«Vətəndaş cəmiyyəti sosial mediadan maksimum yararlanmalıdır»

 

  Xalid Ağalıyev: «Vətəndaş cəmiyyəti qurumları fərdlərin hüquq və azadlıqlarının qorunması məqsədilə yaradılan birliklərdir»

 

«Toplumun inkişafı baxımından media çox önəmlidir»

 

Ölkədə demokratiyanın əsas göstəricilərindən biri də vətəndaş cəmiyyətinin inkişafıdır. Bu sahənin formalaşması və inkişafında qanunvericiliklə yanaşı, mühüm və təsirli amillərdən biri də mediadır. Dördüncü hakimiyyət qolu hesab olunan medianın cəmiyyəti informasiya ilə təmin etməklə yanaşı, ölkənin demokratikləşməsində də mühüm rolu var. Bu baxımdan hüquqi dövlətdə bir sıra ortaq tərəflərilə çıxış edən vətəndaş cəmiyyəti qurumları və medianın sıx əməkdaşlığı var. Əhəmiyyətini nəzərə alaraq vətəndaş cəmiyyətinin inkişafında medianın roluyla bağlı araşdırma aparmağı qərara aldıq. Vətəndaş cəmiyyəti qurumları ilə KİV-in hansı əlaqələri və əməkdaşlığı var? Azərbaycan mediası cəmiyyəti informasiya ilə təmin edə bilirmi? Bu sahədə sosial şəbəkələrin hansı rolu və təsiri var? Bu və digər suallarımıza cavab tapmaq məqsədilə suallarımızı Media Hüququ İnstitutunun proqram koordinatoru Xalid Ağalıyevə ünvanladıq.

 

- Vətəndaş cəmiyyətinin inkişafında medianın hansı rolu və vəzifələri var?

 

- Vətəndaş cəmiyyəti qurumları, həmçinin də media cəmiyyət və toplumun işində mühüm əhəmiyyətə malikdir. Vətəndaş cəmiyyəti qurumları fərdlərin hüquq və azadlıqlarının qorunması məqsədilə yaradılan birliklərdir. Fərdlər ayrı-ayrılıqda hüquq və azadlıqların qorunmasında adətən gücsüz olurlar. Bu səbəbdən də fərdlər qurumlarda birləşərək öz hüquqlarını müfadiə və tələb etməyə çalışırlar. Vətəndaş cəmiyyəti qurumları bu baxımdan hökumətin qərarlar verməsində toplumun rəyini müdafiə edilər. Vətəndaş cəmiyyəti qurumları qazanc güdmədən toplumun faydası üçün çalışan qurumlardır. Toplumun inkişafı baxımından mühüm önəm daşıyan medianın yeri isə xeyli fərqlidir. Media biznesdir, qazanc güdür. Bununla yanaşı, əsas işi və vəzifəsi ictimai rəyi formalaşdırmaq, cəmiyyəti bilgiləndirmək, insanları doğru və qərəzsiz informasiya ilə təmin etməkdir. Fəaliyyət formaları fərqli olsa da, həm vətəndaş cəmiyyəti qurumları, həm də medianın ortaq hədəfləri var: cəmiyyəti məlumatlandırmaq və insanlarda daha doğru rəyin formalaşmasına çalışmaq. Vətəndaş cəmiyyəti qurumları əsas vəzifələrini yerinə yetirmək üçün toplumla müntəzəm olaraq mesajlaşmalıdır. Bu funksiyanı həyata keçirmək üçün vətəndaş cəmiyyəti qurumları medianın dəstəyindən istifadə edir. Bu səbəbdən də media bütün cəmiyyətlərdə daim basqı ilə üzləşir. Bir tərəfdən hökumətlər «mənim eyiblərimi yazma» -deyə KİV-i sıxır, digər tərəfdən isə toplum «mənə ancaq doğruları çatdır» deyə basqı edir. Bu baxımdan vətəndaş cəmiyyəti mediaya dəstək olmalıdır. Bu haqda çox uzun danışmaq olardı, qısaca ölkəmizdə bu sahədə mühüm nailiyyətlərin olmadığını qeyd edə bilərəm.

 

- Azərbaycan mediasını peşəkarlıq baxımdan necə dəyərləndirirsiniz?

 

- Mən hər gün Azərbaycan mediasından maraqlı bilgilər əldə edə bilirəm. Hətta Qərb ölkəsində baş verən proseslərdən bəhs edən ciddi və əhəmiyyətli araşdırmalara da rast gəlmək olur. Bu cür yazıların və araşdırmaların müəllifləri bizim media, bizim jurnalistlərdir. Demək olar Azərbaycan mediasında da peşəkar və işinin öhdəsindən gəlməyi bacaran jurnalistlər var. Ümumilikdə medianın peşəkarlığına qiymət vermək çox çətindir, ancaq KİV-in səviyyəsindən və fəaliyyətindən şəxsən narazılıq edə bilmərəm. Ölkəmizdə media azadlığı sahəsində mövcud olan bir sıra problemlərə rəğmən peşəkarlıq səviyyəsi aşağı deyil.

 

- Vətəndaş cəmiyyətinin inkişafında internet medianın, xüsusən də gənclərin daha çox istifadə etdiyi sosial şəbəkələrin rolunu və təsirini necə dəyərləndirirsiniz?

 

- Sosial şəbəkələr sözün həqiqi mənasında müzakirələrə, forumlara can atan vətəndaş cəmiyyəti üçün bir dopinq təsiri oyadır. Sosial şəbəkələrdə hər şey bir andaca paylaşıla bilir. Sıradan bir istifadəçi bəlkə də heç bir zaman duymayacağı, oxumayacağı, görməyəcəyi, ancaq onu çox maraqlandıran bir xəbəri, yazını çox asanlıqla öz telefonunda, kompüterində əldə edə bilir. Sosial media maliyyə baxımından da çox sərfəlidir. Bir vətəndaş cəmiyyəti qurumunun bir mövzunu toplumun müzakirəsinə çıxarmaq niyyəti klassik anlamda həm də xeyli maliyyə tələb edərdi. Ancaq sosial media onu bu çətinliklərdən xilas edir. Vətəndaş cəmiyyəti bu vasitədən maksimum yararlanmaq məcburiyyətindədir. Çünki bu vasitə həmin qurumların özlərini tanıtmaları və məqsədlərini təbliğ etmələri baxımından ən sərfəlisi, faydalısıdır. Fərdlər də bu vasitədən yararlanmaqla vətəndaş cəmiyyəti qurumları vasitəsilə hökumətlərə, yerli qurumlara düşüncələrini, rəylərini daha rahatlıqla çatdıra biləcəklər. Sosial şəbəkələr hökumətlərin işlərini də asanlaşdırır. Bu gün Azərbaycanda da populyar olan «Twitter» və «Facebook» kimi şəbəkələr minlərlə insanla təmas qurmaq, eyni zamanda hökumətlərə toplumun tələblərini çatdırmaq imkanları verir.

 

- Sizcə, bu gün Azərbaycan mediası cəmiyyəti informasiya ilə təmin edə bilirmi?

 

- İnformasiya təlabatı yemək kimi bir şeydir. İnsanlar ehtiyac duyduqları tələbatı hər hansı bir vasitə ilə təmin edəcəklər. Bu informasiya sahəsinə də aiddir. İnsanlar doğru və ya yanlış mənbələrdən axtardıqları məlumatları əldə edəcəklər. Bu baxımdan bizim cəmiyyətdə də isanların məlumat tələbatı ödənir. Ancaq bu daha çox yanlış, bəzən isə «qara» məlumatların hesabına təmin edilir. Bunun isə topluma bir sıra mənfi təsirləri var. Məsələn, cəmiyətimizin bir sıra məsələlərə göstərdiyi laqeyd münasibət doğru informasiya ilə təmin olunmamağın nəticəsidir. Toplumu daha çox məlumatlandırmaq gücü və imkanı elektron medianın, radio-televiziyanın əlindədir. Əsas problemlərdən biri yerli mediaya etimadsızlıqdır. Ümumiyyətlə, elektron medianın toplumun bilməli olduğu məlumatları yaymaqda cox ciddi problemi var.

 

- Vətəndaş cəmiyyətində kütləvi informasiya vasitələri dördüncü hakimiyyət rolunu oynaya bilir?

 

- Hakimiyyət qolu olmaq çox çətin məsələdir. Ən azı ona görə ki, mediadan öncə üç hakimiyyət qolu var və dünyanın heç bir ölkəsində həmin üç qol medianı sevmir. Bu baxımdan Azərbaycanda da KİV-in dördüncü qol olmağa iddia etməsi çətindir. Ümumiyyətlə, hakimiyyət qolları arasında sağlam bağlar olmalıdır. Hər qol öz funksiyasını şəffaf və keyfiyyətlə yerinə yetirməlidir. Bu zaman media ayrı hakimiyyət qolu olaraq öz üzərinə düşəni vəzifələri yerinə yetirə biləcək. Reallıqda icra hakimiyyəti qanunverici və məhkəmə hakimiyyətini təsir altında saxlayır. Belə durumda medianın hakimiyyət qolu funksiyasını yerinə yetirməsinə şərait özü imkan vermir.

 

- Adətən, media «qara» və şou xəbərlərlə reytinq qazanır. Ən çox oxunan da belə xəbərlər və yazılar olur. Bunu necə dəyərləndirirsiniz?

 

- Ağır qəzalar, şou-biznes olayları, idman yarışları barədə bilgilər bütün toplumların maraqla qarşıladığı məlumatlardır. Bu xəbərlər cəmiyyətlə sıx bağlıdır və maraqla qarşılanması da normaldır. Media quruluşlarının belə xəbərlərdən reytinq qazanması da anormal deyil. Ancaq media bu bilgilərlə tükənməməli, toplumun bilməli olduğu bütün məlumatları ona çatdırmalıdır. Ancaq bunun üçün əlverişli iş şəraiti də olmalıdır.

 

- «Diffamasiya haqqında» qanunun qəbulu cəmiyyət və media münasibətlərinə hansı yenilik gətirəcək?

 

- Bu qanunun qəbulu ilə bir sıra yeniliklərin əsası qoyulacaq. Düşünürəm ki, cəmiyyət olaraq belə bir qanunun qəbuluna hazırıq. Hazırkı qanunvericiliyimizə görə, şər və böhtana görə məsuliyyət nəzərdə tutulub. Lakin «Diffamasiya haqqında» qanun qəbul edilərsə, şər və böhtan xarakaterli məlumatlara görə jurnalistlər cəzalandırılmayacaq. Bu qanun bir çox ölkələrdə qəbul edilib. Azərbaycanda da qanunvericiliyə daxil ediləcəyi gözlənilir.

 

- Vətəndaş cəmiyyətinin inkişafında medianın mühüm rolunu qeyd etdiniz. Belə olduğu halda bəzi dövlət məmurlarının müsahibədən imtina etməsinin cəmiyyət üçün hansı zərərləri var?

 

- Jurnalistə informasiya verməkdən imtinaya görə inzibati məsuliyyətin nəzərdə tutulması ümumi qəbul edilən qaydadır. Əslində məsuliyyətli məmur üçün inzibati tənbeh, cərimə çox-çox ağır cəza olmalıdır. Normal ölkələrdə informasiyanı gizli tutan məmuru tənbeh etmək, cərimələmək də lazım gəlmir, buna yol verən məmuru qısa zamanda topluma açıq, gizli tutulması gərəkən əməlləri olmayan digər məmur əvəzləyir. Müsahibə, bilgi verməməyin, qapalı bilgi rejimi yaratmağın hamı üçün fəsadları var. Bilgi yoxdursa, deməli, mənim hökumətimin işlərindən, əməllərindən xəbərim yoxdur. Bu toplumun inam, etibar məsələsidir. Mən peşəkar rəhbərəmsə, başında durduğum qurumun fəaliyyəti barədə açıq bilgi mühiti yaratmalıyam. Bu həm də mənə lazımdır. Mən belə şəffaf mühit yaradıramsa, bütün fəaliyyətim toplumun gözü önündə olur. Toplum mənə etibar edir, inanır və dəstək verir. Mühit şəffaf deyilsə, deməli, mən çirkabın içindəyəm, korrupsiyada boğuluram, pərdəni qaldırıb biabır olmaqdan çəkinirəm. Belə durumların topluma ancaq zərəri var.

 

 

Real CƏFƏRLİ

 

Xalq Cəbhəsi.- 2013.- 13 aprel.- S.11.