«Ədəbiyyat nəzəriyyəsi»

 

Nizaməddin Şəmsizadənin kitabı haqqında qeydlər

 

Azərbaycanda ilk ədəbiyyat nəzəriyyəsi dərsliklərinin çap olunmasından əlli dörd il keçir. Bu sahədə ilk mogikan professor Mikayıl Rəfili olub. «Ədəbiyyat nəzəriyyəsinə giriş» (1958) dərsliyindən az sonra başqa bir professorun — Cəfər Xəndanın «Ədəbiyyat nəzəriyyəsi» kitabı da işıq üzü gördü. Bu iki kitab arasında fərq orasında idi ki, birincisi ali məktəblər, ikincisi isə orta məktəblər üçün nəzərdə tutulmuşdu. Səviyyə fərqini də elə bu nöqtədə axtarmaq lazımdır. Doğrudan da, etiraf etmək lazımdır ki, Mikayıl Rəfilinin dərsliyi üstündən yarım əsrdən artıq bir zaman keçməsinə baxmayaraq, tutiya timsalındadır. İndi heç Axundov kitabxanasına da müraciət etsən, həmin dərsliyi tapmaq müşgül məsələ olacaq.

Ədəbiyyat nəzəriyyəsi dərsliklərinin ikinci mərhələsi görkəmli yazıçı-ədəbiyyatşünas Mir Cəlalla professor Pənah Xəlilovun birgə yazdıqları «Ədəbiyyatşünaslığın əsasları» (1972) kitabıyla başlayır. Etiraf etmək gərəkdir ki, bu dərslikdən uzun müddət (elə indinin özündə də) ali məktəblərin filologiya fakültələrində həmin profil üzrə ən əsas vəsait kimi istifadə olunmuşdur. Daha sonrakı illərdə həm M.Rəfilinin və C.Xəndanın, həm də M.Cəlalla P.Xəlilovun birgə yazdıqları ədəbiyyat nəzəriyyəsi dərsliklərinin təsiri ilə Şəmistan Mikayılovun «Ədəbiyyat nəzəriyyəsi» (1981), Abbas Hacıyevin «Ədəbiyyat nəzəriyyəsi» (1996), Rafiq Yusifoğlunun «Ədəbiyyatşünaslığın əsasları» (2001), Xalid Əlimirzəyevin «Ədəbiyyatşünaslığın elmi-nəzəri əsasları» (2008), Rəhim Əliyevin «Ədəbiyyat nəzəriyyəsi» (2008), Vüqar Əhmədin «Ədəbiyyatşünaslıq» (2008), Nazif Qəhrəmanlının «Ədəbiyyat nəzəriyyəsi» (2008), Məmməd Əliyevin «Ədəbiyyat nəzəriyyəsinin əsasları» (2009) dərslikləri nəşr edildi. Çox təəssüf ki, adları çəkilən bu dərsliklərin heç biri M.Rəfilinin, M.Cəlalın və P.Xəlilovun ədəbiyyat nəzəriyyəsi dərslikləri ilə müqayisədə elə bir uğur qazanmamışlar. Bəzi istisnalar nəzərə alınmazsa, 1981-ci ildən bu yana yazılan dərsliklər təxminən eyni sxem əsasında qurulmuşdur. Bu dərsliklər professor Nizaməddin Şəmsizadənin doğru qeyd etdiyi kimi: «Marksist metodologiya əsasında yazılıb; rus sovet alimlərinin konsepsiyalarına istinadən yazılıb; əsasən Avropa mütəfəkkirləri ön plana çəkilib; Şərq, xüsusilə orta əsrlər Azərbaycan ədəbi-nəzəri fikri, poetika kitabları və estetika risalələri nəzərə alınmayıb; ədəbiyyat nəzəriyyəsini elmi sistem kimi şərtləndirən terminologiya əhatə olunmayıb».

İndi haqqında söz açacağım «Ədəbiyyat nəzəriyyəsi» dərsliyinin müəllifi də Nizaməddin Şəmsizadədir və deyim ki, belə bir dərsliyi yazmaq, nəşr etmək arzusu onda çoxdan yaranmışdı. Bir tədqiqatçı kimi N.Şəmsizadənin elmi-nəzəri səviyyəsi onun məqalə və çıxışlarında, müxtəlif illərdə çap etdirdiyi monoqrafiyalarda aydın nəzərə çarpır. N.Şəmsizadə o ədəbiyyatşünaslardandır ki, K.Talıbzadə və Y.Qarayev kimi görkəmli tənqidçilərin məktəbində dərs almışdır. K.Talıbzadədən klassik tənqidin, Y.Qarayevdən isə müasir, fəlsəfi tənqidin əsaslarını mənimsəyən, həm də ustadlarını təqlid yox, onların fikir və düşüncələrini özünəməxsus şəkildə davam və inkişaf etdirən N.Şəmsizadə nəticə etibarilə nəzəriyyəçi alim kimi elmdə mötəbər sözünü deməliydi.

Təfsilata varmadan belə bir sual vermək məcburiyyətindəyik: N.Şəmsizadənin «Ədəbiyyat nəzəriyyəsi» dərsliyi hansı məxsusi xüsusiyyətləri ilə seçilir? Bu sualın özündən də bir neçə sual doğur: müəllif müstəqillik dövrünün ab-havasını dərslikdə hiss etdirirmi, özünün qeyd etdiyi «marksist metodologiyası əsasında yazılan», «rus sovet alimlərinin konsepsiyalarına istinadən» qələmə alınan dərslikləri inkar mövqeyində hansı mülahizələri ilə diqqəti cəlb edir, yaxud bu vaxta qədər əvvəlki dərsliklərdə işlənməyən, lakin müasir dövr üçün son dərəcə zəruri olan mövzulara müraciət olunubmu?

Dərsliyin müasirliyi, ilk növbədə, məlum problemlərə, daha doğrusu, mövzulara yeni düşüncə tərzi ilə yanaşılmasında özünü göstərir. Nəzərə almaq lazımdır ki, ədəbiyyat nəzəriyyəsi dərsliyi öz oxucu auditoriyasına görə genişliyi ilə seçilir: müəllimlər, tələbələr, professional oxucular və s. Buna görə də müəllif mümkün qədər hamının başa düşəcəyi bir tərzdə oxucuları ilə ünsiyyət qurur. Bu ünsiyyət, ilk növbədə, müəllifin nə dərəcədə məlumatlı olmağıyla, tədqiq etdiyi predmeti hansı səviyyədə oxucuya mənimsətməsiylə bağlıdır. Dünya elmi-nəzəri fikri ilə tanış olmadan (həm Şərq, həm Qərb elmi-nəzəri fikri) ədəbiyyat nəzəriyyəsinin hər hansı problemini izah etmək çətin olardı. Məsələn, ədəbiyyat nəzəriyyəsi dərsliyində ədəbiyyatın mahiyyəti, daha doğrusu, ədəbiyyat nədir sualı birinci sırada durur. Elə bu sualın cavabını izah etmək üçün antik dövrdən üzü bəri ən mühüm məxəzlərə, fikir və mülahizələrə müraciət etmək və məsələyə aydınlıq gətirmək lazımdır. Elə həqiqət var ki, əsrlər keçməsinə baxmayaraq, öz məna və mahiyyətini dəyişmir, əksər hallarda etalon və ölçü olaraq qalır. Müəllif yazır: «Ədəbiyyat nəzəriyyələrində Aristoteldən tutmuş bu günə qədər, xüsusən də Sovet dönəmində bədii ədəbiyyat həyat həqiqətini obrazlarla əks etdirən söz sənəti kimi izah olunub». Bundan sonra, ayrı-ayrı ədəbiyyat nəzəriyyəsi dərsliklərindən gətirilən misallar əslində «bədii ədəbiyyat həyat həqiqətini obrazlarla əks etdirən söz sənətidir» tərifinin çalarlarıdır. Ədəbiyyat sənət növlərindən biridir. O, həyatı bədii surətlərlə əks etdirir: Bədii ədəbiyyat insan şüuru və idrakının şəkillərindən biridir» (M.Rəfili). «Bədii ədəbiyyatın başqa məfkurələrdən ayrılan əsas cəhəti obrazlılıqdır. Belinskinin dediyi kimi, ədəbiyyat lövhələr ilə düşünmək, varlığı şairanə bir şəkildə dərk etməkdir. Elm də, sənət də məfkurədir. Varlığın ifadəsi, inikasıdır, hər ikisi həyatı əks etdirir. Fərq isə bunların həyatı inikas şəkillərindədir» (M.Cəlal, P.Xəlilov).

«Bədii əsərin arxitektonikası», «Bədii əsərin dili və üslub» bölmələri dərsliyin ən mükəmməl bölmələridir desək, yanılmarıq. Hər bir bədii əsəri bütöv, mürəkkəb poetik sistem hesab edən müəllif, bu sistemin mərkəzində, onun bütün fikri-bədii komponentlərini birləşdirən qüvvə kimi sənətkar şəxsiyyətinin dayandığını göstərir. Çünki əsər sənətkar qəlbindən qidalanır, bədii təfəkkürün gücü ilə hərəkətə gəlir. Bədii əsər bədii yaradıcılıq prosesinin məhsuludur. Bu baxımdan da müəllif konkret bədii əsəri təhlil edib dəyərləndirmək üçün, ilk növbədə, məzmun və forma vəhdətini açıqlamağı lazım bilir. Hadisə, mövzu, məzmun, ideya, daha sonra kompozisiya, süjet, zavyazka, kulminasiya, razvyazka, fabula kimi məlum ədəbiyyatşünaslıq anlayışlarının yığcam təhlili müəllifin elmi ümumiləşdirmə qabiliyyətini aşkara çıxarır. Bunu biz bədii obrazla bağlı elmi mülahizələrdə də aydın görürük. Məlumdur ki, ədəbiyyatda bədiiliyin cövhəri olan obraz müxtəlif vasitələrlə yaradılır. Şəmsizadə böyük alman filosofu G.V.Hegeldən yerinə düşən belə bir sitat gətirir: «Biz poetik təsəvvürü obrazlı təsəvvür kimi müəyyənləşdirə bilərik, o səbəbdən ki, o, bizim gözümüzün qarşısında mücərrəd mahiyyətdən daha çox konkret reallıq kimi dayanır». Belə bir fikir də təsdiq olunur ki, bədii obraz yüksək bədii ümumiləşdirmənin məhsulu olmalıdır. O, həm bədii təfəkkürün, həm də bədii təxəyyülün birgə əməyinin-yazıçının (sənətkarın!) şəxsiyyətində əlbir fəaliyyətinin məhsuludur. Obrazlı düşünülsə, bədii obrazın atası Həqiqət, anası — Xəyaldır! Xəyal və Həqiqət bədii obrazda estetik gözəlliyin rəhnidir.

Yaradıcılıq prosesində, bədii əsərin strukturunda mövqeyinə, daşıdığı estetik yükə və bədii tutumuna görə obrazın iki növünü Xarakter və Tipi fərqləndirən müəllif burada da tarixilik prinsipinə riayət edir. Böyük nəzəriyyəçi Aristoteldən, filosof Hegeldən, ilk marksist Engelsdən, məşhur ədəbiyyatşünas M.Baxtindən, böyük yazıçı M.Qorkidən tutmuş bugünkü müəlliflərə qədər söylənilən fikirlər ardıcıllıqla şərh olunur. Yeri gəlmişkən, qeyd edək ki, bu «üsul» sadalama xarakteri daşımır, müəyyən anlayış haqqında təsəvvürün tarixiliyini və ardıcıllığını təmin edir. Müəllifin münasibəti və dəqiq mövqeyi də burada həlledici rol oynayır. Məsələn, MİLLİ XARAKTERi xarakterin ən yüksək zirvəsi hesab edən Şəmsizadə yazır: «Milli xarakter xalqın milli mənəviyyatının fərdi daşıyıcısı, bədii-psixoloji aynasıdır. Sovet dönəmində bədii ədəbiyyata sinfi-ideoloji silah kimi baxan, onu totalitar kommunist-sovet ideologiyasını yaradıcılıq sahəsində təzahürü olan sosializm realizminin saxta ehkamları çərçivəsinə salan tənqidçi və nəzəriyyəçilər bədii surətləri, xarakterləri də müsbət qəhrəman və mənfi qəhrəman deyə iki yerə bölmüşdülər. Adətən sovet rejiminə zidd, öz soy kökünə, türk əslinə, Milli keçmişimizə, xalq həyatımıza, islami dəyərlərlə bağlı surətlər — bəylər və xanlar mənfi qəhrəman kimi təsvir olunurdu. Nə yaxşı ki, yazıçılarımız onları mənfi qəhrəman qismində yaradıb təsvir ediblər. Maraqlıdır ki, sovet dövrü ədəbiyyatında qəhrəmanlar xarakterlər etibarilə daha qüvvətli çıxır, başlıcası isə oxucular — xalq tərəfindən rəğbətlə qarşılanırlar».

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2013.- 3 aprel.- S.11.