Qadınların cinsi zorakılığa məruz qalması problemi

 

Müzəffər Baxışov: «Bu tipli cinayət törədənlər ictimai qınağa məruz qalmırlar»

 

Vamiq Şükürov: «Məhkəmələr adətən az cəza verir»

 

Mehriban Zeynalova: «Bir çox hallarda polisə gec müraciət edildiyinə görə, zorakılıq faktını sübut etmək çətin olur»

 

Son dövrlərdə ölkədə baş verən cinayətlər arasında seksual zorakılıqla bağlı cinayətlər də var. Baş vermiş cinayətlərin qurbanları siyahısında qadınlarla yanaşı, azyaşlı qız və oğlanlar da var. Məsələnin ən dəhşətli tərəfi isə odur ki, əksər hallarda ört-basdır edilən bu cür cinayətləri tərədən cinayətkarlar deyil, çox zaman qurbanlar ictimai qınaq obyektinə çevrilir və cəmiyyətdən kənarlaşdırılır. Bu isə cinayətkarlara yeni qurbanlar axtarmağa yaşıl işıq yandırır. Yaxınlarda cinsi zorakılığa məruz qalmış Zərdabın azyaşlı sakini ictimai qınaq səbəbindən təhsil hüququndan məhrum edilməsi və Beyləqan rayonu, Yeni Mil kənd sakini Hahidə Bəşirzadənin intiharı həyəcan təbili çalmağın vacib olduğunu göstərir. Qeyd edək ki, 22 yaşlı Hahidəni zorla qaçırmış evli şəxs sonradan onu geri qaytararaq bakirə olmadığı ittihamını irəli sürmüşdü. Çox təəccüblüdür ki, hər iki hadisədə cinayət törədənlər arxa planda qalıb və hətta hardasa onları haqlı sayanlar da var.

Cinayət Məcəlləsində şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı əleyhinə olan cinayətlər sırasında 5 növ cinayət yer alır. Həmin cinayətləri törədənlərə qarşı 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bəzi ekspertlər belə cinayət hadisələrini törədənlərə qarşı cəzanın daha da sərtləşdirilməsini təklif edirlər. Belə ki, insanları bu əməldən çəkindirmək məqsədilə zorlama törədən cinayətkarların cəza müddətinin 20 ilə qədər uzadılması, hətta həmin cinayəti törədənlərin əməliyyat yolu ilə axtalanması təklif olunur.

Yeri gəlmişkən, zorlama hadisələri dünyanın bir çox ölkələri üçün aktual problemdir. Bəzi ölkələrdə insaniyyətə xələl gətirən bu cür hallara qarşı qanunlar daha sərtdir. Məsələn, Polşada yaxın qohumlarını və 15 yaşından aşağı olan uşaqları zorlayaraq seksual xarakterli cinayətdə suçlanan cinayətkarların kimyəvi maddələrlə axtalanması ilə bağlı qərar qəbul edilib. Qanuna uyğun olaraq, bu ölkədə internet vasitəsilə 15 yaşına qədər olan uşaqları yoldan çıxaran pedofillər də axtalanır. İsraildə isə bu cür insanlara qarşı «dekapeptil» adlı preparatlardan istifadə edilir. Kimyəvi maddələr cinayətkarın qanına yeridilir ki, bu da cinayətkarda zorlama vərdişini yoxa çıxarır. Rusiyada isə hesab edirlər ki, pedofiliya ilə məşğul olanların bu vərdişi sağalmaz olduğu üçün onlar cəza vaxtını başa vurduqdan sonra yenidən öz hərəkətlərini təkrarlaya bilərlər. Ona görə də bu cür xəstə və təhlükəli insanlara qarşı ciddi tədbirlər görülür. Almaniyada zorlama hadisələrinin həddi daha çox olduğundan gün ərzində ən azı altı nəfər pedofil haqda axtarış elan olunur.

Rəsmi statistikaya əsasən 2012-ci ildə zorlama və zorlamaya edilən cəhdlərlə bağlı 28 fakt qeydə alınıb. Onlardan 9 nəfəri ailədaxili zorakılığa məruz qalıb. Cinsi təcavüzə məruz qalanların 50 faizi yeniyetmə, 50 faizi isə 25-30 yaşlı xanımlardır. Bir nüansı da qeyd etmək lazımdır ki, cinayət törədənlərin bir çoxu çox kiçik müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Onların bir çoxu isə cəzasının kiçik hissəsini çəkir.

Yetkinlik yaşına çatmış adamların yetkinlik yaşına çatmamış 4-11 yaş arasındakı uşaqlara qarşı seksual maraqları pedofiliya adlanır. Bütün dünyada, xüsusilə də Avropa ölkələrində pedofiliya əsas seksual cinayətlərdən biri hesab olunur. Pedofillik daha çox kişilərdə müşahidə olunur, qadınlarda nadir hallarda rast gəlinir. İnternet pedofilliyin geniş yayılmasında böyük rol oynayır. Statistikaya görə, ABŞ-da gündə 20 min civarında uşaq pornoqrafiyası internetə yerləşdirirlir. Bütün dünyada pornoqrafiya ilə geniş şəkildə mübarizə aparılır. Amma basqınlar nəticəsində ələ keçirilən pornoqrafik video-foto materialların 40 faizini uşaq pornoqrafiyası təşkil edir. Euronews məlumatına görə, Avropada uşaqlar daha çox cinsi təcavüzə məruz qalır. Bu tip hadisələrin çoxu uşaqların yaxınları tərəfindən baş verir. Avropa Şurasının son məlumatlarına görə, on il əvvəl uşaqlara qarşı cinsi zorakılıq müzakirəsi barədə düşünülmürdü. Amma indi vəziyyət çox çətindir.

Rəsmi məlumatlara əsasən İsveç Avropada ən çox təcavüz faktlarına rast gəlinən ölkələrdəndir. Avropa ölkələrindəki təcavüzlərlə bağlı olaraq Avropa Biriyinin dəstəklədiyi mənbənin apardığı araşdırmaya görə, il ərzində 100 min isveçrəlidən 46-sı cinsi istismar və təcavüzə məruz qalması ilə bağlı şikayət edir. Təcavüz hadisələrinin yüksək olduğu bildirilən İngiltərədə isə hər 100 min insandan 23-ü təcavüzə məruz qalması barədə şikayət edir. Araşdırmanın nəticələrinə görə, İsveçdə ildə 5 min insan təcavüzə məruz qalaraq polisə müraciət edir, lakin bu şikayətlərin ancaq yüzdə 13-ü məhkəmədə araşdırılır. Araşdırmaçılar, təcavüzlərin çox olmasına səbəb kimi, əyləncəli həyat və spirtli içki istifadəsini göstərirlər.

Qeyd edək ki, cinsi sui-istifadəyə məruz qalan gənclər zorakılıq ucbatından saysız-hesabsız psixoloji əzab-əziyyətlərə düçar olurlar. Həmçinin bu, intahara da gətirib çıxarır. Bu cür ölümlər, cinsi zorakılıqdan xilas olmaq istəyənlərin seçim azlığının dramatik ifadəsidir. Bir çoxu həddindən artıq ruh düşkünlüyü, patoloji qorxu içində olur, digərlərində isə travmalı stress əlamətləri təzahür edir. Onlar həmişə yorğun olduqlarına baxmayaraq, yata bilmirlər; onları qara basır, iştahaları kəsilir, qaradinməz olur, və ya tənhalığa qapılırlar. Cinsi təcavüzə məruz qalmış qurban uşaqdırsa və sonra ona lazımi kömək göstərilməyibsə, həmin uşaq uzun zaman bu təcavüzün mənfi təsiri altında qalır. Bəzi hallarda isə atalarının və ya ögey atalarının analarına və özlərinə qarşı zorakı davranışının şahidi olan qızlar, zorakılıq olmayan evlərdəki qızlara nisbətən zorakılığı ailədə evliliyin adi bir halı kimi qəbul edirlər. Digər tərəfdən eyni zorakılığın şahidi olan oğlanlar, böyüdükdən sonra öz tərəf müqabillərinə qarşı zorakı olurlar.

Problemin kifayət qədər ciddiliyi nəzərə alınaraq Avropa Şurasının Nazirlər Komitəsi uşaqların cinsi istismar və cinsi istifadədən müdafiəsinə dair konvensiya qəbul edib. Avropa Şurasının baş katibi Terri Devis bildirib ki, uşaqların cinsi istismar və istifadəsinə qarşı mübarizədə heç bir tərəddüd və laqeydlik olmalalıdır. Baş katibin müavini Mod de Boer-Bukikkio isə sənədi uşaqların əsas hüquqlarının dözülməz dərəcədə pozulmasının qarşısının alınması və bu hallarla mübarizə istiqamətində üzv dövlətlərin göstərdiyi səylərin gücləndirilməsinə əlavə edilmiş həqiqi dəyər adlandırıb.

Hüquqşünas Müzəffər Baxışov deyir ki, bir vaxtlar bu kateqoriyadan olan cinayətlər sensasion cinayətlər sayılırdı: «İndi istər telekanallarda, istər digər Kütləvi İnformasiya Vasitələrində əxlaqi dəyərlərin təbliğinin aşağı səviyyəyə enməsi də buna təsir göstərir. Bu tipli cinayət törədən şəxslər artıq ictimai qınağa məruz qalmırlar. Bu da səbəblərdən biridir ki, bu kateqoriyadan cinayət törətməyə meylli olan insanlar artıq öz cinayətkar qəsdlərini həyata keçirəndə ictimaiyyət tərəfindən heç bir qınağa rast gəlməyəcəklərini düşünürlər. Digər bir səbəb isə belə cinayətlərin törədilməsinə daha çox manyakların meyilli olmasıdır. Bu amillər seksual xarakterli zorakılıq cinayətlərinin yayılmasına münbit şərait yaradır».

Müzəffər Baxışov söyləyir ki, son dövrlərdə ölkəmizdə belə manyaklar tərəfindən bu kateqoriyadan olan cinayətlərin törədilməsi sayı xeyli azalıb. Həmsöhbətimiz bunu mütərəqqi hal kimi qiymətləndirir və məsələyə ciddi fkir verməyin vacib olduğunu düşünür.

Sevgililər günü münasibəti ilə dünya qadınlarının şiddətə etiraz olaraq «Bir milyard qadın rəqs edir» kampaniyasından sonra «Quardian» qəzeti qadınların cinsi zorakılığa məruz qalması ilə bağlı statistika dərc edib. Məqalədə qeyd olunur ki, qadınlar ən çox yaxınları tərəfindən şiddətə məruz qalır. ABŞ-da hər saniyədə bir qadın həyat yoldaşı tərəfindən döyülür. Misirdə qadınların 35 faizi evlilik illərində ən azı bir dəfə zorakılığa məruz qaldıqlarını bildiriblər. Məqalədə türk qadınlarının 35 faizinə ərlərinin təcavüz etdiyi də qeyd olunur.

Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə təcavüzə məruz qalmış Zərdab sakini Əminənin yuzlərdən biri olduğunu bildirdi: «Əminə sadəcə, bir örnəkdir, onun kimi yüzlərlə qızımız kömək gözləyir. İcra hakimiyyətlərindəki qəyyumluq komissiyaları, psixoloqlar, sahə müvəkkilləri bu ailələrlə iş aparmalıdır. Hə olsun, bu ailə kənddə yaşayır. Ailənin ünvanlı sosial yardım almaq barədə məlumatı yoxdursa, qaydalar izah olunmalıdır. Ailə yoxsul vəziyyətdədir. Azərbaycanda yüzlərlə Əminə kimi ağır durumda olan qızlarımız var».

Cinayətkarların cəzalandırılması məsələsinə gəlincə hüquqşünas Vamiq Şükürovun bildirdiyinə görə, konkret olaraq zorlama cinayətinə görə ağır cəzalar verilir: «Bir çox cinsi zorakılıq cinayətlərinin yüngül şəkildə cəzalandırılması təbiidir. Məsələn, az yaşlı qızın valideynlərinin razılığı olmadan, lakin öz razılığı ilə evlənmək məqsədilə qaçırılması cinayətdir. Məhkəmələr bu zaman işin hallarını -evlənmək məqsədilə bu cür cinayətin baş verməsini, bəzən qaçırma hallarında cinsi əlaqə olduğuna və oğlan azadlıqdan məhrum edildiyinə görə qızların həyatlarında problemlərin yaranmaması üçün yüngül cəza verirlər. Yaxud 16 yaşına çatmayanla 16 yaşına çatan şəxs arasında cinsi əlaqə cinayətdir. Bu cinayətlərin də məhkəmə baxışı zamanı qeyd edilən hallara görə məhkəmələr adətən az cəza verir».

«Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova cəmiyyət tərəfindən daha çox təcavüzkar deyil, qurbanın günahlandırılması faktını önə çəkdi: «Azərbaycan Uşaq Birliyi «Təmiz Dünya» İctimai Birliyi ilə birgə Zərdabda baş vermiş olayla bağlı baş prokurorluğa məktub göndərib. Çox yaxşı ki, Baş Prokurorluq artıq məsələ ilə əlaqədar cinayət işi qaldırıb. Hesab edirəm ki, əsas məsələ cinayətə məruz qalmış şəxslərin müdafiəsinin təşkil edilməsidir. Çox zaman uşaq zorakılığı halları haqda dəqiq statistika aparmaq çətindir. Uşaqlar, eləcə də valideynləri hüquq-mühafizə orqanlarına məlumat verməkdən çəkinirlər. Digər tərəfdən isə zorakılığa məruz qalan kəslər öz hüquqlarını bilmir. Bir çox hallarda isə polisə gec müraciət edildiyinə görə, zorakılıq faktını sübut etmək çətin olur».

 

 

Ülviyyə Tahirqızı

 

Xalq Cəbhəsi.- 2013.- 13 aprel.- S.13.