Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat

 

Məhəmməd Əmin Rəsulzadə: «Azadlıq və istiqlaliyyət əsas süngülərlə yox, ədəbiyyat və incəsənət vasitəsi ilə əldə olunur»

 

II yazı

 

Ölkədə milli hökumətin süqut etməsiylə, Xalq Cümhuriyyətinin qurucuları, ədəbiyyata gələn gənc istedadlı qələm sahibləri mənəvi cəhətdən yaralanmışdılar, bu zərbənin ağrılarını çəkirdilər. C.Cabbarlı da onlardan biri idi: «Aydın», «Oqtay Eloğlu» kimi əsərlərində milli kədərin motivləri vardı. C.Cabbarlı 1920-ci il aprelin 27-də hakimiyyətin süqutu haqqında qərar qəbul edilən axşamı bu milli hərəkatın bir çox cavan fəalları ilə Məhəmməd Əmin Rəsulzadənin evinə yığışırlar. «Gənc müsavatçılar» hərəkatı yaranır. Bu gizli təşkilatın sədri Mirzə Bala Məmmədzadə, baş katib Cəfər Cabbarlı oldu. Təşkilatın bir sıra yığıncaqları Cəfər Cabbarlının bağında keçirilir, bolşevizmə qarşı mübarizə aparan özəklər yaradılır. «İstiqlal» qəzeti dərc edilirdi. 1923-cü ildə təşkilatın üzvləri, o cümlədən C.Cabbarlı da bolşevik hökuməti tərəfindən həbs edilsə də, avqustun ortalarında müxtəlif şərtlər əsasında azadlığa buraxıldığı bildirilir.

Araşdırmaçı Gülxani Pənah bildirir ki, Xalq Cümhuriyyətinin köməyini, dövlətin qayğısını üzərində hiss edən, onun dəstəyi ilə xaricdə təhsil alan, elmə, biliyə yiyələnən Əli Yusifin «Azərbaycanlıya», «Bayraq», «İdeal», «Bir türk yanğısı deyir ki», «Qarabağ xainlərinə» və s. şeirlərində xalq, millət, vətən sevgisi əsasdır. «Əli Yusifin şeirlərini səciyyələndirən başlıca keyfiyyət onların canlı hiss və təəssüratlardan qaynaqlanması, yüksək mübarizlik əhval-ruhiyyəsinin məhsulu olmasıdır. Bu cəhət bir tərəfdən şairin fitri poetik keyfiyyətlərinin göstəricisi kimi özünü büruzə verirsə, qarşı tərəfdən onun yazılarının cümhuriyyət idealları ilə bağlılığından mayalanır. Repressiya qurbanı olmuş, həbsxanalara salınmış Umgülsüm Sadıqzadənin «Əsgər anasına», «Çəkil, dəf ol», «Bir mayıs günündə», «Yolunu bəklərdim» şeirlərində azadlığını, müstəqilliyini əldə etmiş Azərbaycan xalqına, onun yenicə qurduğu azad, müstəqil, suveren dövlətinə məhəbbət, Vətənin sabahı üçün narahatlıq, xalqına çətin anda köməyə gələn, onu düşmən caynağından qurtarmağa çalışan Türk ordusunun arxa, dayaq olmasından ürəyində qürur hissi doğması, dili bir, qanı bir xalqının, türklərin hiss və duyğuları, bu tarixi həqiqətlərin xalqın ruhunda, yaddaşında buraxdığı dərin izlər yaşayır. Onun şeirlərində eyni zamanda ölkədə Xalq Cümhuriyyətinin süquta uğraması, başımıza gətirilən müsibətlər, tarixi ədalətsizliklər öz əksini tapıb».

Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Cavid, Əli Şövqü, Davud Ağamirzadə və başqaları Xalq Cümhuriyyətinin yaşadığı dövrün ümumi mənzərəsini poeziyada verdiyi kimi, bu illərdə bədii nəsr yaradıcılığı ilə məşğul olan Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Seyid Hüseyn, Tağı Şahbazi kimi tanınmış ədiblər də öz yaradıcılıqlarında bunu əks etdirirdilər: «Cəlil Məmmədquluzadə hekayələrində qadın azadlığı («Konsulun arvadı», «Xanın təsbehi», «Qəssab») problemlərinə toxunur. «Zırrama» hekayəsində mənfi əxlaqi keyfiyyətlər tənqid olunur. Ə.Haqverdiyevin «Mirzə Səfər», Seyid Hüseynin «Həzin bir xatirə», «İsmailliyə» hekayələri diqqəti cəlb edir. «İsmailliyə» hekayəsində ədəbiyyatşünaslar Seyid Hüseynin «bu tarixçənin istiqlal və azadlıq hərəkatı ilə bağlı məqamlarına diqqət yetirildiyini, «əslində İsmailliyənin simasında yazıçının bütün ruhu və qəlbi ilə bağlı olduğu doğma Azərbaycanın obrazını yaratdığını bildirirlər. Abdulla Şaiqin «Əsrimizin qəhrəmanları» romanının bir hissəsini Cümhuriyyət dövründə qələmə aldığı, bu əsrdə I dünya müharibəsi, çar Rusiyasının tənəzzülü, Oktyabr inqilabı dövründə yeni nəsli düşündürən və narahat edən problemlərin diqqət mərkəzinə çəkildiyi qeyd edilir. Ağababa Yusifzadənin «Sınan qanad» romanında xalqın, millətin qayğılarını bir vətəndaş kimi irəli çəkmək məsələləri, vətənin azadabad yaşaması, qurulması ideyaları verilir. Bu dövrdə Cəfər Cabbarlının «Ədirnə fəthi», «Trablis müharibəsi», yaxud «Ulduz», «Aydın», Hüseyn Cavidin «İblis», Cəlil Məmmədquluzadənin «Anamın kitabı», «Kamança» əsərləri Cümhuriyyət dövrünün dramaturji əsərləri kimi bədii cəhətdən yüksək qiymətləndirilir. Cəfər Cabbarlının dram əsərlərində Türkiyə mövzusunun daha qabarıq şəkildə verildiyibu cəhətdən kamil əsərlər kimi səciyyələndirildiyi məlumdur».

Tədqiqatçılar Hüseyn Cavidin «İblis» faciəsinin «bu illərdə cərəyan edən hadisələrin ümumi ruhundan və mahiyyətindən qaynaqlan»dığını bildirir. Cavidin «İblis» faciəsindəki insanilik harayı göysüzlərin inamsızlığına qarşıdır. Yerdəkilərin İblis adlı səcdəgahı var: yüksələn görünürlər, alçalırlar, çünki göysüzdürlər. Cavid haray çəkir: İblis göysüzlüyündə — iblisləşən yerdə inam göysüzlüyü, xurafat göysüzlüyü həqarəti bərqərar olub. Yerdəkilərin ağlında İblis ağlı yaranır-zülmət gətirən. İdrak göysüzlüyündən duyğu, iradə yoxluğu yaranır. Fitnə-fəsad, hərdən yoğrulmuş əməllər törəyir Yer idrakından-göy idrakını ağladan, sızladan. Xurafat, cəhalət, mənasız adət-ənənələr mənəviyyat göysüzlüyü yaradır. Cavidin qəhrəmanları zəlilləşmənin yaratdığı zor qələbəsinə inanmır. Mənəviyyat göysüzləri vicdan adlanan qüdsiyyətin səsini eşitmirlər.

Mənəviyyatsızlığın İblislik adlı məqamı var. İblislik insansızlıqdan yaranır. Cavidin qəhrəmanları ləyaqətsizcəsinə «ləyaqətləşənlərə», naşıcasına müdrikləşənlərə -azğınlığa, zalımlığa, harınlığa qarşı döyüşürlər. Cavidin qəhrəmanları öz iradi imkanlarına inanmayan göysüzlərə qarşı döyüşürlər.

G.Pənah bildirir ki, milli birlik, mənəvi bütövlük ideyaları üzərində qurulan dövlətin tərəfdarı olan Cəlil Məmmədquluzadənin «Anamın kitabı» pyesinin ədəbi tənqiddə dərin təhlili verilib: «Dramaturq pyesdə bir ananın övladları olan Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd Vahid timsalında köləlik və əsarətin millətin xarakterindəki acı nişanələrə diqqəti yönəldə bilib. Azərbaycan ədəbiyyatı tənqidi və ədəbiyyatşünaslığı Cümhuriyyət dövründə özünəməxsus inkişaf yolu keçib. Araşdırmaçıların fikrincə, bu özünəməxsusluq ədəbi irsin milli-nəzəri fikir müstəvisində təhlil və tədqiqinin aktuallıq kəsb etməsi, ədəbiyyatşünaslığı məşğul edən problemlərin daha operativ şəkildə diqqət mərkəzinə çəkilməsi ilə şərtlənməkdədir. Belə ki, Cümhuriyyət dövründə bir tərəfdən klassik ədəbi irsin tədqiqi istiqamətində mühüm addımlar atılmış, digər tərəfdən çağdaş ədəbi proses yetərincə dəyərləndirilmiş, ədəbiyyatın nəzəri-estetik problemlərinin araşdırılması ilə bağlı müəyyən işlər görülmüşdü».

Məmməd Əmin Rəsulzadə milli azadlıq yolunda əldə edilən müvəffəqiyyətlərin qazanılmasında bədii ədəbiyyatın rolunu belə dəyərləndirir: «Azadlıq və istiqlaliyyət əsas süngülər ilə yox, ədəbiyyat və incəsənət vasitəsi ilə əldə olunur». O, «Qurtuluş günü» məqaləsində yazır: «Ey millətin lisanül-qeybi olan şairlər, ədiblər, millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz».

Cümhuriyyət dövründə Seyid Hüseyn «Yaşıl qələm» ədəbi-elmi cəmiyyət yaradır. Bu cəmiyyət Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Əhməd Cavad, Cəfər Cabbarlı, Salman Mümtaz, Əli Yusif və digər ziyalıları, sənətkarları özündə birləşdirirdi. Cəmiyyətin məqsədi xalqın fikrən yüksəlməsinə çalışmaq və Azərbaycan ədəbiyyatında müşahidə edilməkdə olan yeniliyi qüvvətləndirmək, onu türklüyə sövq etmək idi. Onlar müxtəlif yığıncaqlar keçirirbu yığıncaqlarda qələm sahiblərinin yaradıcılığı müzakirə edilir, əsərlərin nəsri (məsələn Sabirin «Hophopnamə»sinin nəşri) məsələsi müzakirə edilir, ədəbiyyatımızın tarixinin öyrənilməsi, araşdırılması məsələləri ilə yanaşı ədəbi-tənqidin inkişafına da diqqət göstərirdi».

Yusif Vəzir Çəmənzəminli bu dövr ədəbiyyatşünaslığına dəyərli əsərlər verib: «Azərbaycan ədəbiyyatına bir nəzər» monoqrafik tədqiqat əsəri 1919-cu ildə İstanbulda nəşr edilmişdi. Əsər elmi-nəzəri əhəmiyyəti ilə seçilir. Firidun Köçərli Tiflisdə «Azərbaycan teatrının ədəbiyyatı» əsərini rus dilində nəşr etdirir. F.Köçərli elə bir dövrdə fəaliyyətə başlamışdı ki, o dövrdə Rusiyada ictimai-siyasi ziddiyyətlər kəskinləşirdi. Azərbaycanda milli şüur getdikcə qüvvətlənirdi. Azərbaycanda dramaturgiya, nəsr, nəzm, realizm üslubu ilə inkişaf edir, ədəbiyyat ideyaca zənginləşir, qəzet və jurnallar dilimizdə nəşr edilirdi.

Azərbaycan ədəbiyyatı tarixini sistemli şəkildə öyrənməyə meyl artırdı. Firidun Köçərli silsilə məqalələrini, «Azərbaycan türklərinin ədəbiyyatı» əsərini, «Azərbaycan ədəbiyyatı» əsərlərini yazır. Onun ən böyük xidməti «çox əsrlik Azərbaycan ədəbiyyatı irsini toplayıb, elmi prinsip və ardıcıllıqla öyrənərək tədqiqatının nəticələrini «Azərbaycan ədəbiyyatı» əsərində xalqın istifadəsinə verməsi»dir. Yusif Vəzir Çəmənzəminli əsərlərində Nəsimi, Abbasqulu Bakıxanov, Mirzə Fətəli Axundov, Qasım Bəy Zakir, Mirzə Ələkbər Sabirbaşqa şairlər, sənətkarların yaradıcılığı haqqında nəzəri fikirlərini söyləyib.

Yusif Vəzir Çəmənzəminli «Milli-mədəni işlərimiz» silsilə məqalələrində kitab nəşrinin vacibliyini qeyd edir. O yazır: «Hankı yolda qənaət olunsa, nəşriyyat üçün qənaət olmasın. Çünki bugünkü basılan kitablar kəsilən pullardan qiymətlidir. Bir çox pullar var ki, sərf olunur və əməli nəticələr vermir. Nəşriyyata xərclənənlər millət üçün böyük sərmayə vücudə gətirər. Bütün gələcəyimiz mədəni binalarımız, tərəqqi məhsullarımız bu sərmayə üzərinə binalanacaq». O, Firudin Köçərlinin Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tədqiqatlarını yüksək dəyərləndirir: «Ədəbiyyatımızı müntəzəm bir şəklə salmaq və ümumən tanıtmaq əhəmiyyətli, həm də çox əhəmiyyətli məsələlərdəndir. Bu yolda 20 ildən bəri çalışması və ədəbiyyatımızı nizama salması ilə məşhur Firidun bəy Köçərlidir. Firidun bəy ən müqtədir, ən sevimli ədiblərimizdən biridir. Bu şəxs ədəbiyyat tariximizi yazmaq ilə bütün keçmişimizi diriltdi…».

Araşdırmaçılarımız Cümhuriyyət dövrünün araşdırıcılarından Adilxan Ziyadxanın «Azərbaycan haqqında tarixi, ədəbi və siyasi məlumat» (1919) əsərini «milli ədəbiyyat tarixinin öyrənilməsi baxımından» dəyərli bilirlər: «A.Ziyadxan Çəmənzəminlidən fərqli olaraq azərbaycanlı müəlliflərin, ərəb və fars dillərində yazıb-yaradan ədiblərin irsini milli ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi kimi tədqiqata cəlb etdiyini bildirirlər: «Tədqiqatda ayrı-ayrı klassiklərin yaradıcılığının bağlı olduqları ədəbi-kulturoloji və ictimai-siyasi mühit kontekstində təhlilə cəlb olunması bütövlükdə milli ədəbiyyatın regional çalarlarının üzə çıxarılmasına imkan verib».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2013.- 6 aprel.- S.14.