Orduya vətəndaş nəzarəti

 

Proses dünya ölkələrində necə həyata keçirilir?

 

I yazı

 

Orduya nəzarət özlüyündə çox geniş məna kəsb edir: bura Silahlı Qüvvələr üzərində demokratik nəzarət, müdafiə məsələlərində cəmiyyətin geniş təbəqələrinin fəallaşması, orduda islahatlarla bağlı cəmiyyətin daim məlumatlandırılması, ordunun parlament və cəmiyyət qarşısında hesabatlılığı, hərbi büdcənin şəffaflığı, hərbi qulluqçuların, onların ailə üzvlərinin hüquqlarının müdafiəsi, hərbi xidmətlə bağlı ortaya çıxan problemlərin tez bir zamanda çözülməsi, məxfi olmayan bu və digər müdafiə xarakterli sənədlərin hazırlanmasına ictimaiyyət nümayəndələrinin cəlb olunması və sair məqamlar daxildir.

Qərbdə ordu üzərində «vətəndaş nəzarəti» anlayışı başlıca olaraq silahlı qüvvələrin vətəndaşların azad seçimi nəticəsində formalaşmış siyasi rəhbərliyi tərəfindən idarə edilməsi kimi qəbul edilir. Əgər bu yoxdursa, ordu müəyyən vəziyyətlərdə dövlət siyasətinə müdaxilə edə bilər, bu da faciələrə gətirib çıxarar. Birinci Dünya müharibəsinin və digər müharibələrin başlanma səbəblərindən əsası məhz bu amillə bağlıdır.

Hərbi ekspert Cəsur Sümərinlinin fikrincə, Qərb cəmiyyəti tarixdən çox şeyi öyrənib. İndi AvropadaAmerikada vətəndaşlar ödədikləri vergilər hesabına saxladıqları və xidmət etdikləri ordularla bağlı öz hüquqlarını reallaşdırmaqda israrlıdırlar. Vətəndaşlar müdafiə və təhlükəsizlik sahəsinə ayrılan milyonlarla vəsaitin taleyi ilə maraqlanırlar. Onlar həmişə «dövlət büdcəsindən orduya bu qədər vəsait ayırmağa ehtiyac varmı» sualı üzərində düşünürlər: «Hazırkı ordu təhlükəsizliyi qoruya biləcək, ya yox? Bu sual da aktualdır. Vətəndaşları həmişə ordunun gələcəyi maraqlandırıb. Qərb ekspertləri hesab edirlər ki, XXI əsrdə bu məsələ daha aktual olacaq. Çünki bu dövrdə müdafiə və təhlükəsizlik sahəsinin modernləşdirilməsi, yeni silah növlərinin istifadəyə verilməsi, hərbi qulluqçuların hüquqlarının müdafiəsi əsas diqqət yetirilən məsələlərə çevrilib. Ordu bir peşə, xidmət növü kimi həmişə hamının diqqət mərkəzindədir. Hər bir vətəndaş birbaşaya dolayısı ilə həmişə ordu ilə əlaqədədir. Onların övladları və ya qohumları silahlı qüvvələrdə xidmət edirya çalışırlar. Bu səbəbdən vətəndaşlar hərbi qulluqçuların təminatı, xidmət şəraiti ilə həmişə maraqlanmaq həvəsindədirlər».

Cəsur Sümərinli qeyd edib ki, silahlı qüvvələr üzərində nəzarətin digər forması mülki (ictimai və vətəndaş) nəzarət adlanır ki, buna kompleks baxımdan yanaşmaq lazımdır: «Bu prosesdə dövlətin bütün rəsmi və qeyri-rəsmi strukturları, ölkənin qanunverici hakimiyyəti, icra strukturları, vergiödəyici olaraq cəmiyyətin bütün təbəqələri, xüsusilə ictimai qurumlar, QHT-lər və KİV iştirak edir. Silahlı qüvvələrə vətəndaş nəzarəti ilk olaraq qanunlarda dəyişikliklərdən başlayır: ordu rəhbərliyi mülki şəxslərdən təyin olunur, güc strukturlarının parlament və cəmiyyət qarşısında hesabatlılığı artır, hərbi büdcənin bölüşdürülməsində şəffaflıq təmin olunur, QHT və KİV-lərlə əməkdaşlığın optimal üsulları tapılır. Qərbdə ordu üzərində ictimai nəzarətin əsas açarı Müdafiə Nazirliyinin rəhbərliyində mülki şəxsin olmasıdır. Mülki müdafiə naziri hökumət və parlament qarşısında ordunun lobbiçisi kimi çıxış edir. İnkişaf etmiş demokratik ölkələrdə Müdafiə Nazirliyi qarışıq mülki-hərbi strukturu əks etdirir. Bu baxımdan Qərbdə orduya vətəndaş nəzarətinin anqlo-saksonprussiya modelinin olduğunu bəyan edirlər. ABŞ-da prezident (ali baş komandan) silahlı qüvvələr üzərində nəzarəti mülki müdafiə naziri vasitəsilə həyata keçirir. Prezident müdafiə nazirini Konqresin razılığı ilə təyin edir. Almaniyada Müdafiə Nazirliyinin fəaliyyətinin, ştat strukturunun sayının tənzimlənməsində parlament həlledici rol oynayır. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti Qərbdə müdafiə və təhlükəsizlik sektoru ilə cəmiyyət arasında əlaqələrin qurulmasında mühüm rol oynayan fəaliyyət növü hesab edilir. QHT-lər vətəndaş qruplarını birləşdirən qurumlardır və bu qurumlar cəmiyyətin güc strukturlarından tələblərini öz fəaliyyətlərində əsas ideya kimi götürür. QHT-lər (söhbət əsasən hərbyönlü fəaliyyətə üstünlük verən təşkilatlardan gedir) həmişə müdafiə və təhlükəsizlik strukturlarında baş verənlərdən xəbərdar olmaqbunu müxtəlif vasitələrlə cəmiyyətə çatdırmaq, cəmiyyətin problemlərin həllində iştirakına nail olmaq istəyindədirlər. Amma bunun nə dərəcədə uğurlu alınıb-alınmaması həmişə müəyyən mübahisələrə səbəb olub.

Son illər silahlı qüvvələrə nəzarət prosesində KİV-in rolu xeyli artıb. Ekspertlərə görə, bu, əsas etibarilə son illər ölkələrin müdafiə və təhlükəsizlik sektorlarında şəffaflıq tendensiyasının yayılması ilə bağlıdır. XX əsrin sonlarında KİV-in ordu ilə münasibətləri bir çox dünya ölkələrində problematik xarakter daşıyırdı. KİV bir sıra dövlətlərdə müdafiə təsisatlarının həyata keçirmək istədiyi islahatlar yolunda, dövlətlərin hərbi ambisiyalarını gerçəkləşdirmək istiqamətində ciddi maneə kimi qiymətləndirilirdi. «Hərbi sirr» anlayışı əslində KİV-i ordu proseslərindən kənarlaşdırmaq məqsədi güdürdü.

Lakin cəmiyyətin KİV-in roluna ciddi dəstək verməsi güc strukturlarının rəsmilərini düşünməyə vadar etdi: artıq KİV ayrı-ayrı siyasiqeyri-siyasi qüvvələrin təbliğat vasitəsi kimi deyil, cəmiyyətin istək və tələblərinin güc strukturlarına çatdırılması orqanı kimi çıxış edirdi. Ötən əsrin 90-cı illərindən etibarən bütün dünyada hərbi xarakterli sənədlərin, birləşmələrin şəffaflığı prosesinə start verildi ki, bu məsələ məhz KİV-in ordu üzərində nəzarət imkanlarını artırdı».

Hərbi ekspert bildirib ki, beləliklə, bu gün KİV və QHT-lər birlikdə silahlı qüvvələr üzərində vətəndaş nəzarətinin ən məhsuldar qurumları hesab edilir. Artıq dünya ölkələrində bu proses qəbul edilirbir sıra ölkələrdə KİV və QHT-lərdən, o cümlədən ictimai xadimlərdən ibarət şuraların, birliklərin, assosiasiyaların və koalisiyaların yaradılmasına üstünlük verilir: «Ekspertlərin fikrincə, normal formalaşdırılan belə şuralar silahlı qüvvələr üzərində ictimai nəzarətin həyata keçirilməsində faydalı olur. Bu gün Qərbdə silahlı qüvvələr üzərində vətəndaş nəzarətinin fokusunda çox ciddi məqsədlər var. Vətəndaş nəzarətini həyata keçirən qurumlar güc strukturlarında baş verən proseslər və hərbi qulluqçuların xidmət şəraiti, orduda insan hüquqlarının qorunması sahəsində baş verən proseslər, silahlı qüvvələrin quruculuq perspektivibu yöndə olan doktrinal sənədlərin (əsasən Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrina) monitorinqi, müdafiə və təhlükəsizlik sahəsinə ayrılmış vəsaitin xərclənmə şəffaflığı, hərbi çağırışçıların hüquqlarının müdafiəsi, güc strukturlarında çalışan rəhbər vəzifəlilərin tutduqları vəzifəyə və ordunun quruculuq prosesinə uyğun gəlib-gəlməməsi problemləri, cəmiyyətdə ordunun nüfuzunun və hərbi vətənpərvərlik ruhunun artırılması mexanizmlərinin aşkarlanması, hərbi qanunvericiliyin vəziyyəti və onların müasir ordu quruculuğuna uyğun gəlib-gəlməməsi və s. məsələləri araşdırır. Belə qurumlar qeyd edilən və digər istiqamətlərdə ordunun fəaliyyətini bir növ tənzimləmək hədəfinə malikdirlər. Əslində Qərbdə belə hesab edirlər ki, vətəndaş nəzarəti normal demokratik cəmiyyətin fəaliyyət göstərməsinin şərtidir. Ekspertlərə görə, ordu üzərində ictimai nəzarətin əsas məqsədləri aşağıdakılardan ibarət olmalıdır:

- dövlətin hərbi siyasətində demokratik prinsiplərin və normaların təsdiq olunması;

- ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsinə yönəlik tövsiyələrin hazırlanması və onların icraqanunverici hakimiyyətə təqdim olunması;

- Vətəndaşların silahlı qüvvələrdə xidmətə həvəsləndirilməsi, hərbi xidmət nüfuzunun artırılması;

- Dövlət hakimiyyəti orqanlarını və ictimaiyyəti silahlı qüvvələrdəki vəziyyətlə bağlı dəqiq məlumatlarla təmin etmək;

- Müdafiəyə və dövlətin təhlükəsizliyinin təmin olunmasına yönəlik vəsaitlərin qeyri-rasional xərclənməsinə son qoymaq;

- Silahlı qüvvələrin ayrı-ayrı vətəndaşların, partiyaların və hərəkatların marağı üçün istifadə edilməsinə mane olmaq;

- Silahlı qüvvələrdə insan hüquqlarına zidd amilləri ortaya çıxartmaq və s.

Ekspert bildirib ki, Böyük Britaniyada silahlı qüvvələrə ictimai nəzarətin maraqlı forması mövcuddur. Bu ölkədə 150-yə yaxın QHT iki assosiasiyada («Çətir assosiasiyası») birləşərək cəmiyyətlə və parlament komissiyası ilə güc strukturları arasında əsas vasitəçilik missiyasını yerinə yetirirlər: «Rusiyada ordu üzərində ictimai nəzarət dekorativ hesab edilir. 4-5 il bundan əvvəl hərbyönlü QHT rəhbərləri, hərbi KİV redaktorları, ictimai xadimlərdən ibarət şura formalaşdırıldı. Bu şura hazırda Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərir və əsasnaməsinə görə, faktiki olaraq silahlı qüvvələrə ictimai nəzarəti həyata keçirməlidir. Amma ötən illərdə Rusiya Silahlı Qüvvələrində baş verən neqativ hallara münasibətdə şuranın konkret rəyinin, fəaliyyətinin ortada olmaması, quruma daxil olmayan bir sıra hərbyönlü QHT-lərin fəallaşması onu deməyə əsas verir ki, Rusiyada qeyd edilən model iflasa uğrayib.

Hərbi təşkilat üzərində ictimai nəzarətin gerçəkləşməsində müəyyən təcrübə əsasən Ukraynada mövcuddur. MDB ölkələri içərisində yeganə olaraq Ukraynada güc strukturları üzərində ictimai nəzarət haqqında qanun var. 2003-cü ildə Ukraynanın Ali Radasında «Dövlətin hərbi təşkilatları və hüquq mühafizə orqanları üzərində demokratik mülki nəzarət haqqında» qanun qəbul edilib. Qanuna görə, Ukrayna Silahlı Qüvvələrinin müdafiə naziri və digər rəhbər postlarına, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərliyinə mülki şəxslər təyin edilə bilər. Silahlı qüvvələrdə və hüquq mühafizə orqanlarında insan haqlarına nəzarət etmək üçün Ukrayna parlamentinin qərarı ilə hərbi qulluqçuların hüquqlarının müdafiəsi üzrə təmsilçisi təyin olunub. Ukraynada QHT-lərin, KİV-lərin silahlı qüvvələr və hüquq mühafizə orqanları ilə münasibətləri müvafiq qanunla tənzimlənir.

 

 

Cavid

 

Xalq Cəbhəsi.- 2013.- 11 aprel.- S.10.