Xiyabani
dövründə Güney Azərbaycanda ədəbi mühit
XX
yüzilliyin əvvəlləri Yaxın və Orta Şərq
ölkələrində, o cümlədən Şərqin
ayrılmaz bir hissəsi olan Azərbaycanda oyanış, intibah
dövrü kimi xarakterizə olunur. Bu oyanış və milli
özünüdərk sayəsində istər Şimali, istərsə
də Cənubi Azərbaycanın ictimai-siyasi həyatında
bir sıra yeniliklər meydana çıxdı. Azərbaycanın
hər iki tayında azadlıq hərəkatı geniş
vüsət aldı, ən əsası yeni ideyaların rəvac
tapmasına, yayılmasına imkan və şərait
yarandı.
Siyasi
həyatda baş verən yeniliklər, təbii olaraq ədəbi
aləmdə də əksini tapdı, milli şüur və
düşüncədə bir canlanma hiss edilməyə
başlandı. Özündən əvvəlki ədəbiyyatla
müqayisədə daha inqilabi-demokratik və eyni zamanda milli dəyərlərə
söykənən bir ədəbiyyatın yaranmasına tarixi
zəmin yarandı ki, bunların hamısı zamanın tələbi,
Rusiyada və İranda baş verən hadisələrin ədəbi
mühitdə yaratdığı təbəddülatların
labüd nəticəsi idi. Ədəbiyyatın mövzu və
mündəricəsində baş verən dəyişmələr
onu xalqa daha çox yaxınlaşmağa, xalq ruhunun tərcümanı
olmağa vadar etdi.
Şimali
Azərbaycanda nəşr olunan «Həyat», «Molla Nəsrəddin»,
«Füyuzat», «Tərəqqi», «İrşad», «İttifaq»,
«Açıq söz», Güney Azərbaycanda çıxan «Azərbaycan»,
«Mədəniyyət», «Fəryad», «Səhənd», «Təcəddüd»
və s. bu kimi mətbuat orqanlarında dərc olunan
yazıların əksəriyyətində ikili taleyi ilə
barışmaq istəməyən Azərbaycanın
acı-ağrıları, camaatın zehniyyətində yuva
qurmuş elmsizlik, xalqın düçar olduğu səfalət
başlıca müzakirə obyektinə çevrildi. C.Məmmədquluzadə,
Ə.Hüseynzadə, M.Hadi, Ü.Hacıbəyli, N.Nərimanov,
H.Vəzirov, Ə.Səfərov, S.Səlmasi, S.Ə.Gilani,
S.M.Qənizadə və bir çox başqa müəlliflərin
əsərlərində Azərbaycan xalqının
düçar olduğu müsibətlər, bu müsibətlərdən
qurtulmağın yolları barədə düşüncələr
geniş şəkildə təbliğ olunmağa
başladı. Həmin illər Şimali Azərbaycandakı ədəbi
mühit ədəbiyyatşünaslıqda kifayət qədər
araşdırıldığından biz əsasən Güney
Azərbaycan yazarlarının əsərlərinə
müraciət etməklə kifayətlənəcəyik.
Bu
dövrün ədəbiyyatında özünü göstərən
ən ümdə keyfiyyətlərdən biri qələm
sahiblərinin bir çoxunun eyni zamanda əldə silah daxili və
xarici irticaya qarşı döyüş meydanına
atılması ilə müşahidə olunurdu ki, bu da ədəbiyyata
döyüşkən ruh, mübarizə əzmi gətirir, bədii
sözün kəsərini daha da artırırdı. Zəmanəyə
meydan oxumaq, azadlıq eşqi, gələcəyə inam tədricən
ədəbiyyatın, xüsusilə poeziyanın baş
mövzusuna çevrilirdi. Müəyyən ədəbi təcrübəsi
olanların da, yenicə ədəbiyyat cəbhəsinə
atılanların da əsərlərində vətən, xalq,
millət və onun dili, şərəfli tarixi keçmiş
və hazırkı əzici mühit tərənnüm və
təsvir olunur, bir sözlə, ədəbiyyat zamanla nəfəs
alırdı.
XX əsrin
əvvəllərində yazıb-yaradan Güney Azərbaycan
yazarlarının əksəriyyəti əsərlərini əsasən
fars dilində yazsalar da, ruh etibarı ilə onların
yaradıcılığı tamamilə milli idi və
azadlıq məfkurəsinə söykənmişdi. S.Ə.Gilaninin
«Zəfər təranəsi», «Ey vay, Vətən vay», «Laylay»,
«Təsnif», C.Xamneinin «Vətən», «Ümid fəlsəfəsi»,
F.Təbrizinin «Marş» şeirlərində əsas ideya
şübhəsiz ki, hüquqları tapdanılan Azərbaycan
xalqının gələcəyə ümid dolu arzu və diləklərini
vəsf etməkdən ibarət idi.
Həmin
illərdə ədəbi fəaliyyətə başlayan M.Qənizadə
həm publisistik, həm də poetik əsərlərində
azadlıq carçısı kimi çıxış edir,
insanları əzab, işgəncə və s. bu kimi
qeyri-insani üsullarla əzən quruluşa qarşı etiraz
səsini açıq şəkildə bildirməkdən
çəkinmirdi. Şeirlərinin kiçik bir qismi əldə
olan Nimtac xanım Səlmasinin «Qadınların kişilərə
xitabı», «Tehrana xitab» adlı şeirləri həmin illərin
əhvali-ruhiyyəsini öyrənmək baxımından xarakterikdir.
İkinci şeiri qeydsiz-şərtsiz əyalətlərin mərkəzi
hökumətə protesti də adlandırmaq olar. Bu dövr ədəbiyyatını
Mirzə Əli Mözüzsüz təsəvvür etmək
çətindir. Əsərlərini doğma Azərbaycan
türkcəsində yazan, «mən xalqımı Sabir kimi
oyadacağam»-deyən M.Ə.Möcüz Yaxın Şərq
və Azərbaycan ədəbiyyatının mütərəqqi
ənənələri zəminində yetişən və onu
tamamilə yeni ədəbi-estetik keyfiyyətlərlə zənginləşdirilən
novator şairdir. Onun satira estetikası Güney Azərbaycan ədəbiyyatında
orijinal mərhələ təşkil edir.
Güney
Azərbaycanda Sabir ədəbi üslubunu məharətlə,
özünəməxsus tərzdə davam etdirən və
ölümündən sonra bir məktəb yaradan
Möcüz poeziyasında iki istiqamət özünü
göstərməkdədir: ciddi, qismən də lirikadan ibarət
olan şeirlər və satirik-yumorist şeirlər. Mövzu və
forma müxtəlifliyinə baxmayaraq, Möcüz şeirlərinin
demək olar ki, hamısında maarifi, mədəniyyəti və
azadlıq ideyalarını təbliğ edir, elmsizlik, cəhalət
və insanı əzən zəmanədən, onun dövlət
sistemi və qanunlarından acı-acı şikayətlənirdi.
Böyük lirik və satirik olan Möcüz gerilikdən və
əsarətdən qurtulmağın çarələri
sırasında elmə, maarifə yiyələnməyi ən
ümdə vəzifələrdən biri hesab edərək məşhur
«Vətən» rədifli şeirində yazırdı:
Nə
yatıbsan, ayıl, ey milləti-biçarə, ayıl,
Satır
axır vətəni düşmənə əyani-vətən!
Əcnəbi
mülkü dolub bisərü pa millətlə,
Niyə,
ya rəb, belə xar oldu əzizani-vətən!
Düşmən
elm ilə bizi eylədi həmmal özünə,
Kim zəlil etdi bizi? Cəhl! A müsəlmani-vətən!
Verəlim
əl-ələ, təhsilü kəmal eyləyəlim,
Xabi-qəflətdən
ayılsın gərək ixvani-vətən!
Sözün,
qələmin qüdrətinə dərin inam bəsləyən
Möcüz qarşısına belə bir müqəddəs
vəzifə qoymuşdu: xalqı cəhalət yuxusundan
oyatmaq! «Dilim türki, sözüm sadə,
özüm səhbayə dildadə»-deyən Möcüz
poeziyasının baş, əbədi və əzəli
mövzusu vətən və millətin taleyi məsələsidir.
Qalan bütün şairanə hiss və həyəcanlar, ricətlər
bu mövzu ətrafında cərəyan edir. Möcüzə
görə xalqın rəzalətə düçar
olmasının səbəbi mütiliyin törətdiyi
istibdad, qayğısızlıq və bundan doğan səfalətdir.
Şairin qənaətinə görə, «Əyani-vətən»in
xəyanəti ucbatından vətən düşmən
tapdağına çevrilib demokratik idarəçilik prinsiplərinin
yoxluğu, şah və məmurlarının hər cür nəzarətdən
kənarda qalıb hakimi-mütləq olmaları ölkəni
inkişafdan saxlayıb, geniş xalq kütləsi
aclığa, üzücü əzab-əziyyətə məhkum
edilib. «Molla Nəsrəddin» ədəbi məktəbinin
tanınmış simalarından olan, bəzi mənbələrə
görə M.Ə.Sabirin təklifi ilə, bəzilərinə
görə Bakıda hamballıq etməsi ilə bağlı
özünə «Hammal» təxəllüsü seçən
Bayraməli Abbaszadə şeirlərinin baş qəhrəmanı
ehtiyac qurbanı olan və bu səbəbdən də elindən,
yurd-yuvasından didərgin düşən güneyli azərbaycanlılardır
ki, şair çox vaxt bunları iranlı kimi qələmə
verir.
Şeirlərini
«Molla Nəsrəddin» və onun təsiri ilə çıxan
satirik jurnallarında çap etdirən B.Abbaszadə əsasən,
Şimali Azərbaycanda yaşayıb-yaratsa da,
yaradıcılığında Güney və İran
mövzusu mühüm yer tutur ki, bu da səbəbsiz deyil. Çünki o, Güney Azərbaycan milli-azadlıq
hərəkatının bilavasitə
iştirakçısı olmuş, xalqın səadəti
uğrunda şəhid olmağı özünün idealı
elan etmişdi. Vətən, yurd həsrəti,
güneylilərin acınacaqlı taleyini düşünmək,
onların tapdanmış hüquqlarını cəsarətlə
müdafiə etmək B.Abbaszadə şeirinin baş,
aparıcı xəttini təşkil edir. Şairin «Məşrutə»,
«İranlıların naləsi», «İranlı olmasaydı»,
«Keçər gedər», «Gözün aydın», «Hər yana
baxıram» və s. bu kimi əsərlərində xalqın,
ölkənin ümumi mədəni-siyasi vəziyyəti real
şəkildə satirik və yumoristik boyalarla əks etdirilir.
Vətən, ailə-uşaq həsrəti ilə qəlbi
alışıb-yanan, diyarbədiyar gəzib hamballıq, əkinçilik,
biçinçilik, çobanlıq, fəhləlik edən
Güney zəhmətkeşinin arzu və istəkləri,
acı fəryadları B.Abbaszadə satirasının
başlıca mövzuları sırasında özünə
yer alır. B.Abbaszadə poeziyasında bədii
ümumiləşdirmə, adi əhvalatlarda böyük həqiqətləri
göstərmə və həyati problemə toxunmaq meyli
çox güclüdür.
B.Abbaszadə
satiraları ilə vətənin, millətin halına
ağlasa da, onda gələcəyə, xalqının
mübarizə əzminə böyük inam var. O, əmindir
ki, Səttarxan və Bağırxanın varisləri
azadlıq uğrunda mübarizədə son məqsədə
çatmaq üçün yenə silaha sarılacaq, istismar
dünyasının daşını daş üstə
qoymayacaqlar. Şərqin əzilən kütlələrini
mübarizəyə çağıran, təsirli şeirləri
ilə onların azadlıq eşqini alovlandırmağa
çalışan şair əsərlərində bunları
qeyd edirdi. İlk satirik əsərlərini
məşhur «Molla Nəsrəddin» məcmuəsində dərc
etdirən M.C.Əsgərzadə Bağçaban həm
tanınmış maarif xadimi, həm də qələm sahibi
kimi xalqına xidmət edib.
Yalançı, xalqı aldadıb, gözlərini
yaşardıb ciblərini soymağı özlərinə
peşə etmiş mollaların tənqidi M.Ə.Bağçaban
satirasının baş mövzularındandır. Şairin «Təfaxir», «Bir
şeyxin naləsi», «Mazaq», «Molla və hörümçək»,
«Kişmiş və molla», «Təbriknamə», «Qismət
qazanır», «Turşulu aş» sərlövhəli şerlərində
bu hiss çox güclüdür. C.Ə.Bağçabanın
satirik ruhlu şeirlərində ev-eşik qayğısı
çəkməyən, ailəsindən kənarda
gününü xoş keçirməyi özlərinə adət
etmiş kişilərin («Başı batmış kişi»),
«Çünki Əzrail ilə dostluq qatıb, qardaş olub, Qəbzi-ruh
etməkdə Əzrailə fürsət verməyən» həkimlərin
(«Şıllax»), «Öz bəbəyindəki tiri qılca görməyən,
başqasının gözündəki qıldan dirək
düzəldən» qəzetçilərin
(«Çıxır»), milləti maarifdən, sənayedən
uzaqlaşdıran, onları məscidə sürükləyən,
cənnət xülyası ilə yaşamağa sövq edənlərin
(«İsfahanlı oğlu deyir»), bir-birinin qanına
susamış müsəlman qardaşların («Qan eyləyir»),
tiryək düşkünlərinin («Tiryakilərə sər
səlaməti») parlaq bədii obrazları yaradılıb.
İranda
«ədəbi təcəddüd», «ədəbi-inqilab» prosesinə
ciddi təsir edən, demokratik ədəbiyyatda yeni şeirin
(şere-nov) əsasını qoyanlardan biri olan Tağı
Rüfət Təbrizi Ş.M.Xiyabaninin redaktorluğu ilə
çıxan «Təcəddüd» qəzeti ilə əməkdaşlıq
edir, sonra isə qəzetin baş katibi vəzifəsində
çalışır. Xiyabani hərəkatı
zamanı onun köməkçisi və həmkarı olan
Tağı Rüfət «Təcəddüd»lə
yanaşı, «Azadistan» jurnalında da açıq imzası və
ya «Femina» təxəllüsü ilə çıxış
edir, yeniliyi qəbul etməyən mühafizəkarlara,
xüsusən Məhəmməd Tağı Baharın redaktoru
olduğu «Daneşkədə» məcmuəsinin liberal
mövqeyinə qarşı kəskin mübarizə aparır.
İstər şeir, istərsə də məqalələrində
yeniləşmə tərəfdarı olan müəllif Təbrizdə
farsca çap etdirdiyi «Azadistan» jurnalının 1920-ci il nömrələrindən birində
yazırdı: «Bu, açıq və aydın bir həqiqətdir
ki, yeni fikir və yeni hisslər ədəbiyyatda da yeniləşmə
tələb edir. Daha doğrusu, ədəbi
yeniləşmə, yəni təfəkkür və bəyan
tərzində yeniləşmə fikirlərin və hisslərin
yeniliyini göstərən yeganə sübutdur».
Rüfət
Təbrizi özünü ictimai mövzular aləmində daha
sərbəst hiss edir. Tanış ola
bildiyimiz şeirlərində biz onu əsasən cəmiyyətdən,
onun insanı əzən qanunlarından, daha doğrusu,
qanunsuzluqlarından narazı bir şəxs kimi
görürük. Bu narazılıq heç də
bədbinlik və pessimizm notları ilə müşahidə
olunmur. Şair xalqın parlaq səhərini mübarizədə
gördüyündən vətən övladlarını məyus
olmamağa, öz haqqını müdafiə edərək onu
qazanmağa çağırırdı…
İslam Qəribli,
filologiya üzrə fəlsəfə
doktoru
Xalq Cəbhəsi.-
2012.- 28 yanvar.- S.14.