Balkanlardakı İslamın qəhrəman
lideri
XX əsrin ikinci yarısında,
Balkan yarımadasında yetişən bu ən böyük, ən
müdrik, ən qəhrəman Müsəlman dövlət
adamı, əziyyət və əzm dolu bir həyatı
ardında buraxaraq bir müddət əvvəl axirətə
intiqal etdi. Dünya Aliyə İzzetbeqoviçi 1992-ci ildə
başlayan serb- boşnaq müharibəsi, daha doğrusu serblərin
müsəlman boşnaklara qarşı başlatdıqları
soyqırım əsnasında göstərdiyi qəhrəman
liderliyi sayəsində tanıdı. Halbuki, onunt milli — mənəvi
dəyərlərə olan xidməti, çox daha əvvəlki
dövrlərdə başlamışdı. Bunu görə
bilmək üçün, Yuqoslaviyanın quruluşuna kimi
gedib çıxmaq lazımdır.
Titonun Yuqoslaviyasında
İzzetbeqoviçin mübarizəsi
Titonun
Yuqoslaviyası «şəxsinə aid olan özəl» bir
dövlət kimi doğuldu və yaşadı. Ölkə II.
Dünya müharibəsi illərindəki vətəndaş
müharibəsi əsnasında bir-birini soyqırıma məruz
qoyan,parçalanan cənubi slavlarının, sosializm
yapışqanı ilə bir-birinə yenidən zorla
yapışdırılması ilə qurulmuşdu. Bir
xorvat-slovak qarışığı olan Tito ölkədəki
etnik kimlikləri sosialist ideologiyanın və «yuqoslav»
kimliyinin içində əridərək vətəndaş
müharibəsinin qanlı mirasını unutdurmaq istəyirdi.
Ölkə altı respublikanın federal bir sistemdə birləşməsindən
yaranmışdı: Sloveniya, Xorvatiya, Bosniya-Hersoqovinya, Serbiya,
Çernoqoriya və Makedoniya.
Bu
«zorakı mozaika» müsəlmanlara elə də rahat bir həyat
tərzi təmin etmirdi. Tito vətəndaş müharibəsi
əsnasında müsəlmanları öz tərəfinə
çəkmək üçün onlara sosialist nizamdakı
«din azadlığı»ndan dəm vuran təbliğatlar
etmişdi, amma qurduğu rejim ölkədəki Müsəlmanlara
yalnız təzyiq gətirdi.
1950
— ci ildə ölkə daxilində müsəlman
qadınların örtünməsini qadağan edən bir
qanun qüvvəyə mindi. Eyni il müsəlman uşaqlara
Quran öyrətmək məqsədi ilə qurulan
bütün məktəblər bağlandı. 1952 — ci ildə
isə bütün dini mərkəzlər qeyri-qanuni elan
edildi.
Təzyiqlər
irəliləyən illərdə də davam etdi. Bəzi
hesabatlara görə, hərbi xidmətə gedən müsəlman
əsgərlər donuz əti yeməyə məcbur edilir,
dövlət məmurlarına da oğlanlarını sünnət
etdirməmələri üçün xəbərdar edilirdi.
Bu vaxt müsəlmanlara aid mədəni dərnəklər də
bağlanmışdı. Dərnəklər arasında
yalnız 1947 — ci ildə qurulan və dövlətin idarəsindəki
İslami Birlik Dərnəyinin varlığına icazə
verildi. Bu dərnək, sosialist dövlətin ideologiyasına
uyğun «din alimləri» yetişdirəcəkdi.
Sarayevodakı
İslami əsərlər nəşr edən mətbəə
də bağlandı və 1964-cü ilə kimi Yuqoslaviyada tək
bir islami kitab nəşr edilmədi.
Ancaq müsəlmanlar bu «dinsizləşdirmə» siyasətinə qarşı sülhsevər və şərəfli bir müqavimət göstərdilər. İslami nəşrlər yayılmağa davam etdi, uşaqların təhsili gizli şəkildə davam etdi, təriqətlər isə evlərdə fəaliyyət göstərməyə başladılar.
Müsəlman tələbələr tərəfindən qurulan «Gənc müsəlmanlar» adlı dərnək İslam əleyhdarı siyasətlərə qarşı aktiv bir mədəni müqavimət başlatdı. Məhz Aliyə İzzetbeqoviç, gənc müsəlmanların gözə dəyən üzvlərindən biri idi o illərdə. Ancaq 1949-50 — ci illərdə təşkilatın yüzlərlə üzvü həbs olundu və təqib edildi. Bu təzyiq dövründə Yuqoslaviya sərhədləri daxilində 756 məscid ya yox edildi, ya da istifadə edilməyəcək hala gətirildi.
Bu təzyiq siyasətinin bir parçası da 24 yaşındakı gənc bir vəkil olan Aliyə İzzetbeqoviçin dörd il həbs cəzasına məhkum edilməsiydi. O, sadəcə və sadəcə millətinə xidmət etmək istədiyi üçün həbsə atıldı. Və bu təzyiq sadəcə onun imanını və qərarlığını artırdı.
Bosniyadakı iki fərqli meyl
Titonun «yuxarıdan aşağıya dinsizləşdirmə» siyasətinin Bosniyalı müsəlmanlar üzərində çox ciddi təsiri oldu. Balkanların ən dindar müsəlman camaatlarından biri olan bosniyalıların milli — mənəvi kimiliyi, ötən on illiklər ərzində gedərək əridi. Ancaq buna qarşı müqavimət göstərən və milli — mənəvi kimliklərini ciddi — cəhdlə qoruyan bir qrup da öz varlığını qorudu.
Nəticədə 1960 — 70 -ci illərdə Bosniyalılar arasındakı iki fərqli meyl ortaya çıxdı. Biri, dindənkənar bir «müsəlman milliyyətçiliyi», digəri isə İslami inanclarına bağlı bir İslami yenidən doğuş hərəkatı idi. Birincinin müdafiəçiləri, Müsəlmanlığın bosniyalılar üçün milli bir kimliyi olduğunu müdafiə edir və Tito rejiminin bu kimliyi tanıması üçün mübarizə apardılar. Sonunda, həqiqətən 1974 — ci il konstitusiyası ilə birlikdə ilk dəfə siyahıyaalmalarda «serb», «xorvat» kimi kateqoriyaların yanına bir də «Müsəlman» kateqoriyası əlavə olundu. (Daha əvvəl bosniyalıların böyük əksəriyyəti etnik şəxsiyyətləri ilə əlaqədar suallara «boş» xanasında cavab verirdilər).
İkinci meylin ən diqqətə dəyər nümayəndəsi isə, Aliyə İzzetbeqoviç idi. İzzetbeqoviç, 1960 — cı illərdə yazdığı, amma nəşr olunmayan «İslamskaya Deklorasiya» («İslam Bəyannaməsi») adlı əsərində, bosniyalılar arasındakı İslami qanadın düşüncələrini səsləndirmişdi. Kitabçanın içindəki fikirlər, Yuqoslaviyadan çox dünya müsəlmanlarına bir çağırış xüsusiyyətində idi. İzzetbeqoviç etnik milliyyətçiliyin bölücü bir güc olduğunu, kommunizmin insan ruhunu xilas etməyə kifayət etmədiyini və yeganə xilasın İslamda olduğunu izah edirdi.
Bu İslami meylin inkişafında Titonun «əlaqəsiz» xarici siyasətinin də rolu var idi. Bu siyasət nəticəsində Ərəb ölkələri ilə qurulan əlaqələr sayəsində bosniyalılar islam dünyasıyla yaxın əlaqələr qura bilmiş, 1970 — ci illərdə Bosniyalı tələbələr müxtəlif ərəb universitetlərində oxumuşlar və bu əlaqə sayəsində 1977 — ci ildə Sarayevoda bir İslami teologiya fakültəsi qurulmuşdu.
Ancaq bu milli — mənəvi hərəkətlilik, sosialist rejimi çox narahat etdi və 1980 — ci illərdə sistemli bir həzmetmə kampaniyası başladıldı. Bosniya-Hersoqoviniya Kommunist Partiyası tərəfindən təşkil edilən kampaniyanın ilk nümunələrindən biri, partiya üzvü Dervis Yusiç tərəfindən partiya rəhbərliyinin təlimatı ilə sosialist Oslobodjenye qəzetində nəşr etdiyi və Müsəlman din adamlarının etibarını zədələməyi hədəfləyən yazı silsiləsi idi.
İzzetbeqoviçin ikinci dəfə
həbsi
Kommunist Partiya tərəfindən təşkil edilən bu kampaniya, 1983-cü ildə çox daha konkret bir cəhddə bulunaraq İslami qanadın qabaqda gələn on üç adını məhkəmə qarşısına çıxardı. «Saraybosna iddiası» kimi xatırlanan və dünya mətbuatına da əks olunan məhkəmə, şübhəliləri «İslam milliyyətçiliyinin içindən əksinqilabçı və təcavüzkar düşüncələr inkişaf etdirmək»lə günahlandırdı. Ən əhəmiyyətli şübhəli, yenə Aliyə İzzetbeqoviç idi, 1960 — ci illərdə qələmə aldığı «İslam bəyannaməsi» adlı əsərinə görə İzzetbeqoviç 14 il həbs cəzasına məhkum edildi, daha sonra bu cəza 11 ilə endirildi.
Aliyə İzzetbeqoviç, 1983-cü ildəki Sarayevo məhkəməsindən sonra Bosniya-Hersoqoviniyadakı milli hərəkatın simvolu kimi əməlli — başlı zehnlərdə öz yerini tutdu. Yuqoslaviyanın ən pis həbsxanasında «kubik ataraq» keçirdiyi 6 ildən sonra 1988 — ci ildə azadlığa buraxılanda, Bosniya cəmiyyəti içində böyük bir hörmət və sevgi qazanmışdı.
Müdrik kral,
xalqının lideri
İzzetbeqoviç May 1990 — ci ildə boşnaqlar tərəfindən qurulan Demokratik Hərəkət Partiyasının (SDA) baş katibi vəzifəsinə seçildi. SDA — nın milli — mənəvi kimliyi son dərəcə diqqətə çarpan idi. Yaşıl bayraqlar, ayparalar, mitinqlərdə oxunan ilahilər, Bosniyada 40 ildir təzyiq altına alınan və unutdurulmağa çalışılan inancın yenidən doğuşunu işarələyirdilər. İzzetbeqoviçin «İslam Bəyannaməsi»ndə yazdığı aşağıdakı sətirlər də, müəyyən düşüncələr üçün kifayət qədər xəbərdarlıq mahiyyətində idi. «Müdrik Kral», Qərbin müsəlmanlar haqqındakı strateji baxışını belə təqdim edirdi: «Artıq ordularla üstümüzə gəlmirlər. Ancaq əllərindəki sərmayəni və ideologiyaları yeni bir təsir üsulu kimi istifadə edirlər və yenə o eyni hədəfə çatmağa çalışırlar: Öz suverenliklərini zəmanət altına almaq və bunun üçün də türk müsəlman millətlərini ruhi bir çöküntü və maddi bir asılılıq içində tutmaq.»
Ancaq İzzetbeqoviçin bütün bu fikiriyyatı, onun fanatik Qərb əleyhdarı düşüncə daşıdığı mənasına gəlmirdi heç bir zaman. Əksinə, Qərbdəki kimi güclərin təhəkküm edici və təcavüzkar xarakterinə qarşı, İslamın tolerant və sülhsevərliyini vurğulayırdı İzzetbeqoviç. Belə ki, qurduğu partiya da çoxmillətli bir Bosniya-Hersoqoviniyanın davamını müdafiə edir, xorvat və serblərlə sülh içində birlikdə yaşamağı hədəfləyirdi.
İnsanın həm maddi, həm də mənəvi istiqamətdən yüksəlməsi isə, İzzetbeqoviçin də söylədiyi kimi, Allahın son vəhyi olan İslama və onun əxlaqına sarılması ilə mümkündür. Bu gerçəyi həyatı boyunca müdafiə edən qəhrəman və Müdrik Kral, əsla unudulmayacaq.
Hacımusalı Oktay
Xalq Cəbhəsi.- 2013.- 9 aprel.-
S.13.