Azərbaycanda anauşaq ölümü

 

Azər Mehdiyev: «Qadınlar maarifləndirilməli, qadın məsləhətxanalarının işi gücləndirilməlidir»

 

Soltan Əliyev: «Nəzərdə tutulur ki, «patronaj sistem» yenidən bərpa edilsin»

 

Mətanət Əzizova: «Müayinədən keçmək, analizlər vermək hər ailənin cibinə uyğun deyil»

 

Azərbaycanda son 10 ilə olan məlumatlarla müqayisədə 2011-ci ildə doğum göstəricisi artıb. Rəsmi məlumatlara əsasən ölüm göstəricisi hər min nəfərə 6,2 faizdən 5,8 faizə qədər azalıb. Təbii artım 8,1 faizdən 13,5 faizə qədər artıb, orta yaş göstəricisi isə 71,9-73,6 yaş təşkil edir. Epidemioloji vəziyyət xeyli yaxşılaşıb. 2011-ci ildə uşaqlarda qızılca, difterit kimi infeksion xəstəliklər qeydə alınmayıb.

Ölkə daxilində ana və uşaq ölümü probleminin həlli istiqamətində işlərin görüldüyü bildirilsə də, bu sahədə olan ciddi problemlər hələ qalmaqdadır. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehdiyevin bildirdiyinə görə, tibbi xidmətlərin səviyyəsinin aşağı olması, yerində və vaxtında keyfiyyətli tibbi xidmətin göstərilməməsi, insanların məlumatsızlığı, həkimlərin məsuliyyətsizliyi və ya savadsızlığı ana ölümünə gətirib çıxarır. O qeyd etdi ki, problemi aradan qaldırmaq üçün ana və uşaq sağlamlığının gücləndirilməsi istiqamətində lazımi addımlar atılmalıdır: «UNİSEF-in 2007-ci ildə verdiyi açıqlamaya görə, Azərbaycanda uşaq ölümü göstəricisi 5 yaşına çatmamış uşaqlar arasında hər 1000 diri doğulmuş uşağa 39 olub. Bu göstəriciyə görə, Azərbaycan dünyanın 194 ölkəsinin sıralamasında 77-ci yerdədir. Qeyd edək ki, bu sıralamada Ermənistan 99-cu, Gürcüstan isə 88-ci yerdə olub. MDB ölkələrindən Türkmənistan, Özbəkistan və Tacikistan uşaq ölümü səviyyəsinə görə Azərbaycanı qabaqlayır. Ancaq 2008-ci ildə uşaq ölümü göstəricisi 12,0 faiz, 2009-cu ildə isə 11,4 faiz olub. Bu isə o deməkdir ki, ana ölümü halları 26,1 faizdən 24,3 faizə düşüb. 90-cı illərin sonlarından Azərbaycanda doğum hallarının çoxalması təmayülü qeydə alınıb və bu gün ölkə Avropa ölkələri arasında ən yüksək göstərici ilə fərqlənir».

2008-ci ildə Azərbaycanın qəbul etdiyi BMT-nin minilliyin inkişaf məqsədləri bəyannaməsinin tələblərindən biri də 2015-ci ilədək uşaqlar arasında ölüm hallarını 2-3 dəfə, ana ölümü əmsalını isə 3-4 dəfə azaltmaqdır. Azər Mehdiyevin fikrincə, problemin müsbət həllinə nail olmaq üçün ilk növbədə gender bərabərliyi təmin olunmalıdır. Bununla belə, qadınlar maarifləndirilməli, qadın məsləhətxanalarının işi gücləndirilməlidir. Eləcə də yüksək keyfiyyətli tibbi xidmət təşkil edilməli və xəstəxanaların maddi-texniki bazası yaxşılaşdırılmalı, tibbi personalın peşəkarlığı yüksədilməlidir.

Qeyd edək ki, «Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı» Nazirlər Kabinetinin 15 sentyabr 2006-cı il tarixli 211 saylı qərarı ilə təsdiq edilib. Proqramın məqsədi ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılması, ana və uşaqlar arasında xəstələnmə və ölüm hallarının azaldılmasıdır. Bu proqramın reallaşdırılmasına dövlət büdcəsindən 2007-2009-cu illər ərzində 15,2 milyon manat, 2010-cu ildə 2,9 milyon manat ayrılıb.

Azər Mehtiyevin bildirdiyinə görə, Azərbaycanda ana və uşaq ölümü göstəricilərinin Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən çox geridədir: «Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən ölkəmizdə ana ölümü əmsalı (hər 100 min nəfər diri doğulan hesabı ilə) 2000-ci ildə 37,6, 2003-cü ildə 18,5, 2007-ci ildə 35,5 və 2009-cu ildə 24,3 nəfər olub. 1 yaşadək uşaq ölümü əmsalı (hər 1000 nəfər doğulana hesabı ilə) 2000-ci ildə 16,4, 2002-ci ildə 16,7, 2005-ci ildə 12,7 və 2009-cu ildə 11,4 nəfər olub. Bu göstəricilər üzrə ölkə qurumlarının məlumatları UNİSEF-in məlumatlarından kəskin fərqlənir.

Nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri Soltan Əliyev mətbuata verdiyi açıqlamasında ana və uşaq ölümü faktının kəskin surətdə azalmağa doğru getdiyini bildirir: «Ana ölümü nonsens — yəni təsadüfi hal kimi də baş verə bilər. Ana ölümlərinin əksəriyyəti isə doğuşla deyil, başqa səbəblərdən də törəyən bədbəxt hadisədir. Səhiyyə Nazirliyi problemləri həll etmək üçün təcili tədbirlərlə yanaşı, planlaşdırılmış qaydada işlər görür. Məsələn, nəzərdə tutulub ki, əvvəllər də fəaliyyətdə olan «patronaj sistem» yenidən bərpa edilsin. Həmin sistemin şərtlərinə görə, hər bir hamilə qadın 12 həftəlik hamiləlik müddətində mütləq şəkildə qeydiyyata düşməlidir. Bildirim ki, son illər ölkə ərazisində idarəolunmaz miqrasiya prosesləri çoxaldığından həmin nəzarət mexanizmi öz işləkliyini itirdi. Bunu isə ölkə ərazisində ana ölümünə gətirib çıxaran səbəblərdən biri kimi qiymətləndirmək olar. Ona görə də nəzərdə tutulub ki, «patronaj sistem»in müsbət tərəfləri yenidən həyata keçirilsin. Hazırda rayonlarda 14 yardımçı məntəqə yaradılıb. Həmin məntəqələr lazımi avadanlıq, preparatla təmin edilib. Həmçinin ölkə ərazisində 8 və çağırışlara xidmət edən daha bir neçə briqada fəaliyyət göstərir. Hər bir ana ölümü ilə bağlı isə xüsusi komissiya tərəfindən araşdırmalar aparılır və cavabdeh şəxslər ciddi surətdə cəzalandırılır. Bu gün ölkədə böyük və körpələrin müalicəsi üçün perinatal mərkəzlər də yaradılır».

Soltan Əliyev səhiyyəyə ayrılan büdcə vəsaitinin ildən-ilə artırıldığını da bildirir: «2003-cü ildə səhiyyə ehtiyaclarına 59 milyon manat ayrılmışdısa, 2009-cu ildə bu rəqəm 502 milyon manat olub ki, bu da son beş ildə səhiyyə büdcəsinin 8 dəfə artması deməkdir. 2008-ci illə müqayisədə 2009-cu ildə Səhiyyə Nazirliyinin büdcəsi 50 faizə qədər artıb. Qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi ötən il də davam etdirilib. Bu proqramlara 2008-ci ildə 47 milyon, 2009-cu ildə isə 50 milyon manat vəsait ayrılıb». Rəsmi məlumatlara görə, hazırda ölkənin səhiyyə sistemində 28489 həkim və 56842 orta tibb işçisi çalışır.

Azər Mehtiyevin bildirdiyinə görə, doğuşu ağırlaşdıran, ana və uşağın ölümmünə səbəb olan xəstəliklər üzrə vəziyyət gərgindir. «Belə ki, tibbi xidmətlərin müyəssərlik səviyyəsinin yetərincə olmaması, həkim məsuliyyətsizliyi və savadsızlığı, qadınların vaxtında qadın məsləhətxanalarına müraciət etməməsi, keyfiyyətli tibbi xidmətin yerində və vaxtında göstərilməməsi, doğuşun ev şəraitində keçirilməsi, ekologiya və ətraf mühitin vəziyyəti, insanların məlumatsızlığı və digər amillər ana və uşaq ölümünün artmasına şərait yaradır. Erkən nikahların çoxalması, gender bərabərliyində müşahidə edilən geriləmələr də ana və uşaq ölümünün səviyyəsinə təsir göstərir».

Ümumdünya Səhiyyə Təşkilatının Bakı nümyəndəliyi hesab edir ki, bu gün Azərbaycanda ana və uşaq ölümlərinin əsas səbəbləri Avropa regionundakı orta iqtisadi inkişafa malik ölkələrdəki ana və uşaq ölüm hallarının səbəbləri ilə oxşardır. Ana ölümü sahəsində bu, ilk növbədə hamiləlik zamanı qanaxma və hipertonik vəziyyətlərdir. Erkən neonatal ölüm səbəbləri arasında irsi xəstəlikləri qeyd etmək olar. Ginekoloq Təranə Həsənovanın bildirdiyinə görə, erkən hipertonik qanaxma doğuş qurtaran kimi yaranan qanaxmadır. «Uşaq doğulandan sonra uşaqlığın tonusu azalır. Qanaxmanı heç cür saxlamaq olmur. Eklampapsiya və preeklapsiya — bunlar hamiləlik müddətində yaranan xəstəliklərdr. Preeklapsiya keçid dövrüdür, onun yanında eklampapsiya da gəlir. Eklampapsiya və preeklapsiya dövründə hələ qadın evdəykən onun yanında adam olmasa o, öləcək. Xəstəlik zamanı, qıcolmalar başlanır, xəstə huşunu itirir, dili qatlanır. Hamilə qadının o vəziyyətə düşməsi nə deməkdir… Qan təzyiqi çox yüksəyə qalxır, sidikdə zülalın miqdarı hədsiz artır, ayaqda və bədəndə ödəm toplanır. Bu niyə baş verir? Qadın vaxtında məsələhətxanaya müraciət etsə, heç bir həkim icazə verməz ki, bu xəstəlik o həddə qədər gedib çatsın. Vaxtında qarşısı alınar, nə qadın əziyyət çəkər, nə dünyasını dəyişər, nə də uşaqlar ya ana bətnində, ya da erkən dövrdə tələf olarlar».

Qadın Krizis Mərkəzinini rəhbəri Mətanət Əzizova ana və uşaq ölümünün əsas səbəbinin iqtisadi çətinliklərlə bağlı olduğunu deyir: «Ana və uşaq ölümünün bir səbəbi də Azərbaycanda səhiyyənin pullu olmasıdır. Etiraf edək ki, müayinədən keçmək, analizlər vermək hər ailənin cibinə uyğun deyil. Nəinki hamiləlik dövründə, hər zaman mütəxəssislər məsləhət görür ki, nikaha daxil olmamışdan öncə həkim müayinəsindən keçmək lazımdır. Xüsusən də indiki dövrdə bu vacib bir xarakter alıb. Amma bilirik ki, bizim əhali belə məsələlərdə səhlənkardır, analar qızlarına «arxayın»dır, oğlanlar da özlərinə. Hamiləlik dövründə də daim həkim nəzarətində olmaq lazımdır. Hamiləlik dövründə qadın bir neçə dəfə müayinə olunmalı, analizlər verməli, vəziyyətinə uyğun davranmalıdır. 1 dəfə müayinədən keçmək isə azı 500-600 manata başa gəlir. Hamımız bilirik ki, bu dəqiqə özəl klinikalarda hansı qiymətlərdir, adi qadın məsləhətxanasında qeydiyyata düşmək üçün də gərək pul verəsən. Həkimə məsləhət üçün yanaşanda da gərək cibinə pul qoyasan. Bu, bizim həyatımızın reallıqlarıdır və heç kəs bunu inkar edə bilməz. Gəlin görək, buna hansı ailənin gücü çatar? Təbii ki, kasıb, imkansız ailə bunu bacarmır. Ona görə də problemli keçən hamiləliyin sonu bəzən bədbəxtliklə nəticələnir. Məsələn, Türkiyədə vəziyyət fərqlidir. Orada həkimlər hər ay özləri hamilə qadınla maraqlanır, onu müayinəyə cəlb edirlər».

Uzun müddət bölgələrdə çalışmış ginekoloq Tahirə Həsənova maarifləndirmədə Avropa, Amerika təcrübələrində yararlanmağı məsləhət görür: «Azərbaycanın müxtəlif bölgələrində ailə planlaşdırılması üzrə işləyən zaman o qədər qəribəliklər, ağlasığmaz hallarla qarşılaşdım ki… O vaxtdan da o fikirə gəlmişəm ki, bir regionda ailə planlaşdırılması, maarifləndirmə 10 il dalbadal aparılmalıdır ki, nəticəsi olsun. Məsələn, Türkiyədə bizim qadın məsləhətxanalarının çox böyük bir tipi mövcuddur. İş kağız üzərində deyil. Orada bizim Sovet İttifaqı dövründə olan patronaj sistemi mövcuddur. Qadın məsləhətxanasına hamilə qadınlar məcburi şəkildə cəlb olunmalıdır».

 

 

Ülviyyə Tahirqızı

 

Xalq Cəbhəsi.- 2013.- 12 aprel.- S.13.