Orduya vətəndaş nəzarəti

 

Azərbaycanda silahlı Qüvvələrə ictimai nəzarəti həyata keçirməyi qarşılarına məqsəd qoymuş QHT birlikləri formalaşmaqdadır

 

II yazı

 

Azərbaycanın yaxın qonşusu — Gürcüstanda silahlı qüvvələrə demokratik nəzarətin yaradılmasına əsas cəhdlər 1999-cu ildə edilib. Hazırda bu ölkədə demokratik nəzarətlə bağlı qanun layihəsi yoxdur. Bu istiqamətdə ayrı-ayrı aktlar mövcuddur. Bir neçə il əvvəl Gürcüstan Silahlı Qüvvələrinə ictimai nəzarəti həyata keçirmək məqsədilə ictimai ittifaq yaradılsa da, sonradan bu ittifaq dağılıb.

Lakin Gürcüstanda ordu dövlətin və vətəndaşların diqqət mərkəzində olan ən vacib strukturlardan biri hesab edilir. Bu ölkənin silahlı qüvvələrinə rəhbərlik mülki şəxsə həvalə edilib. Gürcüstanda ictimai təşkilatların və KİV-in ordu üzərində nəzarətinə hakimiyyət yaşıl işıq yandırıb. Gürcüstanın Avroatlantik İnteqrasiya Nazirliyi yanında yaradılmış şuraya həm QHT-lər, həm də KİV-lər daxildir. Bu şura müdafiə və təhlükəsizlik sektorunda həyata keçirilən islahatları daxil olmaqla ümumilikdə Gürcüstanın NATO-ya inteqrasiyasını nəzarətdə saxlayır. Son 12 il ərzində Gürcüstanda güc strukturları ilə QHT-lər arasında konstruktiv münasibətlər yaranıb. Gürcüstan təcrübəsində jurnalistlərin hər şeyin yaxşı olduğunu yazmaq barədə öhdəlikləri yoxdur, problemlər barədə yazmaq, sadəcə, nüfuzu artırır. Gürcüstanda hərbçilərin jurnalistləri məhkəməyə verməsi ənənəsi yoxdur. Onlara yalnız iradlar tutulur. Müdafiə Nazirliyinin 2004-cü ildən bəri hərbi saytı var. 2007-ci ildə Gürcüstan Müdafiə Nazirliyi Cənubi Qafqazın digər ölkələri üçün nümunə ola biləcək bir addım da atıb: yerli QHT-lərlə çağırışçıların, əsgərlərin və zabitlərin hüquqlarının bir il ərzində monitorinqinə dair əməkdaşlıq sazişi imzalanıb. Bu saziş QHT-lərə hərbi hissələrə məhdudiyyətsiz daxil olmaq, şəkillər çəkmək, əsgərlərin vəziyyəti ilə tanış olmaq, hərbi münasibətləri təftiş etmək, sorğu keçirmək hüququ verir.

Silahlı qüvvələrə vətəndaş nəzarətinin maraqlı bir forması Türkiyədə qərar tutub. Bu ölkədə müdafiə naziri mülki şəxsdir və silahlı qüvvələrə rəhbərliyi NATO-nun əksər ölkələrində olduğu kimi Baş Qərargah rəisi həyata keçirir. Lakin bir təzad ortaya çıxır ki, o da Türkiyədə ictimai qurumların silahlı qüvvələrə nəzarət mexanizmlərinin olmaması ilə bağlıdır.

Dünyanın bir sıra ölkələri isə ordu üzərində vətəndaş nəzarətinin tətbiqini arzulamırlar. Asiya, Afrika, Cənubi Amerikanın əksər ölkələri ictimai təşkilatları mümkün qədər ordudan kənarda tutmaq yolunu seçib. Bu ölkələrin güc strukturları hesab edirlər ki, silahlı qüvvələrə vətəndaş nəzarəti bir neçə səbəb üzündən zərərlidir. Belə hesab edilir ki, bu nəzarət silahlı qüvvələrlə bağlı sirlərin ortaya çıxmasına səbəb ola bilər».

Azərbaycana gəldikdə isə hərbi ekspert Cəsur Sümərinli deyib ki, orduya vətəndaş nəzarətinin tətbiqində maraqlı olan beynəlxalq təşkilatların bəzi təklifləri var: «NATO ilə Azərbaycan arasındakı əməkdaşlıq sənədlərinin əksəriyyətində orduya demokratik nəzarət mexanizmlərinin tətbiqi zəruri istiqamət kimi qeyd olunur. Hazırda Azərbaycan və NATO arasında hazırlanan Müdafiə Təsisatlarının Qurulması üzrə Tərəfdaşlığın Əməliyyat Planı (PAP-DİB) demək olar, başdan-başa demokratik nəzarətin tətbiqinə həsr olunub. Burada qeyd olunur ki, müdafiə və təhlükəsizlik sahəsində islahatların həyata keçirilməsi əsasən üç məqsədlə bağlıdır: birincisi, müdafiə sahəsinə şəffaf və demokratik nəzarətin tətbiq edilməsi, ikincisi, təhlükəsizlik siyasətinin inkişafında vətəndaşların iştirakının təmin olunması, üçüncüsü, müdafiə sahəsi ilə bağlı qanunvericiliyin və məhkəmə sahəsinin düzgün işləməsi. PAP-DİB-də Azərbaycanın müdafiə sahəsində demokratik institutların formalaşmasının zəruriliyi qeyd edilir. Bu istiqamətdə parlamentin orduya nəzarət funksiyasını həyata keçirməsi istənilir. NATO-da hesab edirlər ki, müdafiə və təhlükəsizlik sektoru üzərində demokratik nəzarətin qurulması islahat prosesinin başlıca sütunudur».

Ekspert deyir ki, NATO-ya üzv ölkələrin təcrübəsinə görə, silahlı qüvvələr üzərində mülki demokratik nəzarətin tətbiq olunması üçün aşağıdakı addımlar atılmalıdır:

- müdafiə nazirinin mülki şəxs olması;

- Müdafiə Nazirliyinin Baş Qərargahdan ayrılması prosesinin aparılması;

- Müdafiə Nazirliyinin strateji planlaşdırma ilə məşğul olan şəxsi heyətinin mülki şəxslərlə komplektləşdirilməsi;

- parlament nəzarəti mexanizminin tətbiq olunması;

- icraedici səviyyədə məhkəmə nəzarəti ictimai nəzarət mexanizmlərinin tətbiqi.

ATƏT təmsilçiləri hesab edirlər ki, orduya nəzarət Silahlı Qüvvələrin güclənməsinə, eləcə hərbçilərin sosial rifahının təmin edilməsinə səbəb olacaq. İndiyədək ATƏT-in Azərbaycan hakimiyyəti ilə əməkdaşlığında orduya nəzarət məsələləri müzakirə edilən əsas mövzulardan olub. ATƏT-in təklif etdiyi «Çətir assosiasiyası» konsepsiyası isə çox sayda hərbyönlü QHT-nin bir assosiasiyada birləşməsini nəzərdə tutur. Bu konsepsiyaya görə, QHT-lər «Çətir assosiasiyası» çərçivəsində arzuladıqları məsələnin gerçəkləşməsinə nail olmalıdır. Belə ki, bu qurum ekspertlərin, QHT-lərin fikirlərini parlamentə çatdıracaq. Parlamentin müdafiə təhlükəsizlik məsələləri üzrə daimi komissiyası bu təklifləri qəbul edərək onları müvafiq güc strukturlarına ünvanlayacaq. Beləliklə, parlament komissiyası cəmiyyətlə güc strukturları arasında əsas vasitəçi olacaq.

Avropa Şurasının Azərbaycanda hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı səyləri diqqət mərkəzindədir. 2006-cı il aprelin 11-də Avropa Şurası Parlament Assambleyasının 11-ci sessiyasında «Hərbi qulluqçuların hüquqlarına riayət olunması haqqında məruzə» təsdiq edilib. Sənəddə Avropa Şurasına üzv olan bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda hərbi qulluqçuların hüquqlarının müdafiə olunmasına dair vəziyyətin təhlili əksini tapıb. Avropa Şurasına üzv olan bir sıra ölkələrin mütəxəssisləri hesab edirlər ki, müdafiə təhlükəsizlik sahəsində mövcud olan problemlərin həlli üçün orduya demokratik nəzarətin tətbiqi zəruridir.

Avropa Hərbi Assosiasiyalar Təşkilatı (EUROMİL) Avropanın hərbyönlü qeyri-hökumət təşkilatlarının daxil olduğu ən nəhəng hərbyönlü təşkilat hesab edilir. EUROMİL AŞPA-nın qəbul etdiyi insan hüquqlarının qorunmasına dair tövsiyələrin Avropa Şurası Nazirlər Komitəsi səviyyəsində təsdiq edilməsinə çalışır. Ekspertlərin fikrincə, əgər bu baş versə, onda Avropa Şurasına üzv olan ölkələrin, o cümlədən Azərbaycanın qarşısında orduya nəzarətlə bağlı konkret öhdəliklərin qoyulması mümkün olacaq. Çünki tövsiyələr Nazirlər Komitəsi səviyyəsində qəbul olunduqdan sonra onlar Azərbaycanın da daxil olduğu Avropa Şurasının bütün üzvlərinə şamil edilmiş olacaq.

Silahlı Qüvvələrə Demokratik Nəzarət Cenevrə Mərkəzi (DCAF) dünyada tanınmış qurumdur. Bu təşkilatın «Müdafiə təsisatları: Azərbaycan, Ermənistan, Gürcüstan Moldovanın tələbatlarının qiymətləndirilməsi ölkələr üzrə təhlillər» kitab-hesabatının internet versiyasında bildirilir ki, Azərbaycanın müdafiə sahəsində demokratikləşmənin çox zəif getməsi bir sıra problemlərin ortaya çıxması ilə müşayiət olunur. Bu qurumun ekspertlərinin fikrincə, iki prinsip aydın tanınmalıdır: xalq bilməlidir ki, əsgərlər onlar üçün çalışırlar, əsgərlər bilməlidirlər ki, onların qulluqları siyasi qərardan irəli gəlir. Ölkə rəsmilərinin dediklərinə görə, hazırda ordunun ictimaiyyətlə əlaqələrinin möhkəmlənməsi, Silahlı Qüvvələrə ictimai nəzarət mexanizmlərinin tətbiq mexanizmlərinin gerçəkləşdirilməsi imkanları nəzərdən keçirilir. İctimai fikir isə ondan ibarətdir ki, silahlı qüvvələrdə baş verən neqativ hadisələr hərbi rəhbərliyin bu faktları araşdırmaq istiqamətində şəffaf fəaliyyəti zəruridir. Prosesə mülki dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının ictimaiyyət nümayəndələrinin azad şəkildə müdaxiləsinin təmin olunması lazımdır. Neqativ halların araşdırılmasına dair nəticələrin elan olunması, xüsusilə bu çərçivədə ordudakı nizamnamədənkənar halların, itkilərin sayının onların səbəblərinin cəmiyyətə açıqlanması vacibdir.

Əsas məqsəd budur: ölkə ictimaiyyətinin ordu problemlərinin həllinə göstərdiyi səylərin səviyyəsi artırılmalıdır. Mülki-hərbi strukturların qarşılıqlı fəaliyyətinin təmin olunması, güc strukturlarının cəmiyyət üçün şəffaflığının dərəcəsi müdafiə qurumlarının mülki qurumlar qarşısında hesabatlılığının təmini vacibdir.

Bu gün istər ölkə ictimaiyyətində, istərsə hökumətdə silahlı qüvvələrdəki islahatlarla bağlı ictimai məlumatlandırma sisteminin inkişafı vacib hesab edilir. Bu çərçivədə silahlı qüvvələrin perspektiv inkişafını nəzərdə tutan aydın doktrinal sənədlərin mövcudluğu qaçılmazdır. Ayrı-ayrı insanların, xüsusilə hərbi qulluqçuların ölkənin müdafiə təhlükəsizlik sahəsinin gələcəyi ilə bağlı müfəssəl məlumatlara malik olması, bununla bağlı maarifləndirmə işinin aparılması vacibdir.

Araşdırmalar göstərir ki, Azərbaycanda silahlı qüvvələrə demokratik vətəndaş nəzarətinin tətbiq edilməsi üçün köklü islahatlar aparılmalı bu istiqamətdə Britaniya, ABŞ, Gürcüstan, Ukrayna Türkiyə təcrübəsindən yararlanmalıdır. Hazırkı məqamda Azərbaycanda silahlı qüvvələrə ictimai nəzarəti həyata keçirməyi qarşılarına məqsəd qoymuş QHT birlikləri formalaşmaqdadır. Müşahidələr göstərir ki, bu prosesə həm ölkə ictimaiyyəti, həm rəsmi strukturlar dəstək verir.

Beləliklə, aydın görünür ki, Azərbaycan üçün orduya nəzarət mexanizmlərinin formalaşdırılmasında Böyük Britaniya təcrübəsi əsas istiqamət kimi götürülməli buna Türkiyə, Gürcüstan, Ukrayna, ABŞ NATO-nun digər ölkələrinin təcrübələrindən müsbət məqamlar əlavə edilməlidir.

Əsas odur ki, yaradılmaqda olan assosiasiyalar silahlı qüvvələrdə mövcud olan gerçək problemlərin həllinə yardımçı olsunlar, cəmiyyətlə güc strukturları arasında vasitəçilik missiyasını yerinə yetirə bilsinlər.

 

 

Cavid

 

Xalq Cəbhəsi.- 2013.- 12 aprel.- S.10.