arasında fərq çoxdur. Qısametrajli filmlərimiz belə dünyada yaxşı qarşılanmaqdadır. «Vahimə» filmi bu sıradandır».

Millilik dövlətin varlığını qoruduğu dərəcədə hədsiz gərəklidir. Dünyəvilik dövlətin xalq ruhunun ifadəsi olduğunu təsdiq etməlidir. Millilikdən ayrı götürülmüş dünyəvilik yoxdur. Dövlət ilk sırada milli olduğu dərəcədə dünyəvidir. Bu mənada bundan sonrakı dönəmlərdə dünyəvilik məsələlərinin sənətdə nə dərəcədə təəssübkeşliklə anlaşılmasının mühüm əhəmiyyəti var. Dövlət milliliyi qoruduğu dərəcədə vətəndaş cəmiyyətinin bünövrəsini də möhkəmlətmiş olur. Hüquqi dövlətçilik belədə təsdiq olunur. Bunların canlı, yaradıcı şəkildə çağımızda kinoda ifadəsini tapması çox vacibdir. Bu mənada rejissorlarımız olduqca yaradıcı olmalıdırlar. Əgər kinoda millilik yoxdursa, bəşərilik də yoxdur. Çağdaş dövrdə kino sənətində ümumi şəkildə sənət prinsiplərindən danışılır. Əgər sənətdə, konkret kinoda halımızı qoruya bilməsək, o zaman bu, sabahımız üçün daha da böyük çətinliklər yaradacaq. Dünyanın halı qlobalçılıq yönüdür. Qlobalçılıq milliliyə qarşıdır.

Kinoçularımız o dərəcədə milliliyə, dövlətçiliyə bağlı olmalıdırlar ki, belə məsələlərdə yanlışa yol verməməlidirlər. Millilik, dövlətçilik xəttinin kinoda yaşaması, təsdiqi son dərəcə gərəklidir. O ideyalar ki, kitablarda, canlı sənədlərdədir, həmin ideyalar kino sənətində yenidən canlandırılmalı, ona nəfəs verilməlidir.

Azərbaycan tarixinin xüsusən ötən yüzildə elə məqamları var ki, onları kinoya gətirmək olar. Azərbaycan insanının milli mücadiləsi, Azərbaycan yazarlarının milli mücadilə çabaları, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının çox zaman faciəviliklə bitən taleləri, mübarizələri, vətəndaş cəmiyyəti, hüquqi dövlətçiliklə bağlı hələ də tam gerçəkləşməyən ideyaları kinomuza gəlməli, bu, yöndə filmlər çəkilməlidir.

Göründüyü kimi, kinoçularımızın öz həyatımızdan götürməyə və dünyaya orijinal mövzu olaraq təqdim etməyə imkanları çoxdur. Ola bilər, bizim «özümüzdən deməyimiz» dünyanın xoşuna gəlməsin. Çünki Azərbaycan kimi ölkələrin dünyada hər mənada sevilməsi olduqca çətindir. Dünya Azərbaycanın daxili-mənəvi potensialından gözəl xəbərdardır. Bizi sevməyən ölkələr bizi bizdən yaxşı tanıyırlar. Bu gün Amerika Hollivud vasitəsilə özünün «demokratik humanizmini» yeridir. Fransa da həmçinin. Başqa inkişaf etmiş ölkələrin kino sənətində bunu aydınca müşahidə edə bilərik. Bu yöndə qayğılarımız kino sənətində gerçəkləşməlidir. Bu işdə Azərbaycan kino sənəti daim öz töhfəsini verməlidir.

A.Kazımzadə bildirir ki, kinonun imkanları tükənməzdir: «Gürcülərin, qırğızların, özbəklərin kinosu çox inkişaf edib. Gürcü filminə baxan kimi bilirsən ki, bu, gürcü filmidir. Müəyyən bir dövr gəlir ki, kinoda geriləmələr olur. Müəyyən bir dövr gəlir ki, kino təsəvvürəgəlməz dərəcədə inkişaf edir. Bir dəfə Həsən Seyidbəyli «O qızı tapın» filmindən bir xeyli hissəni kəsib atdı. Ona sual verəndə ki, niyə etdiniz? Dedi ki, onsuz da Moskva kəsib atacaqdı. 37-ci ilin xofu uzun müddət sənətkarlarımızın ağlından çıxmadı. Bunlar bilirdilər ki, olar, olmaz. Ancaq indi rejissorlarımız ideya sarıdan sərbəstdirlər».

 

Yazı Azərbaycan Respublikası Prezidenti Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi «Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu prosesi dünyəvi dövlətçilik prisnsiplərinin təbliği» layihəsi çərçivəsində təqdim olunur.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 27 yanvar.- S.11.