Quba qəzasında erməni cinayətləri

 

Vaqif Abışov: «Hamazaspın «cəza dəstəsi» Quba şəhərini və Quba qəzasının 122 kəndini darmadağın edib. Qubada iki mindən çox adamı-kişi, qadın və uşağı qətlə yetirib»

 

Martın 29-da AMEA Tarix İnstitutu və Quba rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə «Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı» mövzusunda beynəlxaq elmi konfrans keçirilib. Həmin konfransda Almaniya, Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Gürcüstan, Bolqarıstan, Misir, Ruminiya və digər ölkələrin tarixçi alimləri iştirak ediblər.

Konfrans iştirakçısı, azərbaycanlıların soyqırım üzrə tədqiqatçı alimi Vaqif Abışov bizimlə söhbətdə ermənilərin 1918-ci ildə Qubada törətdiyi qoyqırıma bir daha aydınlıq gətirdi. Vaqif Abuşov deyir ki, xalqımıza qarşı ermənilərin törətdiyi qətl və qarətlərin tarixi, əsasən XVIII əsrdən başlayır:»Rusiya çarı I Pyotrun hakimiyyəti dövründə (1682-1725-ci illər) Rusiyanın Qafqaz xalqlarına qarşı təcavüzkar siyasəti rəsmi dövlət səviyyəsinə qalxıb. Bu dövrdən başlayaraq, Rusiyanın rəsmi dövlət siyasətinin əsas istiqamətlərindən biri də Cənubi Qafqaza yönəlib. Ermənilər XVIII əsrin əvvəllərindən çar Rusiyasının açıq və gizli formada himayəsinə arxalanıb özlərinə dövlət qurmaq üçün Cənubi Qafqazın yerli sakinlərinə-müsəlmanlara (nəzərə alaq ki, Cənubi Qafqazın yerli müsəlman əhalisinin böyük bir hissəsini azərbaycnlılar təşkil edirdi) qarşı etnik təmizləmə, qətl-qarətlərə başlayıblar. Planlaşdırılmış cinayətlər sayəsində 1915-1920-ci illərdə 2 milyondan artıq müsəlman öz doğma torpaqlarından qaçqın düşüb və 1,5 milyona yaxını da qətlə yetirilib. Onların evləri, tarixi və mədəni abidələri isə yerlə yeksan edilib. Ümumiyyətlə, birinci dünya müharibəsinin gedişində və sonrakı dövrü də nəzərə almaqla 2,5 milyondan çox müsəlman həlak olub. Sonrakı dövrlərdə Rusiya dövləti Azərbaycan torpaqlarında xristian məskənlərinin yaradılmasına, oraya rusların və ermənilərin köçürülməsi siyasətini davam etdirib. Bu zaman yerli əhalinin-azərbaycanlıların əzəli torpaqlarından qovulmasına və onların sıxışdırılmasına başlanılıb. N.N.Şavrovun yazdığı kimi:»XX əsrin əvvəlinədək Zaqafqaziyada yaşayan 1 mln. 300 min ermənidən bir milyon nəfərdən çoxu diyarın yerli sakinlərinə mənsub deyildilər və bizim tərəfimizdən burada məskunlaşdırılmışdı»".

Tarixçi alimin sözlərinə görə, erməniləri Cənubi Qafqazda məskunlaşdırmaqla, gələcəkdə aborgen azərbaycan əhalisini həmin torpaqlardan sıxışdırıb çıxarmaq və sonradan bu əraziləri də Rusiyanın torpaqlarına qatmaq məqsədi güdülüb:»Ermənilər isə bu siyasətdən istifadə edərək azərbaycanlıların əzəli yaşadığı torpaqlarda qətl-qarətlər törədərək, özlərinə dövlət qurmağa başlayıblar. Erməni qəzeti «Mşak» yazırdı:»İndiyədək bizim ictimai əxlaqi yönümümüz elə olmuşdu ki, həmişə müsəlman qonşularımızla qapalı davranmışıq, ayrı yaşamışıq, onlarla xeyirxah dostluq münasibətləri yaratmağa çalışmamışıq. Ziyalılarımız, xüsusən də, milli siyasətimizin başında duranlar dəridən-qabıqdan çıxıblar ki, xalqımızda, demokratiyamızda türklərə, müsəlman millətlərinə qarşı düşmənçilik münasibəti aşılasınlar, onlara qarşı mürtəce siyasət yeritsinlər». Bu cümlələr ermənilərin Azərbaycan xalqına qarşı məkrli planını ifşa edən tutarlı faktlardı. Həmin faktlara bir daha aydınlıq gətirmək üçün bu məqalədə arxiv sənədlərinə və materiallara müraciət olunub».

Vaqif Abışov qeyd edir ki, ermənilərin 1918-ci ildə Azərbaycanın demək olar bütün bölgələrində azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınları, zorakılıqları və talanlarını çoxsaylı şahid ifadələri və maddi sübutlar vasitəsilə Azərbaycan Xalq Cümhuriyyət hökumətinin qərarı ilə, 1918-ci ilin iyul ayında yaradılmış Fövqəladə Təhqiqat Komissiyas aşkarlayıb üzə çıxardı:»Quba və ətraf yerlərdə azərbaycanlılar üzərində ermənilərin törətdikləri vəhşilikləri araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası 1918-ci il dekabrın 12-də işə başlayıb və 1920-ci il fevralında başa çatdırıb. Bu araşdırma zamanı erməni cinayətkarlığını üzə çıxaran 3 cildən ibarət 145 vərəqə tərtib olunub. Bu qırğınla bağlı dövlət arxivində saxlanılan Fövqəladə Təhqiqat Komissiyasının çoxsaylı sənədləri qalır ki, onların da bir hissəsi artıq çap olunub. 1918-ci il mayın 1-də Bakı XKS Qubaya, azərbaycanlıların qatı düşməni, daşnak Hamazaspı və onun köməkçisi Nikolayın komandanlığı altında, tərkibi ermənilərdən ibarət, təxminən iki min nəfərlik dəstə göndərib. Bu dəstə azərbaycanlılara qarşı özünün amansızlığına görə «Cəza dəstəsi» adını alıb. Hamazasp qubalılar qarşısındakı çıxışında deyib:»Mən erməni xalqının qəhrəmanıyam və onun maraqlarının müdafiəçisiyəm. Mən buraya cəza dəstəsi ilə göndərilmişəm ki, iki həftə bundan əvvəl burada öldürülmüş ermənilərin qisasını alım. Mən sovet hakimiyyətini qurmaq və qayda-qanun yaratmaq üçün deyil, öldürülmüş ermənilərin hayıfını sizdən almaq üçün göndərilmişəm. Mənə əmr olunub ki, dəniz (Xəzər) sahillərindən Şah Dağa qədər bütün müsəlmanları məhv edim və evlərinizi isə yerlə bir edim». Bu, bir daha göstərir ki, ermənilərin və eləcə də, Bakı XKS rəhbəri Şaumyanın əsas məqsədi, heç də yerlərdə sovet hakimiyyətini qurmaq deyil, bolşevik-sovet bayrağı altında azərbaycanlıları daha çox qırmaq, onları qorxutmaq, gələcək erməni dövləti üçün geniş ərazilər əldə etmək olub. Mayın 1-də şəhərə daxil olan erməni silahlı dəstələri həmin günü şəhərin aşağı hissəsində 715 müsəlmanı qətlə yetiriblər. Onların çoxu qadın və uşaqlar idi. Ermənilərin özbaşınalıqları 2-ci gün də davam edib. Bu dəfə onlar 1012 adamı öldürüblər. David Gelovanin Fövqəladə Təhqiqat Komissiyasına verdiyi ifadəsinə görə, Hamazaspin silahlı dəstəsi siyasi məqsəd üçün deyil, sadəcə müsəlman xalqından intiqam almaq məqsədilə «Daşnaksütyun» partiyası tərəfindən göndərilib. Hamazaspın «cəza dəstəsi» Quba şəhərini və Quba qəzasının 122 kəndini darmadağın edib. Qubada iki mindən çox adamı-kişi, qadın və uşağı qətlə yetirib və həmin kəndlərin əhalisinə ümumi dəyəri 58.121.059 manatlıq (rubl) ziyan vurulub. Quba şəhər sakini Hacı İsmayıl Orucov öz izahatında yazıb ki, ölüləri dəfn edən mollanın dediyinə görə o, 2800 nəfərin cənazəsinin torpağa tapşırıldığını sayıb. Hamazaspın erməni cəza dəstələri tərəfindən dağıdılana qədər Quba şəhərində təxminən 20 minə yaxın əhali və 10 mindən çox ev olub. 1918-ci il mayın 1-də Quba şəhəri üzərinə hücum edilərəkən müsəlmanlara məxsus iki yüzə yaxın ev və başqa tiklilər dağıdılıb və yandırılıb.

Hamazaspın quldur dəstəsi Quba qəzasına aid olan Dəvəçi, Sadan, Çarxana, Dərə Zarat, Zağlıcan, Əlixanlı, Eynibulaq, Ərəb Əlməmmədli, Kolanı, Tuğay, Nardaran, Siyəzən, Rəhimli, Surra, Qulamlar, Butbut, Xəlillər, Qaraqaşlı, Aşağı Quşçu, Sirvan, Tura, Aygün, Qubla Qrız, Qara Qurtlu, Qaraça, Nərdican, Xudat, Aşağı Buduq və başqa yaşayış məskənlərini dağıdıblar. Bu kəndlərin dağıdılması zamanı 60 kişi, qadın və uşaq qətlə yetirilib, 53 nəfər kişi yaralanıb».

Tədqiqatçı alim bildirir ki, Qubada bir-bir evlərə girib bütün ailəni məhv edən ermənilər, hətta hamilə və körpə uşaqlı qadınlara belə rəhm etməyiblər:»Məsələn, 14 nəfərdən ibarət olan Kərbəlayı Məmməd Tağı oğlu və ailə üzvlərini, Məhəmməd Rəsul oğlunun özünü, arvadını və 3 uşağını amansızcasına qətlə yetiriblər. Ermənilər onun arvadının qarnını parçalayıb, uşaqlarının isə başlarını kəsiblər. Hacı Dadaşbala Qasımovu arvadı Məşədi Bibixanım və oğlu Abdul Qasımovla öz evlərində yandırıblar. Kərbəlayı Abuzər Məstan oğlunu və iki qızı-Hökuməni və Bustanı qucaqlarındakı körpələrlə birlikdə tikə-tikə doğrayıb, Məşədi Qənbər Molla Məhəmməd Saleh oğlunu, onun arvadını və beş körpə uşağını doğramyıblar. Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiallardan aydın olur ki, Hamazaspın silahlı dəstəsi Quba şəhərindən dörd milyon manatlıq (rublla) nağd pul, dörd milyon yarım manatlıq qızıl, qızıl əşyalar və qiymətli daş-qaşları, iki milyonluq müxtəlif ərzaq ehtiyatları qarət edib və oğurlayıblar. Komissiya üzvü A.Novatski şahid qismində dindirdiyi Quba şəhərinin başçısı Əliabbas bəy Əlibəyov öz ifadəsində yazıb:»Ermənilər gedəndən sonra mən nümayəndə sifətilə bolşeviklərin başçısı Şaumyan və Çaparidzenin yanında oldum. Onlardan öyrənmək istədim ki, həqiqətən də sovet Qubaya cəza dəstəsi göndərib, ya yox». Lakin Şaumyan iki mindən çox insanın qanını tökən, əmlakını qarət edən, onların evlərini yandıran cinayətkar Hamazaspa və onun silahlı dəstəsinin əməllərinə haqq qazandıraraq, müsəlmanların haqlı şikayətlərinə baxmayıb. Çünki həmin cinayətkar dəstəni Qubaya göndərən elə Şaumyanın özü idi».

Vaqif Abışov deyir ki, ermənilər zaman-zaman dünya dövlətlərini, xüsusən xristian dünyasını özlərinin yalan üzərində qurulmuş planlarına inandıra bilib və nəticədə, Azərbaycan torpaqlarının bir hissəsini ələ keçirərək orada yaşayan minlərlə azərbəycanlını qətlə yetirib və sağ qalanlarını deportasıya edib, onların əmlakını oğurlayıb, həmin yerlərin tarixi və dini ibadət yerlərini dağıdıblar:»Bu gün də həmin siyasət Qərb dövlətləri və Rusiyanın maddi, siyasi və hərbi köməyi ilə Azərbaycana və onun xalqına qarşı davam etdirilir. Hazırda Rusiyanın yaxından köməyi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, bir milyon qaçqının və məcburi köçkünün acınacaqlı vəziyyətdə yaşamaları və bütün bu hadisələrə ABŞ və Qərb dövlətlərinin göz yummaları, yaxud xristian təəssübkeşliyi ilə ermənilərin mövqeyinin müdafiə etmələri, eləcə də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin (822, 853, 874, 884 saylı) ermənilər tərəfindən yerinə yetirilməməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi bir daha onu göstərir ki, dünyada xristian həmrəyliyi hələ də qalır və Cənubi Qafqazda xristian erməni dövləti haqsız olaraq müdafiə olunur. Azərbaycan xalqı bu tarixi dərslərdən nəticə çıxartmalı, dostunu — düşmənini tanımalı və onsuzda zaman — zaman əlindən alınmış, parçalanmış torpağının müdafiəsini gücləndirməli, şərait yetişən kimi işğal olunmuş ərazilərini azad etməlidir. Xalqımız məkrli düşmənin və onların havadarlarının planlarını puça çıxartmaq üçün ayıq olmalı və gələcəkdə baş verə biləcək faciələrin qarşısını almaq məqsədilə qüvvələrini birləşdirməlidir».

 

 

Arzu Şirinova

 

Xalq Cəbhəsi.- 2013.- 2 aprel.- S.10.