«Nuru Paşanı
tanıyaq və hallalıq alaq»
Fazil Mustafa: «Təkliflərimiz
yekunlaşmaq üzrədir, üç-dörd gündən
sonra prezidentə də mövzu ilə bağlı ayrıca
bir müraciətim olacaq»
Zöhrab Abdullayev: «Nuru Paşa ilə
bağlı məsələnin gələcək nəsillərə
aşılanması üçün ölkəmizdə
geniş tədqiqatlar aparılmalı, onun qəhrəmanlıqları
insanlara çatdırılmalı və xatirəsi əbədiləşməlidir»
Nəsiman Yaqublu: «Bakının istənilən
görkəmli, bütün insanların görə biləcəyi
yerdə ona qurtuluş simvolu kimi abidə qoyulmalıdır»
Millət
vəkili Fazil Mustafa sosial şəbəkələr vasitəsilə
yeni kampaniyaya start verib. O şəxsi «Facebook» səhifəsində
«Nuru Paşanı tanıyaq və hallalıq alaq» adlı
kampaniyaya başladığını bəyan edib. Bu
kampaniyada o Nuru Paşanın Azərbaycan xalqı
üçün gördüyü qəhrəmanlıqların
əbədilləşdirilməsini istəyir: «1918-ci ilin 31
mart tarixində erməni rus birliklərinin idarə etdiyi
Bakı Kommunasının quldur dəstələri otuz mindən
artıq dinc Azərbaycan türkünü vəhşicəsinə
təqlə yetirmişlər. Bu quldurlar Bakıda, Qubada,
Şamaxıda, Muğanda məhz etnik əlamətə
görə bütün türk əhalisini öldürməklə
qalmamış, Qubada olan yəhudiləri də məhv
etmişlər. Bu hadisədən iki ay keçməmiş
Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam
Ordusu Azərbaycan türklərini xilas etmək
üçün vətənimizə gəlmiş. Bakı Kommunasının
hərbi birləşmələrini darmadağın edərək
sentyabrın 15-də Bakını işğaldan azad
etmişdir. Məhz bu hadisədən sonra milli hökumətimiz
Gəncədən Bakıya köçmüş, o zamandan
Bakı Azərbaycanın başkəndi olmuş. Yüzlərlə
türk əsgəri Azərbaycan türklərilə birlikdə
bu savaşlarda şəhid olmuşdur. Sonradan Nuru Paşa
heç bir səlahiyyəti olmadığı halda,
Qarabağı da erməni quldurlarından təmizləmiş
və orada Azərbaycan dövlətinin nəzarətini bərpa
etmişdir.
Əvəzində
nə baş vermiş? 95 il keçməsinə baxmayaraq,
özünü o dövlətin varisi hesab edən biz azərbaycanlılar
bu tarixi şəxsiyyətin və milli qəhrəmanımızın
haqqını demək olar ki, unutmuşuq. Türkiyə səfirliyində
kiçik bir büstdən və Şəhidlər
Xiyabanında Şəhid Türk Əsgərinin xatirəsinə
qoyulmuş abidə üzərində kiçik bir yazıdan
başqa onun adını xatırladacaq bir işarə belə
yox».
Millət
vəkili «Nuru Paşanı tanıyaq və hallalıq alaq!»
kampaniyası üçün nəzərdə tutulan
addımların təqribi sıralanmasını belə təqdim
edib:
«1.
Qafqaz İslam Ordusu və Azərbaycanın Milli Qəhrəmanı
Nuru Paşa haqqında filmləri səhifələrimizdə
yerləşdirmək və paylaşmaq.
2.
Nuru Paşaya dəyər verən hər bir «Facebook» istifadəçisinin
səhifəsində onun şəklini yerləşdirmək və
paylaşmaq.
3. Rəsmi
məqamlara aşağıdakı təklifləri nəzərdə
tutan müraciətlərin vaxtaşırı göndərilməsi
və mətbuatda geniş təbliğat aparılması.
a)
Bakı şəhərinin Binəqədi rayon ərazisində
prezidentin sərəncamı ilə inşası nəzərdə
tutulan camiyə Nuru Paşanın adının verilməsi.
b)
Ali məktəblərdə Nuru Paşa təqaüdünün
verilməsi,
s) Hərbi
məktəblərimizdən birinə Nuru Paşanın
adının verilməsi.
ç)
Azərbaycanın bütün şəhərlərində
küçə, prospekt, park və meydanlardan birinə Huru
Paşanın adının verilməsi.
d)
Nuru Paşanın qəhrəmanlığı və Qafqaz
İslam Ordusunun Azərbaycanı xilası barədə
faktların bütün orta və ali təhsil müəssisələrində
tədris olunan atrix və ədəbiyyat dərsliklərinə
salınması, əhatəli şəkildə şagird və
tələbələrə çatdırılması.
Görəsən
bu təklifə ölkə ictimaiyyətinin münasibəti
necədir?
BAXCP-nin
baş katibi Söhrab Abdullayev də Nuru Paşanın xatirəsinin
əbədiləşdirilməli olduğunu bildirdi: «Nuru
Paşanın Azərbaycana gəlişinin səbəbi
bolşevik Rusiyasının əlilə silahlanmış və
Şaumyanın təlimatı ilə erməni
daşnakları, quldur dəstələrinin Azərbaycanın
bir sıra bölgələrində törətdikləri
soyqırımla bağlı olub. Dinc insanlara qarşı erməni
vəhşiliyinin qarşısını almaq
üçün Nuru Paşa məhz Azərbaycana gəlir.
Onun rəhbərliyilə könüllü dəstələri
toplayıb silahlandırırlar. Belədə Nuru
Paşanın rəhbərliyilə Qafqaz İslam Ordusu
yaradılır. Həmin ordunun gəlişindən sonra erməni
hücumlarının qarşısı alınır. Bu ordu
Nuru Paşanın başçılığı ilə
Dağıstana qədər gedir. Həmin dövrdə Qafqaz
İslam Ordusunun tərkibidə Anadoludan gələn türklərin
demək olar ki, hamısı burada qalıb Azərbaycan
dövlətçiliyinin qorunması üçün
mübarizə apararaq canlarını fəda edirlər. Bu amil
Azərbaycan Türkiyə qardaşlığının əsas
məğzidir, dar gündə bir-birinə arxa durublar. O
zamanlar bilirsiniz ki, Azərbaycanın da Anadoluya maliyyə
yardımları olub. Eyni millət olaraq hər zaman bir-birimizə
dəstək olmuşuq. Bunun da ən bariz nümunəsi Nuru
Paşanın Azərbaycana gəlib Azərbaycan İslam
Ordusunu yaratmasıdır. BAXCP-nin Nuru Paşanın xatirəsini
əbədiləşdirmək üçün müəyyən
təklifləri olub. Hətta onun xatirəsinin əbədiləşməsi
üçün heykəlinin ucaldılması ilə bağlı
yerlər də təklif etmişik. Bu gün 31 mart
soyqırım günündən sonra ictimaiyyətdə də
bu istiqamətdə müəyyən məsələlər
gündəmə gəlir. Vətənimiz üçün
özünü fəda edən qardaşlarımızın,
generallarımızın Azərbaycanda unudulmaması,
onların xatirəsinin yenidən canlandırılması,
ölkənin varlığının qarantı kimi
çıxış etmələri böyük məsələdir.
Nuru Paşa ilə bağlı məsələnin gələcək
nəsillərə aşılanması üçün
ölkəmizdə bununla əlaqədar geniş tədqiqatlar
aparılmalı, onların qəhrəmanlıqları
insanlarımıza çatdırılmalı və xatirələri
əbədiləşməlidir. Bakının və
rayonların ən görkəmli yerində Nuru Paşa və
Mürsəl Paşanın heykəlinin qoyulması vacibdir.
Onlar hərbçi olsa da Azərbaycana təmənnasız
olaraq xidmət etmiş və Azərbaycan türkünün
müdafiəsi məqsədilə Anadoludan gəlmiş insanlardır.
Bu bizim şanlı tarixdir. Tariximizi yaşatmaq
üçün dövlətimiz Nuru Paşa ilə
bağlı təkliflərə müsbət cavab verməlidir».
Millət
vəkili Fazil Mustafa məsələ ilə bağlı
dövlət başçısına da müraciət etməyi
düşünür: «Aprelin 5-də Nuru Paşanın Azərbaycana
gəlməsinə səbəb olan Ənvər Paşa tərəfindən
verilən qərarın 95 illiyi tamam olur. Həmin qərarla
başqa cəbhədən ordu Azərbaycana göndərildi.
Bu aktın Azərbaycan üçün tarixi əhəmiyyəti
var. Nuru Paşanın təkcə Azərbaycan
üçün yox, həm də bütün Qafqaz
üçün böyük fəaliyyəti var. Hesab edirəm
ki, onun adının ölkəmizdə məhdud şəkildə
çatdırılması böyük qəbahətdir.
Bildiyimə görə, təkcə Yevlaxda icra
başçısı Yelmar Vəliyev tərəfindən
Nuru Paşanın qarşılandığı dəmir yolu
vağzalında onun şərəfinə böyük bir
baralyef vurulub. Qalan heç bir yerdə isə bununla
bağlı xatirə yoxdur. Ona görə də hökumət
bu istiqamətdə konkret addımlar atmalıdır. Təkliflərimiz
yekunlaşmaq üzrədir, üç-dörd gündən
sonra prezidentə də mövzu ilə bağlı ayrıca
bir müraciətim olacaq. Ümid edirəm ki, bu,
anlayışla qarşılanacaq və Nuru Paşanın xatirəsinin
əbədiləşdirilməsi üçün konkret
işlər görüləcək».
Təqdiqatçı
jurnalist Nəsiman Yaqublu Bakının görkəmli yerində
Nuru Paşaya əzəmətli bir abidə
ucaldılmasını istədi: «İlk öncə Nuru
Paşanın Azərbaycanda azad etdiyi yerləri əbədiləşdirib
orada xatirə lövhəsi vurulmalıdır. Gəncə,
Göyçay, Ağdaş, Şamaxı, Ağsu, Qobustan, Ləki,
Hacıqabul, Lökbatan və kənd Biləcəri tərəflərdə
bu lövhələr vurulmalıdır. Çünki məhz
həmin yerlərdə başda Nuru Paşa olmaqla Qafqaz
İslam Ordusu erməni-bolşevik
işğalçılarına qarşı qanlı savaş
apararaq torpaqlarımızı onlardan azad edib. Bu il
Bakının azad edilməsinin 95-ci ildönümü ərəfəsində
Nuru Paşanın azad etdiyi bütün ərazilərdə
xatirə lövhələri vurulmalıdır. İkincisi,
türk əsgərlərinin məzarları
abadlaşdırılmalı, yazılar bərpa edilməlidir.
Bakının özündə də Nuru Paşaya əzəmətli
bir abidə ucaldılmalıdır. Bakının istənilən
görkəmli, bütün insanların görə biləcəyi
yerdə ona qurtuluş simvolu kimi abidə qoyulmalıdır.
Onlar Bakını azad etməsəydi bu gün bizlər burada
yaşamazdıq».
Rüfət Sultan
Xalq Cəbhəsi.- 2013.- 2 aprel.- S.7.