«Batmanqılınc»dan «Dolu»ya

 

         Şərif Ağayar: «Aqil Abbas yazıçı kimi həqiqətin önündə haray salır»

 

Sevinc Çılğın: «Çox şanslı kişidir!»

 

Rəşad Məcid: «Aqilin Qarabağa gedəndə tapdığı rahatlığı heç nə əvəz eləyə bilməz»

 

Bu gün Azərbaycan nəsrinin lazımlı adamının — Aqil Abbasın ad günüdür. Yubilyarı Azərbaycan ədəbiyyatının nümayəndələri də bizimlə birgə təbrik etdilər. Yazar Şərif Ağayar bildirdi ki, hansı rakursadan baxmağımızdan asılı olmayaraq Aqil Abbas cəmiyyətimizə, ədəbiyyatımıza, jurnalistikamıza lazımlı adamdır: «O, xeyirxahdır. Doğrudur, bir millət vəkili olaraq Aqil bəyin üstünə çoxlu vəzifələr düşür. Məsələn, xeyirxahlığa ehtiyac duyulmayan bir cəmiyyət yaratmaqda əlindən gələni etmək… Amma nə edək, böyük həqiqətlərin qarşısında hamımız uduzuruq. Elə biri Qarabağ, olsun. Ağdam olsun. Aqil Abbas bir yazıçı kimi bu böyük həqiqətin önündə haray salır. Onun barəsində ən dahiyanə sözü rəhmətlik Mehdi Bəyazid deyib: «Aqil, səni cənnətlə cəhənnəmin arasında dartışdıra-dartışdıra qalacaqlar»…

Məncə təkcə inkir-minkiri çaşdırmayacaq Aqil Abbas. Həm də cənnətdəkilər öz, cəhənnəmdəkilər öz yanlarında görmək istəyəcəklər. Aqil işıqlı adamdır. Sadəliyi isə hər kəsə örnək ola bilər. Nə bilim? Mən Aqili çox istəyirəm. Ona görə ki, əsəbiləşəndə də ona əsəbləşirəm. Belə adamlar azdır Azərbaycanda. Can sağlığı arzu edirəm. Qalanını özü bizdən yaxşı bilir. Yoxsa biz də Aqil Abbas ola bilərdik də»!

DGTYB sədri Əkbər Qoşalı hesab edir ki, Aqil Abbas vətənpərvərliklə ədəbiyyatçılığın, dəli-doluluqla aydınlığın harmoniyasını tapmış yazıçımızdır: «İctimaiyyət onu daha çox «Ədalət»çi baş redaktor kimi tanıyıb, sevdi, bu günsə millət vəkili kimi, bir yazıçı kimi yenə xalqın dərdlərinə, Vətənimizin üzüntülərinə çiyin verməkdədir. Aqil bəyə səhər-səhər «qutlu olsun» demişəm, indi də sizin qəzetiniz vasitəsi ilə təbrik edir, can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram».

Yazar Sevinc Çılğının Aqil Abbas deyəndə ilk ağlıma gələn İradə Tuncay olur: «Daha sonra fəaliyyəti — yaradıcı və ictimai xadim kimi. Amma ilk olaraq İradə xanım gəlir gözümün qabağına və düşünürəm ki, çox şanslı kişidir! Belə hərtərəfli ağıllı ziyalı xanımı olan kişi dünyanın var-dövlətinə sahibdir! Bu var-dövləti ilə hamıdan zəngindir Aqil Abbas! Doğum günü münasibətilə təbrik edirəm və ona hər zaman sevdiklərinə sahib olmağı və sahib olduqlarını sevməyi arzu edirəm».

Şair Kəmaləddin Qədimin fikrincə, çoxluğun sevdiyi və qəbul etdiyi şəxsiyyətlər barmaq hesabı ilədir: «Aqil Abbas o şəxsiyyətlərimizdən, yazarlarımızdandır ki, elə bu çoxluğun arasında, bu çoxluğun içindədi. Üstəlik «Ədalət» qəzeti kimi bir qəzetin yaradıcısı olasan… 2005-ci ildən üzü bəri millət vəkilinin maaşını alasan…(bu zarafatdı — Aqil Abbas üslubunda) Ad gününü təbrik edirik Aqil müəllimin. 60 yaşı qutlu olsun, deyirik».

Yazar Əvəz Qurbanlı Aqil Abbasa bir qələm adamı, ziyalı kimi hörmət bəsləyir: «Yeri gəlmişkən, ad günü münasibətilə onu təbrik edirəm. Həmişə verdiyi sözə sadiq adam kimi tanımışam onu. Bir apreldə mənim də Aqil bəyə bir zarafatı sualım var: «Canlı dirəklər»i oxuyub qurtarıb yoxsa yox»?!

Yazar Rəşad Məcid illərdir Aqil Abbasla dostluq etdiyini və bundan qətiyyən peşman olmadığını deyir: «Ömrünün beşinci onilliyini tamamlayanda «50 yaşın Aqili» adlı bir yazı yazmışdım — xarakterində neçə illərdən bəri müşahidə elədiyim müəyyən cizgiləri qələmə almağa çalışmışdım. Aqillə bağlı bir məqamı tez-tez yada salıram — onun üçün Avropanın istənilən ölkəsinə, lap belə Parisə getməkdənsə, Qarabağa — Ağdama, Ağcabədiyə, Bərdəyə səfər etmək daha böyük sevinc, daha böyük rahatlıqdı. Ötən il noyabrın 19-da Vahid Qazinin maşınında Ağdama, Quzanlıya, görkəmli alim Adilə Namazovanın yubiley tədbirinə gedəndə birdən düşündüm ki, Aqillə 25 il əvvəl başladığımız və son illərə kimi tez-tez getdiyimiz bu yolu çoxdandı birgə getmirik. Və mən yolboyu Bakıdan uzaqlaşdıqca ən müxtəlif mövzulardan danışan Aqilin Qarabağa yaxınlaşdıqca necə qanadlandığını görür, istər-istəməz həmin sözlərimi xatırlayırdım. O yazını yazmağımdan 9 il keçib, bu 9 ildə Aqillə dəfələrlə xarici ölkələrdə səfərlərdə olmuşuq, amma həmişə hiss eləmişəm ki, Aqilin Qarabağa gedəndə tapdığı rahatlığı heç nə əvəz eləyə bilməz. O həqiqətən də Qarabağa gedəndə özünü suda balıq, göydə quş kimi hiss edir. Aqilin adamlarla kənddə-kəsəkdə, çayxanada, lap belə ayaqüstü elədiyi söhbətlər millət vəkili, yazıçı kimi zahiri görkəm yaratmaq cəhdi, bir vəzifə borcu deyil, ürəkdən gələn mənəvi tələbatdı, öyrəşdiyi, adət elədiyi həyat tərzidi. O, adamlarla ünsiyyətdən zövq alır, hətta ilk dəfə onu görən, sifətindən zəhm və ciddilik tökülən adam da Aqilin söhbətini dinlədikcə bir neçə dəqiqənin içində dəyişir və bu söhbətlərin, arada söhbətə rəng qatan lətifələrin aurasına necə düşdüyünü hiss eləmir, sifətindəki zəhmin nə zaman yüngül təbəssümə çevrildiyindən xəbəri olmur.

Ötən ilin yayında, İsmayıllıda rejissor Elxan Cəfərov «Dolu» filminin çəkilişlərini aparırdı. Bir neçə gün mən də Aqillə çəkilişlərdə oldum. Gah filmdə döyüş səhnələrinə çəkilən əsgərlərə nəzarət edən zabitlərlə domino oynayır, gah aktyorlarla, rejissorlarla söhbət edir, çay içir, çörək yeyirdik. O hamıyla, hər kəslə öz dilində, öz maraq dairəsində danışmağı bacarırdı. Hərbçiylə hərbin qayda-qanunlarından, hərbdəki vəziyyətdən elə danışırdı ki, elə bil neçə il bu sahədə çalışıb. Aqil müəllimi həmişə belə görmüşəm — aktyorlarla, rejissorlarla sənətdən, kinodan, mollalarla dindən, alimlərlə tarixdən, etimologiyadan, kəndçiylə, suçuyla torpağın dərdindən, meliorasiyadan, şoranlaşmadan danışır ki, hamı onunla söhbətdən zövq alır.

…Mənim tanıdığım Aqil belədi. Mənim tanıdığım Aqil müəllimin — Aqil Abbasın ən böyük əsəri onun özüdü, onun orijinal xarakteri, böyük qəlbi, xeyirxahlıq və yaxşılıq eləməyə daim açıq ürəyidi».

Tənqidçi Tehran Əlişanoğlu Aqil Abbasın imzasını, şəxsiyyətini və yaradıcılığını 1980-ci ildən izləyir: «Aqil Abbasın bir gənclik povestini də xatırlayıram, eyni adlı kitabında (1987) getmişdi: «Ən xoşbəxt adam». Ap-adi, günlərə səpili İnsan xoşbəxtliyinin sorağında, aydan aya səliqəylə maaşı maaşa calayan, yeri gəlmişkən, 1 aprel — doğum gününün gerçəyini də əməlli-başlı yaşamayıb, yalana çıxaran birisindən söz açırdı. «Xoşbəxtlik» burda bir pritçaydı, hamı kimi olmaq və ola bilməməyin darıxdırıcılığını fiksə edirdi… Bu ki, başqaları başının üstündən məşhur həmkəndlilərinin portretini asıb lovğalananda bu gənc fərli-başlı birisinə güvənib də arxalana bilmir: «Əslinə qalsa, kənddə iki tanınmış adam vardı — amma həmin adamların məşhurluğu yalnız rayon ərazisindəydi. O məşhur şəxslərdən biri öz atasıydı ki, kolxoz sədriydi və rayonda sədrləri hamı tanıdığından, təbii ki, onun atası da tanınmışdır. O birisi suçu Şöhlət idi…»

Bugün Aqil Abbas bir zaman gənc qəhrəmanının tapıb-sığına bilmədiyi o məşhur adamın özüdür ki var. Millət vəkili, adlı-sanlı, karlı-imkanlı, cəmiyyət içrə seçilən bir Sima; millətin, xalqın, toplumun sözünü deyən bir Səs. Xoşbəxt olmaq üçün başqa nə lazım; əldə qələm, ya kürsü arxasında yüzlərin-minlərin-milyonların Səsini eynən yüzlərə-minlərə-milyonlara çatdırır, elini-obanı, Vətəni-torpağını ən ali məqamlarda, mərtəbələrdə təmsil edir, tərcümanı olursan…

Aqil Abbas nəsrinin ilk böyük uğuru «Günah» povestindən (1979) başlanır. Yazıçı bu əsərdə İnsan taleyində rezonans verən Cəmiyyət günahlarını məhz magik realizm ünsürlərinin imkan açdığı ifadə üstünlüyü ilə çözür. Monoloji etiraf tonallığında qurulan təhkiyə son halda mistik-rəmzi qatlara açılmaqla daha dərin mənalar kəsb edir. Qəhrəmanın bütün həyatını — sevincləri, nisgilləri, ağrı və iztirabları ilə əhatələyən mistik qoz ağacı eyni zamanda onun tragikomik taleyinin simvoludur. Fəlsəfi qayə və estetik cazibədarlığını mətn bugün də saxlamaqdadır: İnsan ömrü yetişdiyi mənəvi mühitə bağlıdır.

Ədəbi tənqid Aqil Abbası İlyas Əfəndiyevin ardınca növbəti «Qarabağnamələr müəllifi» kimi tanıtmaqda haqlıdır. Yazıçının istər müasir mövzuda əsərləri, istərsə də tarixi mövzuda qələmə aldığı «Batmanqılınc» romanı ünlü Qarabağın həyatı, mədəniyyəti, qəhrəmanlıq tarixi, mərd və hünərli insanlarından söz açır, Azərbaycan varlığını Qarabağ salnaməsi üzərində təsbit edir. O cümlədən müharibə «trilogiyası»nda («Çadırda Üzeyir Hacıbəyov doğula bilməz», «Qarda açan qan çiçəyi», «Dolu») Qarabağ insanının 1990-cı illərdə üzləşdiyi hər növ bəlalar ümummilli problem səviyyəsinə qaldırılır, geniş zaman kontekstində bədii təcəssümünü tapır.

«Çadırda Üzeyir Hacıbəyov doğula bilməz» povestini (1992-1999) yazıçı uzun sürəyə ərsəyə gətirməsinin müşkülü barəsində deyir: «Elə dərdlər var ki, onu yazmaq üçün qüdrətli bir qələm sahibi olmalısan…» «Ən uzun dərdli hekayə» deyə janr verdiyi əsərin adı nə qədər publisist səslənsə də hekayədə qaçqınların həyatı, çadır düşərgəsində cərəyan edən real mənzərələr nə qədər publisist kəskinliyi ilə qabarsa da, povest bütövlükdə romantik nəfəs zəminində qələmə alınmışdır. Qanad taxdığı romantik halə içərisində Aqil Abbas qəhrəmanını da, onu əhatə edən müharibə durumunu da olduqca canlı, inandırıcı ehtiva və təqdim edə bilir.

Azərbaycan kişisinin əxlaqını təcəssümləndirən Müəllim böyük təzyiqlər və top-tüfəng sədaları altda doğma kəndini tərk edərkən artıq özünü məğlub sayır. Ailəsinin, uşaqlarının xilası naminə, çıxılmazlıq məqamında atılmış bu köçlə, Vətəndən Vətənə qaçqınlıqla o heç cür barışa bilmir. Tarix müəllimi olan, vaxtilə şagirdlərinə odlu-alovlu Vətən dərsləri keçən qəhrəman sinfə girib, ritorik dərslər deməkdən bilmərrə imtina edir. Vətənin haçansa, kimlər tərəfindənsə azad olacağı günə səbri çatmayıb, fərdi mübarizə yolunu seçir: təkbaşına Xankəndinə gedib, düşmənini məhv edir, özü də şəhid olur. Bu baxımdan «Çadırda Üzeyir Hacıbəyov doğula bilməz» əsəri 1990-cı illər nəsrinin Qarabağ mövzusunda ümumiləşmiş qənaətini əks etdirir. Bununla milli ədəbiyyat ədalətsiz müharibə nəticəsində Azərbaycan cəmiyyətinin düşdüyü duruma qarşı etiraz manifesti ilə çıxış edirdi.

Deyirlər, Aqil Abbas həyatda da qəhrəmanları kimidir; yaxından müdaxiləm olmadığından təsdiq ya təkzib etməyim düz olmaz. Amma məgər bu qəhrəmanları yaradan onun özü deyilmidir?! Bir daha Aqil Abbası təbrik edirəm».

 

 

Oktay Hacımusalı

 

Xalq Cəbhəsi.- 2013.- 2 aprel.- S.14