Sarı
Aşığın «Gül dəftəri»
Ötən
həftənin sonunda – yanvarın 28-də Atatürk Mərkəzində
Sarı Aşığın «Gül dəftəri»
kitabının təqdimatı (toplayanı İlham Qəhrəmandır)
oldu. Tədbiri giriş sözüylə filologiya elmləri
doktoru, professor Məhərrəm Qasımlı açdı:
«Neçə-neçə nəsillər yüzillərdir ki,
bayatılarla yol gəlir. Bayatılarımız bizə
könül yoldaşlığı edib. Ana dilimiz, milli ruhumuz
Sarı Aşığın bayatılarında
özünü bir daha təsdiqini tapıb».
Sonra tanınmış tənqidçi Əsəd Cahangir çıxış etdi, İlham Qəhrəmanın bu kitabla bağlı işinin təkcə tərtibatçılıq deyil, həm də tədqiqatçılıq olduğunu, imkanlarını daha geniş aşkarlamasının gərəkliyini bildirib. İşıqlı Atalı bildirib ki, İlham Qəhrəmanın illər boyu Sarı Aşığın irsini toplamaq yönündəki işlərini hünər saymaq olar: «Sarı Aşığın bayatı dili türkcəmizin üzağlığıdır. Dörd yüzildən çoxdur ki, bu bayatılar doğulub, ana dilimizin, milli ruhumuzun gücünü özündə yaşadır. Belədə bir daha insanın fəxarətlə deməyi gəlir: Türk soyumuz var olsun!»
Zülfiyyə Eldarqızı Sarı Aşığın bayatılarını oxuyub. Alim Məmmədli, Yusif Mirzə, Laçın ziyalısı Azər müəllim, Qurban Yaquboğlu, İbrahim Mirzəyev, Fəxri Uğurlu, Səyavuş Əmirli çıxış ediblər. Sonda çıxış edən İlham Qəhrəman illərdən bəri üzərində çalışdığı kitabın hansı çətinliklərlə başa gəlməsindən, quruluş prinsiplərindən danışıb.
Aşıq sənəti doğma sənətdir. Çünki milli ruhumuzdan doğub. Bu doğmalığı hər an ruhumuzda, düşüncəmizdə hiss edirik.
Sarı Aşığın rəmzləşməsi, əfsanələşməsi səbəbsiz deyil. O, daha çox özünəməxsus, bənzərsiz bayatılar müəllifi kimi tanınır. Bayatı yaratmaq isə asan deyil. Bayatı yaratmaq mahiyyətcə xalqı təmsil etmək deməkdir. Gözəl olan, ülvi olan əbədiliyi təsdiq edir və xalq adlı ünvana axır, təsdiqini tapır. Bir bayatıda bir kitablıq hikmət var.
Eşqində ardıcıldır Sarı Aşıq, zaman aşiqliyindən üstündür. Əslində «aşıq» sözü «işıq» sözündəndir. «Aşıq» sözü «saz» sözü, saz aləti qədər qədimdir və türk ruhundan doğub. Sazı yaradan türkün ruhu qədimlərdən gəlir. Sazın mahiyyətində insanın tanrıçılığı, ucalığa-göyə yetib qərarlaşması var.
Sədaqət, səadət, ləyaqət, birsifətlilik: bütün bunların yaşanmasını Sarı Aşığın bayatılarında görürük. Onun bayatılarında rəmziliklər, sirlər də az deyil. Bunlara həqiqət ölçüsüylə yanaşmaq, xəyaliliklə xülyəviliyi mümkün qədər ayırmaq gərək. Ancaq bu bayatılarda diqqət çəkən əsas məqam budur: sevgi bitməzmiş, habelə sevənin dərdi qurtarmazmış. Sənətkarlıq baxımından yetkin bayatı örnəklərində başdan-ayağa kədər var. Bəs niyə kədər Sarı Aşığı məhv etmir? Necə olur ki, kədər ünvanlı bayatılar xəlqi ünvana çevrilə, xalq ruhunu təmsil edə bilir? Ona görə ki, Sarı Aşıq kədərdən güc ala bilir, kədəriylə doğmalaşa bilir. Kədərdən, fəlakətdən güc almaq hünərdir. Sarı Aşıq bunu bacarır, ümidi qırılmır. Ümidiylə xalqı təmsil edir.
Sarı Aşığın doğma həsrəti var. Sarı Aşıq eşqində sadiqdir. Demək olar, hər bayatısının başı, dilinin əzbəri Yaxşıdır. Bu, əslində bilərəkdən dəlilikdir! Dərdini ürəkdən yaşayıb Sarı Aşıq. Dərdin, sevməyin nə olduğunu bilməyən belə yaza bilməzdi. Təbii ki, Sarı Aşıq Füzuli deyil, ancaq Füzulinin əruzda dediyini o, sadə xalq dilində demək olar, deyə bilib.
İlham Qəhrəmanın illər boyu Sarı Aşığın irsini toplamaq yönündəki işlərini hünər saymaq olar. Ancaq bir məqama diqqət yetirmək gərəkdir: kitabı oxuyarkən gözümüzün önündə Sarı Aşığın haradasa ikili obrazı canlanır: daha çox Məcnun, qismən də cismani nəşəyə meylli Sarı Aşıqla rastlaşırıq. Bir var ruhani həzz – bu, klassik poeziyada Füzuli, Nəsimi yaradıcılığı üçün xasdır. Bir də var cismani nəşəsevərlik. Bu, daha çox Vaqif poeziyası üçün xasdır. Ruhani (yəni mənəvi) həzz – insani, mənəvi duyğularla görüşdür. Cismani nəşə – heyvani (yəni antiinsani) duyğularla görüşdür. İlahi duyğuları bayatı dilində heyranlıqla haray çəkən Sarı Aşığın adına cismani nəşə məqamlı bayatıları rəva görmək olmur.
Sarı Aşığın qəbri Zəngəzur mahalının, indiki Laçın rayonunun Güləbird kəndində, Həkəri çayının yaxınlığındadır. Arxeoloqlar 1927-ci ildə qəbri açaraq onun XVII əsrdə yaşadığını sübut ediblər. Sarı Aşığın həyatıyla bağlı xalq arasında «Yaxşı və Aşıq» dastanı yaranıb. Sarı Aşıq əsasən bayatılarıyla tanınır. 1993-cı ildə ermənilər Sarı Aşığın qəbrini vəhşicəsinə dağıdıblar.
Sarı Aşıqdan bir neçə bayatı ərməğanı:
Gözəllik soy iləndi,
Şahmar
da soy ilandı,
Nəsimi
tək bu Aşıq,
Yolunda soyulandı.
***
Aşıq minaya dəyər,
Qurban minaya dəyər,
İl var bir günə
dəyməz,
Gün var min aya dəyər.
***
Mən Aşıqam qanlı gül,
Qanlı
seviş, qanlı gül,
Yemiş
bülbül bağrını,
Çıxmış ağzı qanlı gül.
***
Aşıq Qaramanlıdı,
Xalın
qara, manlıdı,
Yaxşının tənəsindən
Yenə qar amanlıdı.
Uğur
Xalq Cəbhəsi.- 2012.- 31 yanvar.-
S.14.