«Bizim düşmənlərimiz
çox, dostlarımız azdır»
Azərbaycan dövlətin
bütün atributlarına malikdir və öz müstəqil
siyasi həyatını yaşaya bilər…»
Mustafa
Nadir oğlu Vəkilov 1896-cı ildə Qazax qəzasının
Salahlı kəndində anadan olub. Bakı gimnaziyasını
bitirib, 1912-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə
daxil olub. Bu dövrdə xalqının milli azadlıq
mübarizəsində yaxından iştirak etməyə
başlayıb. Siyasi dünyagörüşünün
formalaşmasında əmisi Məmməd Rza Vəkilovun və
yaxın qohumu Ə.Topçubaşovun böyük təsiri
olub. 1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya
komissarlığında daxili işlər komissarı
A.Çxenkelinin məsləhətçisi vəzifəsində
çalışıb, habelə Zaqafqaziya Seymində müsəlman
fraksiyasının fəal üzvlərindən biri olub. M.Vəkilov
Nazirlər Şurasının sədri N.Yusifbəylinin təşkil
etdiyi hökumət kabinetində daxili işlər nazirinin
müavini vəzifəsini icra edib. 1920-ci il fevralın 18-də
23 yaşlı M.Vəkilov daxili işlər naziri təyin
olunub. O, hökumətin ən gənc naziri olub. 1965-ci il
noyabrın 1-də Türkiyədə (Amasiya) vəfat edib.
Mustafa
Vəkilov 1912-ci ildə Bakı gimnaziyasını
qızıl medalla bitirib. Elə həmin il əmisi Məmmədrza
ağa Vəkilov onu Moskvaya göndərib, orada Moskva
Universitetinin hüquq fakültəsinə daxil olub. Tələbəlik
vaxtından siyasətlə maraqlansa da, bu sahədə
geniş fəaliyyəti 1917-ci ilin martında univetsiteti bitirib
Bakıya qayıdandan sonra başlanır. Həmin ilin aprelində
Bakıda çağırılmış Qafqaz müsəlmanlarının
qurultayında, Kiyevdə ukraynalı professor Qruşevskinin
çağırdığı qeyri-rus millətlərin qurultayında
iştirak edir. Eyni zamanda Bakı mətbuatında aktual siyasi məqalələrlə
çıxış edir. Həmin il Rusiya parlamentinə Azərbaycandan
millət vəkili seçilməsi onun artıq böyük
siyasi nüfuza malik olmasından xəbər verirdi. Müsavat
Partiyasının 1917-ci il sentyabrın 21-31-də Bakıda
keçirilmiş qurultayında Mustafa bəy MK üzvü
seçilir «Azərbaycana muxtariyyət» şüarı
altında Bakıda və qəzalarda başlanmış hərəkatda
fəal iştirak edir. 1917-ci il noyabrın 15-də Zaqafqaziya
Komissarlığında daxili işlər naziri A.İ.Çxenkelinin
məsləhətçisi vəzifəsinə təyin edilir.
O, həm də Seymdə müsəlman fraksiyasının
üzvü olur. Azərbaycan Cümhuriyyəti elan ediləndən
sonra Daxiliyyə Nazirliyində işləyir.
Araşdırmaçı
İsmayıl Umudlu bildirir ki, M.Ə.Rəsulzadənin
başçılıq etdiyi Azərbaycan nümayəndə
heyəti 1918-ci il iyunun 24-də İstanbula gələndə
M.Vəkilov məsləhətçi ekspert qismində
nümayəndə heyətinin tərkibində idi:
«İstanbul beynəlxalq konfransında iştirak etməli olan
bu heyətə Xəlil bəy Xasməmmədov və Aslan bəy
Səfikürdski də daxil idilər. Mustafa bəyin
İstanbuldan əmisi Məmmədrza ağaya, qohumu Abdulla bəy
Divanbəyoğluya göndərdiyi məktublar siyasət aləminə
təzəcə atılmış 22 yaşlı gənc
hüquqşünasın dərin müşahidə qabiliyyətinə
gözəl misaldır. Bu məktublardakı sətirlərin
arxasında onun erudisiyası, təmənnasız yurdsevərliyi,
düzgün siyasi mövqeyi dayanır: «İstanbul, 1918-ci il,
15 oktyabr. Əziz əmim! Ümummilli vəziyyətimiz bu saat
xeyli dəyişib və onu yaxşılığa doğru dəyişiklik
adlandırmaq çətindir. Sizə artıq bəllidir ki,
Bolqarıstanla separat sülh bağladıqdan sonra Almaniya və
onun müttəfiqləri Vilsona sülh təklif ediblər. Bu
saat danışıqlar gedir və bunlar ehtimal ki,
barışığa gətirib çıxaracaq və bəşəriyyətə
çoxdan həsrətində olduğu sülhü bəxş
edəcək. Burada sülh həsrətində olmayan bir
türk belə yoxdur. Bu müharibə Türkiyəni yaman əldən
salıb, onun bütün ehtiyatları tükənib, millətin
ən yaxşı, özü də gənc qüvvələri
qırılıb. Bir sözlə, Türkiyənin
bütün əsəbləri tarıma çəkilib və
bundan sonra belə davam edə bilməz. Tezliklə sülh
bağlanmalıdır. Bu yeni durum Türkiyə kabinetinin dəyişməsinə
səbəb olur. Tələt paşa kabineti yarımməcburi,
yarıkönüllü istefaya çıxdı. İndi
iqtidarda İzzət Paşanın kabinetidir. Bu adam Sultanın
yavəri olub və Türkiyədə ən yaxşı
paşalardan biri kimi tanınır. O, Çanaqqaladakı cəsarətli
əməliyyatı ilə məşhurdur. Bundan əlavə
bu adam ağıllıdır, söylənənə görə,
yaxşı siyasətçidir, onun kabinetində xüsusilə
tanınmış adlardan heç kəs gözə dəymir.
Özü də yeni kabinet sülh istəyir, buraya lap əvvəldən
Türkiyənin bu müharibəyə girməsinə
qarşı olan bir sıra xadimlər daxildirlər. Əvvəlki
kabinet İttihad və Tərəqqi partiyası üzvlərindən
ibarət idi. İndiki kabinetdə isə 1 ya da 2 təmsilçisi
yer alıb. Ölkəyə sülh vəd etdiyinə görə
əhali yeni hökumətə hüsn-rəğbət bəsləyir…
Zaqafqaziyadakı vəziyyət də xeyli dəyişir. Ən
pis bizim Azərbaycanın vəziyyətidir. Bizim düşmənlərimiz
çox, dostlarımız azdır, bu dostlar özləri də
o qədər bel bağlanılası deyil. Onların kefi xeyli
kökəlib. Onların nəinki Qazax qəzasının
dağlıq hissəsinə və demək olar, bütün
Qarabağa, həm də az qala Vana qədər Türkiyə
vilayətlərinə ərazi iddiaları var. Hazırda
özümüzün bütün işlərimizi bir kənara
qoyub Azərbaycanda yalnız qayda-qanunun təşkili ilə məşğul
olmalıyıq, heç olmasa, müəyyən bir ordu və
polis olmalıdır. Türklərin oradan getməsi
ehtimalı var. Buna hazır olmaq gərəkdir, əks təqdirdə
ölkədə anarxiyanın dəhşətləri yenidən
başlanacaq. Nəyin bahasına olursa-olsun, Milli Şura
adına nəsə bir şey çağırmaq
lazımdır. Bu saat o bizə beynəlxalq nöqteyi-nəzərdən
son dərəcə vacibdir. Avropalılara və Amerikaya
göstərmək və sübut etmək lazım gələcək
ki, Azərbaycan dövlətin bütün atributlarına
malikdir və öz müstəqil siyasi həyatını
yaşaya bilər…
Məncə,
Türkiyə və Azərbaycan üçün süni
sınaqlar hazırlanır. Burada bizim üfüqlərimiz
genişdir, qüvvə sərf edildiyi təqdirdə vəziyyətdən
çıxış yolu tapmaq mümkündür və belə
bir çıxış yolu olmamış deyil! … Türklər
bizim üçün mümkün olanı ediblər və
edirlər. Bizim özümüz də işləməliyik.
Axı Türkiyənin dərd-səri tək biz deyilik. Burada
yaxşı yaşayıram. Yavaş-yavaş dili mənimsəyir,
qəzetləri oxuyuram. Sizsiz yaman darıxıram. Sizin Mustafa».
Mustafa
ikinci məktubunu 5 gün sonra yenə İstanbuldan yazır:
«20 oktyabr 1918-ci il. Əziz əmim! Elə sevinirəm ki, nəhayət,
Sizə məktub yazmaq imkanı düşdü. Sizin
hamınıza görə yaman darıxıram, olduqca narahatam,
çünki sizlərdən heç bir məlumatım
yoxdur. Türkiyənin və bizim siyasi vəziyyətimiz
axır vaxtlar son dərəcə mürəkkəbləşib…
Fakt budur ki, hazırda Türkiyə taleyin ümidinə
buraxılıb və o, yalnız öz qüvvəsinə bel
bağlaya bilər… Bu müharibə sözün gerçək
mənasında Türkiyəni lap əldən salıb.
Ölkə var-yoxunu bu müharibəyə qurban verib.
Özü də savaşan ölkələrdən heç
biri bu əzabkeş millət — türklər qədər zərər
görməyib.
Bütün
əsəblər gərilib. Belə davam edərsə, hər
şey dağıla bilər. O zaman isə Rusiyadakı
dağıntılar Osmanlıdakının yanında toya getməli
olacaq… Alman cənablar təkcə öz düşmənlərinə
deyil, hətta öz müttəfiqlərinə münasibətdə
də başlarını itiriblər. Bakı haqqında məsələni
xatırlamaq kifayətdir. Bundan başqa «ingilispərəstlər»
— yəni lap başlanğıcdan Türkiyənin bu
müharibəyə girməsinin əleyhinə olanlar
başlarını qətiyyətlə qaldırıblar.
Kursun dəyişməsi kabinetin dəyişməsi demək
oldu. Tələt Paşanın gənc türklər kabineti
yarı məcburi, yarı könüllü olaraq iqtidardan getməli
oldu. Yeni kabinetin təşkili əvvəlcə nə vaxtsa Sədrəzəm
olmuş Tevfiq Paşaya tapşırılmışdı.
Deyilənə görə, dərin ağlı və təcrübəsi
olan adamdır. Lakin o, buna nail ola bilmədi. Yeni kabineti İzzət
Paşa təşkil etməli oldu… Ehtimal ki, tezliklə
sülh xəbərini alacaqsınız, istər separat olsun,
istər müttəfiqlərlə birlikdə bağlansın.
Hər gecənin bir gündüzü var. Türkiyə
üçün nəyin yaxşı olduğu hələ bəlli
deyildir: güclü və qalibiyyətli müttəfiq
Almaniya, yoxsa İngiltərə və Almaniya arasında siyasi
balanslaşdırma. Biz onun öz zəif müttəfiqi
Türkiyə ilə nə sayaq rəftar edildiyinin bu
yaxınlaradək şahidi idik. Öz daxili həyatlarında
türklər islahatlar və idarəetmədə mərkəzdən
qaçma yolu tutublar… Əgər gələcək sülh
konqresinə Qafqazın bütün xalqları dost və həmrəy
kimi gələrlərsə və ya digər şəkildə
tanınmasına nail olarlar. Ərazilərin hüdudlanması
məsələsində ermənilər böyük
inadkarlıq göstərəcəklər, hərçənd
sərhədlər məsələsi burada həllini
tapmayıb, belə ki, konfederasiya baş tutmayıb,
özü də ermənilər təkcə Qazax qəzasının
dağlıq hissəsinə deyil, həm də Şuşa qəzasının
böyük bir hissəsinə, Cavanşir və Zəngəzur
qəzalarının bir hissəsinə iddia irəli
sürürlər. Sonra onlar indiki Türkiyə vilayətlərindən
də haralarısa qopara biləcəklər… Bu yaxınlarda Mərdan
əmi (Əlimərdan bəy Topçubaşov-red.) nümayəndə
heyətinin qalan üzvləri ilə birlikdə hətta geriyə
qayıtmaq qərarına gəlmişdi. Lakin sonra türklər
ona dedilər ki, onun burada qalması lazımdır. Və biz hələlik
burada qalmışıq və nə vaxt
qayıdacağımız bəlli deyil.
Dolanışığım yaxşıdır. Dili öyrənirəm,
müəyyən uğurlarım var. Türkiyənin həyatı
və dövlət aparatı ilə imkan daxilində
tanış oluram…»
«… Bu
günlərdə səhər saat 11-də aydın günəşli
bir gündə qəfildən toplardan sürəkli atəş
səsləri eşitdim, eyvana qaçdım, nə görsəm
yaxşıdır? Başımızın üstündə
düz 8 ingilis aeroplanı fırlanır. Türklər
toplardan və pulemyotlardan od püskürürlər. O, lənətə
gəlmişlər isə heç hallarını da pozmurlar.
Öz keflərincə şəhər üstündə
dolaşırlar, vəssalam. Şəhərə bir neçə
bomba atdılar, ölənlər və yaralananlar var. Biz isə
bilirsiniz, bütün bu müddət ərzində eyvandan bu
orijinal mənzərəyə tamaşa edirik. Tezliklə
aeroplanlar gözdən itdilər, lakin 2 saat keçməmiş
yenidən təşrif buyurdular. Lakin bu dəfə onları
çox tez qovdular. Aeroplanlardan bombalarla yanaşı sülh
çağırışı haqqında vərəqələr
də atırdılar… Mən inanıram ki, məkrli
avropalıların nə aeroplanları, nə də topları
türkləri qorxuda bilərdi. Öz ulu əcdadlarının
layiqli övladları dünya xalqları arasında özlərinə
layiq yer qazanıblar və qazanacaqlar. Bizim tariximiz — türk
xalqının tarixi indi-indi başlanır. Özünün
bütün həyatını mübarizələrdə
keçirmiş və çarpışmağı
bacardığını sübut edən xalq digərlərini
onunla hesablaşmağa məcbur edəcək… Bütün
qohumlara və tanışlara salamlar. Sizin Mustafa».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 2 aprel.- S.11.