Səhnədə özü olmaq

 

İlham Namiq Kamal həmişə yaratdığı obrazların həm xarici, həm də daxili bütövlüyünə nail ola bilir

 

XX əsrin 70-ci illərində Azərbaycanda sənət aləminə İlham Əhmədov adlı daha bir gənc gəlir. Bu illərdə sənət aləminin çox qaynar zamanı idi. Bu dövrdə sənətdə Bəşir Səfəroğlu, Əliağa Ağayev, Fazil Salayev, Möhsün Sənani, Nəsibə Zeynalova, Həsənağa Turabov, Barat Şəkinskaya və bu kimi ulduzlar parlayırdı. Belə bir zamanda sənətə gəlmək, cəsarətlə nəsə deməyə iddialı olmaq o qədər də asan deyildi. Ancaq İlham bunu bacardı və hazırda sənətdə öz sözünü demiş, tamaşaçı yaddaşına həkk olunmuş görkəmli sənət adamıdır. O, gec də olsa dövlət tərəfindən xalq artisti fəxri adına layiq görülən, ancaq əslində xalq tərəfindən çoxdan bu ada layiq layiq sənətkardır. Ona görə də İlham xalq artisti fəxri adına layiq görüləndə, bir çox hallarda olduğu kimi, heç kim təəccüblənmədi. Çünki onun sənəti göz önündə idi. İlham Namiq Kamal artıq qırx ildən çoxdur ki, sənətdədir. Elə aktyorlar var ki, onlar teatrda parlaq obrazlar yaratsalar da kinoda və ya televiziyada bir o qədər də fərqlənmirlər. Bunun nə ilə bağlı olduğunu müxtəlif cür izah edirlər. O isə həm teatr, həm kino, həm televiziya, həm də radio verilişlərində həmişə seçilir. Bu bəlkə də onun sənətə və özünə qarşı olan ciddi münasibətindən irəli gəlir. Lakin ciddi münasibət işin bir tərəfidir. Əsas olan yaradanın verdiyidir. O ya var, ya da yoxdur. Zaman göstərdi ki, İlham Namiq Kamal həmişə yaratdığı obrazların həm xarici, həm də daxili bütövlüyünə nail ola bilir.

İlham Namiq Kamal İncəsənət İnstitutunun dram və kino aktyorluğu kursunu bitirib. Bu kursa əvvəl Adil İskəndərov, sonra isə Rza Təhmasib rəhbərlik edib. Elə tələbəlik illərindən İlham sənətdə söz deməyə çalışıb. Radio verilişlərində, tədris teatrında, televiziyada İlham ara-sıra görünməyə başlayır. Elə bu zaman İncəsənət İnstitutunun tədris teatrında bir neçə tələbəni aktyor ştatına işə qəbul edirlər. İlham da onların arasında olur. Gərgin məşqlərin nəticəsi olaraq bitkin obrazlar meydana gəlir. C.Cabbarlının «Aydın» tamaşasında Mirzə Cavad, M.Ə.Sabirin «Üləma məclisi» tamaşasında Molla Mirzəağa, H.Cavidin «Ana» tamaşasında Orxan, M.F.Axundovun «Müsyö Jordan və Dərviş Məstəli şah» tamaşasında Məstəli şah, F.Dürrenmattin «Meteor» tamaşasında Şvitter obrazları tələbə-aktyorun ifasında maraqla baxılırdı. Artıq hiss olunurdu ki, sənətə fərqli bir istedad gəlir. Elə bu ərəfədə Adil İskəndərov İlhamı kinostudiyaya dəvət edir. Onu da deyək ki, Adil müəllim hər tələbəni yadında saxlayıb kinostudiyaya aktyor ştatına dəvət etməzdi. Bu artıq nədənsə xəbər verirdi. Bir müddət belə keçir. Bu ara rejissor Fikrət Sultanov onu Azdramaya dəvət etmək istəyir və bunun üçün Tofiq Kazımovla danışır. Beləliklə İlham 1971-ci ildən 1989-cu ilə qədər Azdramada ən müxtəlif səpkili obrazlar yaradır. İlhamın aktyor kimi inkişafında mərhum rejissor Tofiq Kazımovun xidməti böyükdür. Bu rejissorun çox fərqli iş metodu var idi. O, istedadına inandığı cavan aktyorları «daha çox işlədirdi». İstədiyi nəticəni almayana qədər həmin adamdan əl çəkmirdi. İlham da həmin seçilmişlərdən idi. Bu gərgin zəhmətin nəticəsi olaraq müxtəlif səpkili obrazlar meydana gəlir. V.Şekspirin «Fırtına» tamaşasında Adrian, B.Nuşiçin «Nazirin xanımı» tamaşasında Nikoviç, İ.Əfəndiyevin «Bağlardan gələn səs» tamaşasında Ququş, «Qəribə oğlan» tamaşasında Batı və Dadaş Rəhimoviç, C.Məmmədquluzadənin «Ölülər» tamaşasında Hacı Kərim, M.S.Ordubadinin «Qılınc və qələm» tamaşasında mühakim, İ.Əfəndiyevin «Unuda bilmirəm» tamaşasında Cəmil, H.Cavidin «Knyaz» tamaşasında Kinto və onlarla müxtəlif obrazlar bu illərin məhsuludur. Ümumilikdə, İlham Namiq Kamal Azdramadakı fəaliyyəti dövründə 50-dən yuxarı rəngarəng obrazlar təqdim edir. Və tamaşaçı yaddaşına həkk olunur. Elə bu dövrlərdə İlhamda televiziyaya çox güclü maraq yaranır. Belə demək mümkünsə, televiziyanın da İlhama marağı yaranır və hər iki tərəf bundan udur. O, televiziyada C.Aslanoğlunun «Kürəkən olmaq çətinmiş» novellasında, R.Əhmədzadənin monoloqlarında, «Səhər görüşlərində», yumoristik novellalarda, Anarın «Evləri köndələn yar» teletamaşasında Paşa Paşayeviç, Qoqolun «Evlənmə» teletamaşasında Podkolyosin, Haldoninin «Mehmanxana sahibəsi» teletamaşasında Markiz, A.Məmmədovun «Kişilər» teletamaşasında Hüseynağa bacı və onlarla obrazlar yaradır.

Televiziyada müvəffəqiyyətlə çıxış edib, uğurlu obrazlarla tamaşaçı qəlbinə yol tapan İlham kinoda da bitkin obrazlar təqdim edə bilib. O, «Qaynana» filmində İlqar, iki serialı «Qəribə adam» filmində Əbdül Rəhman, «Uzun ömrün akkordları» filmində jurnalist, «Bəyin oğurlanması» filmində Anar, «Arvadım mənim, uşaqlarım mənim» filmində müdir, «Musiqi müəllimi» filmində Səməd və «Mozalan» kinojurnalında yüzlərlə müxtəlif xarakterli obrazlar yaradır.

Mərhum Tofiq Kazımovdan sonra Azdramaya Hüseynağa Atakişiyev baş rejissor təyin olunur. Bu ərəfədə İlham H.Atakişiyevin quruluşunda M.F.Axundovun «Vəziri xani Lənkərani» tamaşasında Teymur ağa, R.Əlizadənin «Günah» tamaşasında Fərrux, M.Qorkinin «Həyatın dibində» tamaşasında Bubnov, M.İbrahimbəyovun «Kərgədan buynuzu» tamaşasında müstəntiq Əsgərov, V.Səmədoğlunun «Yayda qartopu oyunu» tamaşasında Ziyad müəllim obrazlarını yaradır. Daha sonra H.Atakişiyev «Gənclər» teatırını yaradır. İlham bu teatrda da H.Atakişiyevin quruluşunda S.Stratiyevin «Çarəsiz sərnişinlər» tamaşasında Məsuliyyətsiz, R.Əlizadənin «Dadaşbala əməliyyatı» tamaşasında Dadaşbala, R.Tomanın «Arvadımın qatili» tamaşasında Daniel, İ.Məlikzadənin «Sultanqulu körpüsü» tamaşasında Sultanqulu, V.Səmədoğlunun «Dağ tikirik» tamaşasında Kələntər, S.Rəhmanın «Toy» tamaşasında Kərəmov, G.Xuqayevin «Arvadımın əri özüməm» tamaşasında Kazbek və s. obrazlar yaradır. İlham Namiq Kamal xarakter etibarı ilə daim yeniliyə can atan, həmişə nə isə axtarandır. O, heç kimin gözləmədiyi halda birdən-birə teatr yaratmaq eşqinə düşür. Beləliklə, paytaxt teatrları sırasına «İlham müniatür teatırı» da qoşulur. İlham burada Anarın «Əl əli yuyar», R.Səməndərin «İlhamın sərgüzəştləri», R.Əlizadənin «Don Kixot Abşeronski», R.Səməndərin «Novruz», C.Aslanoğlunun «Karnaval» yaxud «Şivonerdə eşq-məhəbbət», R.Səməndərin «Xan-xan oyunu», «Yubiley sayağı məsxərə yaxud kiçik toy», «Yorğanına baxıb ayağını uzadan teatr», R.Səməndərin «Hoqqabaz şaxta babalar», R.Əlizadənin «Dünyanın axırı», «Bəxtimin kələyi», R.Səməndərin «Başsındıran məsələ», R.Əkbərin «Qulaq», M.Mirnəsiroğlunun «Müasir toy», G.Aydanın «Mən qartalam» tamaşalarına quruluş verərək, özü də baş rolların ifaçısı olur.

Bu teatrla İlham Namiq Kamal cəbhə bölgələrində, hərbi qospitallarda və qastrollarda çox saylı çıxışlar edir. Məhz bu ərəfədə o, həm də Azdramada Ə.Əmirlinin «Varlı qadın» tamaşasında Sarı Qarayev, H.Cavidin «Afət» tamaşasında doktor Qaratay, Hidayətin «Bu dünyanın adamları» tamaşasında Zaman müəllim, Elçinin «Mənim ərim dəlidir» tamaşasında Kişi, X.Qocanın «Hərənin öz payı» tamaşasında Gülən adam obrazlarını yaradıb. 2005-ci ildə mərhum sənətkarımız Hacıbaba Bağırov İ.N.Kamalı Musiqili komediya teatırına dəvət edir. İlham bu dəvəti qəbul edir. O, A.Babayevlə O.Rəcəbovun «Şeytanın yubileyi» əsərinə quruluş verərək, özü də baş rolda çıxış edir. H.Bağırov İlhamla bir səhnədə oynamaq arzusunda idi. Ancaq ömür vəfa etmir. Daha sonra bu teatrda İ.N.Kamal M.Haqverdiyevin və R.Mirişlinin «Qısqanc ürəklər» tamaşasında polkovnik Mikayıl, T.Vəliyeva və F.Sücəddinovun «Mən dəyərəm min cavana» əsərində İbad İbadoviç obrazlarını tamaşaçıların ixtiyarına verir.

Yazımızın əvvəlində yazmışdıq ki, İlham hansı teatrda işləməyindən asılı olmayaraq, həm televiziya, həm də kino təkliflərindən heç vaxt imtina etmir. AzTV-də A.Babayevin «Nekroloq» əsərində Sadıq Sadıxov, M.Süleymanlının «Bəylik dərsi» əsərində Əliqubad və E.Məmiyevin «Şans» filmində baş həkim, ANS-də K.Qasımlının «Qışlama əməliyyatı»nda Çek Sendler və «Yatmış gözəl» tamaşasında Həkim obrazlarının mükəmməl ifasına nail olur. Hazırda İ.N.Kamal həm Musiqili kamediya teatrında, həm də digər teatrlarda, televiziya tamaşalarında, filmlərdə müxtəlif səpkili obrazlar üzərində işləyir. Bunlar azmış kimi o, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində «Estrada sənəti» kafedrasının müdiri, professordur. Onun onlarla tələbəsi müxtəlif teatrlarda və telekanallarda çalışır.

 

 

Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2012.- 31 yanvar.- S.13.