Sevgidən ilham alan şeirlər
Yusif Məhəmmədoğlunun
“Məni belə tanı sən” şeirlər kitabı üstündə köklənərək
Şeir haqqında danışmaq ayrı şeydir. Şeiri addım – addım, misra – misra yaşayıb
onu hiss etmək isə tamamilə bambaşqa bir şeydir. Şeir insanın – yəni
onu qələmə alanın, onu Verənlə oxuyan arasında Vasitə olanın əziyyətlə
ortaya çıxartdığı,
içində yaşadıb
hər tərəfinə
çəkib çevirdikdən
sonra yaratdığı
hiss təlatümüdür – desək yəqin ki, yanılmarıq. Bütün hallarda şeirin sevgi ilə nifrət arasında seçim etdiyi zaman hər zaman sevgini seçməsi
göz önündə
olan bir haldır və bu aksiomanın qətiyyən sübuta ehtiyacı yoxdur. Çünki, əgər
şeir sevgidən yaranmasaydı, onun adına şeir
deməzdilər. Onu hər şey adlandırmaq olardı, hətta onu ekstaz halında deyilən ardı – sırası kəsilməyən
söz yığını
da saymaq olardı.
Amma o, məhz sevgidən yaranıb və elə məhz sevgidən də yarandığı üçündür ki,
illərdir, əsrlərdir
onu bizlərə təqdim edənlər məhz elə şeir kimi təqdim edir və onu sözün
bütöv mənasınmda
açıb ağarda
bilmirlər. Onun adına hər şey deyirlər, “poeziya” deyirlər, “insanın lirik məninin təcəssümü”
deyirlər, amma bütün bunlar gerçək sözün
araya - ərsəyə
gətirdiyi sözün
real məxəzini açmaqdan
kilometrlərlə uzaqda
dayanır.
Söz ciddiyyətini qoruduqca poetikləşir, özünə qovuşur
və şeirləşir. İstənilən söz oyunundan
uzaq, arı və duru, oxucusunu
dağa – dərəyə
salmayan şeiri bu günün oxucusu çox rahatlıqla qəbul edir və onun
ölümsüzlüyünə inanır.
İnanır, çünki söz ziddiyyətdən yarana bilməz...
İnanır, çünki sözün mayasında dayanan mükəmməllikdir...
İnanır, çünki sözün şeirə çevrilməsi an məsələsidir
və bu ani proses göz
görüldüyü kimi
adidir. Amma daxilinə vardıqca sözün inam yükü onu böyüdür, yenidən
cana – qana
gətirir, onu zamanın süzgəcindən
keçən şeirə
çevirir.
İnanır, çünki
Günlər ötür, aylar ötür, il ötür,
Bu aylara, bu illərə
borcluyam.
Varaqlayır bir – birini
fəsillər,
Ötüb keçən fəsillərə borcluyam
-deyən şairin misra yükü onun torpaqla, yurdla, bu torpaqla,
bu yurdla yaşadığı hər
anına bağlıdır.
Bağlı olmasa o, yaşamaz. Diri ikən ölüyə
çevrilər anbaan,
yeniləşməz, özünü
yeniləməz və
yeniləmək imkanını
aşkarlamaz öz canında.
Yuxusuz gecəmə yuxu gətirdi
Körpə ürəyimdə sevgi bitirdi
Həyatı anlayıb duymadığım vaxt
Mənə qol – qanadlı
nəğmə yetirdi
–
Ana laylası.
Sevgisini insan təkcə
cismani sevgilər arasında paylaşdırmır.Onu
bütöv və əzəli sevgilər arasında da param – parça edir və özündən
ayırdığı bu
duyğularla, bu sevgi zərrəcikləri
ilə yenidən həyat qazanır və özünü təsdiqləmək yolunda
irəliləyir. Onun – yəni düşünən,
Allahın Əşrəfi
– məxluqat kimi yaratdığı İnsanın
sevgi ilə nəşvü – nüma tapmasını qeyd etmişdik yuxarıda.
Insan sevir ki, sevgisindən
pay verə bilir.
Insan sevir ki, dar
macalda hisslərini bir parça kağıza tökür və o hisslər kağızlara töküldükcə
daxilində bir rabhatlıq tapır.
Sevir – deyəndə yenə də deyirəm sadəcə cismani, bu gün
var olan, amma sabah var
olub olmaması sual işarəsi altında olan sevgilərdən bəhs etmirik, bütün halları ilə insana həyat eşqi verən bir Sevgidir insanı
məcbur edən ki, hisslərini kağızlara töksün.
Bu elə bir sevgidir
ki, insan hətta sevdiyinin varlığında belə
yoxluğuna duyur, amma buna inana
bilmir:
İnana bilmirəm yoxluğuna mən,
Həsrətdən ürəyim,
qəlbim qan olub.
Səninlə ötüşən hər xoş dəqiqəm,
İndi mənim üçün bir dastan olub.
Nə qədər sevgilərdə ayrılıqlar
olsa da, nə qədər əsrlərdir, qərinələrdir
bizi öz ağuşuna alıb aparan Xeyir və
Şər mübarizəsi
davam etmiş olsa belə insan yenə də həqiqi sevgi axtarışından
əl çəkmir ki, əl çəkmir.
Çünki, bu elə
bir sevgidir ki, canından can ayrılsa da, ətini tikə - tikə edib hər tikəsini bir dərəyə atsalar belə o, bu sevgidən heç nə itirmir. Əksinə, daha da ümidlərinə, arzularına
çatmaq üçün
yeni bir İlahi qüvvəyə
ehtiyac duyur. Bu duyulan ehtiyacın müqəddəslik kodları
o qədər yüksəkdir
ki, hətta İnsan bunun üçün bir çox şeylərdən
vaz keçməyə
hazırdır:
İstəmirəm dəniz olum
Dalğam ilə sahillərdə
Qayaları yumaq üçün.
İstəmirəm qartal olum,
Açaraq qol – qanadımı
Zirvələri qucmaq üçün.
İstəmirəm bulaq olum
Gözəllərin hörüyü tək
Dağlara sarılmaq üçün
İstəyirəm əgər bunu
Sən bacara bilsən,
ey həyat,
Gəncliyimə ömür
qat.
Ümidimə, istəyimə
Əl uzadıb çatmaq üçün.
Dalğası ilə sahillərdə qayaları
yumaq üçün
dəniz olmaq istəməyən, zirvələri
qucmaq üçün
qol – qanad açan qartal olmaq istəməyən şairin bundan sonra daha nələrisə
yazıb yazmayacağı
elə də mühim deyil, çünki, sevgi həm də sabaha duyulan ümidlərdir. Sabaha ümidlərlə dolu bir şeiri,
bir sözü araya - ərsəyə gətirmək böyük
bir hissdir.
Çünki, ümid
bambaşqa bir haldır.
Çünki, ümidi
yaşamaq lazımdır.
Çünki, “Sonuncu ölən Ümidlərdir”(Varis)
Səni, belə tanıdıq, Yusif qardaş!
Xeyirə qənşər, atam – qardaşım!
Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2012.- 31 yanvar.- S.13.