Ermənilərin Azərbaycan mədəniyyəti
haqqında etirafları
«Azərbaycan həqiqətləri»
kitabında ermənilərin tanınmış
adamlarının fikirləri toplanıb
Azərbaycan
filologiyasına və folklorşünaslığına itki
üz verdi: professor İsrafil Abbaslı vəfat etdi. O, 1938-ci
ildə İrəvan şəhərində anadan olub. İrəvan
Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini
bitirib. Nizami adına Ədəbiyyat İnstitutunda əmək
fəaliyyətinə başlayıb, 1987-ci ildən həmin
institutda, 2003-cü ildən isə Folklor İnstitutunda
şöbə müdiri vəzifəsində
çalışıb. Beynəlxalq miqyasda folklor problemlərinə
həsr olunmuş konfrans və müşavirələrdə
Azərbaycanı təmsil edib. 10 cildlik Azərbaycan Sovet
Ensiklopediyasının 6 cildindəki əsas məqalələrin
müəlliflərindən biri, «Azərbaycan klassik ədəbiyyatı
kitabxanası», «Azərbaycan ədəbiyyatı inciləri»,
«Dünya uşaq ədəbiyyatı», «Azərbaycan folkloru
antologiyası» kimi çoxcildliklərdə toplayıcı, tərtibçi,
ön söz, izah və qeydlərin müəllifi, redaktoru
olub. O, son illərdə nəşrinə
başlanılmış altıcildlik «Azərbaycan ədəbiyyatı
tarixi»nin I cildinin redaktor müavini və cilddəki bir sıra
oçerklərin müəllifidir. Çoxcildli regional folklor
antologiyaları və «Azərbaycan folklorunun ilkin nəşrləri»
seriyası, bu istiqamətdə aparılmış
araşdırmalar onun təşəbbüsü ilə həyata
keçirilib. 50-yə yaxın toplama, tərtib və nəşr
kitablarının, 3 monoqrafiyanın, 150-dən artıq elmi məqalənin
müəllifi olan İ.Abbaslının iştirakı ilə
hazırlanmış 2 kitab Türkiyədə, bir toplu isə
İranda nəşr olunub.
Çağdaş
dövrdə ermənilər daha səylə Azərbaycana,
ümumən Türk Dünyasına qarşı mənəvi
terrora keçiblər. Belə bir zamanda ermənilərin sifətini
açan, özlərinin vaxtilə türk milləti, konkret
Azərbaycan Türklərinin bir xalq olaraq
böyüklüyü haqqında etiraflarının
toplanılaraq kitab halında çapı olduqca gərəklidir.
İsrafil Abbaslı ilə bu mövzuda söhbətlərim
olmuşdu. Onun sözügedən mövzuda gördüyü
işlər gərəkli, xəlqi idi. «Azərbaycan həqiqətləri»
adlı kitabının məğzi barədə deyirdi ki, bu
kitabda ermənilərin tanınmış adamlarının
etirafları toplanıb. Ermənilərin zaman-zaman
türkün böyüklüyü haqqında söylədikləri
onların səmimiyyətindən yox, həqiqət
qarşısında aciz qalaraq etiraf etmələrindən irəli
gəlir: «Biz bir xalq olaraq özümüz haqqında çox
sözlər deyə bilərik. Özümüzəməxsus
cəhətlərimiz təbii ki, çoxdur. Ancaq ermənilərin
dedikləri bizim üçün çox maraqlıdır. Bu
faktların təqdimindən sonra bu gün «erməni
xalqının, erməni ictimaiyyətinin» əlləri
boşda qalır. Kitabla tanış olacaq istənilən millətin
nümayəndəsi ermənilərin sifətini daha yaxından
tanıyacaq». Kitabda 40-a kimi erməni ədəbi fikir nümayəndələrinin,
müxtəlif qaynaqlarda Azərbaycan haqqında etirafları
toplanıb. İsrafil Abbaslı uzun illər ərzində bu
faktları toplamışdı, qərara gəlmişdi ki,
kitab halında çap eləsin.
Neçə
yüzillər əvvəldən ta son dövrə kimi ermənilərin
tanınmış adamlarının Azərbaycan xalqı, onun
zəngin mədəniyyəti, ədəbiyyatı, musiqisi və
sair haqqında söylədikləri diqqəti çəkir.
Bunlardan biri Arakel Təbrizli 1-ci Şah Abbasın zamanında
yaşayıb. İ.Abbaslı Azərbaycan tarixi, Koroğlunun
bir tarixi şəxsiyyət olması barədə
danışırdı: «XIX yüzilin birinci yarısında
yeni realist erməni ədəbiyyatının
yaradıcısı Xaçatur Abovyan publisist
yazılarında Azərbaycan Türkcəsi, tarixi, mədəniyyəti,
folkloru haqqında yüksək fikirlər söyləyir.
Abovyan etiraf eləyir ki, ermənilərdə bayatı deyilən
bir şey olmayıb, biz bayatıları qonşularımız
türklərdən götürmüşük. Abovyan
bayatının çox gözəl, oynaq janr olduğunu,
oxuyarkən insana misilsiz zövq verdiyini bildirir. Etiraf edir ki,
erməni dili bayatıdan sonra çox şirinləşib. Azərbaycan
Türkcəsi haqqında danışan Abovyan bu dilin hər mənada
zənginliyini dilə gətirir, deyir ki, ermənilərdə
folklor nümunələri birbaşa türkcə ifadə
olunur. Aşıq sənəti, onun özünəməxsusluğu
haqqında da danışır, deyir ki, qabaqlar ermənilərdə
ermənicə dastan danışmaq, şeir demək ənənəsi
yox idi. Abovyan etiraf edir ki, bunu da Azərbaycan Türklərindən
götürmüşük. Qeyd edir ki, ermənilər uzun
dövr ərzində Azərbaycan dastanlarını elə
türk dilindəcə söyləyiblər,
yaddaşlarında yaşadıblar».
XIX
yüzildə yaşamış digər tanınmış ermənilər
də bu mənada ciddi etirafda bulunublar. Nalbandyanın fikrinə
görə, Tarverdiyan adlı Azərbaycanın folklor
materiallarını nəşr edən folklorçu yazır
ki, Azərbaycan Türkcəsində yazıb-yaradan erməni
aşıqlarının sayı 400-dən artıqdır. Bu
fakt bir daha onu sübut eləyir ki, erməni
aşıqları Azərbaycan Türkcəsində
yaşayıb-yaradıblar. Ermənilər etiraf eləyirlər
ki, elə aşıqlar var, ancaq sırf Azərbaycan Türkcəsində
yazıblar. Tarverdiyan yazır, bu aşıqları ona görə
erməni adlandırmaq olar ki, onlar erməni ailəsində
anadan olublar, amma yaratdıqları Azərbaycan mədəniyyəti
xəzinəsinə daxildir. Ermənilərin
tanınmış araşdırıcıları etiraf edirlər
ki, Azərbaycan Türk xalq havaları, Koroğlu havaları
onların musiqisiin formalaşmasına müstəsna təsir
edib. Tarverdiyan daha sonra yazır ki, Avropa klassik musiqisi Qafqaz
xalqları, o cümlədən ermənilər
üçün təzədir, amma türk xalq nəğmələri
tarix boyu yaşayaraq digər xalqlara, o cümlədən ermənilərin
musiqi yaradıcılığına ciddi, təkanverici təsir
edib. Araşdırmaçı erməni xalqının Azərbaycan
mahnılarına vurğunluğundan yazır».
XIX
yüzil yeni realist erməni ədəbiyyatının
davamçılarından olan Ağayanın Azrbaycan ədəbiyyatı,
mədəniyyətini təqdir edən xeyli qənaətləri
var. Ermənilərin bolluca etiraflarının bulunduğu «Azərbaycan
həqiqətləri» kitabının tərtibçisi
İsrafil Abbaslı müxtəlif illərdə ermənicə,
rusca çap olunmuş kitablardan topladığı
sitatları aydınlığı ilə — səhifəsinə
kimi göstərib: «Bu etirafları kitabda verilən mənbələrə
əsasən tapıb tutuşdurmaq olar. Haxverdiyanın 1852-ci
ildə Sayat Nova haqqında kitabı çıxıb, orada
bu, Azərbaycan aşıq sənəti haqqında yüksək
fikirlər söyləyir. Onun fikrini kitabda vermişəm.
1912-ci ildə erməni aşıqları ilə bağlı
İzmirdə kitab çıxıb. Kitabın tərtibçisi
xristianşünas olub. Tərtibçi kitabda həm ermənicə,
həm də tükcə yazan erməni
aşıqlarının şeirlərini çap edib.
Araşdırmaçı müqəddimədə
aşıq şeir şəkillərinin adlarını geninə-boluna
çəkdikdən sonra yazır ki, bunların hamısı
mənşə etibarilə türkcədir, türklərindir.
80-ə yaxın aşıq musiqisi havalarının tamamilə
türkcə olduğunu yazır, etiraf edir ki, ermənilər
bunların adlarını türklərdən
götürüblər, bizdə bunların adları yoxdur.
Bir sözlə, ermənilərin etirafları bitib-tükənmir.
Emənilərin tanınmışları Azərbaycanın məşhur
klassikləri Nizami, Nəsimi, Füzuli haqqında, habelə Azərbaycan
bayatıları ilə bağlı etirafda bulunublar».
Avetik
İsakyanın Azərbayan bayatılarının ermənicə
nəşrinə yazdığı müqəddimə
çox maraqlıdır: «Bu, ermənilərin
tanınmış yazıçısıdır. İsaakyan
yazır ki, Leninakanda (yəni keçmiş Gümrüdə-red.)
uşaq vaxtı Arpaçayın sahilində oynayırdıq.
Yazır ki, o vaxtı sonradan həyat yoldaşım olacaq
qızı istəyirdim. Deyir mən qıza Füzulinin bir qəzəlini
söylədim, bunu deyəndə qızın üzü
qızardı. Bu, o deməkdir ki, ermənilər həmişə
Azərbaycan Türkcəsini gözəl biliblər, hər
addımda Azərbaycan mədəniyyətindən, incəsənətindən
bəhrələniblər. «Nizami Gəncəvi və erməni
ədəbiyyatı» mövzusunda araşdırmada ermənilərin
Nizami irsindən nə dərəcədə geniş bəhrələnməsi
ifadəsini tapıb. Bütün bunlar isə Azərbaycan
Türk mədəniyyəti, ədəbiyyatı, musiqisi, bir
sözlə, özünəxməsusluğu, bənzərsizliyi
haqqında ermənilərin etiraflarıdır. Manuk Abevyan
tanınmış ədəbiyyat tarixçisi olub, 6 cildlik
«Erməni ədəbiyyatı tarixi»ni yazıb. Qədim
dövrlə bağlı yazır ki, erməni dili mürəkkəb
sözlər sarıdan zəifdir, kasıbdır. Erməni
dilinin bir sözünün neçə məna
çaları yoxdur, ancaq türk dilində belə cəhətlər
çox zəngindir. Ona görə də
araşdırmaçı erməni qələm
adamlarının Azərbaycan Türkcəsində
yazıb-yaratmasını təbii qanunauyğunluq sayır».
İ.Abbaslı
deyirdi ki, «bunların hamısı erməni
etiraflarıdır. Bu həqiqətlərə qarşı ermənilər
heç bir söz deyə bilməyəcəklər. Ermənilərin
dünyanın gözündən düşəcəyi
gün uzaqda deyil». İ.Abbaslının şəxsi arxivi qiymətlidir,
ona görə ki, Ermənistanda olarkən Azərbaycan mədəniyyəti,
ədəbiyyatı ilə bağlı oradakı arxivlərdən
topladığı sənədlər bu gün məntiqsiz, həyasız
iddiaları ilə dünyanı aldadan erməniləri
ifşa etmək üçün əvəzsiz sənədlərdir.
Vaxt gələcək, bu materiallar ətraflı tədqiq
olunacaq. Doğulduğu el-oba haqqında danışan
İ.Abbaslı deyirdi: «Həyatımda enişli-yoxuşlu
yollar çox olub. Erməni xislətinə bu müddətdə
hərtərəfli bələd olmuşam. Ermənilər həmişə
qılıqlı, məqsədi naminə bütün vasitələrə
əl atan millət kimi yadımda qalıb. İrəvanda
doğulmuşam, orada da orta təhsil almışam. Ermənilərin
getdikcə çoxluq təşkil etdiyi mühitdə
yaşamaq mental cəhətlərimizi qorumaq təəssübkeşliyimi
daha da gücləndirdi. Elmlə məşğul
olacağımı əvvəlcədən
planlaşdırmamışdım. Bakı elmi mühiti erməni
mühitində aldığım təəssüratları
burada saf-çürük etmək imkanı verdi. Vaxtilə
Ermənistandakı arxivlərdə apardığım
araşdırmalar, tariximiz, mədəniyyətimizlə
bağlı əldə etdiyim sənədlər
bugünümüz, sabahımız üçün çox əhəmiyyətlidir.
Oranın elmi arxivlərində saysız-hesabsız
araşdırmalar aparmışam. Bu, hər bir kəsə nəsib
olmur. Burada ilk növbədə düşmənin dilini bilmək
karıma gəldi. Təvazökarlıqdan uzaq olaraq deyirəm,
arxiv sarıdan xalqımıza xidmətim odur ki, şifahi
söz sənətimizin, o cümlədən klassik ədəbiyyatımızın
böyük bir xəzinəsinin surətini köçürməklə
Azərbaycana gətirmişəm. 50 illik tədqiqatlarımın
əsas istiqamətini uzun illər ərzində
topladığım ayrı-ayrı əlyazmalar, tarixi mənbələrdən
olan materiallar təşkil edir. «Azərbaycan dastanlarının
yayılması və təsiri «adlı monoqrafiyamda ədib-alimimiz
Yusif Çəmənzəminlinin qənaətini vermişəm.
Yazıçı sovet dövründə nümayəndə
heyətinin tərkibində Eçmiədzində
(Üçkilsədə) olub. Orada ermənilərin məşhur
arxivi yerləşir. Yusif Vəzir arxivlə tanışlıqdan
sonra bu qənaətə gəlmişdi ki, burada Azərbaycan
klassik ədəbiyyatı və şifahi söz sənəti
ilə bağlı külli miqdarda material saxlanılır.
Daha sonra yazır ki, bu gün İrəvanın Azərbaycan-türk
dilli məktəblərində erməni dilini öyrənənlər
gələcəkdə bu arxivlərdə tədqiqat
aparmağa yönləndirilməlidirlər. Aylarla, illərlə
arxivlərdə olmuşam, araşdırmalar aparmışam.
Həticədə arxivlərdəki Azərbaycan ədəbiyyatı,
mədəniyyəti, dilimizlə bağlı qiymətli sənədlərin
surətini əldə etmək mümkün oldu». O, təəssüflənirdi
ki, bu materialları tədqiq etməyə bir insanın
ömrü yetməz. Bu sənədləri
araşdırmağa ərəbcə, farsca, ermənicə
bilən, məhz bu sahənin mütəxəssisi
lazımdır…
Uğur
Xalq Cəbhəsi.- 2013.- 12 aprel.-
S.14.