«Molla Nəsrəddin»çi rəssam
Oskar Şmerlinqin məşhur
karikaturaları jurnalın xəttini, məqsədini, məramını
çox gözəl ifadə edirdi
«Molla Nəsrəddin» jurnalının araya-əsrəyə gəlməsində və yaşamasında Cəlil Məmmədquluzadə ilə yanaşı böyük şairimiz M.Ə.Sabirin, Ə.Qəmküsarın, Ə.Haqverdiyevin və başqalarının xidmətləri olub. «Molla Nəsrəddin»in qurucusu və ideya vericisi olan Cəlil Məmmədquluzadə jurnalın cəlbedici, özünəməxsus çıxması üçün dayanmadan axtarışlar aparırdı. Onun felyetonlarının mövzusuna, ümumən jurnalın qayəsinə uyğun karikaturaçı-rəssamlar axtarıb tapması bu baxımdan çox uğurlu alınmışdı. İlk «Molla Nəsrəddin»çi rəssamlardan biri alman rəssamı Oskar Şmerlinq belələrindəndir. Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının tanınmış araşdırıcısı, akademik İsa Həbibbəylinin Oskar Şmerlinqin həyat və yaradıcılığı ilə bağlı araşdırmaları diqqət çəkir. Yüz illik karikatura sənəti sahəsində zəngin ənənələri olan Azərbaycan rəssamlığının bu sahəsinin öyrənilməsi günümüz üçün olduqca aktualdır: «Molla Nəsrəddin»in yaradıcısı Cəlil Məmmədquluzadə tükənməz bir ideyaverici olaraq özü mövzuları «Molla Nəsrəddin»çilərə verirdi. Oskar Şmerlinqin «Molla Nəsrəddin» məcmuəsini bəzəyən məşhur karikaturaları jurnalın xəttini, məqsədini, məramını çox gözəl ifadə edirdi.
Oskar Şmerlinq 1863-cü il iyulun 13-də Tiflisdə hərbi qulluqçu ailəsində anadan olub. İsa Həbibəyli onun mənsub olduğu ailənin XIX əsrin əvvəllərində Almaniyadan Rusiyaya, oradan da Qafqaza gəlməsini, buranı özünə vətən seçmiş alman sülalələrindən biri olduğunu bildirir: «Oskar Şmerlinq ilk təhsilini Tiflis «Realni» Gimnaziyasında almış, rus və gürcü dillərini öyrənmişdi. Hələ məktəbli ikən rəssamlığa ciddi maraq göstərən kənc Oskar gimnaziyada çıxardığı «Ağcaqanad» adlı yumoristik divar qəzeti vasitəsilə özünün ilk rəsmləri və karikaturalarını məktəb ictimaiyyətinə çatdırıb. Həmin illərdə o, hətta rus satirik mətbuatı, xüsusən «Hörümçək» jurnalı ilə də əlaqə yaradıb. Bütün bunlar Oskar Şmerlinqin xüsusi istedada malik olduğunu aydın surətdə nəzərə çatdırır».
1884-cü ildə Oskar Şmerlinq peşəkar rəssam olmaq məqsədilə Peterburq Rəssamlıq Akademiyasına daxil olur, rus rəssamlıq sənətini dərindən öyrənmək imkanı qazanır. Peterburqda tanınmış rəssam Villevaldın sinfində təhsil alan Şmerlinq öz üzərində səylə çalışır, akademiya mühitində istedadlı və bacarıqlı tələbələrdən biri hesab olunur. Bu mərhələdə «Səmimi söz» adlı rus qəzetində və «Papifal» adlı alman jurnalında peyzaj əsərləri və karikaturalarını çap etdirməsi onu daha geniş dairədə tanıdır. 1889-cu ildə Akademiyanı gümüş medalla bitirir. Bununla da kifayətlənmir, iki ildən sonra Almaniyadakı Münhen Rəssamlıq Akademiyasında təhsilini davam etdirir: «Şmerlinq burada tanınmış alman rəssam Karl Zammerlə tanış olur. Yaxından ünsiyyət saxlaması yaradıcılıq baxımından onun yeni tipli sənət adamı kimi təkamülünə müsbət təkan verir. O, burada professor Fransua Rubonun sinfində oxuyur; batal rəngkarlıq emalatxanasında məşğələlər keçməsi gənc rəssamın daha da püxtələşməsinə səbəb olur. 1893-cü ildə Tiflisə qayıdır. Bu müddətdə o, rəssamlıqla məşğul olmağa başlayır. Onun peyzaj rəsmləri ilə müqayisədə daha çox milli kalorit və konkretlik tələb edən «Ata portreti, «Atlılar», «Qoca kişinin portreti» kimi rəsm əsərlərində qafqazlılara məxsus zahiri görkəm və psixologiyanın təqdimi ilə yanaşı çox hallarda avropalılara xas olan geyim cizgiləri də qalıb.»
Gürcülərin görkəmli rəssamlarından olan Lado Qudeaşvili, Azərbaycanda realist rəssamlıq sənətinin banisi Bəhruz Gəngərli, habelə tanınmış rəssamlardan İsmayıl Axundov, Qəzənfər Xalıqov, Xəlil Musayev və başqaları Oskar Şmerlinqin rəhbərlik etdiyi Tiflis Rəssamlıq və Heykəltəraşlıq məktəbinin yetirmələri idilər. Şmerlinq Tiflis Rəssamlıq məktəbinə 1902-ci ildən 1916-cı ilə qədər rəhərlik edib.
Oskar Şmerlinq görkəmli karikatura ustası kimi Qafqazda tanınmış, şöhrət qazanmışdı. İ.Həbibbəyli belə bir fikirdədir ki, gürcü sənət tarixçiləri O.Şmerlinqi Gürcüstanda karikatura məktəbinin əsas yaradıcılarından biri hesab edirlər: «Onun boyakarlıq və qrafika əsərlərində nəzərə çarpan satira elementləri inkişaf edərək professional karikaturaların yaranmasına səbəb olub. İlk karikaturalarından etibarən Şmerlinq cəmiyyət həyatının müxtəlif sahələrinə özünün obyektiv tənqidi münasibətini ifadə etməyə çalışıb. Çox maraqlıdır ki, Cəlil Məmmdquluzadə «Molla Nəsrəddin» jurnalının nəşrinə başlayarkən Azərbaycanda peşəkar satirik rəssam olmadığı üçün jurnal üçün rəsm çəkmək işinə ilk növbədə Tiflisdə yaşayıb yaradan alman rəssamı Şmerlinqi dəvət edib. Şmerlinq Cəlil Məmmədquluzadənin təklifini təmənnasız surətdə qəbul edib. Həmçinin «Molla Həsrəddin» türk-müsəlman dünyasında da ilk karikaturalı jurnal idi.»
Araşdırmaçı Şmerlinqin «Molla Nəsrəddin» jurnalı ilə bağlı zəngin, çoxcəhətli yaradıcılığını belə xarakterizə edir: «Oskar Şmerlinq 1906-1917-ci illərdə «Molla Nəsrəddin» jurnalının əsas rəssamlıq funksiyasını bacarıqla yerinə yetirib. «Molla Nəsrəddin» jurnalının aparıcı ideyalarını əks etdirdiyindən onun rəsm əsərləri əksər hallarda jurnalın birinci səhifəsində, yəni üz qabığında özünə layiqli yer tapıb. Milliyyətcə alman olmasına baxmayaraq Oskar Şmerlinq Azərbaycan mühiti və mənşəyini, azərbaycanlıların həyatını və psixologiyasını dərindən öyrənib». İ.Həbibbəyli Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Məmmədquluzadənin xatirələrindən sitat gətirir: «Jurnalın şəkillərinin planını hazırladıqdan sonra Mirzə Cəlil Şmerlinqin və Rotterin yanına gedib şəkillərin səciyyəsini onlara izah edirdi. Mirzə Cəlil Şeytanbazarda yaşayan tipləri xatırlatmağa məcbur olurdu. Şmerlinqin deyilən fikri dərhal qavrayıb gözəl karikaturalar çəkməsi Mirzə Cəlili heyran edirdi.»
O, Oskar Şimerlinqin XX əsrin əvvəllərindəki Azərbaycan mühitinin çalarlarını qələmə aldığı azərbaycanlı tiplərin geyimini, mimikasını, hərəkətlərini, psixologiyasını gerçək şəkildə əks etdirməcini xüsusi qeyd edir: «Şmerlinqin nadir fırçasının məhsulu olan «Sizi deyib gəlmişəm», Qafqazda mədrəseyi-ruhaniyyə», «Niyə məni döyürsünüz?», «Molla Nəsrəddin», «İran sərhəddindən», «Xabi-qəflət», «Müsəlman məclisində rus zabiti», «Məhəmmədəli şahın Təbrizdən çıxması» və s. kimi yüzlərlə satirik rəsmləri sözün geniş mənasında karikatura sənətinin şah əsərləri səviyyəsinə yüksəlib.»
«Molla Nəsrəddin» jurnalının ilk sayının üz qabığındakı məşhur karikaturanın müəllifi kimi Oskar Şmerlinq həm də «Molla Nəsrəddin»in bədii obrazını yaratmaqla bu obrazın təkcə Azərbaycanda deyil, bütün Şərq aləmində qəbul edilməsinə nail olur. Bu cəhəti xüsusilə nəzərə çarpdıran İ.Həbibbəyli deyir ki, «Molla Nəsrəddin»in bədii obrazını ilk dəfə və çox mükəmməl şəkildə Oskar Şmerlinq yaradıb: «Şmerlinqin çəkdiyi Molla Nəsrəddin portreti uzun illər müxtəlif süjetlərlə birlikdə ayrı-ayrı vəziyyətlərdə «Molla Nəsrəddin» jurnalında çap olunub. Şmerlinqin yozumunda Molla Nəsrəddinin müdrikliyi və uzaqgörənliyi, yüksək vətəndaşlıq keyfiyyətləri böyük məharətlə canlandırılıb. Onun rəsmlərində Molla Nəsrəddinin daxili aləmi ilə yanaşı zahiri əlamətləri də milli kaloritə, Şərq adətlərinə uyğun şəkildə təsvir edilib. Bir sözlə, Azərbaycan xalq satirasının baş qəhrəmanı Molla Nəsrəddinin portreti alman rəssamı Oskar Şmerlinqin kəşfidir.»
İ.Həbibbəyli bu qənaətdədir ki, Şmerlinq «Molla Nəsrəddin» jurnalında müəyyən süjet əsasında bir neçə rəsmdən ibarət olan silsilə karikaturalar yaratmağın da əsasını qoyub:» «Erməni-müsəlman münasibətləri», «Dumaya seçilmiş millət vəkilləri» və s. satirik rəsmlər onun süjetli karikatura yaratmaq məharətini üzə çıxarır.»
Şmerlinqin «Molla Nəsrəddin» jurnalında çoxcəhətli yaradıcılığının daha bir məqamını xatırladan araşdırmaçı bildirir ki, «Molla Nəsrəddin» jurnalının eyni sayında verilmiş Mirzə Cəlilin hekayə və felyetonları ilə səsləşən, Sabirin satirik şeirlərini həmin sayda getmiş Şmerlinqin karikaturaları bir daha tamamlayır. Beləliklə, Mirzə Cəlil və Sabirin mahir qələmi ilə Şmerlinqin nadir fırçasının vəhdəti həm jurlanın uğurlarını müəyyən edib, həm də geniş mənada Azərbaycan satira sənətinin şöhrətini yüksəklərə qaldırıb, onun kütləviliyinə müsbət təsir göstərib. Mirzə Cəlilin və «Molla Nəsrəddin» jurnalının ən kəskin, cəsarət tələb edən mövzu və ideyaları digər rəssamlarla müqayisədə Oskar Şmerlinqin karikaturalarında daha çox ifadə olunub.
İ.Həbibbəyli bildirir ki, Oskar Şmerlinq sovet hakimiyyəti illərində də Cəlil Məmmədquluzadə və «Molla Nəsrəddin» jurnalı ilə əlaqə saxlayıb, əməkdaşlıq edib: «Mirzə Cəlil Təbrizdən Bakıya qayıdandan sonra Şmerlinqə müraciət edərəku onu «Molla Həsrəddin» jurnalında birgə fəaliyyətə çağırıb. Bu dəvəti yüksək qiymətləndirən Şmerlinq Tiflis Rəssamlıq Akademiyasının əsas təsisçilərindən biri olduğundan 1922-1923-cü illərdə Bakıya gələ bilməyib».
İsa Həbibbəyli Şmerlinqin Bakıya gəlişinin baş tutmamasının sonrakı səbəbi barədə bu qənaətdədir: «Şmerlinqin Bakıya gəlişinin baş tutmamasının bir səbəbi də Cəlil Məmmədquluzadənin 1927-ci ildən sonrakı dövrdə vəziyyəti, durumu ilə əlaqədardır. Belə ki, artıq Cəlil Məmmədquluzadənin həyatında sovet cəmiyyətinə ümid və inam dövrü başa çatmış, şübhə və sarsıntı mərhələsi başlanmışdı. O, İran hökumətinə qarşı sərt mövqe tutmaqda günahlandırılmış, jurnalın isə guya həyatla ayaqlaşa bilməməsi barədə fikirlər yayılmışdı. Az sonra hətta «Molla Nəsrəddin»in ideya xəttinin dəyişdirilməsi, jurnalın Mübariz Allahsızlar İttifaqının orqanına çevrilməsi «yuxarılar» tərəfindən tövsiyə olunub. Hətta bu dövrdə Mirzə Cəlil jurnaldan getmək qərarına gəlib. Görünür, belə ciddi böhran keçirən Mirzə Cəlilin artıq Bakıya gəlmək istəyən dostu Şmerlinqi onun layiq olduğu səviyyədə qəbul etmək, yerləşdirmək imkanları məhdud idi. Bütün bunlara baxmayaraq məslək dostları olan Mirzə Cəlillə Şmerlinqin şəxsi münasibətləri və yaradıcılıq əməkdaşlığı uzun illər davam edib, hər iki tərəf üçün səmərəli olub, mədəniyyətimizə xeyir gətirib.»
Uğur
Xalq Cəbhəsi.- 2013.- 4 aprel.-
S.14.