Zeytunçuluq yenidən dirçəldilir

 

Zeytun ağaclarının əkilməsinə həsr olunmuş layihəyə start verilir

 

Azərbaycanın ən böyük ərzaq məhsulları istehsalçısı olan «Azersun Holding» şirkəti ölkədə zeytun ağaclarının əkilməsi və qorunması ilə bağlı yeni layihəyə start verib. Gələn həftə Bakının Nizami rayonundan başlanacaq layihə Bakıda və respublikanın digər ərazilərindəki zeytun ağaclarını əhatə edəcək. Layihəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyətinin qurumları, qeyri-hökumət təşkilatları və ictimaiyyət cəlb olunacaq (APA).

Bununla bağlı keçirilən mətbuat konfransında «Azersun Holding»in ictimaiyyətlə əlaqələr və sosial xidmətlər Departamentinin rəhbəri Afiq Səfərov və marka təmsilçisi Ellada Şiriyeva «Zeytun Bağları» markası altında start veriləcək yeni maraqlı layihə ilə bağlı məlumat veriblər.

«Azersun Holding»in zeytun yağları istehsal etdiyini bildirən A.Əsədov qeyd edib ki, hazırda xammal üçün istifadə olunan zeytun Bakı və Bakıətrafı ərazilərdən yığılır, eləcə də xaricdən gətirilir və Dübəndidəki zeytun emalı fabrikində emal olunur. Yerli sakinlərdən xammal üçün zeytunun alınması nəticəsində Azərbaycanda təqribən 5 minə yaxın vətəndaş işlə təmin olunub.

Şirkət təmsilçiləri Azərbaycanda istehsal olunan zeytun yağlarının keyfiyyətinə görə bu sahədə Avropa liderləri sayılan Yunanıstan və İspaniyadan geri qalmadığını bildiriblər. «İki il əvvəl Yunanıstanın Krit adasında keçirilən müsabiqədə hamı Azərbaycan zeytununun keyfiyyətinə əmin olub», — deyə A.Əsədov bildirib. İndi şirkət zeytunun xaricə ixracını genişləndirməyə hazırlaşır. Bununla əlaqədar olaraq ölkədə zeytun ağaclarının sayının artırılması çox mühümdür. A.Əsədov bildirib ki, indiyədək «Azersun Holding» Bakıda və respublikanın digər ərazilərində 200 mindən artıq zeytun ağacı əkib. Zeytunun bir sıra faydalarını xatırladan «Zeytun Bağları» marka təmsilçisi E.Şirinova son vaxtlar Azərbaycanda da zeytun yağının istifadəsinin artdığını və ona tələbatın yüksəldiyini bildirib. Eləcə də onun sözlərinə görə, xarici ölkələrdə də Azərbaycanın zeytun yağlarına maraq artır.

Zeytun Abşeronun nadir bitkilərindəndir. Yarımadanın təbii iqlim şəraiti zeytunçuluğun sənaye əsasında inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Zeytun uzunömürlü və quraqlığa davamlılığı ilə digər meyvə ağaclarından seçilir.

Bu meyvənin quru lətinin 50-75 faizi yağdır. Bitki yağları içərisində zeytun yağı ən yüksək kaloriyə malikdir (onun 1000 qramında 930 kalori, kərə və əridilmiş yağda isə 750-780 kalori vardır). Zeytun yağını orqanizm asanlıqla mənimsəyir, həzm orqanlarına yaxşı təsir göstərir, turşuluğu aşağı salır, maddələr mübadiləsini sürətləndirir, ateresklerozun inkişafını zəiflədir. Bu xüsusiyyətinə görə zeytun yağından təbabətdə də geniş istifadə olunur. Zeytun əvəzolunmaz qida və müalicəvi bitki kimi minillər boyu insanların diqqətini özünə çəkib. Yunanların hələ miladdan öncə zeytun budağını ilk Olimpiya oyunlarının rəmzi seçməsi və həyat simvolu adlandırması da təsadüfi deyil. Qədim zamanlardan dünyanın subtropik ölkələrində becərilən zeytun əsasən Cənubi Avropa, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında, Aralıq dənizi hövzəsində, sonralar Yunanıstan, İspaniya, İtaliya və digər subtropik ölkələrdə yayılmışdır. Bu gün İtaliyada 2, İspaniyada 1,5, Yunanıstan və Türkiyədə isə 1 milyon hektardan da artıq ərazidə zeytun bağları salınıb. Meqaiqtisadiyyatın aqrar sektorunda zeytun plantasiyalarının artırılmasının yeni üsullarını axtarırlar. Subtropik qurşaqda yerləşən dövlətlərin əksəriyyətində zeytunçuluq kənd təsərrüfatının ixtisaslaşmış sahələrindən biri kimi təsdiq olunmuş və dövlət büdcəsinin formalaşmasında əsas rol oynayır. Dünyada bu nadir bitkidən alınan məhsulun illik istehsalı son illərdə 20 milyon tondan artıqdır. İtaliya, İspaniya və Yunanıstan yüksək satış göstəricilərinə görə fərqlənir.

Zeytun meyvəsinin tərkibindəki meneral duzlar onun əhəmiyyətini daha da artırır. Zeytun meyvələri göy halda və tam bioloji yetişmə dövründə yığılır. Qidalılıq dəyəri tam yetişmiş meyvələrdə daha yüksəkdir, onların tərkibində yağın miqdarı quru lət çəkisinə nisbətən 65-75 faizə çatır.

Yüksək keyfiyyətli göy zeytun məhsulu emal etmək üçün meyvələr tünd yaşıl rəngdən açıq-yaşıl, samanı rəngə keçdiyi dövrdə yığılmalıdır ki, bu da sortlardan və iqlim şəraitindən asılı olaraq təxminən sentyabrın axırı, oktyabr və noyabrın əvvəllərinə təsadüf edir.

Zeytunçuluq üzrə ilk təsərrüfat 1949-cu ildə Zığda təşkil edilib. Abşeron Zeytun Sovxozuna məxsus bu bağdan 1955-ci ildə 7 tona qədər meyvə yığılıb. 1949-1950-ci illərdən sənaye əsasında zeytunun emalı üçün kiçik zavod da tikilib işə salıb. Sovxoz dağıldıqdan sonra bu bağın bir hissəsi Cümşüd Naxçıvanski adına Hərbi Məktəbin idarəçiliyinə verilib, bir hissəsi məcburi köçkünlər tərəfindən zəbt olunub, qalan hissəsi isə əmlak payları kimi ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilib. İlk vaxtlar zeytun meyvəsindən müxtəlif çeşidli şorabalar hazırlanırdı.

Sonralar, xüsusilə yarımadada Abşeron rayonu yaradıldıqdan sonra zeytun bağlarının sahəsi sürətlə genişləndirilmiş, ötən əsrin 70-ci illərinin əvvəllərində daha üç ixtisaslaşdırılmış zeytunçuluq sovxozu yaradılmış, həmçinin rayonun Bilgəh, Maştağa subtropik bitkilər, Buzovna tərəvəzçilik sovxozlarında geniş ərazidə zeytun bağları salınıb. Abşeronda mövcud olan digər zeytun bağlarının taleyi də acınacaqlıdır. Belə ki, Abşeron yarımadasında ötən əsrin 90-cı illərinin əvvəllərində zeytun bağlarının ümumi sahəsi 2600 hektara çatdırılmışdı ki, bu bağların da 1000 hektardan çoxu məhsul verirdi.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarında olub, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb. Abşerondakı zeytunçuluq sovxozları dağılandan sonra bağların ərazisindən başqa məqsədlər üçün istifadə edilməyə başlanılıb. Məhz bunun nəticəsində zeytun bağlarının tutduğu ərazi yarıbayarı azalıb. SSRİ dönəmində Azərbaycan zeytun istehsal edən əsas respublika sayılırdı. O vaxtlar Azərbaycanda istehsal edilən zeytun meyvəsi və ondan hazırlanan məhsullar yüksək qiymətləndirilirdi. Ötən əsrin 90-cı illərindən sonra isə digər istehsal sahələri kimi, zeytunçuluq da tənəzzülə uğradı. Belə ki, müstəqillik dövründə torpaqlar özəlləşdirildikdən sonra zeytun ağaclarının xeyli hissəsi sıradan çıxarıldı və yerdə qalan bağların məhsuldarlığı da qayğısızlıq ucbatından aşağı düşdü. Hazırda 1525 hektar zeytun bağları sahəsinin 30 faizi baxımsızlıq ucbatından acınacaqlı vəziyyətdədir. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, hazırda 1868 hektar zeytun sahəsinin 1556 hektarı bar verir. Zeytun bağlarının salınması üçün müraciət edən sahibkarların sayı da tədricən artır. Azərbaycanda təkcə Abşeronda yox, digər bölgələrdə — Sumqayıt, Siyəzən, Salyan, Göyçay, Beyləqan və Yevlaxda da yeni salınan zeytun bağları genişləndirilir. Bakının Zirə qəsəbəsində 200 hektara yaxın zeytun bağı salınmış və Türkiyədən tinglər gətirilmişdir. Lakin etiraf etmək lazımdır ki, zeytun bağlarının məhsuldarlığı aşağıdır. Qabaqcıl ölkələrdə bir hektar zeytun bağında əkilən 300-350 ağacın hər birindən 15-25 kiloqram bar götürməklə hektarın məhsuldarlığı 4,5-7 ton təşkil edir.

 

 

Tərlan

 

Xalq Cəbhəsi.- 2013.- 3 aprel.- S.12.