Türk xalqlarında yumor
Türklərdə ta qədimdən insanın həyata, dünyaya, təbiətə, özünə ciddi, yeri gələndə isə yumorlu münasibəti olub. Elə buradaca Fransanın ünlü yumoristi Pyer Daninonun qənaətlərinə diqqət kəsilmək pis olmaz: «Türklərin yumoru, satira və zərif sözləri, bu zərif sözlərdəki dəyişiklik babalarından qalan Vətən sevgisi kimi qüvvətlidir. Özəlliklə yaxşı təlim-tərbiyə görmüş türklər güclü bir şəxsiyyətə sahibdirlər. Bu şəxsiyyətin gücünü ciddilikdən nəşəyə, rəsmilikdən səmimiliyə, üzüntüdən satiraya dərhal keçə bilmələrində axtarmaq lazımdır. Türklər nəyə və necə gülməyi bilərlər. Gülməyə də özlərindən başlayarlar. Hədsiz anlayışlıdırlar». Burada türkün yumorunun arxasında duran ciddiyyət məsələsi qismən açılıb.
Lətifə janrının tarixi qədim olmaqla yanaşı bu gün də dinamikliyi, yığcamlığı, gülüş yaratma imkanı sarıdan populyarlığını qoruyub saxlayır. İnsanın fitrətən həqiqətə təşnəliyi var. Ancaq gerçəkdir ki, tarix boyunca insanların tam əksəriyyəti həqiqət adlı çətinliklə dost olmaq istəməyiblər. Təzaddır ki, insanlar çətinliyi sevmədikləri dərəcədə düşüncələrinin məhsulu kimi meydana çıxan yaşam tərzlərindən daim şikayətləniblər. İnsan unudub ki, pis şəraiti yaradan insanın özüdür.
Lətifələr insana gerçək durumunun acı nəticəsini yumor diliylə anlatmaqda xüsusi kömək edir. Amma təəssüf ki, xüsusən son zamanlar lətifəçilikdə antixəlqi, antiəxlaqi məqamlar daha da artmaqdadır. İnsanın mənəvi eybəcərliklərdən müəyyən mənada da olsa islah olunmasında müəyyən rol oynayan lətifələrin bu mənada aşınmalara məruz qalması, hərcayı duyğuların carçısına çevrilməsi balaca zövqlərə daha möhkəm calanmaya səbəb olur. Şübhəsiz ki, belədə ciddiliyə, insaniliyə xidmət edən zövqlərdən danışmaq olmaz. Gülüş insana lazımdır, təbii ki, dəyərli və qədərində olanda. Elə ki, əndazə aşıldı, özgələşmə başlayır.
Türkiyə gülməcələrinin araşdırıcısı, profesor Aydın Abi Aydın deyir: «Mahmud Kaşğarlının yazdığına görə, gülməcələrə vaxtilə «köy», «küq», «kölüt» deyilib. İslamın qəbulundan sonra türklər ərəb mədəniyyətinin təsirilə «lətifə», 19-cu yüzillikdən başlayaraq «fikra» sözlərini işlətməyə başlayıblar. Əsli ərəbcə olan «fikra» — «kiçik hekayə», «rəvayət», «qissə» anlamında işlənir, «qəribə, məzəli hekayəciklər» deməkdir. Türkiyədə xalq arasında bunlara «lətifə», «nüktə», «hekayə» də deyilir. Lətifələrin sonu adətən gözlənilməz əxlaqi, ibrətamiz nəticə ilə bitir. Lətifələrdə xalqın kəskin ağlı, canlı ifadə biçimi əksini tapıb. Lətifə hər hansı əhvalat və hadisəni gülüş yolu ilə oxuculara çatdıran satirik janrdır. Çox qədim tarixə malik olan lətifə janrı türk xalqının həyatında mühüm rol oynayıb, müxtəlif inkişaf mərhələlərindən keçərək daha da təkmilləşib, çağımıza kimi əhəmiyyətini, gərəkliyini saxlayıb». Bu mənada A.Aydın lətifənin toplanılıb tərtib və çap olunması sahəsində Türkiyə ədəbi ictimaiyyətinin rolundan danışır: «16-cı yüzildən başlayaraq müxtəlif ədəbi məcmuələrə salınan lətifələr xüsusilə 19-cu yüzildən etibarən Türkiyədə dəfələrlə nəşr olunub, bunlar haqqında xeyli tədqiqat əsərləri yazılıb».
A.Aydın Türkiyə lətiflərini məzmununa, ideyasına, əsas aparıcı qəhrəmanına görə bir neçə qrupa ayırır: Xoca Həsrəddin lətifələri, Bəktaşi lətifələri, Oflu Xoca lətifələri, Təməl Rəis və ya Təməl Kaptan lətifələri, Bu Adam lətifələri, ayrı-ayrı tarixi şəxsiyyətlər tərəfindən yaradılan, müəllifliyi məlum olan lətifələr, istər Türkiyədə yaşayan xalqların, istərsə də dünyanın bir çox xalqlarının həyatına aid yaradılan və həmçinin xarici dillərdən tərcümə olunan lətifələr, kobud və ayıblı lətifələr: «Bu lətifələr içərisində ən geniş yayılanı və şöhrət qazananı şübhəsiz, Xoca Həsrəddin lətifələridir. Anadolu Türkləri onu «Həsrəddin Xoca» da adlandırırlar. Xoca Həsrəddin lətifələri Türkiyədə dəfələrlə çap olunub, onun haqqında tədqiqat əsəri yazılıb. Ayrı-ayrı yazıçılar öz bədii yaradıcılıqlarında xalq satirasının bu sınanmış janrından istifadə etmişlər. Görkəmli şair Orxan Vəli və məşhur alim Məhməd Fuad Köprülü Xoca Həsrəddin lətifələrini nəzmə çəkmişlər. Məşhur yazıçı Xalidə Ədib Adıvar ondan bəhs edən «Maska və Ruh» əsərini yazıb, onun haqqında opera yaradılıb. Xoca Həsrəddin lətifələri eyni zamanda bir çox dünya xalqlarının dillərinə çevrilib, dərs kitablarına salınıb, kinoya çəkilib».
A.Aydın Xoca Həsrəddin lətifələrinin alt mənalarını belə açır: «Xoca Həsrəddin lətifələrinin hamısında o, əlbəttə,
müsbət bir qəhrəman olaraq qarşımıza çıxmır. Onun özü də bəzi lətifələrdə gülünc hala düşür, avam, təbiətcə yüngül bir adam kimi lağa qoyulur. Daha doğrusu, bu kimi nümunələrdə o, tənqid edilən şəxsiyyətlərin donuna girir, onların sırasına keçir. Ancaq hər iki halda həyat hadisələri, cəmiyyətdəki nöqsanlar tənqid edilir. Bütün hallarda xalq öz mənfiliklərini tənqid atəşinə tutur; bəzisində bilavasitə Xoca Həsrəddin vasitəsilə, bəzisində də Xoca Həsrəddinin özünün istehza hədəfinə çevrilməsi yolu ilə».
Xoca Hərəddin obrazı Azərbaycan Türkləri arasında «Molla Həsrəddin» adı ilə tanınır. Ümumiyyətlə, bu obraz türk xalqlarının hamısında var. A.Aydın deyir ki, bu fərqliliklərdə dəyişən ancaq Həsəddinin tituludur: molla, xoca, əfəndi və s. Amma mövzular mahiyyətcə dəyişmir. Türkiyədə Xoca Həsrəddinin 8-9 yerdə qəbri var. Bu, sözügedən obrazı müxtəlif türk ellərinin özününküləşdirməsi cəhdi ilə bağlıdır. Türkiyənin orta məktəb dərsliklərində bu şəxsin 1208-ci ildə anadan olduğu, 1284-cü ildə öldüyü göstərilir. Təbii ki, bu obraz bütün türklərindir. Yüzillər boyunca xalq ruhundan süzülüb gələn bu sənət inciləri öz yığcamlığı ilə seçilib, zaman keçdikcə daha da büllurlaşıb. Elə buna görədir ki, lətifələrin çoxu bu gün də məsəl kimi işlənir, aforizm səciyyəsi daşıyır».
A.Aydın daha sonra deyir: «Ümumtürk mənəvi sərvətlərini dəyərləndirməyi bacarmalıyıq. Sovet dövründə hətta «Dədə Qorqud»u ancaq Azərbaycanla, Qafqazla bağlayırdılar. Ruslar bunu qəsdən eləyirdilər. Rusların «İqor polku haqqında dastan»ı ilə bağlı Oljas Süleymanov yazdı, başına çox çətinliklər gəldi. Belə məqamlar Xoca Həsrədin mövzusudan da yan keçməyib. Sovet dövründə çalışıblar ki, bu obrazın Türkiyə türkləri ilə əlaqəsi olmadığı təsəvvürü yaradılsın. Məqsəd bütün hallarda nə olur-olsun, Türk Birliyinin yaranmasının qarşısını almaq idi. «Dədə Qorqud»la da bağlı sovet dövründə belə təsəvvürlər yaradılırdı».
Uğur
Xalq Cəbhəsi.- 2013.- 13 aprel.- S.14.